Məhkəmə qərarları › İş №2(007)-2160/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2160/2024

14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2160/2024 14.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 1983-cü ilin iyul ayından 1988-ci ilin iyun ayına qədər Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Çivə kəndində tütünçülük sovxozunda əmək fəaliyəti ilə məğul olması faktını hüququ əhəmiyətli fakt kimi tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olmuşdur və 1983-cü ilin iyun ayında X4 ilə ailə quraraq, Ermənistan Respublikasının Yexeqnadzor (əski Keşkənd) rayonunun Çivə kəndində yaşamağa başlamışdır. 1988-ci ilin iyul ayına qədər o və ailə üzvləri, o cümlədən 28-ə yaxın azərbaycanlı ailə Ermənistan Respublikasında sözügedən kənddə yaşayırdılar. Məlum hadisələrdən sonra erməni faşistləri tərəfindən yaşadıqları Yexeqnadzor rayonunun Çivə kəndindən qovuldular və onların ailəsi Naxçıvan Muxtar Respublikasının Şəhid Məmməd (hazırda Danyeri adlanır) kəndində məskunlaşmışdır. Bildirmək istəyir ki, o, güzəştli şərtlərlə 60 yaşında pensiya almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdi, amma onun sığorta kapitalı və əmək stajı güzəştli şərtlərlə pensiya təminatına imkan vermədiyi üçün sözügedən nazirlikdən imtina cavabı almışdır. Lakin o, 1988-ci ilə qədər yaşadığı Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Çivə kəndində 5 ildən çox əmək stajı olub, onlar Ermənistanı tərk edərkən o, öz əmək kitabçasını özü ilə götürə bilməmişdir. Onun Ermənistanda tütünçülük sovxozunda və fermada işləməyini təsdiq edən bir neçə şəxs var ki, onlar da onunla sovxozda eyni vaxtda əmək fəaliyyəti ilə məşğul olublar. Belə ki, o, 1983-cü ilin iyul ayından Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Çivə kəndində əmək fəliyətinə başlamış, amma oranı məcburi şəkildə tərk etdiyindən əmək kitabçasını özü ilə götürə bilməmişdir. Əmək stajının tanınması ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün lazımdır. Ona lazım olan sənədlərin əslini və ya surətini ala bilmir və ya onları bərpa etmək mümkün deyil.

Maraqlı şəxsin etirazı:

3. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ərizəyə etiraz edərək bildirmişdir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, icraatda olan 2(007)- 2160/2024 saylı mülki iş üzrə ərizə təmin edilməməlidir. Buna əsasən etirazını təqdim edir. Belə ki, ərizəçi 1983-cü ilin iyul ayından başlayaraq 1988-ci ilə qədər Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Çivə kəndində tütünçülük sovxozunda və fermada işlədiyini iddia edir. Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh filiala müraciət etmiş, lakin tələb olunan ümumi sosial sığorta stajı olmaması səbəbindən müraciətin müsbət həlli mümkün olmamışdır. Bundan sonra Ərizəçi 1983-cü ilin iyul ayından başlayaraq 1988-ci ilə qədər Ermənistan Respublikasının Yexeqnadzor rayonunda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 etiraz ərizəsində göstərilənləri müdafiə edərək bildirdi ki, iddia tələbini qəbul etmirlər və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Ərizəçi 1983-cü ilin yayında onların kəndinə gəlin köçmüşdür. 1988-ci ilə qədər Ermənistanda yaşayıblar. Fatma həm sağıcı, həm tütünçülükdə işləyirdi. 1983-cü ildən tütünçülükdə işləmiş, daha sonra 1988-ci ilə qədərə sağıcı işləmişdir. Çivə kənd sovxozunda 5 il bir yerdə işləyiblər.

7. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Fatma ilə həm yerlidirlər, həm də qohumdurlar. O, 1983-cü ildə gəlin gəlib. Tütünçülükdə bir yerdə işləyiblər. 1983-cü ildən 1988-ci ilə qədər bir yerdə işləyiblər. O, əvvəl tütünçü, sonra asağıcı işləyib. Əmək kitabçası da Ermənistanda qalıb. Hazırda işləmir və pensiya da almır.

8. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Fatma 1983-cü ildən Şərur rayonundan gəlin gəlib. Fatma onlarla fermada işlıəyirdi. əvvəl tütünçü, sonra isə sağıcı işləyib. Yayda gəlin gəldi, payızda da işə çıxdı. Sovxoz idi, həmin dövrdə hamı məcburi işləyirdi. 1983-cü ildən 1988-ci ilin may ayına qədər bir yerdə işləyiblər. May ayının 5-də kənddən çıxdılar.

İş materialları:

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Fatma Əmrah qızına ünvanladığı 15 dekabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətlərinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin ümumi iş stajınız 25 ildən az (19 il 4 ay 26 gün (xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-cü il, xx.xx.1993cü il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-cü il, xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə 14 il 11 ay)) təşkil edir. Məlumat üçün bildiririk ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayon Dövlət Arxivinin 18 iyul 2023-cü il tarixli 07/398 nömrəli sizə dair arayışında 1988-1994-cü illər arasındakı dövr ərzində keçmiş Lenin, A.Şadlinski və Ə.Şərif adına sovxozlarda işlədiyiniz qeyd olunub. İş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq 1988-ci il üzrə 10 ay, 1989-cu il üzrə 2 ay, 1990-cı il üzrə 4 ay, 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 3 ay, 1994-cü il üzrə 8 ay sizə əmək haqqı hesablanmadığı bildirilib. Bu fakt Naxçıvan Muxtar Respublikasının Şərur rayon Dövlət Arxivi tərəfindən 4 dekabr 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilib. Bu səbəbdən də yuxarıda qeyd edilən sizə əmək haqqı ödənilməyən, işləmədiyiniz ayları (ümumilikdə 30 ay) iş stajınıza daxil etmək mümkün deyil. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33123,76 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.

10. İ-CЛ seriyalı 447250 nömrəli nikah haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X4 ilə Ərizəçi nikahı 05 iyun 1984-cü il tarixdə Yexeqnadzor rayonu Çivə kənd Sovetliyində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 9 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Calalova” soyadında qalmışdır.

11. ПТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X6 xx.xx.1982-ci ildə Çivə kənd sovxozunda fəhlə (sağıcı) vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə işdən azad edilmişdir.

12. ПТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Şamilova Gülzar xx.xx.1982-ci ildə Çivə kənd sovxozunda fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə işdən azad edilmişdir.

13. Əmək kitabçasının surətindən görünür ki, X7 xx.xx.1982-ci ildə Çivə kənd sovxozunda fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə işdən azad edilmişdir.

İşin faktiki halları:

14. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və mülki işin materialları ilə müəyyən olundu ki, Ərizəçi 1983-cü ildən 1988-ci ilədək Ermənistan Respublikasının Yexeqnadzor rayonu Çivə kəndində işləmişdir. Ərizəçinin müvafiq sənədləri o cümlədən, əmək kitabçası məcburi köçən zaman Ermənistan Respublikasında qalmışdır. Ərizəçi ona yaşa görə əmək pensiyası təyin edilməsi haqqında ərizə ilə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Maraqlı şəxs tərəfindən aparılan araşdırma ilə müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Ərizəçinin pensiya kapitalı minimum əmək pensiyasının məbləğindən az olduğuna görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün olmamışdır. Ona görə ərizəçi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:

1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini nəzərə alıb və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

18. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 1988-ci ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonu Çivə kəndindən məcburi köçkün kimi köçmüşdür. Bu səbəbdən həmin vaxt əmək kitabçası Ermənistan Respublikasında qalmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən və təqdim etdikləri əmək kitabçalarından müəyyən olundu ki ərizəçi 1983-cü ildən 1988-ci ilədək Çivə kənd sovxozunda tütünçü və sağıcı kimi əmək fəaliyyət göstərmişdir.

19. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə iclasında dindirilən şahidlərin ifadələrini, o cümlədən digər sənədləri mötəbər sübut növü, məlumat kimi qəbul edir və hesab edir ki, bu məlumatlar işin faktiki halları ilə uyğun gəlir və təsdiq olunur, qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur.

20. Ərizəçinin ərizəsindən, məhkəmədə verdiyi izahatından görünür ki, ərizəçinin işləməsi faktının müəyyən edilməsi ona pensiya təyin edilməsi üçün lazımdır.

Məhkəmə baxışının hədləri:

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

22. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1983-cü ildən 1988-ci ilədək Ermənistan Respublikasının Yexeqnadzor rayonu Çivə kənd sovxozunda əmək fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi 1983-cü ildən 1988-ci ilədək Ermənistan Respublikasının Yexeqnadzor rayonu Çivə kənd sovxozunda əmək fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar