Məhkəmə qərarları › İş №2(007)-211/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-211/2023

30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-211/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsi cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsi cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1978-ci ildə Ermənistan SSR, Vardenis rayonu, R.Zod kəndində anadan olmuşdur. Valideynləri həmin vaxt doğum haqqında şəhadətnamə almışlar. Erməni aqressivliyi nəticəsində 1988-ci ildə doğma torpaqdan məhrum olaraq ailəlikcə qaçqın düşmüşlər. Eyni zamanda həmin vaxt Ermənistanda zəlzələ baş vermişdir, nəticədə demək olar ki, bütün ev əşyaları və üstəlik bir çox şəxsi sənədlər o cümlədən doğum şəhadətnamə kənddə qalmışdır. Onun anası X4, atası isə X6r. O, doğum haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı “Asan Xidmət» X2 müraciət etmiş, lakin onlar imtina etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qeyd olunanlara əsasən, ərizəsinin təmin edilməsi, atası X9, anası X4 olmaqla X3 xx xxxxxx 1978-ci ildə Ermənistan SSR, Vardenis rayonu, R.Zod kəndində doğumun qeydə alınması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, onun doğum haqqında şəhadətnaməsi olub və onun əsasında Azərbaycan Respublikasının vətəndaşına məxsus şəxsiyyət vəsiqəsi verilib, lakin sonra doğum haqqında şəhadətnaməsi itib və kötüyü Azərbaycan Respublikasında olmadığı üçün yenidən dublikatını ala bilmir. Ona sənədləşmə işi üçün doğum haqqında şəhadətnamə lazımdır bu səbəbdən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məktub göndərərək işlərin şox olması səbəbindən qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi anasıdır. Ərizəçi xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, R.Zod kəndində anadan olmuşdur. 1988-ci il tarixdə Göygöl rayonuna gəlmişlər. Doğum haqqında şəhadətnaməsi var idi, sonradan itirib. Elə onun əsasında şəxsiyyət vəsiqəsi verilmişdir. Göygöl rayonunda yaşayan və yataq xəstəsi olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyən şahid X10 telefon vasitəsilə ifadə verərək bildirdi ki, Ərizəçi onun qızıdır və xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, R.Zod kəndində anadan olmuşdur. 1988-ci il tarixdə ailəsi ilə birlikdə Göygöl rayonuna gəlmişlər. Tünzalə ailə qurmuşdur və onun şəxsiyyət vəsiqəsi vardı rəsmi nikaha da daxil olmuşdur, lakin sonradan onun doğum haqqında şəhadətnaməsi və nikah haqqında şəhadətnaməsi itmişdir. Nikah haqqında şəhadətnaməni təkrar almışdır, doğum haqqında şəhadətnaməni isə Ermənistan Respublikasında verildiyi üçün ala bilmir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X7 14 mart 2000-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 135 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad Musayeva soyadını qəbul etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Asan Xidmət X1 xx/xx- 1700/75 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14cü bəndinə əsasən İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. AZ-İİ seriyalı, 543321 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, R.Zod kəndində anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında X4 qeyd edilmişdir. -121 saylı MKİS tərəfindən verilmiş 349 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi B.Nuriyev küçəsi, ev 55/57, mənzil 19 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-52/2-334/2023 nömrəli məktubundan görünür ki, Ərizəçi barəsində Nizami Rayon Polis İdarəsinin arxivində heç bir məlumat aşkar edilməmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1978-ci ildə Ermənistan SSR, Vardenis rayonu, R.Zod kəndində doğulmuşdur, milliyyəti Azərbaycanlıdır. Hazırda Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 55/57 saylı evin 19 saylı mənzilində yaşayır. Ərizəçinin doğumunu təsdiq edən doğum haqqında şəhadətnamə itirildiyindən və doğum haqqında akt qeydinin Ermənistan Respublikasında aparıldığından onun bərpa edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti 6 saylı Bakı Asan Xidmət Mərkəzində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1978-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, R.Zod kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməlidir. Ərizəçi təvəllüdü xx xxxxxx 1978-ci il, doğulduğu yer Ermənistan Respublikası, Vardenis rayonu, R.Zod kəndi, milliyyəti azərbaycanlı, atası X9, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti azərbaycanlı kimi yazılmalıdır. Doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1978-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, R.Zod kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü xx xxxxxx 1978-ci il, doğulduğu yer Ermənistan Respublikası, Vardenis rayonu, R.Zod kəndi, milliyyəti azərbaycanlı, atası X9, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar