Məhkəmə qərarları › İş №2(007)-221/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-221/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-221/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Quliyev Elbrus Əsgər oğlunun, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar Quliyev Elbrus Əsgər oğlunun və İddiaçı2 Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmənətlərin sığortalanması Fondu cəlb edilməklə “pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Quliyev Elbrus Əsgər oğlu və İddiaçı2 Cavabdeh qarşıqarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmənətlərin sığortalanması Fondu cəlb edilməklə “pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13596 ABŞ dollarının alınıb onlara verilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nizami rayon sakini Cavabdeh ilə yaxın münasibəti vardır, bir-birlərinə hədsiz dərəcədə inam və sədaqətləri vardır. Cavabdeh onun oğlu ilə hərbi xidmətdə olmuşdur, yaxın dost olmuşlar, buna görə də yaxın münasibətləri yaranmış, o hətta onun oğlunun toyunda da iştirak etmişdir. Bu münasibətlərə görə onların ona olan sədaqət və inamına görə ondan onlar üçün minik avtomobili alıb verməkdə kömək etməsini xahiş etmişlər. O da bu xahişləri yerinə yetirməyə söz verdi. 2013-cü ilin avqust ayında Quliyev Elbrus Əsgər oğlu və oğlu İddiaçı2 ilə birlikdə Bakı şəhərinə gəlmiş və zəng edərək Cavabdeh ilə görüşmüşlər. Görüş zamanı ona onların əllərində cəmi 6500 ABŞ dolları olduğunu bildirmişlər. Bu məbləğdən əlavə onlara pulda köməklik edə bilərmi deyə soruşmuşlar, o dərhal bankdan kredit götürməklə lazım olan qədər nağd pul verəcəyinə söz vermişdir. O, onlara bildirmişdir ki, gedin bazardan maşın tapın, satıcı ilə razılaşdıqdan sonra xəbər verin və birlikdə bankdan pul çıxarmaqda onlara kömək edə bilər. Onlar Sumqayıt şəhərində maşın bazarında olmuş, satıcı Şamil adlı şəxsə malik olan "Nissan Teana" markalı minik maşınını 13.000 ABŞ dollarına alqı-satqı etmək barədə razılaşmış və nağd şəkildə satıcı Şamilə 6500 ABŞ dolları pul vermişlər. Sonra cavabdeh Kamran ilə birlikdə Bakı şəhərində Nərimanov rayon ərazisində yerləşən "xxxx" getmişlər, Kamran onlara bayırda gözləməyi bildirmiş və o bankda sənədləşmə işini özü aparmışdır. Təxminən 1 saatdan sonra Kamran bankdan çıxaraq əlində gətirdiyi 7000 ABŞ dollarını onların iştirakı ilə satıcı Şamilə vermişdir. Lakin bankda aparılan sənədləşmədə iştirak etmədiklərinə görə Kamranın bankdan nə qədər kredit götürdüyünü bilməmişlər və onlara da düzgün deməmişdir. Sonra Kamran onlara bildirmişdir ki, banka onlar 7000 ABŞ dolları ödəməlidir. Sonra isə bankın hesab nömrəsini onlara vermişdir. Sonradan onlara bəlii olmuşdur ki, Kamran bankdan 7000 ABŞ dolları deyil, 9600 ABŞ dolları götürmüş, ondan 7000 ABŞ dollarını onların iştirakı ilə satıcı Şamilə verilmiş, yerdə qalan 2600 ABŞ dollarını onlara bildirməmiş, o həmin vəsaiti özü mənimsəmişdir. Kamran könüllü olaraq ** SG *** dövlət nömrə nişanlı, AC 062867 qeydiyyat şəhadətnaməsinə malik olan "Nissan Teana" markalı minik maşınını onlara təhvil vermiş, həmin maşın 2019-cu ilin yanvar ayına kimi onların istifadəsində olmuşdur. Ötən dövr ərzində iddiaçılar banka oğlu İddiaçı2 Elburus oğlunun adı ilə müxtəlif qəbzlərlə Bakı şəhərində Nərimanov rayon ərazisində yerləşən "xxxx"a 7096 ABŞ dolları pul ödəmişlər. Bununla da cavabdeh Kamranın onlara bildirdiyi və verdiyi 7000 ABŞ dollarını artıqlaması ilə ödəmişlər. Sonradan onlara bəlli olmuşdur ki, yaxşı tanıdıqları, inam və sədaqətləri olan Cavabdeh hiyləgərlik edərək onları aldatmış, 1.3600 ABŞ dolları pullarını satıcı Şamilə verdirmiş və minik maşınını onların əlindən 2019-cu ilin yanvar ayında Yol polisi vasitəsi ilə almışdır. Bununla əlaqədar Bakı şəhər Nərimanov rayon Polis şöbəsinə şikayət ərizəsi ilə şikayət etmişlər. Ərizələri ilə əlaqədar araşdırma aparılmışdır və Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 18-ci Polis şöbəsinin təhqıqatçısı polis mayoru X1 tərəfindən 30.09.2019-cu il tarixli, ***-**** saylı qərar qəbul edilmişdir. Həmin qərarın təsviri hissəsində satıcı X5 öz ifadəsindən göstərmişdir ki, özünə məxsus olan ** SG *** dövlət nömrə nişanlı, AC 062867 qeydiyyat şəhadətnaməsinə malik olan "Nissan Teana" markalı minik maşınını İddiaçı1 13500 ABŞ dollarına satmışdır. Elburusun nağdı pulu çatmadığı üçün 6500 dollarını nağd vermiş, yerdə qalan 7000 ABŞ dollarını Bakı şəhərində Nərimanov rayon ərazisində yerləşən "xxxx"ının binasının qarşısında ona vermişdir. Həmin qərarın birinci bəndində göstərilir ki, vətəndaş İddiaçı1 şikayət ərizəsi əsasında toplanmış material üzərə cinayət işinin başlanması rədd edilməsi, eyni zamanda toplanmış material üzrə məhkəmə instansiyalarına müraciət etmək hüququnun olması tövsiyyə edilmişdir. Məhkəmə iclasında iddiaçı Quliyev Elbrus Əsgər oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, 7000 ABŞ dolları onlar bankdan oğlunun dostu Kamranın adına kredit götürmüşlər. Həmin vaxt Kamran öz dostu ilə banka gəlmiş və sənədləşmə işində onlar iştirak etməmişlər. Sonra Kamran onlara 7000 ABŞ dolları vermiş, o da elə həmin vaxt pulu avtomobili aldıqları adama vermişlər. Oğlanlarının və onun sürücülük vəsiqələri olmadığı üçün avtomobili heç kim idarə etmirdi. Kamran ona etibarnamə verməmişdir. Həmin vaxt Kamranın bankdan nə qədər pul götürməsindən onların xəbərləri olmamışdır. Sonradan onlara Kamranın bankdan 7000 ABŞ dolları yox, 9600 ABŞ dolları pul götürdüyü məlum olmuşdur. Onlar banka 7096 ABŞ dolları pul ödəmişlər. 2019-cu ilin yanvar ayında Yol Polisinin vasitəsi ilə avtomobili onların əllərindən bank almışdır. Sonradan Kamran onlardan xəbərsiz avtomobili bankdan çıxarmış və satmışdır. O, həmçinin şahidin göndərdiyi ifadəsi ilə Nərimanov polisində verdiyi izahatın üst-üstə düşmədiyini, Kamranın saxta söhbətlərə yol verdiyini, «Nissan Teana» markalı avtomobilin 2883 manata alınmasının harada görüldüyünü, orada onun həmin 2600 ABŞ dollardan xəbəri olduğunu, həmin 2600 ABŞ dolları bankın şapqa kimi götürdüyünü, Kamranın da həmin 2600 ABŞ dollardan xəbəri olmadığını, lakim o, Milli Banka müraciət etdikdən sonra Kamranı ora çağırdıqlarını və Kamranın orada izahatında 7000 ABŞ dolları yox, 9600 ABŞ dolları götürdüyünü bildirdiyini və həmin 2600 manatı Kamranın özünə götürdüyünü, Kamranın sürücülük vəsiqəsi olmadığını, onların maşını evkuatorla göndərdiklərini, Kamranın ona zəng edərək onu xaricə buraxmadıqlarını, Kamranın onları məhkəməyə verdiyini, məhkəmənin avtomobili banka qaytarılmasına dair qətnamə çıxardığını, həmin vaxtdan bir az müddət keçəndən sonra cənab Prezidentin kompensasiya ilə sərəncamının çıxdığını, Kamraınn gedib bankdan onun ödədiyi pula kompensasiya aldığını, sonradan Kamranın onlardan xəbərsiz avtomobili bankdan çıxarıb satdığını, bankda aylıq ödənişin 522 ABŞ dolları olduğunu, qrafikin yekununa fikir vermədiyini, birinci 522 ABŞ dolları, ikinci dəfə 522 ABŞ dolları, üçüncü ayda 352 ABŞ dolları, dördüncü 5700 ABŞ dolları, toplamda 7096 ABŞ dolları ödədiyini, 7000 ABŞ dollarına 1200 faiz borc olduğunu, 7000 ABŞ dollarına görə nə qədər faiz ödəyəcəyini dəqiq bilmədiyini, maşının ipotekada olduğunu, bir-ki ay səhlənkarlıq etdiyini, sonra banka getdiyini, Kamrana avtomobili aparan vaxt kömək üçün nağd 1000 manat pul da təklif etdiyini, rayonda banka getdiyini, burdakı bankın işçisi ilə danışdığını və ödənişi etdiyini, qrafikin yekununa baxmadığını və əsas məbləğin nə qədər olduğunu bilmədiyini, bankdan götürdüyü pulu maşın satana verdiyini və heç yerə qol çəkdirmədiyini, maşın satanın özü öz izahatında da ona 6500 ABŞ dolları və 7000 ABŞ dolları verdiyini göstərdiyini qeyd etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etmədiklərini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, İddiaçı1 14.12.2021-ci il tarixli məhkəmə iclasında etdiyi etirafına əsasən hazırda ləğv prosesində olan "xxxx" ASC bank təşkilatını 2013-cü ilin avqust ayında özü taparaq Cavabdeh adına kredit və ipoteka müqaviləsinin rəsmilləşdirilməsini özü təşkil etmişdir. Cavabdeh isə onun xahişini qəbul edərək İddiaçı1 dediyi vaxtda və ünvana gələrək 28.08.2013-cü il tarixdə bankda zəruri kredit və ipoteka müqavilələri imzalamışdır. İddiaçı1 kredit borcunun ödənilməsinə dair cədvəl verilmiş və o, 7.000 ABŞ dollarını cədvələ uyğun olaraq vaxtında ödəmiş, bundan sonra qalan borcu ödəməmişdir. Elbrus Quliyev 7.000 ABŞ dolları məbləğində pul vəsaitinin 9.600 ABŞ dolları məbləğində pul vəsaitinin rəsmiləşdirilməsini bilməməsi barədə suala əvvəlcə buna diqqət yetirmədiyini, sonra isə müvafiq cədvəlin ona bir neçə aydan sonra verildiyini demişdir. İddiaçı1 eyni zamanda etiraf etmişdir ki, bir müddət sonra Cavabdeh ona telefon vasitəsi ilə zəng vuraraq bankda adına borcun qaldığı üçün ölkədən kənara getdiyinə məhdudiyyət qoyulduğunu bildirmiş və İddiaçı1 bununla bağlı irad tutmuşdur. Ağcabədi şəhərinə isə Cavabdeh 2019-cu ildə gələrkən cavabdehin və oğlunun görüşlərinin qarşısını almaq üçün özü Cavabdehla görüşdüyünü, çünki oğlu Cavabdeh artıq öldürə də, canını da ala bildiyini demişdir. Bununla yanaşı İddiaçı1 etiraf etmişdir ki, «Nissan Teana» markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobil Ağcabədidən Bakı şəhərinə evakuator vasitəsi ilə gətirilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinin tələblərinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İddiaçı1 yuxarıda sadalanan cavablarından göründüyü kimi, iddiaçı məhkəmə iclasında faktiki olaraq Cavabdeh dəlillərini etiraf etmiş, bununla da cavabdeh qeyd olunan halları sübut etməkdən azaddır və həmin halların mövcudluğu şübhə altına alınmamalıdır. Belə ki, bəlli olduğu kimi, bank və bank olmayan kredit təşkilatlarında kifayət qədər əhəmiyyətli məbləğdə kredit vəsaiti borca verilməzdən əvvəl, həmin kredit borcunun məbləği bank rəhbərliyi tərəfindən razılaşdırılır, bu razılaşdırılma təxminən bir-iki gün çəkirdi, bəzən isə bunun üçün daha çox müddət tələb olunurdu. Ona görə də əgər, İddiaçı1 bankla əvvəlcə 7.000 ABŞ dolları məbləğində kredit borcun verilməsini razılaşdırıbsa, sonradan Cavabdeh cəmi bir saat ərzində bu məbləğin dəyişdirlib razılaşdırılması inandırıcı gəlmir. Bununla yanaşı vaxtaşırı kredit ödənişləri gecikmədən ödənilməsini xüsusilə vurğulayan İddiaçı1 mümkün deyil ki, cədvəli vaxtında almış olmasın və kredit məbləğinin 7.000 ABŞ dolları yox, 9.600 ABŞ dolları məbləğindən ibarət olmasından məlumatsız olsun. Əks halda iddiaçı kredit ödənişləri necə cədvələ uyğun vaxtında və gecikdirmədən ödəyə bilərdi? Göründüyü kimi, İddiaçı1 kredit borcun ödənilməsi cədvəlin ilk gündən ona təqdim edilməməsi bildirməklə qeyri-səmimi izahat vermişdir. Aşağıdakı hallardan da eyni zamanda bəlli olur ki, Cavabdeh 7.000 ABŞ dolları əvəzində guya iddiaçının xəbəri olmadan məhz 9.600 ABŞ dolları məbləğində kredit məbləğinin götürülməsini iddiaçıdan gizlətməsi halı həqiqətə uyğun deyil və iddiaçı tərəfindən uydurulmuşdur. Sadəcə məntiqlə bəllidir ki, əgər Cavabdeh həqiqətən iddiaçının xəbəri olmadan 2.600 məbləğində artıq pul vəsaitin götürülməsini gizlədibsə, müəyyən müddət keçəndən sonra borca görə ölkədən getməsinə məhdudiyyət qoyulduğuna görə İddiaçı1 zəng vurub iradını bildirməzdi. Əksinə, Cavabdeh bu məsələni sakitcə həll etməyə çalışardı ki, İddiaçı1 bundan xəbəri olmasın. Həmçinin, hətta İddiaçı1 elə əvvəlcədən xəbəri var idi ki, Cavabdeh adına 7.000 ABŞ dolları yox, 9.600 ABŞ dolları rəsmilləşdirilib və 2.600 ABŞ dollarını guya Cavabdeh götürüb, bu halda ölkədən getməsinə məhdudiyyət qoyulduğuna görə zəng vuran Cavabdeh niyə iradını tutmadı ki, 7.000 ABŞ dolları məbləğini vaxtında ödəmiş, borc 2.600 ABŞ dolları məbələğinin Cavabdeh tərəfindən ödənilmədiyinə yaranmış və sözügedən məhdudiyyət elə Cavabdeh özünün təqsiri ucbatından qoyulmuşdur? Əksinə, İddiaçı1 cavabdehi arxayın etməyə çalışırdı ki, məsələni tezliklə həll edəcəkdir. Ona görə də 28.08.2013-cü il tarixdə 9.600 ABŞ dolları pul vəsaitin Cavabdeh tərəfindən tam məbləğdə İddiaçı1 verilməsi şübhə altına alınmamalıdır. Bununla yanaşı 2019-cu ildə Cavabdeh Ağcabədi şəhərinə gəlib avtomobili apararkən İddiaçı1 buna heç bir etiraz etmədiyindən də bəlli olur ki, İddiaçı1 bu məsələdə təqsirin özündə olmasını qəbul edirdi. Əks halda ən azı Xətai Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini verərdi, lakin bunu etmədi. İddiaçı krediti ödəmədiyindən, borc yaranmış və bank Kamranı məhkəməyə vermişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-1692/2016 saylı, 04.04.2016-cı il tarixli qətnaməsi ilə avtomobilin İddiaçı2 alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Maşın banka qaytarılmış və bank öhdəliyə xitam verilmişdir. Avtomobil Ağcabədi şəhərinə gətirilərkən tam nasaz vəziyyətdə olması halı həm şahid ifadələri, həm də evakuatorla Bakı şəhərinə gətirilməsi barədə İddiaçı1 etirafı ilə də təsdiq olunur. Çünki texniki cəhətdən saz olan avtomobili Cavabdeh özü idarə edib Bakı şəhərinə sürərdi və evakuator üçün kifayət qədər ciddi məbləğində pul vəsaiti xərcləməzdi. Yəni, İddiaçı1 avtomobilin saz vəziyyətdə Kamran tərəfindən alınmasını iddia etdiyi də həqiqətə uyğun deyil, məntiqsizdir və yalandır. İddiaçı1 Əskər oğlu iddia ərizəsində yazılanları elə özü məhkəmə iclaslarında ifadə və cavabları ilə təkzib etmişdir. Mülki işin materiallarından göründüyü kimi Nizami Rayon Məhkəməsinin 2(007)-784/2018 saylı, 19.03.2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 3.396.32 ABŞ dolları əsas borc, 892,32 ABŞ dolları faiz borcu, əldən çıxmış faydaya görə isə 1.947 ABŞ dolları olmaqla, cəmi 6.235,64 ABŞ dolları qətnamənin icra olunduğu günə olan məzənnəsi ilə tutulmalıdır. Tutma Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş «Nissan Teana» markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə olan borc ödədnilməlidir. Müvafiq icra işin materiallarından göründüyü kimi, avtomobil qətnamə çıxandan bir ildən sonra avtomobil banka verildiyi üçün borc Cavabdeh adından silinmişdir. Avtomobil nasaz vəziyyətdə olduğundan çox ucuz qiymətə dəyərləndirilmiş və yalnız məlum Fərmandan sonra baş vermiş resturizaksiya yolu ilə borcun tam məbləğdə silinməsi mümkün olmuşdur. Sonradan bərpa edilmişdir. Zaur banka 2886 manat ödüyüb və sonra maşın nasaz vəziyyətdə olduğu üçün maşına 4000 manatdan çox xərc qoymuşdur. Beləliklə, Cavabdeh borcun restruktruzasiyası və avtomobilin sonrakı satışları nəticəsində hər hansı fayda əldə etməmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.1-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin normanın müddəalarına əsasən, yalnız təqsirli əməllər mülki hüquq məsuliyyətə səbəb olur. İddiaçı1 Əskər oğlu isə Cavabdeh təqsirli və hüquqa zidd əməlləri nəticəsində yox, öz əməlləri nəticəsində ziyan çəkmişdir. Bununla da göründüyü kimi, İddiaçı1 Əskər oğlu və X10 tərəfindən Cavabdeh qarşı verilmiş hazırkı iddianın təmin edilməsi üçün nə maddi, nə də ki, prosessual hüquq əsasları yoxdur. Məhkəmə iclasında şahid X19 ifadəsində bildirdi ki, Kamranın qardaşı Azər onun dostudur. O, maşın axtarırdı, Kamran ona dedi ki, get bankla danış, nə qədər borcu varsa bağla mülki etibarnamə onun adından çıxsın. O, bankla danışmış, bank ona 4500 manat artıq borcu olduğunu demiş, sonra kompensasiya olmuş, o da banka 2880 manat pul ödəmiş və sonra avtomobili saz vəziyyətə salmaq üçün 4400 manat xərc çəkmişdir. Lakin buna dair məhkəməyə sübut təqdim edə bilməyəcəyini bildirdi. həmçinni o qeyd etdi ki, Maşının sükanını, gidrobkasını, 1500 manat verib disk təkərini, sol tərəf amartizatrını dəyişmiş, rənglətmişdir. Maşın pis vəziyətdə olduğu üçün evakuatora qoyulub Ağcabədidən gətirmişlər. O, əlavə olaraq, maşında məhdudiyyət olduğunu bildiyini, Kamranın ona dediyini, maşını satdığını, Anarın adına keçirtdiyini və Anardan öz adına etibarnamə aldığını, sonra Anar xaricə getdiyi üçün Natiqin adına keçirdiyini və ondan etibarnamə aldığını, Kamrana heç bir pul ödəmədiyini, bankın 2880 manatını ödəyəcəyini və nasaz maşındı 4000 manat da xərc qoyacağını, idarə edəcəyini fikirləşdiyini, maşını çıxartmaq üçün banka 3000 manata yaxın pul ödədiyini, banka ödədiyi pulla bağlı onda qəbz olmadığını, həmin qəbzi saxlamadığını, bankda qəbzin olduğunu, iddiaçının bankdan ala biləcəyini qeyd etdi. İş üzrə şahid qismində cəlb edilmiş X3 məhkəməyə 17.02.2022-ci il tarixdə yazılı izahat təqdim etmişdir. İzahatında bildirmişdir ki, müalicə ilə bağlı 18.02.2022-ci il tarixdə İİR-na getməyi ilə əlaqədar məhkəmə iclasında şahid qismində ifadə verməyi qeyrimümkün olacaq. Çünki Azərbaycan Respublikasına 26.02.2022-ci il tarixdə qayıtmağı planlaşdırır. O, Cavabdeh ilə uzun müddət dostluq münasibətlərindədir. İddiaçı1 bu işlə əlaqədar tanıyır, onunla hər hansı ədavəti yoxdur. Təxminən 2013-cü ilin avqust ayında Cavabdehla işlədiyi Bakı şəhərinin 8-ci kilometr qəsəbəsi adlanan ərazidə görüşəndə Cavabdeh ona bildirmişdir ki, müddətli hərbi xidmət dövründə dostluq münasibələri yarandığı X7 ondan qardaşı İddiaçı2 avtomobil almaq üçün bankda adına kredit rəsmiləşdirməsini xahiş etmişdir. Çünki İddiaçı2 bölgədə, yəni Bakı şəhərindən kənar ərazidə qeydiyyatda olduğundan öz adına kredit borcu götürə bilmir. Götürüləcək borcu isə uzağı iki-üç aya bağlayacaqlar. Ona görə də Cavabdeh bu xahişə razılığını bildirmiş, ondan isə zamin qismində həmin məsələdə iştirak etməyini xahiş etmişdir. O, öz razılığını vermiş və onlar Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən "xxxx" ASC-yə getmişlər. Orada bankın qarşısında Razi və Elbrus Quliyevlərlə görüşmüşlər. Onlar almaq istədikləri qara rəngli "Nissan Teana" markalı avtomobilə gəlmişdirlər. İddiaçı1 orada narahat olmamalarını, hər şeyi düzüb qoşduğunu, onların sadəcə sənədlərə imza çəkəcəklərini, başqa bir narahatçılıq olmayacağını, pulu vaxtından əvvəl ödəyəcəyini, bəlkə də bir aya bağlayacağını demişdir. Bundan sonra bankın Müşviq adlı əməkdaşı kredi və zaminlik müqavilələrinin imzalanması prosedurları təşkil edərək zəruri sənədləri onlara imza etdirmişdir. Kredit ABŞ dolları ilə verilmiş, məbləği dəqiq yadında qalmamış, çünki onlara maraqlı olmamışdır. Lakin onun dəqiq yadındadır ki, bankdan götürülən pulların hamısı tam həcmdə Elbrus Quliyevə şəxsən verilmiş, həmin pulun üstündən o və yaxud Kamran hər hansı məbləğ götürməmişlər. Bundan xeyli müddət keçəndən sonra Cavabdeh bank işçiləri tərəfindən dəfələrlə telefon zəngləri olmuş, bir çox zənglər edilərkən o da Kamranın yanında olmuş və danışıqların birbaşa şahidi olmuşdur. Bank əməkdaşları zəng vurub bildirmişdirlər ki, borc yaranıb, çünki vaxtında ödənilmir və borcun ödənilməsini tələb edirdilər. Müşviq telefonla Kamrana zəng vurub danışanda krediti Cavabdeh pulu götürmədiyini başa düşdüyünü, lakin kreditin onun adına olduğunu demişdir. Elbrus Quliyevlə görüşəndə Elburus Kamranla danışırdı, o isə orada olsa da danışıqlarına qarışmırdı. Elburus bildirmişdir ki, bir az sıxıntıları var, bir az gözləyin. Bundan da bir müddət keçəndən sonra Kamran ona bildirmişdir ki, Elburus onun zənglərinə cavab vermir və ondan öz mobil telefon nömrəsindən Elburusa zəng vurmağı xahiş etmişdir. O, ***-***-**-** nömrədən Elburusa zəng vurmuş, özünü təqdim etmiş və yaranmış vəziyyətinin ona da problemlərin yaranmasına səbəb olduğunu demişdir. Elburus cavabında ona görə kimsənin ac qalmasını istəmədiyiin, onun xətrinə görə pulu ödəyəcəyini, Kamran onunla sonuncu dəfə bərk danışdığına görə ondan incidiyini, bir az sıxıntıları olduğunu, 1-2 aya o pulu ödəyəcəyini, bankda da faizi çox yazdıqlarını, ola bilsin ki, onlardan şikayət edib borcu sildirəcəyini demişdir. Bundan sonra bir-iki ay gözləmişlər, lakin yenə də heç bir ödəniş olmamışdır. Elbrus Quliyevə zəng vuranda başqa şəxs cavab verərək onun oğlu kimi özünü təqdim etmiş və pulun ödənilməyəcəyini, nə bilirlərsə etmələrini demişdir. Ona görə də Kamran məcburiyyət qarşısında qalaraq vəkilin köməyi ilə avtomobilin tələbinə dair iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmədə onun iddiası təmin edilmişdir. Qətnamə icraya yönəldikdə də uzun müddət icra olunmamışdır. Bankdan isə mütəmadi olaraq telefon zənglər vurub borcun ödənilməsi tələb olunurdu. Vəziyyətin belə olduğunu görüb qərara gəlmişlər ki, birlikdə Elbrus Quliyevin yaşadığı Ağcabədi rayonuna getsinlər. Orada isə sorğu-suallar edərək tanışlıq yaratmış və avtomobili gördükləri təqdirdə onlara məlumat vermələrini xahiş etmişlər. Bir müddət keçəndən sonra Kamrana zəng vurub avtomobilin Ağcabədi şəhərində yerləşən servisdə təmirdə dayanması bildirilmişdir. Onlar dərhal sənədləri götürüb Ağcabədi şəhərinə getmişlər. Polis əməkdaşlarına müraciət edib və sənədləri təqdim edərək avtomobilin artıq axtarışda olduğunu bildirəndən sonra avtomobilin onlara təhvil verilməsində kömək göstərilməsini xahiş etmişlər. Avtomobilin yanına gələn Elbrus Quliyev avtomobili aparmamalarını xahiş etmişdir. Çünki o, belə halda rayonda nüfuzdan düşüb rüsvay olacaqdır. Kamran isə ona izah etmişdir ki, avtomobil banka təhvil verilməlidir ki, borc onun adından silinsin, çünki artıq başqa çarəsi qalmamışdır. Nəticədə dövlət yol polisi xidmətinin əməkdaşlarının iştirakı ilə avtomobili evakuatora yükləyib Bakı şəhərinə yollanmışlar. Çünki, maşın nasaz vəziyyətdə olduğu üçün ona işə salıb sürmək mümkün olmurdu. Təkcə evakuator xidmətinə görə Kamranın təxminən 300 manat pul xərcləmişdir. Ağcabədi şəhərinə 3 dəfə gedib-qayıtmaqları, orada qalmaqları ilə bağlı isə ümumilikdə 1300 manatdan artıq xərc çəkilmişdir. Sonuncu təsvir olunan hadisələr isə 2019-cu ilin əvvəllərində qış aylarında baş vermişdir. Sonrakı proseslərdə isə onun iştirakı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin ləğvedicisi Əmənətlərin sığortalanması Fondu məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 23.09.2019-cu il tarixli Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, İddiaçı1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, eyni zamanda toplanmış material üzrə məhkəmə instansiyalarına müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28.08.2013-cü il tarixli, 1258 saylı kredit müqaviləsindən görünür ki, illik 27 faiz dərəcəsi olmaqla 9600 ABŞ dolları məbləğində kredit verilmişdir. - 28.08.2013-cü il tarixli, 1258 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən 26.08.2013-cü il tarixli 1258 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 9600,00 ABŞ dolları əsas borc, 2927 ABŞ dolları faiz borcu olmaqla, cəmi 12527 ABŞ dolları borc qaytarmalı olması müəyyən olunmuşdur. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28.08.2013-cü il tarixli, 1258 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan 2007-ci il tarixli "Nissan Teana" minik markalı, ** SG *** dövlət nömrə nişanlı avtomobilini 28.08.2013-cü il tarixli Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi ipoteka qoymuşdur. Ekspert rəyinə əsasən, əmlakın dəyəri 16000 manat qiymətləndirilmişdir. - Azərbaycan Respublikası Beynəlxalq Bankının 18.09.2013-cü il tarixli, 29.10.2013cü il tarixli, 26.11.2013-cü il tarixli və 07.01.2014-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı2 18.09.2013-cü il tarixdə 522 ABŞ dolları, 29.10.2013-cü il tarixdə 352 ABŞ dolları, 26.11.2013-cü il tarixdə 522 ABŞ dolları, 07.01.2014-cü il tarixdə isə 5700 ABŞ dolları ödəniş etmişdir. - Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-784/2018 saylı, 04.05.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, 28.08.2013-cü il tarixli, 1258 saylı kredit müqaviləsi üzrə 3396,32 ABŞ dolları əsas borc, 892,32 ABŞ dolları faiz borcu, əldən çıxmış faydaya görə 1947 ABŞ dolları olmaqla, cəmi 6235,64 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş ** SG *** dövlət qeydiyyat nişanlı, "Nissan Teana" markalı avtomobil ə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-yə borcun ödənilməsi qət edilmişdir. Qətnamə 20.04.2018-ci il tarixdə qüvvəyə minmişdir. - 14.05.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-784/2018 saylı, 04.05.2018-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə icraata başlanılması, borclu Cavabdeh 10 gün müddətində icra sənədi üzrə tələbi könüllü təmin edilməsi qərara alınmışdır. - 01.06.2018-ci il tarixli borclunun əmlakının axtarılması haqqında qərardan görünür ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-784/2018 saylı, 19.03.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh əmlakının axtarışının elan edilməsi qərara alınmışdır. - 17.08.2018-ci il tarixli borclunun əmlakının axtarılması haqqında qərardan görünür ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-784/2018 saylı, 19.03.2018-ci il tarixli icra sənədinin sənədi ilə əlaqədar Cavabdeh mülkiyyətində olan "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarışın elan edilməsi qərara alınmışdır. - 22.06.2018-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-784/2018 saylı, 19.03.2018-ci il tarixli icra sənədinin sənədi üzrə icraatda borclunun yerinin məlum olmaması ilə əlaqədar Cavabdeh barəsində axtarışın elan edilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən verilmiş 24.09.2018-ci il taixli izahatdan görünür ki, "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da onun hazırda sərəncamında olmadığını, maşın girova qoyulan müddətdə ondan istifadə etmədiyini, kredit götürülən vaxtlardan avtomobili İddiaçı2 Elburus oğlunda olduğunu, hazırda da onun tərəfindən Ağcabədi rayonunda idarə olunduğunu, göstərilən kredit borcunun ödənilməsindən imtina etmədiyini, borcun ödənilməmə səbəbinin maşına görə olduğunu bildirmişdir. - Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-1692/2016 saylı, 04.04.2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq Cavabdeh verilməsi qət edilmişdir. - Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə 23.01.2019cu il tarixli aktdan görünür ki, borc ödənilmədiyi üçün "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil Ağcabədi RPŞ-nin duracağına yerləşdirilmiş, İddiaçı1 da bununla razılaşmış və aktın surətini almışdır. - Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatlarından görünür ki, 01.03.2019cu il tarixinə əsas kredit borcu 5773,74 manat restruktruzasiya olunaraq 2886,87 manat azaldılmışdır. - "xxxx" ASC tərəfindən Nizami Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 14.06.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-784/2018 saylı, 19.03.2018-ci il tarixli qətnaməsi üzrə Cavabdeh ləğv prosesində olan "xxxx" ASC qarşısında olan öhdəliyini 23.04.2019-cu il tarixdə tam icra etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş edilmişdir. - 24.06.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, icra sənədi Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşdüyü üçün Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-784/2018 saylı, 19.03.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol polis İdarəsi Qİİ-nin 29.06.2019-cu il tarixli sənədindən görünür ki, "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adından satış üçün qeydiyyatdan çıxarılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol polis İdarəsinin 29.06.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh məxsus olan, etibarnamə əsasında X16 etibar olunan "Nissan Teana" markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin AC 062867 seriyalı qeydiyyat şəhadətnaməsinin naməlum şəraitdə itirilməsi barədə DYP-nin şəxsi heyəti təlimatlandırılmışdır. Arayış göstərilən avtomobilin yeni sahibinə yeni dublikat qeydiyyat şəhadətnaməsinin verilməsi məqsədilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinə təqdim edilmək üçün verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol polis İdarəsinin 29.06.2019-cu il tarixli arayışından görünür ki, "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilə arayış qeydiyyat şəhadətnaməsi itdiyi üçün verilmişdir. - 18.12.2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil X13 tərəfindən X8 9000 manat məbləğə satılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol polis İdarəsinin 28.02.2020-ci il tarixli məktubundan görünür ki, "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin müəyyən edilmiş saxlama müddətləri bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol polis İdarəsinin 07.05.2020-ci il tarixli məktubundan görünür ki, "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adından 29.06.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmış, X9 04.07.2019-cu il tarixdə şəhadətnamə verilmiş və avtomobil daha sonra X6 adından 18.12.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Daha sonra avtomobil 18.12.2019-cu il tarixli şəhadətnamə ilə X14 adına keçmiş və onun adından 18.12.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. - 28.06.2019-cu il tarixli, AR-İ №791994 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh 1 ay müddətinə X16 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakın üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s.) bağlamağı, ona çatan pulu, sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi etibar etmişdir.Bu etibarnamə “Yol hərəkətləri haqqında” Qanunun 27-ci maddəsinə əsasən təkrar dövlət qeydiyyatına alınması üçün əsas olmadığına görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu istisna edir. - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol polis İdarəsinin Qeydiyyat İdrə Şöbəsinə ünvanlanmış 14.06.2019-cu il tarixli yüklülüyün qeydiyyatının ləğv edilməsi barədə məktubdan görünür ki, borcalan tərəfindən kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduğu üçün öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinin yüklülüyü barədə dövlət qeydiyyatının, həmçinin həmin nəqliyyat vasitəsinə “tutmanın yönəldilməsi barədə bildiriş” in ləğv edilməsini xahiş edilmiş və nəqliyyat vasitəsinin ipoteka yüklülüyünə xitam verilməsi ilə bağlı tədbirlərin görülməsi və müvafiq sənədlərin təqdim edilməsi məqsədilə Cavabdeh iştirakını təsdiq etmişlər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol polis İdarəsinin 07.02.2022-ci il tarixli məktubundan görünür ki, "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh ilə X11 arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, 2013-cü ilin avqust ayında Quliyev Elbrus Əsgər oğlu və oğlu İddiaçı2 2007-ci il tarixli "Nissan Teana" minik markalı, ** SG *** dövlət nömrə nişanlı 13600 ABŞ dolları dəyərində olan avtomobili almaq məqsədi ilə həmin avtomobilə görə nəğd şəkildə 6500 ABŞ dolları ödəməklə 7000 ABŞ dolları çatışmayan məbləğin isə həmin avtomobilin banka ipotekaya qoyulması yolu ilə götürülmüş kredit hesabına almışlar. Lakin iddiaçılarla Cavabdeh arasında əldə olunmuş razılığa görə kredit müqaviləsi sonuncunun adına rəsmiləşdirilmiş, belə ki, "xxxx" ASC ilə Cavabdeh 28.08.2013-cü il tarixli, 1258 saylı kredit müqaviləsi bağlanaraq illik 27 faiz dərəcəsi olmaqla 9600 ABŞ dolları məbləğində kredit götürülmüş, daha sonra 28.08.2013-cü il tarixli, 1258 saylı ipoteka müqaviləsi ilə Cavabdeh 2007-ci il tarixli "Nissan Teana" minik markalı, ** SG *** dövlət nömrə nişanlı avtomobili 28.08.2013-cü il tarixli Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi ipoteka qoymuş, ekspert rəyinə əsasən, əmlakın dəyəri 16000 manat qiymətləndirilmişdir. Kredit borcundan İddiaçı2 tərəfindən 18.09.2013cü il tarixdə 522 ABŞ dolları, 29.10.2013-cü il tarixdə 352 ABŞ dolları, 26.11.2013-cü il tarixdə 522 ABŞ dolları, 07.01.2014-cü il tarixdə isə 5700 ABŞ dolları ödəniş edilmiş, bundan sonra ödəniş edilmədiyi üçün "xxxx" ASC tərəfindən Cavabdeh qarşı həmin kredit müqaviləsi üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsində iddia qaldırılmış 28.08.2013-cü il tarixli, 1258 saylı kredit müqaviləsi üzrə 3396,32 ABŞ dolları əsas borc, 892,32 ABŞ dolları faiz borcu, əldən çıxmış faydaya görə 1947 ABŞ dolları olmaqla, cəmi 6235,64 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş ** SG *** dövlət qeydiyyat nişanlı, "Nissan Teana" markalı avtomobil ə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-yə borcun ödənilməsi müəyyən olunmuşdur. 14.05.2018-ci il tarixli icraata başlamaq haqqında qərar ilə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-784/2018 saylı, 04.05.2018-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə icraata başlanılması, borclu Cavabdeh 10 gün müddətində icra sənədi üzrə tələbi könüllü təmin edilməsi qərara alınmışdır. Bundan əlavə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-1692/2016 saylı, 04.04.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı2 "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmin kredit üzrə 6235,64 ABŞ dolları borc məbləğindən ödənilməmiş 5773,74 manat borc məbləği 01.03.2019-cu il tarixinə restruktruzasiya olunaraq 2886,87 manat azaldılmış, yerdə qalan 2886,87 manat X19 tərəfindən tələbkara ödənilmişdir. Daha sonra 24.06.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ilə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-784/2018 saylı,19.03.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmış, nəqliyyat vasitəsinin ipoteka yüklülüyünə xitam verilmişdir. Kredit müqaviləsi üzrə 2886,87 manat borc məbləği X19 tərəfindən ödənildikdən sonra X19 avtomobili X4 adına keçirtmiş və X2 öz adına etibarnamə almışdır. 18.12.2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil X13 tərəfindən X8 9000 manat məbləğə satılmışdır. Hazırda avtomobil faktiki X14 istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC ilə kredir müqaviləsi və həmin kreditin təminatı olaraq "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanılmış ipoteka müqaviləsi Cavabdeh ilə bağlanılmasına, həmin müqavilə üzrə məhkəmə qərarları ilə avtomobil ona qaytarılmasına, müəyyən edilmiş borc məbləği üzrə icra işinə və avtomobilin yüklülüyünə xitam verilməsinə baxmayaraq, cavabdehin həmin avtomobilin onda deyil digər şəxslərdə olmasına dair dəlillərini məhkəmə inandırıcı hesab etmir. Cavabdehin həmin dəlilləri ağlabatan olduğu halda belə mübahisələndirilən avtomobili digər şəxslərə əvəzsiz əsaslarla verməsi onu iddiaçılar qarşısında öhdəliklərindən azad etmir. Məhkəmə hesab edir ki, iddia tələbinə məhkəmə qərarı ilə cavabdehdən tutulması müəyyən olunmuş 6235,64 ABŞ dolları (6235,64 ABŞ dolları*1.70=10600,58 manat) məbləğin tamamilə ödənilməsi, həmin vəsaitin 5773,74 manat hissəsinin yarısının 01.03.2019-cu il tarixinə restruktruzasiya əlaqədar 2886,87 manat azaldılması, yerdə qalan 2886,87 manat məbləğinin isə X19 tərəfindən ödənilməsi halları nəzərə alınmaqla "Nissan Teana" markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin 18.12.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən müəyyən olunmuş 9000 manat məbləğində satış qiyməti əsas götürülməklə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, 4826,84 (10600,58-5773,74) məbləğlər nəzərə alınarsa cavabdeh iddiaçıların hesabına mübahisə obyekti olmuş avtomobilə görə onların hesabına 4173,16 manat (9000- 4826,84) əsassız olaraq varlanmışdır. Ona görə də Cavabdeh Qulı̇ yev Elburus Əsgər oğlunun və İddiaçı2 Elburus oğlunun xeyrinə 4173,16 manat vəsait tutulmalı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçı Quliyev Elbrus Əsgər oğlunun kredit məbləğinin 7.000 ABŞ dolları yox, 9.600 ABŞ dolları məbləğindən ibarət olmasından məlumatsız olması, ona 7000 ABŞ dolları verməsi dəlillərini əsassız hesab edərək bildirir ki, Quliyev Elbrus Əsgər oğlu "xxxx" ASC tərəfindən kredit borcunun ödənilməsinə dair ödəniş cədvəl üzrə müxtəlif vaxtlarda birinci dəfə 522 ABŞ dolları, ikinci dəfə 522 ABŞ dolları, üçüncü dəfə 352 ABŞ dolları, dördüncü dəfə 5700 ABŞ dolları, toplamda 7096 ABŞ dolları ödəniş etdiyi halda onun həmin cədvəldəki əsas kredit borcunun məbləğinə fikir verməməsini inandırıcı hesab etmir. Belə ki, əsas kredit borcunun 9600 ABŞ dolları oması iddiaçılara məlum olduğu halda tərəflərindən ödəniş etdikləri müddət ərzində 2600 ABŞ dolları vəsaiti cavabdehdən tələb etməmişdirlər. Həmçinin məhkəmə şahid qisminə ifadə vermiş X19 tərəfindən avtomobil üçün 4400 manat xərc çəkilməsi ilə bağlı bildirir ki, buna dair onun tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş və bu fakt sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Qulı̇ yev Elburus Əsgər oğlunun və İddiaçı2 Elburus oğlunun xeyrinə 4173,16 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Qulı̇ yev Elburus Əsgər oğlunun və İddiaçı2 Elburus oğlunun xeyrinə 4173,16 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar