Məhkəmə qərarları › İş №2(007)-2034/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2034/2025

28.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2034/2025 28.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə ödəncin, son haqq-hesabın, DSMF üzrə məbləğlərin ödənilməsi”) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə ödəncin, son haqq-hesabın, DSMF üzrə məbləğlərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının, son haqq-hesabın, DSMF üzrə məbləğlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (VÖEN: **********) ilə 01 mart 2023-cü il tarixli əmək müqaviləsi üzrə əmək haqqı məbləğlərinin, əmək müqaviləsinə xitam verilərkən ödənilməli olan son haqqhesabın (əmək məzuniyyəti üçün ödənc və sair), habelə DSMF üzrə məbləğlərin tam həcmdə ödənilməsinin təmin edilməsi haqqında müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (VÖEN: **********) ilə 01 mart 2023-cü il tarixli əmək müqaviləsi üzrə əmək haqqı məbləğlərinin, əmək müqaviləsinə xitam verilərkən ödənilməli olan son haqq-hesabın (əmək məzuniyyəti üçün ödənc və sair), DSMF üzrə məbləğlərin tam həcmdə ödənilməsi, habelə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilməsi səbəbindən tam ödəniş edilən günədək hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin təmin edilməsi haqqında müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 mart 2023-cü il tarxli xxxxxxx000802 nömrəli əmək müqaviləsi ilə Cavabdeh MMC-də (VÖEN: **********) 27 iyun 2024-cü il tarixədək Texniki şöbənin Layihələr üzrə mühəndis vəzifəsində çalışıb. Müqavilə üzrə əmək haqqı ilkin olaraq 2000 (iki min) AZN, daha sonra isə 2270 (iki min iki yüz yetmiş) AZN olaraq müəyyən edilib. Fəaliyyət göstərdiyi müddət ərzində əmək haqqı kartı ilə təmin olunmayıb. İlk aylardan başlayaraq MMC rəhbərliyi tərəfindən büdcə ilə bağlı çətinliklərin olduğu əsas gətirilərək qeyd olunan müqavilə üzrə təyin olunmuş əmək haqqı məbləği ödənilməyib. Ay ərzində çox cüzi məbləğlər (100-200 AZN) verilərək yaxın zamanda bütün ayların əmək haqqı məbləğlərinin tam həcmdə ödəniləcəyi barədə vədlər verilib. 2024-cü ilin İİ rübünədək davam edən bu prosesonun təkidi əsasında 27 iyun 2024-cü il tarixində əmək müqaviləsinin xitamı ilə nəticələnib. Əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyə uyğun olaraq son haqq-hesab ödənilməyib. Qeyd olunanlarla yanaşı, əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində əmək məzuniyyətindən istifadə etməyib və buna müqabil ödənc almayıb. Əlavə olaraq, 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna (DSMF) iş məlumatları haqqında hesabat verilməsinə baxmayaraq, 2024-cü il üzrə hesabat verilməyib, fəaliyyət göstərdiyi dövr üzrə Fərdi şəxsi hesabına (DSMF) ödənişlər edilməyib.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Cavabdeh MMC-də 01 mart 2023-cü ildən 27 iyun 2024-cü il tarixinədək mühəndis vəzifəsində işləyib. Əslində o, fevral ayının 1-dən orada işləyib, bunu ərizədə göstərməyib. Cavabdeh müəssisədə işlədiyi müddətdə əmək haqqını ala bilməyib. O həmin vəzifəyə rəsmiləşdiriləndən bir ay sonra əmək haqqı vaxtı çatanda onlarda bir az çətinlik olduğunu, bir az dözməyi, əmək haqqını verəcəklərini bildiriblər. Beləliklə, günügünə satıblar. Müəssisədə mühəndis vəzifəsində çalışırdı, daxildə nə baş verdiyini görürdü. Müəssisə işləyirdi, işçiləri var idi. Onun əmək haqqı kartı olmayıb. X5 Xidmətinin sistemində işə qəbul edilməyi və işdən çıxarılmağı barədə bildirişlər var. O, bu barədə həmin orqana müraciət edib, bu barədə ərizələri olub. Xidmətdən ona həmin sənədlərin hazırda sistemdən əldə edilməsi mümkün olmadığına görə sənədləri ona verə bilmədiklərini qeyd ediblər. X5 Xidmətinin ona göndərdiyi məktubu iş materiallarına da əlavə edib. Əmək haqqım əlbəəl də verilməyib, o, heç vaxt əmək haqqı almayıb. Müəssisəyə pul göndəriləcəyini, əmək haqlarının artıqlaması ilə ödəyəcəklərini bildiriblər. Əmək müqaviləsinə xitam edilərkən ona heç bir bildiriş göndərilməyib. O, sonda onları məcbur edib, həmişə onlara işdən çıxacağını bildirib. O, hesabatla razıdır. Ona əmək haqqı ödənilməyib. Cavabdeh onun fərdi şəxsi hesabına ödənişləri tam etməyib, mühasibin tərtib etdiyi hesabatda həmin məbləğlərin miqdarı göstərilib.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun mümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

6. Əmək müqaviləsinin bağlanması ilə bağı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildə Cavabdeh MMC-də Texniki şöbənin Layihələr üzrə mühəndis" vəzifəsinə qəbul edilmişdir, əmək müqvailəsi müddətli bağlanılmış, aylıq əmək haqqı məbləği 2000 manat müəyyən edilmişdir.

7. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildə Cavabdeh MMC-də Texniki şöbənin Layihələr üzrə mühəndis" vəzifəsinə qəbul edilmişdir, əmək müqaviləsi müddətsiz bağlanılmış, aylıq əmək haqqı məbləği 2270 manat müəyyən edilmişdir.

8. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən xitam verilmişdir.

9. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 068-AND-İR saylı əmrdən görünür ki, Cavabdeh MMC-də “Texniki şöbənin Layihələr üzrə mühəndis" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış HHM37Z000800 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən “tərəflərdən birinin təşəbbüsü”nə əsasən xx.xx.2024 tarixindən xitam verilmişdir.

10. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

11. X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsistemindəki məlumatlara əsasən “Aznetdevelopment" MMC-nin həm hüquqi, həm də faktiki ünvanı kimi qeyd edilmiş AZ1060, ünvan 2 ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2-2927/2025 saylı məktub (SS922914781AZ) göndərilib, göndərilən məktub xx.xx.2025-ci il tarixində geri qaytarılıb. Bu səbəbdən müraciətin sənədlər üzrə araşdırılması mümkün olmayıb. Eyni zamanda, nəzərə çatdırırlar ki, internet resursu vasitəsilə əldə edilmiş "xxxx" MMCnin AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 187C, “X9&Apartments M15 ünvanına da iddiaçıya aid sənədlərin təqdim olunmasının təmin edilməsi ilə bağlı məktub göndərilib. Nəzərə çatdırırlar ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemindəki məlumatlara əsasən onunla “Aznetdevelopment" MMC-nin işəgötürəni arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi müəyyən olunub. Lakin iddiaçı əmək haqqı bank hesabından çıxarış təqdim edə bilmədiyi üçün son haqq-hesabın ödənilməsinə münasibət bildirilməsi mümkün olmayıb. Bildirirlər ki, "xxxx" MMC-nin AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 187C, “X9&Apartments” 115 ünvanına göndərilmiş məktuba cavab veriləcəyi təqdirdə, müraciətinə yenidən baxılaraq cavablandırılacaqdır. Əlavə olaraq bildirirlər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə yoxlamalar xx.xx.2026-cı il tarixədək dayandırıldığından müraciətin yerində araşdırılması mümkün olmayıb. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, 2023-cü ildən başlayaraq dəfn üçün və uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 500 manata çatdırılıb, yeni doğulmuş uşaqlar üçün birdəfəlik müavinət xx.xx.2020-ci il tarixdən avtomatlaşdırılıb və keçən dövr ərzində 196 min e-müavinət təyinatı aparılıb. Eyni zamanda, məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən digər müavinətlərin avtomatlaşdırılmış qaydada təyin edilib ödənilməsi üçün müvafiq işlər görülməkdədir. Sığortaolunanlara Nazirliyin https://e-sosial.az/portalında qeydiyyatdan keçməklə fərdi şəxsi hesabında əks olunan məlumatlara dair elektron arayışları əldə etmək, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilmiş müavinət məbləğləri barədə məlumatları izləmək imkanı yaradılmış, həmçinin “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” elektron xidməti yaradılaraq (emas.sosial.gov.az) vətəndaşların istifadəsinə verilib. Bildirirlər ki, sığortaedənlər "xxxx" MMC-nin (SUN: **********6; VÖEN: **********) 2013-2014-cü illər üzrə təqdim etdiyi məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında illik məlumatda, fərdi sahibkar kimi (SUN: **********5) təqdim etdiyi 2020-ci ilin İ rübü, "X7" MMC-nin (SUN: **********1; VÖEN: **********) 2023-cü ilin l-İV rübləri, "xxxx" MMC-nin (SUN: **********8; VÖEN: **********) 2024-cü ilin İİ, İİİ rübləri, "X10" MMC-nin (SUN: **********6; VÖEN: **********) 2024-cü ilin İİİ rübü və "xxxx" MMC-nin (SUN: **********0; VÖEN: **********) 2024-cü ilin İV rübü üzrə təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamələrdə qeyd olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanın, lakin sığortaedənlər tərəfindən tam məbləğdə ödənilmədiyi üçün iddiaçını və digər sığortaolunanların fərdi şəxsi hesablarında məcburi dövlət sosial sığorta haqları az məbləğdə əks olunub. Nəzərə çatdırırlar ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Qeyd olunan dövrlərdə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış debitor borc sığortaedənlər tərəfindən ödənildikcə fərdi şəxsi hesabında əks olunması təmin ediləcəkdir. Məlumat üçün bildirirlər ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyə əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınmasına nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunub.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya təqdim edilmiş Sığorta olunanın hesabından görünür ki, sığorta edən “X8” MMC (indiki Cavabdeh MMC) tərəfindən 2023-cü ilin mart ayından dekabr ayı daxil olmaqla sığortaolunanın ödənişləri təqdim edilmişdir.

14. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/8/2025-00200 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh MMC nümayəndəsinin iştirakı ilkin mediasiya sessiyasında təmin etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir.

15. Məhkəmənin qərardadına əsasən sərbəst X2 tərəfindən aparılmış yoxlamaların nəticələrinə dair xx.xx.2025-ci il tarixli Audit hesabatından görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.4 maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə 27 iyun 2024-cü il tarixində xitam verilmiş İddiaçı Cavabdeh MMC-də işlədiyi müddət ərzində (xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üzrə) heç bir əmək haqqı ödənilmədiyi nəzərə alınmaqla, ona ödənilməli əmək haqqı və Cavabdeh MMC-də işlədiyi müddət ərzində (xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üzrə) məzuniyyət hüququndan istifadə etmədiyi nəzərə almarsa, əmək məzuniyyətinə görə kompensasiya ilə birlikdə cəmi 38168,29 (otuz səkkiz min yüz altmış səkkiz manat 29 qəpik) manat məbləğində müəyyən edilib və ya hesablanıb. Əmək haqqı və əmək məzuniyyətinə görə kompensasiya ilə birlikdə 38168,29 (otuz səkkiz min yüz altmış səkkiz manat 29 qəpik) manat məbləğində cəmi hesablanmış vəsaitdən Sığortaolunanın gəlirlərindən 190,84 (bir yüz doxsan manat 84 qəpik) manat işsizlikdən sığorta haqqı (0.5%), 763,36 (yeddi yüz altıruş üç manat 36 qəpik) manat İTS üzrə sığorta haqqı (2%) və 3578,83 (üç min beş yüz yetmiş səkkiz, manat 83 qəpik) manat Sosial sığorta haqqı (3%-10%) tutularaq aidiyyatı üzrə ödənildikdən sonra ödənilməli (veriləcək məbləğ) əmək haqqının və əmək məzuniyyətinə görə kompensasiyanın məbləği 33635,26 (otuz üç min altı yüz otuz beş manat 26 qəpik) manat təşkil edir. Eyni zamanda 27 iyun 2024-cü il tarixində xitam verilmiş İddiaçı Cavabdeh MMC-də işlədiyi müddət ərzində (xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üzrə) heç bir əmək haqqı ödənilmədiyi nəzərə alınmaqla, ona ödənilməli əmək haqqı və Cavabdeh MMC-də işlədiyi müddət ərzində (xx.xx.2023-xx.xx.2024-çü il tarixləri üzrə) məzuniyyət hüququndan istifadə etmədiyi nəzərə alınarsa, əmək məzuniyyətinə görə kompensasiya ilə birlikdə cəmi 38168,29 (otuz səkkiz min yüz altmış səkkiz manat 29 qəpik) manat məbləğində Sığortaedənin vəsaiti hesabına 190,84 (bir yüz doxsan manat 84 qəpik) manat işsizlikdən sığorta haqqı (0,5%), 763,36 (yeddi yüz altmış üç manat 36 qəpik) manat İTS üzrə sığorta haqqı (2%) və 5963,24 (beş min doqquz, yüz altmış üç manat 24 qəpik) manat Sosial sığorta haqqı (22%-15%) ödənilməli idi.

İşin faktiki halları:

16. Məhkəmə iclasında müəyyən olundu ki, “Aznetdevelopment" MMC ilə İddiaçı arasında 01 mart 2023-cü il tarixində vaxtamuzd bağlanmış müddətli əmək müqaviləsi ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi bağlanmış əmək müqaviləsinə əsasən hər ay 2000 (iki min) manat məbləğində əmək haqqının hesablanması şərti ilə texniki şöbənin layihələr üzrə mühəndis vəzifəsinə işə qəbul edilib. “Aznetdevelopment" MMC ilə İddiaçı arasında 01 mart 2023-cü il tarixində vaxtamuzd bağlanmış müddətli əmək müqaviləsinin müddəti yenidən yəni, xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi hər ay 2000 (iki min) manat məbləğində əmək haqqının hesablanması şərti ilə artırılıb. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti yenidən yəni, xx.xx.2023-cü il tarixində müddətsiz hər ay 2270 (iki min iki yüz yetmiş) manat məbləğində əmək haqqının hesablanması şərti ilə artırılıb. "xxxx" MMC İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 27 iyun 2024-cii il tarixində Əmək Məcəlləsinin 68.2-ci maddəsinin 2-ci bəndinin “a" bəndinə əsasən xitam verilib. Hazırda İddiaçı Cavabdeh MMC-dən əmək haqqı məbləğlərinin, son haqq-hesabın (əmək məzuniyyəti üçün ödənc və sair), DSMF üzrə məbləğlərin tam həcmdə ödənilməsi, habelə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilməsi səbəbindən tam ödəniş edilən günədək hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin təmin edilməsini xahiş edir.

Məhkəmə baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69-cu maddəsininn 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 139-cu maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 172-ci maddəsinin:

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 304.1. 1. Sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 304.2. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunubolunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. 306.1. İşçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir. 306.2. İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

20. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu:

2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

9. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;

10. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək;

11. Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə, iddiaçının izahatını nəzərə alıb, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin edilməlidir.

22. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir.

23. Məhkəmə, iddia tələbinin “ödənilməmiş əmək haqqının və son haqq-hesabın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh MMC-də xx.xx.2023-cü il tarixdə “texniki şöbənin layihələr üzrə mühəndis” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. Göründüyü kimi işçiyə 1 il, 3 ay, 27 gün üzrə əmək haqqı ödənilməli idi. Lakin məhkəməyə ödənilmiş əmək haqqları barədə məlumat təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə zəruri sənədlərin cavabdehdən götürülməsi barədə qərardad qəbul edilərək, dərhal icraya yönəldilsə də, qərardadın icrası təmin edilməmişdir.

24. İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etmişdir, cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir, bu barədə iddiaçıya arayış verilmişdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Bu səbəbdən məhkəmə iddiaçının təqdim etdiyi sübutları və izahatını mötəbər hesab edir və cavabdehin maliyyə sənədlərini məhkəməyə və mühasibə təqdim etmədiyi üçün cavabdeh tərəfindən iddiaçıya işlədiyi müddət ərzində əmək haqqı ödənilmədiyi qənaətinə gəlmişdir.

28. Bundan sonra, məhkəmə məhkəmənin qərardadına əsasən müvafiq hesablanmaların aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına tapşırılmış və sərbəst X2 tərəfindən aparılmış yoxlamaların nəticələrinə dair xx.xx.2025-ci il tarixli Audit hesabatından görünür ki, 2023-cu ilin mart ayından 2024-cü ilin iyun ayının 27-sinədək iddiaçıya ödənilməli ümümi əmək haqqının məbləği 31171,12 manat, istifadə edilməmiş əmək məzuniyyətində görə pul əvəzinin məbləği 2464,14 manatdır.

29. Göründüyü kimi işçinin aylıq əmək haqqı 2023-cü ilin iyun ayınadək 1764 (2000 manatdan vergi, DSMF və.s tutmaları çıxılmaqla) manat, 2023-cü ilin iyun ayından 2024cü ilin iyun ayınadək 2000,25 (2270 manatdan vergi, DSMF və.s tutmaları çıxılmaqla) və 2024-cü ilin iyun ayı üçün 1876,12 (2128,13 manatdan vergi, DSMF və.s tutmaları çıxılmaqla) manat olmuşdur və işçiyə ödənilməyən əmək haqqının ümumi məbləği 31171,12 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının həmin hissədə təmin edilməli, ödənilməmiş əmək haqqı ki, 31171,12 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Məhkəmə iddia tələbinin istifadə edilməyən məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsi hissəsində münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının məzuniyyət hüququndan istifadə etməsinə, ona ödənilən məbləğə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən hesabata uyğun olaraq, əmək məzuniyyətinə görə hesablanmış 2464,14 manat pul əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır.

31. Məhkəmə iddia tələbinin “əmək haqqının gecikdirilməyə görə ödəncin tutulmasını” hissəsinə münasibətdə qeyd edir ki, hazırda iddiaçı qətnamə üzrə əmək haqqının ödənilməsi təmin edilənədək olan ödəncin tutulmasını xahiş edir.

32. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

33. Əmək haqqının vaxtında ödənilməməsində təqsirli olan işəgötürənin məsuliyyəti Əmək məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndi ilə tənzimlənmişdir.

34. Həmin normaya əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

35. Həmin maddənin qeyd hissəsindən görünür ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

36. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır.

37. Qeyd edilir ki, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər.

38. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.).

39. Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.

40. Göründüyü kimi Qanunverici tərəfindən əmək haqqının ödənilməsinin gecikdirilməsində təqsirkar olan işəgötürənin məsuliyyətə cəlb edilməsində məqsəd işçinin əmək haqqını vaxtında almasını təmin etmək, onu düşə biləcəyi zərərdən qorumaq və işəgötürənləri isə əmək haqqını vaxtında ödəməkdə inztizamlı olmağa məcbur etməkdir.

41. Qeyd edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikasınn Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndini, iddia tələbini nəzərə alaraq hesab edir ki, cavabdehdən qətnamə əmək haqqının ödənilməsi hissəsində tam icra olunanadək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ödənilməmiş əmək haqqı məbləğinin, həmin məbləğ üzrə ödəniş edildiyi halda isə qalıq məbləğin hər gecikdirilmiş günü üçün hesablanacaq 1 faiz ödənc tutulmalıdır.

42. Məhkəmə iddia tələbinin “DSMF üzrə məbləğlərin tam həcmdə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbini cavabdeh müəssisədə işlədiyi xx.xx.2023-xx.xx.2024-cü illər üzrə məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına köçürülməməsi ilə əsaslandırmışdır.

43. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

44. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

45. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh MMC-də “texniki şöbənin layihələr üzrə mühəndis” vəzifəsində işləmiş və əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əmr ilə ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən xitam verilmişdir. Onun işlədiyi dövdə məcburi dövlət sosial sığorta haqları cavabdeh müəssisə tərəfindən fərdi şəxsi hesabına köçürülməmişdir.

46. Belə olan halda məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi “Sosial sığorta haqqında” Qanunun 10 maddəsi nəzərdən keçirilə bilər. 47 Belə ki, "Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinə əsasən cavabdeh sığortaedən kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi daşımışdır.

48. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının cavabdeh müəssisədə işlədiyi müddət ərzində 2023-cü il üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsə də, 2024-cü il üçün ödənilməmişdir.

49. İşin mübahisəsiz halıdır ki, 2024-cü il üzrə (xx.xx.2024-cü ilədək) iddiaçının cavabdeh müəssisədə işlədiyi dövr ərzində iddiaçı-sığortaolunanın fərdi şəxsi hesabına cavabdeh-sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir.

50. Belə ki, məhkəmə tərəfindən verilmiş sorğular əsasında müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçının əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi şəxsi hesabına köçürülmədiyindən iddiaçının cavabdeh müəssisədə işlədiyi xx.xx.2024-xx.xx.2024-cü illər iddiaçının sığorta stajına daxil edilməmişdir.

51. Sığortaedən olan cavabdeh sığortaçı olan iddiaçının sosial sığorta haqqını sığortaçıya ödəmək öhdəliyi daşımasına baxmayaraq üzərinə düşən öhdəliyi yerinə yetirməməsi iddiaçının pensiya hüququnu reallaşdırmasına maneə olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməklə, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh MMC-də işlədiyi müddət ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqqlarının ödənilməmiş hissəsi tam şəkildə iddiaçının fərdi şəxsi hesabına məcburi köçürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdr.

Nəticə:

52. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iddia tələbini, cavabdeh tərəfindən məhz iddiaçıya əmək haqqı, məzuniyyət haqqı ödənilməsinə dair zəruri sübutların təqdim edilməməsini və Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü sərbəst X2 tərəfindən aparılmış yoxlamaların nəticələrini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, сavabdeh Cavabdeh MMC-dən 31171,12 manat ödənilməmiş əmək haqqı, qətnamə tam icra olunanadək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ödənilməmiş əmək haqqı məbləğinin, həmin məbləğ üzrə ödəniş edildiyi halda isə qalıq məbləğin hər gecikdirilmiş günü üçün hesablanacaq 1 faiz ödənc və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 2464,14 manat pul tutularaq İddiaçı ödənilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh MMC-də işlədiyi müddət ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqqlarının ödənilməmiş hissəsi tam şəkildə İddiaçı fərdi şəxsi hesabına məcburi köçürülməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

53. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

42. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

43. Tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan və iddia üzrə 190,9 manat (33635,26 manat münasibətdə) dövlət rüsumu ödənilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 190,9 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir.

44. Bundan əlavə, məhkəməyə auditor tərəfindən təqdim edilmiş məlumata əsasən aparılmış hesablanmaların dəyəri 1100 manat təşkil edir.

45. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, aparılmış müvafiq hesablanmaların dəyəri olan 1100 manat haqq cavabdehə aid edilməli və onlardan tutularaq Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü sərbəst X1 hesabına ödənilməlidir.

47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 31171,12 manat ödənilməmiş əmək haqqı, qətnamə həmin hissədə tam icra olunanadək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ödənilməmiş əmək haqqı məbləğinin, həmin məbləğ üzrə ödəniş edildiyi halda isə qalıq məbləğin hər gecikdirilmiş günü üçün hesablanacaq 1 faiz ödənc və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 2464,14 manat pul tutularaq İddiaçı ödənilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh MMC-də işlədiyi müddət ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqqlarının ödənilməmiş hissəsi tam şəkildə İddiaçı fərdi şəxsi hesabına məcburi köçürülməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh MMC-dən 190,9 manat məbləğində pul tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş müvafiq hesablanmanın dəyəri olan 1100 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü sərbəst X1 hesabına (Müştərinin adı: AYDİN HUSEYNOV HASAN OGLU, Müştərinin hesab nömrəsi: ******************** (AZN); Müştərinin İBAN-ı: AZ86İBAZ********************; Müştəri VÖEN-i: **********; Müştəri nömrəsi: 6983672; Bank adı: ABB, Nərimanov filialı; Bankın kodu: 805711; Bankın müxbir hesabı: AZ03NABZ********************; Bankın VÖEN-i: **********; Bankın SWİFT kodu: İBAZAZ2X) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar