Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2036/2024 12.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixində No 0013 saylı müqavilə imzalanmışdır. Bu müqavilə əsasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində tikilən A bloku, A.6.5 saylı 74.6 kv.m. sahəsi olan mənzil 70870 (yetmiş min səkkiz yüz yetmiş) AZN məbləğində 4 il müddətinə ödənilməklə təhvil verilməsi öhdəlik olaraq cavabdeh razılaşmışdı. xx.xx.2023 cü il tarixli No MA-757 saylı Maliyyə Arayışı əsasında onun cavabdehə heç bir borcu yoxdur. Lakin, bu keçən 8 ilə yaxın müddətdə mənzil ona təhvil verilməyib. Səbəb olaraq, ilk olaraq tikintinin bitməməsini, daha sonra 2023-cü ilin aprel ayında isə qaz, su, işiq sayğacları üçün 1500 (min beş yüz) AZN və liftdən istifadə üçün 500 (beş yüz) AZN məbləğində qanunsuz olaraq ödəmə tələbi əsas göstərilmişdir. Mənzilin seyf qapısı yararsız hala salınmış və mənzilin içərisi zibil ilə doldurulmuşdur. Göstərilənlərə əsasən, Cavabdeh MMC tərəfindən yaradılan süni maneələrin aradan qaldırılaraq mənzilin ona təhvil verilməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0013 saylı müqavilə üzrə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksi ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A blok, 6-cı mərtəbə, ümumi sahəsi 74.6 kv.m olan, A.6.5 nömrəli mənzili Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi və 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, 2016-cı ildə ev üçün müraciət etmişlər, MMC bildirmişdir ki, evi 2 ilə təhvil verəcəklər. Pulu isə 4 ilə böldülər. Amma evi 8 ilə təhvil verdilər. İndi isə 2000 manat təhvil vermək üçün pul istəyirlər, evin açarını vermirlər. Evi təmir etməyə icazə vermirlər. 1500 manat lift üçün, 500 manat isə sayğac üçün tələb edirlər. Halbuki sayğacı belə dövlət özü vətəndaş üçün pulsuz təmin edir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0013 saylı müqaviləsindən görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki «MY HOME» yaşayış kompleksi ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A blok, 6 mərtəbə, ümumi sahəsi 74.6 kv.m olan, A.6.5 nömrəli 2 otaqdan ibarət mənzili İddiaçı verir. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 70870 manat təşkil edir, həmin məbləğin 40000 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 30870 manat hissəsi 48 ay müddətinə xx.xx.2020-ci il tarixədək ödəniləcək. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MA-757 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ilə MMC arasında imzalanmış 0013 nömrəli xx.xx.2016-cı il tarixli satış müqaviləsinin predmeti sayılan Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilən A bloku, yaşayışın A.6.5 nömrəli, sahəsi 74.6 kv.m olan mənzil üçün müştərinin heç bir borcu yoxdur. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, icraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0013 saylı müqaviləyə əsasən, Cavabdeh MMC Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki «MY HOME» yaşayış kompleksi ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A blok, 6 mərtəbə, ümumi sahəsi 74.6 kv.m olan, A.6.5 nömrəli 2 otaqdan ibarət mənzili İddiaçı vermiş, tərəflər bununla bağlı razılaşma əldə etmişlər. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 70870 manat təşkil edir, həmin məbləğin 40000 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 30870 manat hissəsi 48 ay müddətinə xx.xx.2020-ci il tarixədək ödənilməsi razılaşdırılmışdır. Hazırda iddiaçı mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı adıçəkilən mənzilin tam şəkildə dəyərini ödəmiş, cavabdeh tərəfindən isə müqavilə üzrə öhdəliklərinə əməl edilməyərək mənzil iddiaçıya təhvil verilməmiş, habelə mənzilin hansı səbəbdən iddiaçıya təhvil verilməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh MMC tərəfindən mübahisə predmeti olan mənzilin təhvil verilməməsi üçün əsaslar yoxdur, buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0013 saylı müqavilə üzrə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksi ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A blok, 6-cı mərtəbə, ümumi sahəsi 74.6 kv.m olan, A.6.5 nömrəli mənzili Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı isə tələb etdiyindən, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0013 saylı müqavilə üzrə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “MY HOME” yaşayış kompleksi ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A blok, 6-cı mərtəbə, ümumi sahəsi 74.6 kv.m olan, A.6.5 nömrəli mənzili Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2036/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2036/2024
12.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver