Məhkəmə qərarları › İş №2(007)-2238/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2238/2024

20.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2238/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MTK ilə aralarında bağlanmış Bakı şəhəri, 41 saylı notariat konturunda 3M-267 reyestr nömrəsi ilə qeydə alınaraq notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 201 nömrəli evin, birinci mərtəbəsində yerləşən 12 nömrəli mənzilin 1/2 hissəsini cavabdehə sökülməsi üçün təhvil verdiyi mənzilin əvəzində həmin ərazidə inşa edilmiş binada ümumi sahəsi 99.67 kv.m olan, binanın “B” girişinin 7 mərtəbəsində yerləşən 146 saylı mənzilin ona təmirli vəziyyətdə təhvil verilməsi; cavabdehdən xx.xx.2023-cü il tarixdən mənzil ona təhvil verilənədək mövcud bazar qiymətlərinə əsasən hər ay üçün 1.500 manat icarə haqqının ona verilməsi; cavabdehin mənzili müqavilə şərtlərinə əsasən 24 ay ərzində təhvil verməməsi, kirayə haqqının bazar qiymətlərindən çox aşağı olması və ya ümumiyyətlə ödənilməməsi nəticəsində kirayə tutduğu mənzildən dəfələrlə köçməsi nəticəsində ev əşyalarını daşımaq məqsədilə nəqliyyat və fəhlə qüvvələrinə xərclədiyi 2400 manat və ev əşyalarının böyük qismi yararsız vəziyyətə düşməsi ilə əlaqədar 5.600 manat zərərin əvəzinin ödənilməsi və cavabdeh tərəfindən ödənilən kirayə haqqının aşağı olması və ya ümumiyyətlə ödənilməməsi nəticəsində kirayə ev tapmayaraq qohumlarının və tanışlarının mənzillərində yaşamağı nəticəsində keçirtdiyi mənəvi sarsıntı ilə əlaqədar 30.000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda;. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

3. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

5. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsində iddiaçı qismində İddiaçı qeyd edilməsinə baxmayaraq, ərizə onun tərəfindən imzalanmamışdır. İddia ərizəsi həmin ərizəni imzalamaq hüququ olmayan X2 tərəfindən imzalanmışdır. X1 iddia ərizəsini imzalamaq hüququ verildiyini təsdiq edən sənəd (etibarnamə) iş materiallarında aşkar edilməmişdir.

6. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda haikim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır.

Nəticə :

7. Beləliklə, məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

8. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; Əməliyyat İD: 504126810; qəbzin nömrəsi : 3453; büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 14:17) dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

9. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; Əməliyyat İD :504126810; qəbzin nömrəsi : 3453; büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi :**********, tarix: xx.xx.2024, saat: 14:17) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar