Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2089/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla işəgötürən Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi, həmin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC ilə 14 oktyabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsi və əmək müqaviləsi üzrə bildiriş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “myGov" sistemindən şəxsi məlumatlarını yoxlayarkən barəsində aktiv əmək müqaviləsi olduğu müəyyən olunmuşdur. Belə ki, onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə onun xəbəri olmadan əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinin ləğv edilməsi məsələsinə kömək edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etsə də oradan ona aidiyyati üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırda qeyd edilən əmək müqaviləsi aktiv olduğundan onun başqa bir işə girməyi mümkün deyildir. Çünki adında aktiv əmək müqaviləsi olması başqa bir işəgötürənlə əmək müqaviləsi bağlamağına maneə olur.
Tərəflərin izahatları:
4. İddiaçı ərizə verərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh MMCdə heç vaxt işləməyib, heç harada yerləşməsini də bilmir. “myGov" sistemində görüb ki, o şirkətdə guya işə götürülüb. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları:
9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 03 may 2024-cü il tarixli, MŞB/6-00786 nömrəli arayışından görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəmişdir.
10. “myGov" informasiya sistemindən sorğu edilmiş çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də “mühasib” vəzifəsinə işə götürülmüşdür və əmək haqqı 400 manat təşkil edir.
İşin faktiki halları:
11. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh MMC-də “mühasib” vəzifəsinə işə götürülmüşdür və elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmişdir. Lakin iddiaçının əmək müqaviləsindən xəbəri olmamış və Cavabdeh MMC-də işləməmiş, aralarında hər hansı əmək münasibətləri mövcud olmamışdır.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarı:
Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
16. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh MMC tərəfindən bağlanmış 14 oktyabr 2022-ci il tarixli əmək müqaviləsi İddiaçı iradə ifadəsi olmadan birtərəfli qaydada bağlanmışdır. İddiaçı Cavabdeh MMC-də müqavilədə qeyd olunan “mühasib” vəzifəsində işləmədiyindən və əmək müqaviləsi Mülki Məcəllənin və Əmək Məcəlləsinin tələblərinə zidd bağlandığından etibarsız hesab olunmalıdır.
17. Əmək Məcəlləsinin tələblərinə görə əmək müqaviləsi işə götürənlə işçi arasında əmək münasibətlərinin şərtlərini, tərəflərin hüquq və vəzifələrini onların iradə ifadəsinə uyğun olaraq əks etdirməlidir. Etibarsız hesab olunması tələb olunan müqavilə isə birtərəfli qaydada yalnız işə götürən tərəfindən bağlanmışdır. Yuxarıda qeyd olunan Plenum Qərarından da görünür ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi vacibdir.
18. Göründüyü kimi 14 oktyabr 2022-ci il tarixli əmək müqaviləsi, müqavilənin hər iki subyektinin, yəni işə götürən və işçinin iştirakı olmadan bağlanmışdır. Beləliklə, əmək müqaviləsi qanunvericiliyin tələbi pozulmaqla bağlandığından etibarsız əqddir. Həmçinin etibarsız əqdlər bağlandığı andan etibarsızdır. Cavabdeh MMC tərəfindən bağlanmış 14 oktyabr 2022-ci il tarixli əmək müqaviləsi 14 oktyabr 2022-ci il tarixdən etibarsız hesab olunmalıdır.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun:
9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmə xərcləri:
21. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ona görə də məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Nəticə:
22. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən bağlanmış 14 oktyabr 2022-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən bağlanmış 14 oktyabr 2022-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamənin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova