Məhkəmə qərarları › İş №2(007)-2112/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2112/2024

04.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2112/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı və iddiaçı X6 Cavabdehnə qarşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” və iddiaçı X19 Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, 1-ci tələb:

1. İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onun məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinə növbə rəisi vəzifəsinə bərpa olunması və 120 manat mediasiya xərcinin Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək müqaviləsinə əsasən xx.xx.2014cü il tarixdə cavabdeh təşkilatda mühafizəçi vəzifəsinə qəbul edilmiş, bir müddət sonra isə Cəmiyyətin İdarəsinə daxili dəyişikliklə əlaqədar gözətçi vəzifəsinə qəbul edilmiş, sonra isə yenidən Cəmiyyətə mühafizəçi vəzifəsinə bərpa olunmuşdur. xx.xx.2022-ci ildən isə Cəmiyyətdə növbə rəisi vəzifəsində çalışırdı. xx.xx.2024-cü ildə onun sahəsinə aid Cəmiyyətin Xırdalan Logistika Mərkəzində yerli tır çöldən əraziyə daxil olarkən bir nəfər şəxs mühafizəçinin gözündən yayınaraq həmin tırın sağ tərəfindən içəri daxil olub və xarici tırdan oğurluq etmişdi. Həmin gün o, sahə rəisi Asim Hüseynovun göstərişinə əsasən Cəmiyyətə məxsus İdarənin aylıq ərzaq tələbini götürmək üçün Hökməlidə yerləşən "xxxx" MMC-də olmuşdur. Bir neçə gün ondan əvvəl isə onun tabeliyində olan mühafizəçi Vüsal Hüseynov, sahə rəisi Asim Hüseynovun ona verdiyi təlimata əsasən xəstə olan mühafizəçi Amin Mustafayevi əvəz etmiş və o, Həsən Gözələ məxsus Badamdarda yerləşən evin mühafizəsini təşkil etmişdir. Oğurluq hadisəsindən sonra, yəni xx.xx.2024-cü ildə onu, sahə rəisini və 4 mühafizəçini Cəmiyyətin direktoru Zaur Kərəmov və qeyri-rəsmi sistemə nəzarət edən, İran İslam Respublikasının vətəndaşı X25 çağırdılar və Məcid Ağapur ona sərt şəkildə bildirdi ki, xx.xx.2024-cü ildə "xxxx" MMC-yə niyə getmisən və həmin tarixdə Həsən Gözəlin evinə niyə mühafizəçi təyin etmisən. Bundan sonra Məcid Ağapur onu dinləmədi və rəhbərliyə yaraşmayan tərzdə əlində təsbeh ona bildirdi ki, “sən bizi biabır etmisən”, səs tonunu qaldıraraq onun günahı olmadığı halda onu günahlandırmağa başladı. xx.xx.2024-cü il tarixdə saat 17:00-dan etibarən onu qeyri-qanuni olaraq işə buraxmadı, onun yerinə başqa sahədən olan növbə rəisi Röyal Vəliyevi təyin etdi. Onu isə Cəmiyyətin Nizam-İntizam komissiyasına göndərdi. xx.xx.2024-cü il tarixdə Nizam-İntizam komissiyasının Qərarına əsasən Cavabdeh MMC-nin Növbə İnspektoru vəzifəsində çalışan Ötər Rəsulovun 13-cü maddəyə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi uyğun görülmüşdü”. Həmin qərara zidd olaraq onunla Cəmiyyət arasında müddətsiz əmək müqaviləsinə xx.xx.2024-cü ildə Cəmiyyətin 0119/K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “Ştat saylarının azadılması ilə əlaqədar” xitam verilmişdir. Lakin onun işlədiyi sahədə ştat sayları azadılmamış, hazırdada o, işlədiyi sahədə onun ştatı, sahə rəisi ştatı və 4 növbə rəisi ştatı vardır. Onun yerinə isə yuxarıda qeyd etdiyi kimi o, işdən azad olmadan Röyal Vəliyev təyin edilmişdir. xx.xx.2024-cü ildə o, cavabdeh təşkilata mübahisənin həll edilməsi ilə əlaqədar təklif göndərmiş, xx.xx.2024-cü ildə isə Mediasiya Şurası Bakı 10 saylı Mediyasiya Təşkilatına ərizə ilə müraciət etmiş, həmin təşkilatda cavabdehlə barışıq əldə edə bilməmiş və həmin təşkilata 120 manat məbləğində pul ödəmişdir. Hesab edir ki, cavabdeh təşkilat onu qanunvericiliyin tələblərini pozmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad etmişdir. Belə ki, o, işlədiyi sahədə ştat sayları azadılmadan onu qərəzli olaraq işdən azad etmiş və onun yerinə isə qeyd etdiyi kimi Röyal Vəliyevi təyin etmişdir. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, 10 ildir ki, cavabdeh təşkilatda mühafizəçi, gözətçi və növbə rəisi vəzifəsində işləyirdi. İşlədiyi bu müddətdə Cəmiyyət qarşısında əmək vəzifələrini layiqincə yerinə yetirmiş, nizamintizamlı bir işçi kimi özünü göstərmiş və Cəmiyyət tərəfindən dəfələrlə mükafatlandırılmışdır. 2-ci tələb:

3. İddiaçı X19 Cavabdehnə qarşı “işə bərpa və məcburi buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onun məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinəsahə rəis vəzifəsinə bərpa olunması və 60 manat mediasiya xərcinin Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, müddətsiz əmək müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə cavabdeh təşkilatda mühafizəçi, xx.xx.2009-cu ildə növbə inspektoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci ildən işdən çıxarılanadək isə sahə rəisi vəzifəsində çalışırdı. xx.xx.2024-cü ildə onun sahəsinə aid Cəmiyyətin Xırdalan Logistika Mərkəzində yerli tır çöldən əraziyə daxil olarkən bir nəfər şəxs mühafizəçinin gözündən yayınaraq həmin tırın sağ tərəfindən içəri daxil olub və xarici tırdan oğurluq etmişdi. Oğurluq hadisəsindən sonra, yəni xx.xx.2024-cü ildə onu və 4 mühafizəçini Cəmiyyətin direktoru Zaur Kərəmov və qeyri-rəsmi sistemə nəzarət edən, İran İslam Respublikasının vətəndaşı X25 çağırdılar. Bundan sonra Məcid Ağapur onu dinləmədi və rəhbərliyə yaraşmayan tərzdə əlində təsbeh ona bildirdi ki, “sən bizi biabır etmisən”, səs tonunu qaldıraraq onun günahı olmadığı halda onu günahlandırmağa başladı. xx.xx.2024-cü il tarixdə saat 17:00-dan etibarən onu qeyri-qanuni olaraq işə buraxmadı, onun yerinə başqa sahədən olan sahə rəisini təyin etdi. Onu isə Cəmiyyətin Nizam-İntizam komissiyasına göndərdi. xx.xx.2024-cü il tarixdə Nizam-İntizam komissiyasının Qərarına əsasən Cavabdeh MMC-nin sahə rəisi vəzifəsində çalışan Asim Hüseynova 13-cü maddəyə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi uyğun görülmüşdü”. Həmin qərara zidd olaraq onunla Cəmiyyət arasında müddətsiz əmək müqaviləsinə xx.xx.2024-cü ildə Cəmiyyətin 0160/K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “Ştat saylarının azadılması ilə əlaqədar” xitam verilmişdir. Lakin onun işlədiyi sahədə ştat sayları azadılmamış, hazırda da o, işlədiyi sahədə onun ştatı-sahə rəisi ştatı və 4 növbə rəisi ştatı vardır. Onun yerinə isə yuxarıda qeyd etdiyi kimi o, işdən azad olmadan başqa sahə rəisi təyin edilmişdir. xx.xx.2024-cü ildə o, cavabdeh təşkilata mübahisənin həll edilməsi ilə əlaqədar təklif göndərmiş, xx.xx.2024-cü ildə isə Mediasiya Şurası Bakı 10 saylı Mediyasiya Təşkilatına ərizə ilə müraciət etmiş, həmin təşkilatda cavabdehlə barışıq əldə edə bilməmiş və həmin təşkilata 60 manat məbləğində pul ödəmişdir. Hesab edir ki, cavabdeh təşkilat onu qanunvericiliyin tələblərini pozmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad etmişdir. Belə ki, o, işlədiyi sahədə ştat sayları azadılmadan onu qərəzli olaraq işdən azad etmiş və onun yerinə isə qeyd etdiyi kimi başqa sahə rəisi təyin etmişdir. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, 18 ildir ki, cavabdeh təşkilatda müxtəlif vəzifələrdə, hazırda isə sahə rəisi vəzifəsində işləyirdi. İşlədiyi bu müddətdə Cəmiyyət qarşısında əmək vəzifələrini layiqincə yerinə yetirmiş, nizam-intizamlı bir işçi kimi özünü göstərmiş və Cəmiyyət tərəfindən 5 dəfə pul mükafatları ilə mükafatlandırılmış və fəxri fərmanllarla təltif olunmuşdur.

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(007)- 2112/2024 nömrəli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş iddiaçı X6 Cavabdehnə qarşı “işə bərpa və məcburi buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(007)-2608/2024 nömrəli mülki iş, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(007)-2112/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir.

6. Məhkəmə iclası zamanı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, maddi durumu olduqca acınacaqlıdır. Kirayədə yaşayır. Onun bu işə ehtiyacı var. Onu işdən haqsız olaraq çıxardıblar. Bütün bu işlərin günahkarı Məcid Ağapurdur. O, işə ancaq tanışlarını gətirir. Onun əmri verilməmiş yerinə Elşən Novruzov təyin olunub. Elşən Novruzov “Bazar Store”-da sahə rəisi olub. Röyal ilə Elşən çoxdan Cavabdehndə işləyirlər. Kamera kontrolda işləyən əməkdaşlar oğurluq hadisəsinə görə məsuliyyətə cəlb olunmadılar, heç cəza da verilmədi, lakin onlar işdən çıxarıldılar. Onların işdən çıxarılma səbəbi ixtisar deyil. O, 2 noyabr 2022-ci ildə Xırdalan sahəsinə növbə inspektoru olaraq qəbul olunub. Ondan sonra bir neçə adam növbə inspektoru kimi işə qəbu olunub. X7 və X21. O, 16 fevral 2024-cü ildən işdən çıxarılıb. Sınaq müddətində olan növbə inspektorları qalıb ixtisara düşməyiblər, amma o, işdən çıxarılır, guya ixtisara düşür. O, mühafizəçi kimi Xəzər Muhafizədə çalışıb. 2022-ci ildə isə növbə inspektoru kimi təyin olunub. Onlar da əvvəl mühafizəçi kimi çalışıblar. Onun tək gəlir yeri bu iş idi. Onu burdan uzaqlaşdırdılar. X27 Bulvarda, Xəyal Yusifov Bakı Mərkəzdə, X16 Sahədə işləyirdilər. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını və işə bərpa olunmasını xahiş etdi.

8. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı X19 iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, Cəmiyyətdə ixtisar olmayıb. X31 Respublikasının vətəndaşı Məcid Ağapur çağırıb bildirmişdir ki, onlarla işləmək istəmir. O, başqa işə razı idi. Əmək haqqı az olsa belə. Himayəsində 2 uşağı var. 11 və 17 yaşlarında. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını və işə bərpa olunmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələblərini qəbul etmirlər. Cəmiyyətdə ixtisarlar olduğu üçün iddiaçılar işdən çıxarılıb. 63 nəfər mühafizəçi olub, Asim bəy onların rəhbəri idi. "xxxx" MMC-də bir nəfər içəri keçib, tırlara girib, sürücülərin əşyalarını oğurlayıb. Bu səbəbdən narazı qaldılar və nəzarəti özləri edəcəklərini bildirdilər. İddiaçıların işdən çıxarılma səbəbi oğurluq hadisəsinin baş verməsi deyil. "xxxx" MMC-nin onların xidmətindən imtina etməsi ixtisara səbəb oldu. Ötər bəyə bir neçə iş təklif olunub, lakin o, rədd edib. Asim bəyə isə iş təklif edilməyib, çünki onun maaşı yüksəkdir, maaşına uyğun iş olmadı. Xidmət harda azalırsa ixtisar da orda olmalıdır. Amma Ötər bəy deyir ki, niyə başqa növbə inspektorunun təcrübəsi az olsa da məni çıxarırlar, onu yox? İxtisar sırf xidmətdən asılıdır. Xidmət az olan yerdə ixtisar olur. Burda heç bir qərəz yoxdur. "xxxx" müraciət etdi ki, xidmətə ehtiyac yoxdur. Onun müraicəti əsasında ixtisar etməyə başladılar. Bu adamların işdən çıxarılma səbəbi oğurluq hadisəsi deyil. Onlar oğurluğa görə təqsirli deyillər. "xxxx" artıq xidmət istəmədiyi üçün ixtisar olunublar. Cəmiyyət yeni işçi götürməyib. X12 satışın əməkdaşıdır. Asim bəyin ştatı boşdur. Adam götürülməyib. Ötəri əvəz edən Royal Vəliyev də xidmət sahəsinin əməkdaşı olub.

10. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X10 bildirdi ki, Cavabdeh ilə əməkdaşlıqları var. Təkcə Xırdalanda yox, digər sahələrdə də. Fevral ayında tırlardan oğurluq oldu. Qərara gəldilər ki, mühafizəni özləri etsinlər. Xəzər Mühafizəyə müraciət etdilər ki, onların işçilərinə 3 ay təlim keçib öyrətsinlər.

11. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, bir dəfə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıblar. Sonradan işə bərpa olunmuşdur. Şirkətlə qərəzi yoxdur. Məcid Ağapur orada 4,5 ildir ki, qanunsuz direktor işləyir. Məcid Ağapur ora gələndən öz adamlarını gətirir, əvvəl orada işləyən işçiləri çıxardır.

12. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Xırdalanda hadisə baş verəndən sonra onları Məcid Ağapur və Zaur Kərəmov qəbul edtdi. Məcid Ağapur onlarla kobud rəftar etdi. Onları Nizam-İntizam komissiyasına cəlb etdilər. İsmayıl və Kənana şiddətli töhmət verdilər. Amma əsl günahkarlar onlar idi. Ağalar və onu çağırdılar, Ağalar ərizə yazdı işdən çıxdı. Zaur Kərəmov bildirdi ki, araşdırıb, onun yaxşı işi olduğunu dedi. O, da bildirdi ki, anası rəhmətə gedib, yeni uşağı olub. Dedi ki, məsləhətləşəcək, sonra isə bildirdi ki, işdən çıxmasan maddə ilə çıxaracaqlar. Mediasiya olanda ona zəng elədilər ki, məhkəməyə vermə, işə bərpa edəcəklər.

İş materialları:

13. Cavabdeh İddiaçı ünvanladığı xəbərdarlıqdan görünür ki, "xxxx" MMC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Xidmət Şöbəsinin Sahə rəisi vəzifəsinin ştat sayı 1(bir) vahid azadılacaqdır. Sizin Cəmiyyətimizdə əmək stajınız 4 il 7 ay olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən 4 (dörd) təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulub. Bununla əlaqədar, bu xəbərdarlığı aldığınız gündən 4 (dörd) təqvim həftəsindən sonra Sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırırıq ki, xx.xx.2024-cii il tarixindən başlanan xəbərdarlıq müddəti xx.xx.2024-cü il tarixində başa çatacaq. Sizə köməklik məqsədilə sözügedən xəbərdarlıq müddəti ərzində əmək funksiyalarınızın icrasından tam azad edilərək iş axtarmağınıza imkan yaradılır. Xəbərdarlıq müddəti ərzində ixtisasınıza (peşənizə) uyğun olan vakant ştat vahidləri müəyyən edilərsə, bu barədə Sizə əlavə məlumat veriləcəkdir. Eyni zamanda qeyd olunur ki, yazılı razılığınız olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırki xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.9 (sıfır tam onda doqquz) misli miqdarında bir dəfəlik ödəniş edilməklə Sizinlə bağlanılmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam verilə bilər.

14. 03.05.2024-cü il tarixdə mailto:myhr@azersun.comElektron ünvan tərəfindən Namiq İbrahimli və digər 9 nəfərə göndərilmiş elektron poçtdan çıxarılmış çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli Nizam-İntizam Komissiyasının qərarı ilə Xəzər Mühafizə və Təhlükəsizlik Xidmətində növbə inspektoru vəzifəsində çalışan Ötər Rəsuova 13-cü maddəyə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi uyğun görülmüşdür.

15. Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 aprel 2024-cü il tarixli 0119/K nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir.

16. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə 15 aprel 2024-cü il tarixdə xitam verilmişdir.

17. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 20 may 2024-cü il tarixli, MŞB/10/2024-00246 nömrəli arayışdan görünür ki, hər iki tərəf 20 may 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir.

18. xx.xx.2024-cü il tarixli müraciət vərəqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir.

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı Şəhər İdarəsinin 16 may 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Sizin Cavabdeh MMC-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığınız müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Nazirlik yanında X17 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizdə qeyd etdiyiniz pozuntuların dəqiqləşdirilməsi, izahatınızın alinması və Sizdə olan sübutların təqdim olunması məqsədilə DOST Mərkəzinə və ya X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət olunmağınızla bağlı ünvanınıza 3-17-5/2-R-23057/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Siz xx.xx.2024-cü il tarixində araşdırmaya izahatınızı təqdim etmisiniz. Bildiririk ki, müraciətinizlə əlaqədar Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasinin Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə tərəfimizdən Cavabdeh MMC-nin (Bakı şəhəri, Nizami rayonu, X18, ev 90) ünvanına 3-17-5/2-23053/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Lakin tələb olunan sənədlər Cavabdeh MMC tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiva Sisteminin "Əmək və Məşğulluq altsistemində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) qeyd edilən qüvvədən düşdüyü müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqinda" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasi Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparilan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir. Təhlükəsizlik Xidməti-A” MMC tərəfindən müvafiq sənədlər X13 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən baxılacaq və nəticəsi barədə Sizə məlumat veriləcəkdir. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11ci maddəsinin 1 hissəsinin “a” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada isçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarina olduğundan isə qəbul olunmağınızla bağlı Təhlükəsizlik Xidməti-A” MMC-yə müraciət etməyiniz məqsədəuyğun hesab olunur.

20. Cavabdeh 13 mart 2024-cü il tarixli 92 K nömrəli əmrinin surətindən görünür ki, "xxxx" MMC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Xidmət Şöbəsinin növbə inspektoru vəzifəsinin ştat sayı 1 vahid azaldılması, Cavabdeh Xidmət Şöbəsinin növbə inspektoru İddiaçı oğluna xx.xx.2024-cü il tarixindən tutduğu vəzifənin ixtisar olunacağı ilə əlaqədar xəbərdarlıq edilməsi, xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) İddiaçı tutduğu vəzifəsindən azad olunması və əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

21. "xxxx" MMC-nin Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 20 fevral 2024-cü il tarixli məktubun surətindən görünür ki, 01 may 2024-cü il tarixdən etibarən fabrik ərazisində mühafizə xidmətlərinin iş həcmində azalma olacaqdır. Belə ki, fabrik ərazisində çalışan rəhbər mühafizə işçilərindən 1 nəfər sahə rəisi və 1 nəfər növbə inspektoru ştatı vəzifəsində çalışan işçilərin əməyi Cəmiyyət tərəfindən alınmış qərara əsasən ehtiyac duyulmayacaqdır.

22. Cavabdeh İddiaçı ünvanladığı 15 aprel 2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini, son haqqhesab çıxarışı və ******* nömrəli əmək kitabçasını təhvil almaq üçün dəvət edilmişdir.

23. 18 aprel 2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ******* nömrəli əmək kitabçası, son haqq-hesab çıxarışı və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti təqdim olunsa da o, imzalamaqdan və təhvil almaqdan imtina etmişdir.

24. Cavabdeh və "xxxx" MMC arasında bağlanmış 05 yanvar 2019-cu il tarixli, 19(X)2019 nömrəli “Mühafizə xidmətlərinin göstərilməsi barədə müqavilə”nin surətindən görünür ki, “İcraçı” bu Müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə Bakı şəhərlərində yerləşən obyektlərin qorunması və həmin obyeklərdə əuraxılış və obyektdaxili rejimlərin təmin olunması xidmətlərinin göstərilməsini öhdəsinə götürür. Bunun müqabilində “Sifarişçi” “İcraçıya” razılaşdırılmış muzdu ödəyir.

25. "xxxx" MMC-nin 20 iyun 2024-cü il tarixli, 04Ü nömrəli əmrinə əsasən, yaşayış və xidmət yerləri nəzərə alınmaqla xidməti zəruriyyətlə əlaqədar müvəqqəti olaraq Cəmiyyətin Parakəndə Sahəsinin sahə rəisi X3 və Xidmət Sahəsinin Bakı Mərkəzi Sahəsi üzrə növbə inspektoru X15 21 iyun 2024-cü il tarixdən etibarən 3 (üç) aylıq müddətə Cəmiyyətin Xidmət Şöbəsinin X5 təyin edilmişlər. Elşən Novruzova və Röyal Vəliyevə izah edilmişdir ki, onlar təyinat aldıqları müddət ərzində sifarişçinin müvafiq əməkdaşlarına yerində xidmətin təşkili, strukturu, özəl mühafizə və təhlükəsizlik fəaliyyəti qaydaları, nizam-intizam qaydaları və s. barədə təlimatlar verməlidiriər.

26. Qaydalar və Təlimatlar kitabının 4-cü maddəsinə əsasən növbə inspektoru vəzifəsində olan əməkdaşın təqvim ilində bir dəfə yerdeyəişməsi məqsədəuyğundur.

27. Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 may 2024-cü il tarixli 0160/K saylı əmri ilə X19 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir.

28. Cavabdeh X11 ünvanladığı xəbərdarlıqdan görünür ki, "xxxx" MMC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Xidmət Şöbəsinin sahə rəisi vəzifəsinin ştat sayı 1(bir) vahid azadılacaqdır. Sizin Cəmiyyətimizdə əmək stajınız 16 il 6 ay olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən 9 (doqquz) təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulub. Bununla əlaqədar, bu xəbərdarlığı aldığınız gündən 9 (doqquz) təqvim həftəsindən sonra Sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırırıq ki, xx.xx.2024-cii il tarixindən başlanan xəbərdarlıq müddəti xx.xx.2024-cü il tarixində başa çatacaq. Sizə köməklik məqsədilə sözügedən xəbərdarlıq müddəti ərzində əmək funksiyalarınızın icrasından tam azad edilərək iş axtarmağınıza imkan yaradılır. Xəbərdarlıq müddəti ərzində ixtisasınıza (peşənizə) uyğun olan vakant ştat vahidləri müəyyən edilərsə, bu barədə Sizə əlavə məlumat veriləcəkdir. Eyni zamanda qeyd olunur ki, yazılı razılığınız olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında bir dəfəlik ödəniş edilməklə Sizinlə bağlanılmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam verilə bilər.

29. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 20 iyun 2024-cü il tarixli, MŞB/10/2024-00246 nömrəli arayışdan görünür ki, hər iki tərəf 20 iyun 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. X19 ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir.

30. 0508174 nömrəli əmək kitabçasının surətindən görünür ki, X19 Cavabdehndə xx.xx.2006-cı il tarixdə mühafizəçi, xx.xx.2009-cu ildə sahə inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci ildən sahə rəisi vəzifəsinə keçirilmişdir.

31. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X6 əmək müqaviləsinə 16 may 2024-cü il tarixdə xitam verilmişdir.

32. Cavabdeh 13 mart 2024-cü il tarixli 93 K nömrəli əmrinin surətindən görünür ki, "xxxx" MMC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Xidmət şöbəsinin sahə rəisi vəzifəsinin ştat sayı 1 vahid azaldılması, Cavabdeh Xidmət şöbəsinin sahə rəisi X11 xx.xx.2024-cü il tarixindən tutduğu vəzifənin ixtisar olunacağı ilə əlaqədar xəbərdarlıq edilməsi, xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) Asim Hüseynov tutduğu vəzifəsindən azad olunması və əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

33. 20.05.2024-cü il tarixli müraciət vərəqəsinin surətindən görünür ki, X19 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir.

İşin faktiki halları:

34. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdehndə xx.xx.2014-cü il tarixdə mühafizəçi vəzifəsinə qəbul edilmiş, bir müddət sonra gözətçi vəzifəsinə, sonra isə yenidən mühafizəçi vəzifəsinə bərpa olunmuşdur. xx.xx.2022-ci ildən isə Cəmiyyətdə növbə inspektoru vəzifəsində çalışmışdır. Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 aprel 2024-cü il tarixli 0119/K saylı əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. X19 Cavabdehnə xx.xx.2006-cı il tarixdə mühafizəçi kimi işə götürülmüş, xx.xx.2009-cu ildə sahə inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci ildən isə sahə rəisi vəzifəsinə keçirilmişdir. Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 may 2024-cü il tarixli 0160/K saylı əmri ilə X19 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. Hazırda İddiaçı onun məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməklə Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinə sahə rəis vəzifəsinə bərpa olunmağı və 120 manat mediasiya xərcinin Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb ona ödənilməsini, X19 onun məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməklə Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinəsahə rəis vəzifəsinə bərpa olunmağı və 60 manat mediasiya xərcinin Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb ona ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:- bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:- bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 294.4-cü maddəsinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Məhkəmənin mövqeyi:

36. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, hər iki iddia tələbi rədd edilməlidir.

37. İddiaçı 15 aprel 2024-cü il tarixli 0119/K nömrəli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. İddiaçı X19 16 may 2024-cü il tarixli 0160/K nömrəli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir.

38. İş materiallarında görünür ki, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilənədək 4 (dörd) təqvim həftəsi öncə rəsmi xəbərdarlıq olunmuşdur. X1 Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilənədək 9 (doqquz) təqvim həftəsi öncə rəsmi xəbərdarlıq olunmuşdur. Göründüyü kimi iddiaçıların əmək münasibətlərinə Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada xitam verilmişdir. Həmçinin xəbərdarlıq müddətində iş axtarmaqlarına şərait yaradılmış, son haqq hesabları vaxtında ödənilmişdir. Bu hallar iddiaçılar tərəfindən təsdiqləndiyindən işin mübahisəsiz halıdır.

39. Digər tərəfdən iş materiallarında olan 20 fevral 2024-cü il tarixli "xxxx" MMC-nin cavabdeh Cəmiyyətə ünvanladığı məktubdan görünür ki, fabrik ərazisində rəhbər mühafizə işçilərindən 1 nəfər sahə rəisi və 1 nəfər növbə inspektoru ştatına ehtiyac duyulmayacağı bildirilir. Cavabdeh Cəmiyyətin ştatların ixtisar edilməsini məhz qeyd olunan məktubla əsaslandırması məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilir. Belə ki, işin hallarından görünür ki, Cavabdeh MMC müqavilə əsasında "xxxx" MMC-yə xidmət göstərmiş və onlar tərəfindən qeyd olunan xidmətlərdən imtina obyektiv olaraq iş həcminin azalmasına və ştat ixtisarına səbəb ola biləcək amildir.

40. İddiaçıların 12 fevral 2024-cü il tarixində baş vermiş oğurluq hadisəsində onların təqsiri olmamasına baxmayaraq, iddiaçıların işdən azad edilməsi ilə bağlı fikirlərinə münasibətdə isə, məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, qeyd edilən oğurluq hadisəsi ilə bağlı 23 fevral 2024-cü ildə Nizam İntizam Komissiyasının qərarı ilə iddiaçılara “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir”. Yəni, həmin hadisə ilə əlaqəli iddiaçıların işdən azad edilməsi arasında hər hansı səbəbli-əlaqə sübutlarla təsdiqini tapmamışdır. İddiaçıların Məcid Ağapur tərəfindən işdən azad edilməsi ilə bağlı fikirləri isə iş materialları ilə təsdiqini tapmır. Çünki işdən azad edilmə əmri məhz Zaur Kərəmov tərəfindən verilmiş və imzalanmışdır. Cavabdeh cəmiyyətin nümayəndəsi də məhkəmə iclasında iştirak edərkən, bunu təsdiq etmişdir.

41. Həmçinin cavabdehin vəkili və nümayəndəsi tərəfindən təqdim olunmuş ştat cədvəllərindən görünür ki, iddiaçıların ştat üzrə tutduğu vəzifələri yəni 1 sahə rəisi və 1 növbə inspektoru ştatları ixtisar olunduqdan sonra qeyd olunan vəzifələrə yeni işçilər işə qəbul edilməmişlər.

42. Məhkəmə iclası zamanı iddiaçılar Cavabdeh MMC tərəfindən İddiaçı yerinə onun vəzifəsini icra etmək üçün X4, X6 yerinə isə onun vəzifəsini icra etmək üçün X2 “X5” göndərildiklərini bildirsələr də, məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli 105/K nömrəli əmrdən görünür ki, X15 xx.xx.2016-cı il tarixdə Cəmiyyətin Xidmət Şöbəsinə növbə inspektoru vəzifəsinə, xx.xx.2014-cü il əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən, xx.xx.2024-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən və xx.xx.2008-ci il tarixli əmək müqaviləsindən görünür ki, X3 Cəmiyyətə növbə rəisi vəzifəsinə işə götürülmüşlər.

43. Həmçinin "xxxx" MMC-nin 20 iyun 2024-cü il tarixli, 04Ü nömrəli əmrindən müəyyən olunur ki, xidməti zəruriyyətlə əlaqədar müvəqqəti olaraq Cəmiyyətin Parakəndə Sahəsinin sahə rəisi X3 və Xidmət Sahəsinin Bakı Mərkəzi Sahəsi üzrə növbə inspektoru X15 21 iyun 2024-cü il tarixdən etibarən 3 (üç) aylıq müddətə Cəmiyyətin Xidmət Şöbəsinin X5 təyin edilmişlər. Elşən Novruzova və Röyal Vəliyevə izah edilmişdir ki, onlar təyinat aldıqları müddət ərzində sifarişçinin müvafiq əməkdaşlarına yerində xidmətin təşkili, strukturu, özəl mühafizə və təhlükəsizlik fəaliyyəti qaydaları, nizam-intizam qaydaları və s. barədə təlimatlar verməlidiriər.

44. Göründüyü kimi iddiaçılar X19 və İddiaçı ilə əmək müqavilələlərinə xitam verilməsi zamanı Cavabdeh MMC tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməməlidir.

Məhkəmə baxışının hədləri:

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

47. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ona görə də məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

48. İddiaçılar İddiaçı və X6 CavabdehMMC qarşı “işə bərpa və məcburi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiaları rədd edilməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçılar İddiaçı və X6 CavabdehMMC qarşı “işə bərpa və məcburi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiaları rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar