Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2307/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Word Mobile” mağazasından Cavabdeh tərəfindən ona satılmış 385 (üç yüz səksən beş) manata “Samsung A-6 2018” və 595 (beş yüz doxsan beş) manata “Samsung A-7 2018” markalı mobil telefonların hər ikisi üçün ödədiyi 980 (doqquz yüz səksən) və iddia ərizəsi üçün ödədiyi 20 (iyirmi) manat, dövlət rüsumu da əlavə edilməklə cəmi 1000 (min) manat pulun Cavabdeh tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 25.11.2018-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Word Mobile” telefon mağazasından 385 (üç yüz səksən beş) manata “Samsung A-6 2018” markalı yeni görkəmdə telefon almışdır. 20.12.2018-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Word Mobile” telefon mağazasından 595 (beş yüz doxsan beş) manata “Samsung A-7 2018” markalı yeni görkəmdə telefon almışdır. Hər iki mobil telefonların “ABC Telecom”a məxsus olması və kreditlərinin ümumiyyətlə ödənilməməsi əsası ilə İMEİ kodları bağlanmış və istifadəsi isə qeyri-mümkün olmuşdur. “Word Mobile” mağazasının həm sahibi, həm də mağazanı işlədən Cavabdeh müraciəti mübahisə ilə yekunlaşmışdır. Ərazi aidiyyatı üzrə Nizami RPİ-nin 24-cü polis bölməsinin araşdırması 20.12.2019-cu il tarixli 089-84-1220 saylı qərarları ilə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarları ilə cavablandırılmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan CPM-nin tələbinə müvafiq prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət etmişdir. Şikayəti 31.01.2020-ci il tarixli 233Ş-19 saylı məktubla cavablandırılmışdır. Hesab edir ki, “Word Mobile” mağazasında “Samsung A-6 2018” və “Samsung A-7 2018” markalı telefonları ona satan Cavabdeh tərtib etdiyi zəmanət talonları və alqı-satqı müqaviləsi ləğv edilməli və ona dəymiş 980 (doqquz yüz səksən) manat mobil telefonlara ödədiyi pul və iddia ərizəsi üçün ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu da əlavə edilməklə, cəmi 1000 (min) manat ödənilməilidir. İddiaçı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək qeyd etmişdir ki, Cavabdeh alqı-satqının qanunsuz hesab edilməsinə dair heç bir qeyd verməmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh hərəkətinin qanunsuz hesab edilməsini, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Word Mobile” mağazasından Cavabdeh tərəfindən ona satılmış 385 ((üç yüz səksən beş) manata Samsung A-6 2018 və 595 (beş yüz doxsan beş) manata “Samsung A-7 2018” markalı mobil telefonların hər ikisi üçün ödədiyi 980 (doqquz yüz səksən) və iddia ərisəsi üçün 20 (iyirmi) manat dövlət rüsumu da əlavə edilməklə, cəmi 1000 (min) manat pulun Cavabdeh oğlundan tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Nizami RPİ-nin 20 dekabr 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Fiziki şəxs Cavabdeh tərəfindən verilmiş zəmanət talonundan görünür ki, Samsung A6 2018 markalı mobil telefonu 25.11.2018-ci il tarixdə satılmış və həmin telefona 2 həftə (14 gün) zəmanət verilmişdir. Məhsulun dəyəri 385 AZN-dir. - Fiziki şəxs Cavabdeh tərəfindən verilmiş zəmanət talonundan görünür ki, Samsung A7 2018 markalı mobil telefonu 20.12.2018-ci il tarixdə satılmış və həmin telefona 2 həftə (14 gün) zəmanət verilmişdir. Məhsulun dəyəri 595 AZN-dir. - 28.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 20,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Quliyev X1 Azər İsa oğluna məxsus mağazadan Samsung A-6 2018” və “Samsung A-7 2018” markalı telefonları almış və telefonla bağlı satıcı tərəfindən zəmanət talonları verilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 423-2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və yə ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər; 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər; 624.1.1-ci maddəsinə əsasən də alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki, keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.4-cü maddəsinə görə həmin Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən istehlakçı-şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Qüsur-malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğudur. 3-cü maddəsinə əsasən istehlakçının istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına və öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə hüququ vardır. 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, iddiaçı tərəfindən dəyərləri ödənilərək alınmış “Samsung A-6 2018” və “Samsung A-7 2018” markalı telefonları hal-hazırda deaktiv edilmiş və iddiaçı həmin telefonlardan istifadə edə bilmir. Qanuncericiliyə əsasən də cavabdeh tərəfindən iddiaçıya satılmış telefonlarda qüsur varsa o, istehlakçı qarşısında qanunda müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən tərəflər arasında bağlanmış qeyd edilən satış müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etmələri olduğu halda və iddiaçı şəxs tərəfindən müqavilə icra edilməsinə baxmayaraq (alqı-satqı predmetinin alınması zamanı onun dəyərinin nəğd şəkildə ödənilməsi, həmin telefonların qəbul edilməsi və s.), cavabdeh həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin (zəmanət talonu) şərtlərini pozmuşdur. Buna görə də qeyd edilən müqavilə üzrə Cavabdeh öhdəliyi icra etmədiyi üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 25.11.2018-ci il və 20.12.2018-ci il tarixli zəmanət talonları əsasında bağlanmış satış müqaviləsi ləğv edilməli və mövcud satış müqavilələri üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş və məhkəmə araşdırması zamanı öz sübutlu əksini taparaq müəyyən olunmuş ümumilikdə 980 (doqquz yüz səksən) manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinin tələbinə əsasən iddianı təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək, yəni qeyd etdiyi halları sübut etmək bir mənalı olaraq iddiaçının vəzifəsidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2018-ci il tarixli və 20 dekabr 2018-ci il tarixli müqavilələr ləğv edilməli, mövcud satış müqavilələrinin predmeti olan “Samsung A-6 2018” markalı telefonun alınması zamanı ödənilmiş 385 (üç yüz səksən beş) manat məbləğində pul vəsaiti və Samsung A-7 2018” markalı telefonun alınması zamanı ödənilmiş 595 (beş yüz doxsan beş) manat məbləğində pul vəsaiti, cəmi 980 manat məbləğində pul və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi üzrə ödənilməli olan əlavə 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçiirlməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2018-ci il tarixli və 20 dekabr 2018-ci il tarixli müqavilələr ləğv edilsin. Mövcud satış müqavilələrinin predmeti olan “Samsung A-6 2018” markalı telefonun alınması zamanı ödənilmiş 385 (üç yüz səksən beş) manat məbləğində pul vəsaiti və Samsung A-7 2018” markalı telefonun alınması zamanı ödənilmiş 595 (beş yüz doxsan beş) manat məbləğində pul vəsaiti, cəmi 980 manat məbləğində pul və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi üzrə ödənilməli olan əlavə 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-2307/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2307/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver