Məhkəmə qərarları › İş №2(007)-2114/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2114/2023

22.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2114/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsindən görünür ki, iddiaçı qanunvericiliyin tələbinə əməl etməməklə, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanununun 3.2.-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı2 ilə Cavabdeh2 ər-arvad olmuşlar, hazırkı mübahisə ailə münasbətlərindən irəli gələn mübahisədir. Sadalanan qanunvericiliyin tələblərinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə etməzdən əvvəl mediasiya prosessində iştirakı zəruridir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, X1 Cavabdeh2 Oktay qızına qarşı “keçmiş həyat yoldaşının evdən çıxarılması” tələbinə dair ailə mübahisəsi üzrə tərəflər ilkin mediasiya prosesindən sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Göründüyü kimi, həmin mübahisə Cavabdeh2 Oktay qızının evdən çıxarılması ilə bağlı olsa da, hazırkı mübahisə iddiaçıların evə köçürülmələri və evdən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması ilə bağlıdır. İddiaçılar hazırkı tələblə bağlı mediasiya təşkilatına müraciət etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunan nöqsana görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya qaytarılmalı, mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmək hüququ və nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüqququ iddiaçılara izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar