Məhkəmə qərarları › İş №2(007)-2318/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2318/2025

21.05.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında - Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2318/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “xəbərsiz itkin düşmüş və ölmüş elan edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “xəbərsiz itkin düşmüş və ölmüş elan edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müvafiq prosessual pozuntulara yol verməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 305.1.2-ci maddəsinə əsasən məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Məhkəmə ilk öncə qeyd edir ki, ərizəçi bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Belə ki, o, xx.xx.1988-ci ildə doğulmuş Qazaxıstan Respublikası Cavabdeh xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki, xəbərsiz itkin düşmə faktının müəyyən edilməsinə dair məhkəmənin gəldiyi nəticə şəxsin sağ olması, plmüş elan edilmə faktının müəyyən edilməsində isə şəxsim ölmüş olması ehtimalıdır. Göründüyü kimi qeyd olunan faktlar birbiri ilə tamamilə fərqlidir və bir-biri ilə əlaqədar deyillər. Hazırkı halda ərizəçi belə tələbləri birləşdirdiyi üçün ərizənin məhkəmə icraatı mümkün deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizəçiyə dair məlumatların yoxlanılması zamanı ərizəçinin qeydiyyat ünvanının ünvan 1duğu müəyyən edilmişdir. Hazırda ərizəçi ünvan 2 ünvanında qeydiyyatsız yaşaması barədə 120 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli arayışını ərizəyə əlavə etsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci bəndinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmçinin, həmin qanunun 3-cü bəndinə qeyd edilmişdir ki, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Göründüyü kimi, ərizəçi tərəfindən həmçinin aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Hansı ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir və iddia ərizəsinə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı deyildir. Bundan əlavə məhkəmə bildirir ki, ərizəçi tərəfindən ərizə verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, ərizə xüsusi icraat qaydasında verilməsinə baxmayaraq ərizəçi ərizəsində xəbərsiz itkin düşmüş hesab edilməsini və ölmüş elan edilməsini istədiyi şəxsi cavabdeh kimi göstərmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işlərinə ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Beləliklə, bu cür işlər üzrə aidiyyəti orqan olaraq müvafiq qeydiyyat şöbəsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “xəbərsiz itkin düşmüş və ölmüş elan edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada Neftçala Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardad Ərizəçi tərəfindən ödənilmiş 100 manat (Şəxsiyyət vəsiqəsinin Fini: xxxxxxx, qəbzin nömrəsi: **********, tarix: xx.xx.2025-ci il) dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar