Məhkəmə qərarları › İş №2(007)-2302/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2302/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2302/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiа ərizəsi ilə Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə mürаciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, onun Cavabdeh ilə heç vaxt ailə qurmaq fikri olmayıb və onunla ailə qurmamışdır. O, demək olar ki, onu heç tanımır. Onunla Qeydiyyat idarəsinə heç vaxt getməmiş və nikahını onunla qeydiyyata aldırmamışdır. Cavabdeh onunla nikah bağlanması haqqında şəhadətnaməni necə alıb bilmir. O, cavabdehlə təsadüfən 1990-cı ildə tanış olmuşdur. cavabdeh onu təqib edib, onunla ailə qursun. O, cavabdehə rədd cavabı vermişdir. 1991-ci ilin aprel-may ayında cavabdeh onu görüb “Onsuzda səninlə evlənəcəyəm" demiş və ona nikah şəhadətnaməsini göstərmişdir. İddiaçı şəhadətnaməni ondan alıb baxanda gözlərinə inanmamışdır. Həqiqətən onunla nikaha girməsi haqqında şəhadətnamə idi. O, nikah haqqında şəhadətnaməni ona qaytarmayıb demiş ki, bu sənin üçün yaxşı olmayacaq. Qısa bir müddət keçmiş onu Bakı şəhər Polis İdarəsinə çağırıblar və bu məsələ ilə bağlı sorğu-suala tutublar və nikah şəhadətnaməsinin verməsini xahiş etmişlər. O, hər şeyi olduğu kimi danışmış, yəni Cavabdehla onun heç bir münasibəti, ünsiyyəti olmadığını, onunla Qeydiyyat İdarəsinə getmədiyini. Heç Qeydiyyat idarəsinin yerini tanımamışdır və onunla nikah bağlamamışdır. Bu nikah şəhadətnaməsi saxtadır və nikah şəhadətnaməsini onu çağıran milis işçisinə təqdim edib. Bakı şəhər Polis İdarəsində “gedə bilərsiniz nigaran olmayın, hər şey yaxşı olacaq” demişlər. O, da bu məsələni bitmiş hesab etmişdir. 2021-ci ilin aprel ayında ASAN xidmətdə evi qızının adına sənədləşdirmək istəyəndə ona bildiriblər ki, sizin Cavabdeh ilə nikahınız var. Bu məsələnin 1991-ci ilin may ayında Bakı şəhər Baş Polis İdarəsində olanda və orada nikah şəhadətnaməsini milisə verəndə bu məsələnin bitmiş hesab olunmasını düşünmüşdür. Milis bu məsələni yoluna qoyacaqdı, axı o, orada demişdi ki, nikah şəhadətnaməsi saxtadır. O, Cavabdeh ilə Qeydiyyat idarəsinə getməmiş və nikah bağlatdırmamışdır. İndi otuz ildən sonra müəyyən olunur ki, məsələ heçdə həll olmayıb. O, bundan xəbərsiz olaraq bu otuz ili nikahda olmuşdur. Otuz il ərzində o, heç vaxt Cavabdeh görməmiş, heç bir ünsiyyət saxlamamışdır. Bilsə idi ki, milis bu işlə əlaqədar bir iş görməyib, o özü tədbir görərdi. Məhkəmə qaydasında nikahı etibarsız hesab etdirib, saxta nikah şəhadətnaməsi verilməsi haqqında tədbir görülməsini tələb edərdi. Cavabdeh ilə arasında nikah bağlanması ilə əlaqədar verilmiş şəhadətnamə saxtadır. Qeyd olunanlara əsasən 19 noyabr 1990-cı il tarixdə qeydiyyata alınmış 1643 saylı nikah şəhadətnaməsinin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizənin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən vəkili X4 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, iddianı qəbul edir. 1990-cı ildə iddiaçı ilə qısa müddət qeyri-rəsmi münasibəti olmuşdur. O zaman iddiaçı onu məcbur edib ki, nikaha daxil olaq. O, rəsmi nikahda olmasını bildirsə də iddiaçı “mən özüm həll edəcəm demişdir” özü həll edib başqa pasport alıb subay yazdırmışdır. Bununla əlaqədar olaraq jekdən arayış almışdır. Bu sənədlə iddiaçı ilə nikaha daxil olmuşlar. O zaman Polisdə araşdırma aparılmış pasportu verən şəxsi və nikahı qeydə alan şəxsi işdən çıxartmışdılar. İddiaçıya sadəcə nikah haqqında şəhadətnamə lazım imiş. Münasibətləri qarşılıqlı olub, amma ər-arvad kimi bir evdə, bir yerdə yaşamamışlar və birgə təsərrüfat aparmamışlar. Məhkəmədən iddianın təmin olunmasını və saxta nikahın etibarsız hesab olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Vİ-JQ seriyalı 422409 nömrəli nikah haqqınd şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında Bakı şəhəri Səadət Sarayında 20 oktyabr 1978-ci il tarixdə nikah bağlanmış və bu barədə 4694 nömrəsi ilə akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra X2 soyadını qəbul etmişdir. İş materiallarına əlavə olunmuş AZ-T seriyalı 028159 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 13.11.1990-cı il tarixdə nikah bağlanmış və bu barədə 1643 nömrəli akt qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinnin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 01.07.2021-ci il tarixli 05/25928/13 saylı sorğuya cavab məktubundan görünür ki, nikahın bağlanması haqqında akt qeydi kitabında İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 14.11.1990-cı il tarixdə nikah bağlanmış və bu barədə 1643 nömrəli akt qeyd edilmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 13.11.1990-cı il tarixdə nikah bağlanmış və bu barədə 1643 nömrəli akt qeyd edilmişdir. Lakin tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış nikah saxtadır. Belə ki, hər ikisi Cavabdeh ləğv olunmamış rəsmi nikahda olduğunu bilirdilər və formal olaraq Qeydiyyat Şöbəsində nikahın bağlanması barədə aktı imzalamışlar. Tərəflər arasında bağlanmış nikah heç bir hüquqi nəticə yaratmamışdır. Tərəflər heç vaxt birgə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Məhkəmə bахışı zаmаnı iddiaçı nikаhın etibarsız hesab edilməsini xahiş etmiş, cavabdeh də iddianı etiraf edərək nikаhın etibarsız hesab edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh bu barədə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ilə heç vaxt bir yerdə yaşamamışdır, nikah formal xarakter daşıyır. Buna görə də, iddiaçı ilə aralarında olan formal nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququ vardır. 28.1-ci maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Beləliklə, göründüyü kimi, hazırda qüvvədə olan ailə qanunvericiliyinin tələbləri baxımından tərəflər arasında, yəni İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah onların ailə qurmaq niyyətinin olmaması əsası ilə etibarsız hesab edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda qüvvədə olan Ailə Məcəlləsinin 25.1-ci maddəsində (həmin məcəllənin 10-12-ci və 13.3-cü maddələrinə də istinadən) nikahın etibarsız sayıldığı halların dairəsi müəyyən edilmiş, o cümlədən şəxsin (ərin və ya arvadın) artıq nikahda olarkən, bu nikahı pozmadan yenidən başqa şəxslə bağladığı nikah bir mənalı olaraq etibarsız nikahlar kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinin etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 13 noyabr 1990-cı il tarixdə bağlanmış və bu barədə 1643 nömrəsi ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 13 noyabr 1990-cı il tarixdə bağlanmış və bu barədə 1643 nömrəsi ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar