Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-201/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin vəkil-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi, kirayə haqqının, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, kirayə haqqının, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi, kirayə haqqının, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin 12 nömrəli mənzilinin 1⁄2 hissəsi onun xüsusi mülkiyyətindədir və bu haqda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ona Seriya RX ******* nömrəli Çıxarış verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarının və Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 263 və 264 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Nəsimi Rayonu, Azadlıq prospekti, Ş.Əzizbəyov, M.Qaşqay və S.Rəhimov küçələrində yerləşən yaşayış binalarının söküntüsü və bu sahədə yeni yaşayış binalarının tikintisi öhdəliyinin həyata keçirilməsinə dair Nəsimi Rayon İcra Hakimiyyəti ilə "xxxx"Mənzil Tikinti Kooperativi arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Onun xüsusi mülkiyyətində olan mənzilin də qeyd olunan ərazidə yerləşməsini nəzərə alaraq xx.xx.2019-cu il tarixdə iddia tələbləri üzrə cavabdeh- "xxxx" Mənzil Tikinti Kooperativi ilə aralarında müqavilə bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri, 41 saylı notariat kontorunda 3M-267 Reyestr nömrəsi ilə qeydə alınaraq notarial qaydada təsdiq edilmişdir. Müqavilənin şərtlərinə görə o özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin, birinci mərtəbəsində yerləşən 12 nömrəli mənzilinin 1⁄2 hissəsini cavabdehə sökülməsi üçün təhvil verir, əvəzində həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra ümumi sahəsi 99.67 kv.m. olan, binanın "B" girişinin 7 mərtəbəsində yerləşən, 146 saylı mənzili təmirli vəziyyətdə ona verilməlidir. Əlavə olaraq sahə söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 300 (üç yüz ) manat məbləğində kirayə haqqı əvvəlcədən ilk ödəniş gününə istinad etməklə 3 ayda bir dəfə olmaqla, yeni inşa edilmiş sahə ona təhvil verilənə qədər ödəməsini cavabdeh öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.2.1-ci bəndinə əsasən cavabdeh yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində yekunlaşdıraraq müqavilə şərtlərinə əsasən sahəni ona təhvil verməsini öz öhdəsinə götürmüşdür. Lakin müqavilə bağlandıqdan 5 (beş) ildən artıq müddət keçməsinə baxmayaraq "xxxx"Mənzil Tikinti Kooperativi öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, bu günə kimi müqavilə şərtlərinə əsasən qeyri-yaşayış sahəsi ona təhvil verilməmişdir, kirayə haqqları isə xx.xx.2023-cü il tarixdən ödənilmir. Dəfələrlə "xxxx"Mənzil Tikinti Kooperativinə şifahi müraciyyətlərinə baxmayaraq mənzil onlara təhvil verilməmiş, kirayə haqqı ödənilməmişdir. Yuxarıda qeyd olunanları, "xxxx"Mənzil Tikinti Kooperativinə təhvil verdiyi mənzilin Bakı şəhərinin tam mərkəzində yerləşməsini və son illərdə mənzillərə olan kirayə haqqının əhəmiyyətli dərəcədə qalxmaqla həmin ərazidə - 1500 manat olmasını nəzərə alaraq müqavilənin 4.2-ci bəndini əsas tutaraq tərəfindən məsələni danışıq yolu ilə həll etmək üçün cavabdehǝ xx.xx.2023cü il tarixdə rəsmi məktub göndərilmiş, lakin məktuba cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Beləliklə Cavabdeh tərəfindən öz müqavilə öhdəliklərini yerinə yetirməməsi, mənzili ona 24 ay ərzində təhvil verməməsi nəticəsində, o dəfələrlə kirayə yaşadığı mənzillərdən bazar qiymətlərinə uyğun kirayə haqqının əhəmiyyətli dərəcədə qalxmasını nəzərə alaraq köçməyə məcbur olmuş ,ev əşyalarını daşımaq məqsədi ilə nəqliyyət və fəhlə qüvvəsinə xeyli miqdarda pul xərcləmişdir, bir mənzildən digər mənzilə daşınan zaman ev əşyalarının böyük qismi yararsız vəziyyətə düşmüşdür. Aylarla Cavabdeh tərəfindən ödənilən kirayə haqqının aşağı olması və ya heç ödənilməməsi ucbatından kirayə ev tapmayaraq qohumlarının və tanışlarının mənzillərində yaşamış bu isə mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən, iddia tələbi üzrə Cavabdeh ilə arasında bağlanmış Bakı şəhəri 41 saylı notariat kontorunda 3M-267 Reyestr nömrəsi ilə qeydə alınaraq notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin, birinci mərtəbəsində yerləşən 12 nömrəli mənzilinin hissəsini cavabdehə sökülməsi üçün təhvil verdiyi mənzilin əvəzində həmin ərazidə inşa edilmiş binada ümumi sahəsi 99.67 kv.m. olan, binanın "B" girişinin 7 mərtəbəsində yerləşən,146 saylı mənzili təmirli vəziyyətdə ona təhvil verilməsinə, cavabdehdən xx.xx.2023-cü il tarixdən mənzil mənə təhvil verilənədək, mövcud bazar qiymətlərinə əsasən hər ay üçün 1500 (bir min beş yüz) manat icarə haqqının ona verilməsi, cavabdehin mənzili müqavilə şərtlərinə əsasən 24 ay ərzində təhvil verməməsi, kirayə haqqının bazar qiymətlərindən çox aşağı olması və ya ümumiyyətlə ödənilməməsi nəticəsində kirayə tutduğu mənzildən dəfələrlə köçməyi nəticəsində ev əşyalarını daşımaq məqsədi ilə nəqliyyat və fəhlə qüvvəsinə xərclədiyi 2400 (iki min dörd yüz) manat və ev əşyalarının böyük qisminin yararsız vəziyyətə düşməsi ilə əlaqədar 5600 (beş min altı yüz) manat zərərin ona ödənilməsi, cavabdeh tərəfindən ödənilən kirayə haqqının aşağı olması və ya heç ödənilməməsi ucbatından kirayə ev tapmayaraq qohumlarının və tanışlarının mənzillərində yaşaması nəticəsində keçirtdiyi mənəvi sarsıntı ilə əlaqədar 30 000 (otuz min) manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərdi ki, onların 28 May ərazisində olan evi və obyekti 7 il bundan qabaq plana düşmüş və digərləri kimi onlar da MTK ilə razılıq əldə etmişlər. Lakin onlar kirayə haqqını vaxtında ödəməmiş, son 1 ildə isə ümumiyyətlə kirayə haqqı verilməmişdir. Aralarında olan razılaşmaya əsasən 300 manat məbləğində kirayə haqqı verilməli idi. Hazırki gün ilə müqavilə bağlanan vaxtı müqayisə etdikdə görünür ki, Bakıda 300 manat məbləğində kirayə evlər mövcud deyil. Onlar hazırda X3 yanında, bina evində aylıq kirayə haqqı 700 manat ödəməklə kirayə evdə yaşayırlar. Onlar kimi 62 ailə var. Mənzili MTK-ya təhvil verib çıxan zaman əşyaları özləri daşımış, o zaman daşıma şirkətləri olmamışdır. MTK evi 24 aya təhvil verməyi öhdəsinə götürmüşdür. Ona görə mənəvi sarsıntı keçirmişdir ki, cavabdeh MTK onları 7 ildir ki, çöldə qoymuşdur. Göstərdiklərinə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Nümayəndə oğlu iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, onlar iddianı mənzilin təhvil verilməsi hissəsində qəbul edirlər. Binanın məhkəməyə təqdim edilən şəkillərdə görünməyən tərəfi artıq təhvil verilmişdir və artıq orada yaşayış da var. Orada təkcə Şəhanə xanım deyil, başqa sakinlər də binanın təhvil verilməsini gözləyirlər. Binanın tikintisi obyektiv səbəblərdən gecikmişdir və tikinti işləri yaxın zamanda yekunlaşdırılıb təhvil veriləcək. Kirayə haqqı təkcə iddiaçıya münasibətdə deyil, heç kimə ödənilmir və bütün vəsait binanın tikintisinə yönəldilmişdir. İcarə haqqı məbləğini iddiaçı 1500 manat qeyd etsə də, onlar müqavilə üzrə 300 manat ödənilməsini qəbul edirlər. Həmçinin qeyd edir ki, təkcə iddiaçı ilə deyil, hamı ilə 300 manat məbləğində kirayə haqqı ödənilməklə müqavilə bağlamışlar və kirayə haqqının məbləğinin dəyişməsinin müqaviləyə təsiri yoxdur. Bundan başqa əvvəllər kirayə ödənişi vətəndaşa verilirdisə, artıq verilmir və kirayə müqaviləsi tələb edilir. Çünki vətəndaşlar kirayə haqqını alsalar da, kirayə qalmırlar. İddia tələbini qalan hissədə əsassız olduğundan qəbul etmirlər. Göstərdilərinin nəzərə alınmasını və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 76.6 kv.m olan mənzil ½ hissə pay hüququ ilə, xx.xx.2018-ci il tarixdən etibarən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır. - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-267 reyestr nömrəli müqavilədən görünür ki, Cavabdeh MTK- tikinti şirkəti söküntüsü nəzərdə tutulmuş binada İddiaçı- mülkiyyətçiyə məxsus RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə mülkiyyət hüquqlarını təsdiq edən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 76.6 kv.m olan 12 saylı mənzilin paylı mülkiyyət hüququ əsasında ona məxsus olan ½ hissəsini sökülmək üçün təhvil alıb, tikinti şirkəti tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 99.67 kv.m-dən ibarət 3 otaqlı təmirli mənzikli mülkiyyətçiyə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Mülkiyyətçi öhdəsinə götürür ki, bu müqavilənin imzalandığı tarixdən etibarən 10 (on) gün ərzində ona məxsus mənzili söküntü üçün tikinti şirkətinə təhvil verəcək, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən mənzili isə qəbul edəcəkdir. Tikinti şirkəti həmçinin öhdəsinə götürür ki, mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 300 (üç yüz) manat məbləğində kirayə haqqı əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 (bir) dəfə olmaqla, yeni mənzil mülkiyyətçiyə təhvil verilən günədək ödəniləcəkdir. Mülkiyyətçinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişləri təmin edəcəkdir. Tikinti şirkəti inşa ediləcək çoxmənzilli binanın “B” girişinin, 7-ci mərtəbəsində yerləşən, 146 saylı mənzili mülkiyyətçi təmirli şəkildə təhvil verməyi öhdəsinə götürür. Yeni tikiləcək binanın bünövrəsi (təməli) qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq, müqavilə şərtlərinə əsasən mənzili mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. - Cavabdeh MTK-ya ünvanlaşmış məktubun və A430982 saylı qaimədən görünür ki, İddiaçı cavabdehin ünvanına pretenziya məktubu göndərərək, mənzilin ona təhvil verilməsinin tezləşdirilməsini və mənzil ona təhvil verilənədək 1500 manat məbləğində kirayə haqqının ödənilməsini xahiş etmişdir. -xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 109 manat dövlət rüsumu ödəmişdir. - İddiaçı tərəfindən 01 ədəd fotoşəkil sübut qismində məhkəməyə təqdim edilmişdir. -xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin arayışından görünür ki, 2023-2024-cü illər ərzində 28 May Metrostansiyası yaxınlığında yerləşən çoxmərtəbəli binalardakı 3 otaqlı mənzillərin aylıq kirayə haqqı məbləğinin orta bazar qiyməti mənzilin sahəsindən, yerləşmə yerindən, mərtəbəsindən və təmir vəziyyətindən asılı olaraq 1200-1500 manat aralığında dəyişir. -Bina.az saytından çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, 28 May Metrostansiyası yaxınlığında yerləşən, 3 otaqlı, ümumi sahəsi 75-80 kv.m aralığında olan mənzillərin aylıq kirayə haqqı köhnə tikili binalar 650-1400, yeni tikili binalarda isə ***-**** manat arası dəyişir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 76.6 kv.m olan mənzil ½ hissə pay hüququ ilə, xx.xx.2018-ci il tarixdən etibarən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmış və ona RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-267 reyestr nömrəli müqavilə bağlanmış, həmin müqavilə ilə, Cavabdeh MTK- tikinti şirkəti söküntüsü nəzərdə tutulmuş binada İddiaçı- mülkiyyətçiyə məxsus RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə mülkiyyət hüquqlarını təsdiq edən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 76.6 kv.m olan 12 saylı mənzilin paylı mülkiyyət hüququ əsasında ona məxsus olan ½ hissəsini sökülmək üçün təhvil alıb, tikinti şirkəti tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 99.67 kv.m-dən ibarət 3 otaqlı təmirli mənzikli mülkiyyətçiyə təhvil verməyi, mülkiyyətçi isə bu müqavilənin imzalandığı tarixdən etibarən 10 (on) gün ərzində ona məxsus mənzili söküntü üçün tikinti şirkətinə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən mənzili isə qəbul etməyi, tikinti şirkəti mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 300 (üç yüz) manat məbləğində kirayə haqqı əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 (bir) dəfə olmaqla, yeni mənzil mülkiyyətçiyə təhvil verilən günədək ödəməyi, mülkiyyətçinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişləri təmin edəcəyi, tikinti şirkəti inşa ediləcək çoxmənzilli binanın “B” girişinin, 7-ci mərtəbəsində yerləşən, 146 saylı mənzili mülkiyyətçi təmirli şəkildə təhvil verməyi, yeni tikiləcək binanın bünövrəsi (təməli) qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdırmağı, müqavilə şərtlərinə əsasən mənzili mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı mənzilin ona təhvil verilməsi,kirayə haqqının 1500 manatdan hesablanaraq ödənilməsi, maddi və mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 29-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinin 2-ci bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmusdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). X4 Hüquqları Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı xx.xx.2019-cu il tarixli müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş və xüsusi mülkiyyətində olan mənzili həmin ərazidə yeni binanın inşa edilməsi məqsədilə cavabdehə təhvil vermiş, cavabdeh tərəfi isə müqavilə üzrə öhdəliklərinə əməl etməyərək mənzili müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıya təhvil verməmiş, habelə mənzil təhvil verilənədək ödənilməli olan kirayə haqqı ödənişi iddiaçıya ödənilməmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh MTK tərəfindən mübahisə predmeti olan mənzilin təhvil verilməməsi üçün əsaslar yoxdur, buna görə də iddia tələbi mənzilin təhvil verilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh MTK iddiaçıya ünvan 2 ünvanında inşa olunan çoxmənzilli binanın B giriş, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99.67 kv.m olan, 3 otaqlı 146 nömrəli təmirli mənzili 24 ay müddətində verməyi öz öhdəsinə götürmüş, lakin həmin müqavilənin bağlanmasından 6 il keçməsinə baxmayaraq həmin müqavilə üzrə öhdəliyini icra etməmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixdən başlayaraq mənzil təhvil verilənədək hər ay 1500 manat kirayə haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tərəflər kirayə haqqının ödənilməsi ilə bağlı razılığa gələrkən xx.xx.2019-cu ildən 24 ay müddətinə, yəni mənzil təhvil verilənədək 300 manat məbləğində kirayə haqqı ödənilməsini razılaşdırmışlar. Məhkəmə iclasında izahat vermiş iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixədək kirayə haqqı ödənişlərini etsə də, bundan sonra heç bir ödəniş etməmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatında bu halı təsdiq edərək, təkcə iddiaçıya deyil, heç bir sakinə kirayə haqqlarının ödənilmədiyini və bütün vəsaitin binaların tikintisinə yönləndirildiyini bildirmişdir. Məhkəmə sözügedən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi ərazisində kirayə mənzillərin orta aylıq qiymətlərini, habelə anaoji işlər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixədək xx.xx.2019-cu il tarixli müqavilə ilə nəzərdə tutulmuş hər ay üçün 300 manat məbləğində kirayə haqqı, xx.xx.2024-cü il tarixdən başlayaraq isə mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün 800 manat kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixədək xx.xx.2019-cu il tarixli müqavilə üzrə nəzərdə tutulmuş kirayə haqqı məbləğinin dəyişdirilməsi, artırılması ilə bağlı cavabdehlə razılığa gəlməmiş, yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin nəqliyyat və fəhlə qüvvəsinə ödənilmiş pulun əvəzi qismində 2400 manat pulun və əşyaların yararsız hala düşməsi ilə əlaqədar dəymiş ziyanın əvəzi qismində 5600 manat pulun cavabdehdən alınmasına münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübut etməmişdir və bu hallar iş materiallarında olan sübutlarla da sübuta yetirilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mıhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddia tələbinin dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 30000 manat pulun tutularaq iddiaçıya ödənilməsi ilə bağlı göstərilənlərə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçının qənaətinə görə mənəvi ziyan məhz onun müqavilədə nəzərdə tutulmuş müddətdə mənzil ilə təmin edilməməsi, 2019-cu il tarixdən bugünədək kirayə mənzillərdə yaşamasından irəli gəlmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddia tələbi mənəvi ziyanın tutulması hissəsində, cavabdehdən tələb olunan məbləğin ağlabatan həddə olmaması səbəbindən qismən təmin edilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərin kobud surətdə pozulması nəticəsində mənəvi sarsıntıya məruz qalmışdır, cavabdehdən mənəvi ziyanın əvəzi olaraq ağlabatan həddə 5000 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-267 reyestr nömrəli müqavilə üzrə ünvan 2 ünvanında inşa olunan çoxmənzilli binanın B giriş, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99.67 kv.m olan, 3 otaqlı 146 nömrəli təmirli mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməli, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək xx.xx.2024-cü il tarixdən başlayaraq müvəqqəti yaşayacağı mənzilə görə İddiaçı hər ay 800 manat kirayə haqqı ödənilməli, Cavabdeh MTK-dan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay üçün 300 manat olmaqla, cəmi 3190 manat pul məbləğində kirayə haqqı İddiaçı xeyrinə tutulmalı, Cavabdeh MTK-dan mənəvi zərər qismində 5000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-267 reyestr nömrəli müqavilə üzrə ünvan 2 ünvanında inşa olunan çoxmənzilli binanın B giriş, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99.67 kv.m olan, 3 otaqlı 146 nömrəli təmirli mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək xx.xx.2024-cü il tarixdən başlayaraq müvəqqəti yaşayacağı mənzilə görə İddiaçı hər ay 800 manat kirayə haqqı ödənilsin. Cavabdeh MTK-dan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay üçün 300 manat olmaqla, cəmi 3190 manat pul məbləğində kirayə haqqı İddiaçı xeyrinə tutulsun. Cavabdeh MTK-dan mənəvi zərər qismində 5000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-201/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-201/2025
27.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver