Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2052/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 QSC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1rşı “öhdəliyin qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Farmqrup” MMC, Cavabdeh2 QSC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1rşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Farmqrup” MMC, Cavabdeh2 QSC aptekləri tərəfindən satılan “Amaril (4 mg)” dərman vasitəsinin tərkibi, keyfiyyəti, efektivliyi, təhlükəsizliyi, Azərbaycan Respublikasına idxalı, qiymətlərinin hansı meyarlar əsasında müəyyən edilməsi və digər ona aid bütün məlumatların ona təqdim edilməsi barədə Farmqrup” MMC, Cavabdeh2 QSC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi üçün mütamadi olaraq müxtəlif apteklərdən “Amaril (4 mg)” dərman vasitəsini 7-8 manat arası qiymətə alırdı. 2019-cu ilin oktyabr ayında ünvan 1 ünvanında yerləşən Alman Aptekindən sözügedən dərman vasitəsi kəskin qiymət fərqilə 47 manat 90 qəpiyə ona satışı edilmişdir. Alman Apteki Cavabdeh1 MMC-yə məxsusdur. Eyni dərman vasitəsinin kəskin qiymət fərqi ilə satılmasının səbəbini sonuncudan soruşduqda, ona sözügedən dərman vasitəsinin daha keyfiyyətli olmasını, Almanlar üçün istehsal olunan və Almanlar üçün nəzərdə tutulmuş, onlar tərəfindən istifadə olunan əsl keyfiyyətli həb olduğunu bildirmişlər. Bu zaman onda əvvəllər aldığı (7,85 AZN) eyni adlı dərman vasitəsinin keyfiyyətsiz, yararsız olduğu, vətəndaş və istehlakçı kimi aldadıldığı, hüquqlarının pozulduğu fikri, ən önəmlisi isə səhhətinə yaratdığı təhlükənin qorxusu yarandı. Müxtəlif nazirliklərə, orqanlara və şəxslərə dəfələrlə ünvanladığı şifahi və yazılı müraciətləri ya imtina cavabı ilə geri qayıtmış, bir çox hallarda isə cavabsız qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddaia tələbini müdafiə edib idahat verərək göstərdi ki, cavabdehlər məhkəmə iclasında iştirak etmək barədə məhkəmə bildirişi alsalarda, heç biri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə bildirişində məhkəmənin iclaslarına gəlmədikləri təqdirdə qanunla nəzərdə tutulmuş qaydada barələrində müvafiq tədbir görüləcəyi bildirilsə də, cavabdehlərin iştirakı barədə heç bir tədbir görülməyib. Cavabdehlərin məqsədli şəkildə məhkəmə iclaslarında iştirak etməmələri iddia tələbinin təmin olunmasında qərəz, süni əngəl kimi qiymətləndirilməlidir. Cavabdeh1 MMC-yə məxsus aptekdən xx.xx.2020-ci il tarixdə təkrarən almış, amma bu dəfə başqa qiymətə 39.00 (otuz doqquz) AZN Amaril (4mg) dərman vasitəsi alınmışdır. Eyni zamanda Cavabdeh2 QSC-nin idxal etdiyi Amaril (4mq) dərman vasitəsini 7.85 AZN alaraq, dərman vasitəsini və alışı təsdiq edən edən nəzarət kassa aparatının satış çekini məhkəməyə sübut kimi təqdim etdmişdir. Sübut kimi təqdim edilmiş dərman vasitələrinin tərkibi, keyfiyyəti, təhlükəsizliyi ilə bağlı ekspertiza hələ də təyin olunmamışdır. Cavabdeh . Cavabdeh1 MMC tərəfindən nəinki Amaril (4mq), satışda olan minlərlə dərman vasitəsi qanunsuz yolla tərkibi, keyfiyyəti, təhlükəsizliyi təyin edilmədən və qaçaqmalçılıq yolu ilə ölkəyə idxal olunur. Qeyd etdiklərinə əsasən, hazırkı iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2nin nümayəndəsi X3 izahat verərək göstərmişdir ki, mərkəzlərinə dərmanlar yalnız ekspertizanın aparılmsaı üçün gəlir və dərmanların qiymətlərini onların mərkəzi müəyyən etmir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxs məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 tərəfindən verilmiş uyğunluq sertifikatının surətindən görünür ki, daxil olma mənbəyi Cavabdeh2 QSC olan “Amaril 4 mq” tabletin standart nümunəyə uyğun qablaşdırılması və markalanması uyğun hesab edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X2” Publik Hüquqi Şəxsin 15 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 QSC-nin müraciəti əsasında ona “Sanofi Aventis SPA” İtalya istehsalı olan “Amaril (4 mg)” dərman vasitəsinə Mərkəzin xx.xx.2019-cu il tarixli 445422 analiz nömrəli uyğunluq sertifikatı verilmişdir. "xxxx" MMC-yə sonuncu dəfə xx.xx.2012-ci il tarixdə A528 seryalı “Amaril (3 mg)” dərman vasitəsinə uyğunluq sertifikatı təqdim edilmişdir. Lakin “Amaril (4 mg)” dərman vasitəsinin “Azərbaycan Respublikası dərman vasitələrinin reyestrinə” daxil edilməsi və ölkəyə idixal edilməsi ilə bağlı Farm Group” MMC tərəfindən Mərkəzə müraciət edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı “Amaril 4mq” adlı dərman vasitəsini Cavabdeh2 QSC-yə məxsus olan apteklərdən 7-8 manat arası qiymətə alırdı. Həmin dərman vasitəsini Cavabdeh1 MMC-yə məxsus olan aptekdən isə 47.90 manata almışdır. Ona görə də, Cavabdeh1 MMC və Cavabdeh2 QSC aptekləri tərəfindən satılan “Amaril (4 mg)” dərman vasitəsinin tərkibi, keyfiyyəti, efektivliyi, təhlükəsizliyi, Azərbaycan Respublikasına idxalı, qiymətlərinin hansı meyarlar əsasında müəyyən edilməsi və digər ona aid bütün məlumatların ona təqdim edilməsi barədə Cavabdeh1 MMC və Cavabdeh2 QSCnin üzərinə öhdəlik qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh1 MMC və Cavabdeh2 QSC aptekləri tərəfindən satılan “Amaril (4 mg)” dərman vasitəsinin qiymətlərinin hansı meyarlar əsasında müəyyən edilməsi və digər ona aid bütün məlumatların ona təqdim edilməsi barədə Cavabdeh1 MMC və Cavabdeh2 QSC-nin üzərinə öhdəlik qoyulması” hissəsini əsassız sayaraq aşağıdakıları qeyd edir: Belə ki, məhkəmə hesab edir ki, qanunvericilikdə istehlakçının cavabdehlədən dərman vasitəsinin idixal məlumatlarının və onların qiymətinin hansı qaydada müəyyən edilməsi barədə konkret məlumatları tələb etmək hüququ müəyyən olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydasının 1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra - Şura) tərəfindən tənzimlənir. Həmin qaydanın 1.4-cü bəndinə əsasən, Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. Göründüyü kimi, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilir. Ona görə də, həmin dərman vasitələrinin qiymətinin hansı meyyarlar əsasında müəyyən edilməsi və digər ona aid bütün məlumatların veriməsi öhdəliyinin Cavabdeh1 MMC və Cavabdeh2 QSC-nin üzərinə qoyulması tələbi əssassızdır və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, dərman vaitəsinin idxalı ilə bağlı (miqdarı barədə) malumatllar kommersiya sirri olduğundan həmin məlumatların iddiaçıya verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Məhkəmə iddia tələbinin Cavabdeh1 MMC və Cavabdeh2 QSC aptekləri tərəfindən satılan “Amaril (4 mg)” dərman vasitəsinin tərkibi, keyfiyyəti, efektivliyi, təhlükəsizliyi barədə Cavabdeh1 MMC və Cavabdeh2 QSC-nin üzərinə öhdəlik qoyulması” hissəsini əsaslı sayır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə istehlakçıların hüquqları göstərilmişdir. Həmin maddənin tələbindən görünür ki, Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması; malların (işlərin, xidmətlərin) təhlükəsizliyi; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək. Qeyd olunmalıdır ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya da tanınmış uyğunluq sertifikatı əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, "xxxx" MMC-nin və "xxxx" ASC-nin üzərinə "Amaril (4 mg)" dərman vasitəsinin tərkibi, keyfiyyəti, effektivliyi, təhlükəsizliyi barədə İddiaçı məlumat verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-nin və "xxxx" ASC-nin üzərinə "Amaril (4 mg)" dərman vasitəsinin tərkibi, keyfiyyəti, effektivliyi, təhlükəsizliyi barədə İddiaçı məlumat verilməsi öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dölət rüsumu ödəməkdən azaddır. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 10,0 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin və "xxxx" ASC-nin üzərinə "Amaril (4 mg)" dərman vasitəsinin tərkibi, keyfiyyəti, effektivliyi, təhlükəsizliyi barədə İddiaçı məlumat verilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. "xxxx" MMC-dən və "xxxx" ASC-dən müştərək qaydada 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2052/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2052/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver