Məhkəmə qərarları › İş №2(007)-2122/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2122/2025

22.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2122/2025 22.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənzilə köçürmə tələbi) X17 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Cavabdeh1, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları, X1 tərcüməçiliyi ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Krotych Alla Cavabdeh1, Cavabdeh2 Oruc oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Oruc oğlunun vəfat etməsi nəzərə alınmaqla onun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, həyat yoldaşı X9 ilə xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı Asan Xidməl X4 rəsmi nikaha daxil olmuşlar, bu barədə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətini ərizəsinə əlavə etmişdir. Həyat yoldaşı X9 ünvan 1 ünvanda rəsmi qeydiyyatdadır. Lakin cavbadehlər Cavabdeh1, Cavabdeh2 Oruc oğlu, Cavabdeh2 və Cavabdeh3 onu həmin mənzilə köçüb, həyal yoldaşı ilə birlikdə yaşamasına imkan vermirlər. O, hal-hazırda orda-burda yaşayır. Bu da onun vəziyyətinin və sağlamlıq durumunun pisləşməsinə gətirib çıxarır. Buna görədə mənzilə köçürülmə tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun ümidi ancaq məhkəmədir. İş materialları: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2722/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Oruc oğlunun cavabdeh X7 qarşı bağışlama müqaviləsindən imtina edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2336/2025 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2722/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X9 xx.xx.2003-cü il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Korotiç Alla ünvan 3 ünvanında qeydiyyatdadır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh1, Cavabdeh2 Oruc oğlu, Cavabdeh2, Cavabdeh3 ünvan 3 ünvanında qeydiyyatdadır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh2 Oruc oğlu xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. AZ-İİ seriyalı, 630522 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X12 xx.xx.2024-cü il tarixdə 4 sayıl Bakı Asan xidmət mərkəzində qeydiyyat şöbəsində 980 nömrə ilə qeyd edilməklə nikaha daxil olmuşlar. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçı Krotych Alla iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Yalçın onun keçmiş həyat yoldaşıdır. X10 iddiaçının qızı ilə ailəli olmuşdur. Nikahlarından bir qızları var. İndi isə iddiaçı ilə evlidir. Cavabdeh2 Oruc oğlu evi onun oğluna, yəni onun öz adını daşıyan nəvəsinə bağışlayırdı. X3 onları aldadıb evi öz adına keçirmişdir. O, gəlin köçəndən bu evdə yaşayır. Mənzil 3 otaqdan ibarətdir. O, oğlu ilə yaşayır. Cavabdeh3 ailə qurub köçmüşdür. 1997-ci ildən evin bütün kommunal və digər xərclərini o ödəmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin rədd edilməssini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında və məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etdiyi ərizəsində göstərmişdir ki, ona məxsus mənzilə iddiaçının köçürülməsinə və yaşamasın etiraz etmir. İddia tələbini qəbul edir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh3 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. İddiaçının o evdə yaşamağına etiraz edir. Ev atasının adına keçəndən sonra iddiaçı gəlib atası ilə ailə qurmuşdur. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sözügedən mənzilin X5 xüsusi mülkiyyətində olması faktı işin mübahisəsiz halıdır. Belə ki, həmin mənzil xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh2 Oruc oğlu tərəfindən X7 bağışlanmışdır. X13 isə X9 ilə xx.xx.2024-cü il tarixdə rəsmi qeyd etdirməklə nikaha daxil olmuşlar. Cavabdehlər isə həmin mənzildə qeydiyyatda olmaqla, yaşayırlar. Hazırda iddiaçı həmin yaşayış sahəsinə köçürülməsini xahiş edir və mənzilin mülkiyyətçisi X9 iddiaçı X6 məxsus mənzilə köçürülməsinə etiraz etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli yaşayış sahəsinə köçürülməlidir. Məhkəmə cavabdehlərin iddiaçının mübahisə predmeti olan mənzilə köçürülməsinə etdikləri etiraza münasibətdə qeyd edir ki, cavabdehlər bu etirazlarının əsasını təşkil edən sübutlarını məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə qanunvericiliyin tələbini, mülkiyyətçinin razılığını nəzərə alaraq qeyd edir ki, cavabdehlərin iddia tələbinə olan etirazları əsassızdır. Əlavə olaraq, qeyd olunmalıdır ki, cavabdehlərin sözügedən mənzildə qeydiyyatda olmaqla yaşamaları iddiaçı Krotych Allanın qeyd olunan yaşayış sahəsinə köçürülməsinə maneə ola bilməz. O cümlədən, nəzərə alınmalıdır ki, iddiaçı qeyd olunan ünvanda pasport qeydiyyatındadır. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, cavabdehlər mübahisə predmeti olan yaşayış evinə iddiaçının köçməsinə maneə yaratdığına görə, o, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı X13 ünvan 4 ünvanına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. X12 (İddiaçı) ünvan 3 ünvanında yerləşən mənzilə köçürülsün. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar