Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-232/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixində 14-2-24/3-1KƏ-0536/2024 saylı əmrinin etibarsız hesab edilməsi və onun işə bərpa olunması və məcburi iş buraxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2019-cu ildə "xxxx" QSC Dərnəgül ərazisində yerləşən 17 saylı Yanacaq Doldurma sahəsində Mühafizəçi peşəsinə işə qəbul olunmuşdur. İşlədiyi 5 il müddətində hər hansı nöqsanı olmamışdır, onun hər hansı bir nöqsanı olmayıb, irad tutulmayıb və ona tapşırılan işi bacarıqla və keyfiyyətlə yerinə yetirmişdir. O zaman onunla bağlanmış Əmək Müqaviləsinin surətini ona təqdım etməyiblər. Onun dəfələrlə tələbləri heç bir nəticə vermədiyi üçün sonradan işində problem yaranmasın deyə müqavilənin surətini istəməmiş və ona həvalə edilən işi ilə məşğul olmuşdur. Onu işə qəbul edəndə həftədə 41 saat iş rejimində işləyəcəyini bildirmələrinə baxmayaraq, əslində o, həftəlik iş rejmindən artıq işləmişdir. xx.xx.2024-cü il tarixində saat 10:00 radələrində X2 Monitorinq çağırılmış və bildirilmişdir ki, guya o, içkili vəziyyətdə işə gəlmişdir. O zaman o, onlara etiraz etmiş və bildirmişdir ki, o, içkili deyil və bu barədə izahat yazıb təqdim etmişdir. Monitorinq şöbəsini əməkdaşları onu yoxlamış və bildirmişlər ki, qərar qəbul edilənədək işdən azaddır. Həmçinin həmin vaxtı ondan işdən azad olunmağı barədə ərizə yazmağı israr etmişlər, lakin o, öz xahişi ilə işdən azad olunmağı barədə ərizə yazmamışdır. % gündən sonra onu işdə çağırmışlar və bldirmişlər ki, onun iş yerini dəyişdirilərək Lökbatan ərazisi üzrə X2 göndərmişlər. Bir ay müddətində həmin ərazidə işləmişdir. Bir aydan sonra onu yenidən idarəyə çağırmışlar və bildirmişlər ki, ərizə yazıb işdən çıxmasa, onlar onu Azərbaycan Respubkkası Əmək Məcəlləsinin 70 ”ç” bəndi ilə işdən çıxaracaqlar. Lakin o, ərizə yazaraq işdən çıxmaqdan imtina etmişdir. Ona görə də xx.xx.2024-cü il tarixində 14-2-24/3-1KƏ-0536/2024 saylı Əmrlə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ”ç” bəndi ilə işdən azad etmişlər. Əmrin surətini ona xx.xx.2024-cü il tarixində təqdim etmişlər. O zaman onun işdən azad olunmağı barədə Əmrin surətini aldıqda məlum olmuşdur ki, guya onun barəsində “Mühafizənin təşkli sahəsinin rəisi Kamran Tağıyevin xx.xx.2024-cü il tarixli 14-2-24/3 6-1481/2024 nömrəli təqdimatı, Daxili nəzarət və monitorinq şöbəsinin rəisi Fərid Mansurovun xx.xx.2024-cü il tarixli 14-2-24/3-8-471/2024 nömrəli xidməti məlumatı və “Socar Petroleum“ QSN-nin HİKnin xx.xx.2024 tarixli 66 nömrəli razılıq məktubu əsas götürülmüşdür. Ona görə o əsassız olaraq işdən azad edilməsi və işə bərpa edilməsi barədə şikayətinə baxan olmamışdır. Onunla cəmiyyət arasında əmək mübahisəsinin Mediasiya qaydasında həll edilməsi üçün ilkin olaraq Mediasiya Təklifi göndərilməmiş və Mediasiya Şürasında bu məsələ aydınlaşdırılmamışdır. Hesab edir ki, cavabdeh “Socar Petroleum “ QSC-nin onun işdən azad edilməsi barədə gətirilən dəlillər əsassız və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin kobud pozuntusu ilə müşahidə olunduğundan cavabdehin xx.xx.2023-cü il tarixili 369/k №-li Əmri etibarsız hesab edilməli, işə bərpa edilməli və məcburi boşdayanmaya görə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Əvvəla, onun əmək funksiyası yerinə yetirməməsi və tutduğu vəzifəyə uyğun olmaması ilə əlaqədar AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edərkən Cəmiyyətin rəhbərliyi onun işdən azad edilməsi və nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğunu əsaslandırmalı idi. Lakin hazırda təqdim edilmiş əmrlərin sürətindən görünür ki, belə əsaslandırma aparılmamışdır. Ona görə də onun işdən azad eilməsi barədə verilmiş əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbinin kobud şəkildə pozulması hesab olunur. İkincisi, Əmək Məcəlləsinə əsasən işçinin işdən azad ediməsi barədə məsələ müzakirə edilərkən bu barədə onu dəvət etməli, ondan izahat almalı və işdən azad olunması barədə müəssisə daxili Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərirsə, təqdimat müzakirə olunmamışdan əvvəl ona bu barədə məlumat verilməli idi. Lakin, onun işdən azad edilməsi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmiş və məsələyə münasibəti soruşulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda “işçinin işdən azad edilməsi göstərilmişdir. Lakin onun işdən azad edilməsi barədə verilmiş əmrdən müəyyən etmək olur ki, cəmiyyətin rəhbərliyi onun işdən azad olunmasını hər hansı bir sübutla əsaslandırmamış və bu barədə onun fikrini aydınlaşdırmamışdır. “Cəmiyyət” onun işdən azad edilməsi ilə əlaqədar əmr verərkən, onun maddi vəziyyətini, işə ehtiyacının olmasını, heç bir nöqsanı olmamasını nəzərə almamışdır. O, işdən azad olunduğu halda onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə etməmişdilər.
Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :
3. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinin dəlillərinə qarşı etiraz ərizəsi verərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra-Cəmiyyət) qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, guya İddiaçı Cəmiyyət tərəfindən əsassız olaraq işdən çıxarılmış, iş vaxtı işə içkili gəlməmiş, içki içməməsi barədə izahat təqdim etmişdir. Ona görədə işdən azad edilmə barədə əmri mübahisələndirərək işə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İşçinin işdən azad edilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndinin (alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi), Cəmiyyətin daxili intizam qaydalarının 4-cü maddəsinin (İşçinin əsas hüquq və vəzifələri) 4.2-ci bəndinin “a” (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “b” (əmək intizamına və bu qaydalara əməl etmək, müəyyən edilmiş iş günü (vaxtı) müddətini pozmamaq, bütün iş vaxtını yalnız öz vəzifələrinin yerinə yetirilməsinə sərf etmək, digər işçilərin əmək vəzifələrinin yerinə yetirilməsinə maneçilik törədən hərəkətlərdən çəkinmək) hissələrinin və nəzarət xidməti mühafizəçilərinin vəzifə təlimatlarının tələblərini pozaraq sərxoş vəziyyətdə işə gəlmişdir. Onun sərxoş vəziyyətdə olması özünün etiraf edici izahatı, tərtib olunmuş akt və digər faktlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndinə əsasən işçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Ona görədə xx.xx.2024-cü il tarixli 14-2-24/3-1 K8-0536/2024 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, cavabdeh Cəmiyyət tərəfindən iddiaçıya qarşı hər-hansı hüquqazid əməl törədilməmiş, onun əmək hüquqları pozulmamışdır və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam uyğun olmuşdur. İddia ərizəsində göstərilənlər tamamilə əsasız olmaqla, iddia tələblərinin heç bir hüquqi əsası yoxdur və rədd edilməlidir.
İş materialları :
5. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 14-2-24/3-1KƏ- 0536/2024 saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr”dən görünür ki, "xxxx" QSC-də mühafizəçi vəzifəsində işləyən X4 ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
6. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus AZE seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu ildə "xxxx" QSC-də mühafizəçi vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (spirtli içki qəbul edərək işə gəlməsi) əsasən xitam verilmişdir.
7. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01712 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin "xxxx" QSCnin nümayəndəsi iştirak etməmişdir. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir.
8. xx.xx.2024-cü il tarixli, “işçinin nizam-intizamsızlığı haqqında akt”dan görünür ki, mühafizənin təşkili sahəsinin mühafizəçisi İddiaçı xx.xx.2024-cü il tarixdə gecə növbəsinə sərxoş halda gəlmişdir və bu hal tərəflərindən aşkar edilmişdir. Barəsində tərtib olunan akta işçinin imza atması tələb olunmuş, lakin o, imza atmaqdan imtina etmişdir.
9. İddiaçı tərəfindən "xxxx" QSC-nin baş icraçı direktoruna ünvanına yazılmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, izahatında işə gəlməmişdən öncə günorta radələrində evinə qonaq gəldiyi üçün 2 bakal pivə içdiyini, işə gəldiyində içkili olduğunu bildirmədiyini qeyd etmişdir.
10. "xxxx" QSC-nin Həmkərlar İttifaqı Komitəsinin iclasının xx.xx.2024-cü il tarixli, 66 nömrəli qərarından görünür ki, "xxxx" QSC-nin mühafizənin təşkili sahəsinin mühafizəçisi İddiaçı əmək və icra intizamını pozaraq əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə onunla bağlanılmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işəəgötürən tərəfindən ləğv edilməsi üçün razılıq verilməsi qərara alınmışdır.
11. "xxxx" QSC-nin Daxili nəzarət və monitorinq şöbə rəisinin "xxxx" QSC-nin baş icraçı direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14-2-24/3-8-0471/2024 saylı xidməti məlumatından görünür ki, "xxxx" QSC-nin mühafizənin təşkili sahəsinin rəisi X1, 17 saylı Yanacaqdoldurma stansiyasının mühafizəçisi İddiaçı xx.xx.2024-cü il tarixində gecə növbəsində xidmət apararkən ona verilən təlimatı pozaraq spirtli işki qəbul edərək iş yerinə gəlməsi barədə tərtib edildiyi xx.xx.2024-cü il tarixli, 14-2-24/3-6-1481/2024 nömrəli təqdimatı araşdırılmışdır. Mühafizənin təşkili sahəsinin 17 saylı Yanacaqdoldurma stansiyasının mühafizəçisi İddiaçı izahatı alınmışdır. İddiaçı izahatında xx.xx.2024-cü il tarixdə gecə növbəsinə gəlməmişdən təxminən 9 saat əvvəl spirtli içki qəbul etdiyini və içkili halda işə gəldiyini eləcə də tərəfindən bir daha belə hallara yol verilməyəciyini bildirmişdir. Nəticədə mühafizənin təşkili sahəsinin 17 saylı Yanacaqdoldurma stansiyasının mühafizəçisi İddiaçı daxili intizam qaydalarını kobud şəkildə pozaraq işə içkili halda gəldiyi üçün əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir.
12. "xxxx" QSC-nin sahə rəisinin "xxxx" QSC-nin baş icraçı direktoruna ünvanlanmış “mühafizənin təşkili sahəsinin “17” saylı YDS-nin mühafizəçisi İddiaçı haqqında xx.xx.2024-cü il tarixli, 14-2-24/3-6-1481/2024 nömrəli təqdimatından görünür ki, xx.xx.2024-cü il tarixində "xxxx" QSC-nin mühafizənin təşkili sahəsinin “17” saylı Yanacaqdoldurma stansiyasının mühafizəçisi İddiaçı gecə növbəsində xidmət apararkən ona verilən təlimatı pozaraq spirtli içkinin təsiri altında iş yerinə gəlmişdir. Bu halın araşdırılması üçün müvafiq şöbələrə göstəriş verilməsini xahiş etmişdir.
13. İş materiallarına “SOCAR X6” xx.xx.2024-cü il tarixə aid olan hissəsinin surəti əlavə edilmişdir.
14. "xxxx" QSC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə işə başlamışdır.
15. İş materiallarına alkotestrin göstəricisinin şəkli əlavə edilmişdir.
16. İş materiallarına 1 ədəd CD disk əlavə edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1840 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş , Socar Tibbi müayinə xx.xx.2024-cü il tarixində aparılmış qeydlərə dair olan vərəqəsində “Saat-22:47, soyadı, adı – İddiaçı, vəzifəsi-mühafizə, akt-140/90, puls-1/dəq- 90” müayinə olunanın imzası qeyd edilən sətirdə olan imza İddiaçı tərəfindən icra olunmuşdur.
Tərəflərin izahatları :
18. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, övladının ad günü 01 noyabr tarixindədir. 10 may tarixində isə onun ad günü idi. İddiaçı yeyib-içib amma hansı gün yeyib-içdiyi yadında deyil. Onun həyat yoldaşı evdən işə getdiyi zaman içkili olmamışdır.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Əmək Məcəlləsinə uyğun olaraq iddiaçı işdən çıxarılmış, məhkəmə ekspertizasının rəyi ilə də imzanın iddiaçıya məxsus olduğu müəyyən edilmişdir.
İşin faktiki halı :
20. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" QSC-də mühafizəçi vəzifəsində işləmişdir və əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
21. Hazırda İddiaçı onun əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyini, həmin vaxt onun spirtli içki qəbul etmədiyini, bununla bağlı izahat verdiyini, tibbi müayinə jurnalında olan imzanın ona məxsus olmadığını bildirmişdir.
22. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-2866/2024 saylı qərardadı ilə, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1840 nömrəli ekspert rəyində ekspertizaya təqdim olunmuş , Socar Tibbi müayinə xx.xx.2024-cü il tarixində aparılmış qeydlərə dair olan vərəqəsində “Saat-22:47, soyadı, adı – İddiaçı, vəzifəsi-mühafizə, akt-140/90, puls-1/dəq-90” müayinə olunanın imzası qeyd edilən sətirdə olan imza İddiaçı tərəfindən icra olunduğu qeyd edilmişdir.
Məhkəmə baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar.
27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması. 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
Məhkəmənin mövqeyi :
28. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
29. Hazırda İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbini cavabdeh "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-24/3-1KƏ-0536/2024 saylı əmrin qanunsuz və əsassız olması, belə ki, onun içkili vəziyyətdə işə getməməsinə baxmayaraq, qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə spirtli içki qəbul edərək işə gəlməsi ilə əlaqədar xitam verilməsi ilə əsaslandırmışdır.
30. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz.
31. Hazırki mülki işin faktiki hallarından görünür ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən spirtli içki qəbul edərək sərxoş halda işə gəlməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
32. Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.
33. Göründüyü kimi, qanunverici, adı çəkilən normada işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud ƏM-in 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarını göstərmişdir.
34. Qanunverici əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit etmişdir.
35. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı etmişdir.
36. Beləliklə, sözügedən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması, habelə qeyd edilən halların müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir.
37. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh "xxxx" QSC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh müəssisədə mühafizəçi vəzifəsində işləməyə başlamışdır. İddiaçının xx.xx.2024-cü il tarixində gecə növbəsində xidmət apararkən spirtli içki qəbul etməsi aşkar edilmiş, iddiaçı öz izahatında içki qəbul etdiyini etiraf etmiş, buna görə də onun barəsində xx.xx.2024-cü il tarixli təqdimat verilmişdir. Həmkarlar İttifaqı Komitəsinin də müvafiq rəyi alındıqdan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
38. Hazırda iddiaçı əmrin əsassızlığını onun işə içkili vəziyyətdə getməməsi əsaslandırmaqla, işin faktiki halları qismində məhkəməyə spirtli içkini qızının ad günü ilə əlaqədar işə gəlməmişdən 9 saat əvvəl qəbul etməsi, işlədiyi müəssisədə “tibbi-müayinə jurnalı”nın olmaması və həmin jurnalda olan imzanın ona məxus olmamasını bildirmişdir.
39. İlk növbədə qeyd edək ki, İddiaçı işə içkili vəziyyətdə getmədiyini bildirsə də, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə onun işə içkili vəziyyətdə getməsi müəyyən edilmişdir.
40. Belə ki, qeyd edilən hal iddiaçının həm məhkəmə iclasında verdiyi izahat, həmçinin məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə öz təsdiqini tapmışdır.
41. İddiaçı məhkəmə iclasında verdiyi izahatında həmin gün gecə növbəsində olduğunu (axşam saat 8) və qızının ad günü olduğu üçün (müəyyən edilmişdir ki, qızının ad günü həmin tarixə düşmür) işə getməmişdən 9 saat öncə iki bakal pivə içdiyini bildirmişdir.
42. Məhkəmə iclasında tədqiq edilmiş iddiaçının xx.xx.2024-cü il tarixli izahatından da görünür ki, iddiaçı izahatında həmin gün günorta saatlarında iki bakal pivə içdiyini bildirmişdir. Həmin izahat ilə bağlı məhkəmənin sualına cavabında iddiaçı qeyri-səmimi izahat verərək Kadrlar şöbəsinin işçisi tərəfindən ona həmin məzmunda izahat yazması bildirildiyi üçün həmin məzmunda izahat yazdığını bildirmişdir. İddiaçının iş təcrübəsi, peşəsi, yaşı nəzərə alınaraq məhkəmə iclasında qeyd edilən məzmunda verilən izahat onun iddia tələbinin təmin edilməsi üçün verilmiş izahat kimi qiymətləndirilmişdir.
43. Məhkəmə iclasında tədqiq edilmiş cavabdeh "xxxx" QSC-nin “tibbi müayinə jurnalı”na əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə aparılan qeydlərdə, İddiaçı 0.4 promil, sərxoş olduğuna dair qeyd aparılmış və imzalanmışdır.
44. İddiaçı məhkəmə iclasında verdiyi izahatında işlədiyi müəssisədə “tibbi-müayinə jurnalı”nın olmadığını və həmin jurnalda olan imzanın ona məxus olmadığnı bildirmişdir.
45. Cavabdehin nümayəndəsi iddiaçının cavabdeh müəssisədə X6 olmamasına dair izahatına münasibətdə bildirmişdir ki, bir qayda olaraq sürücülər, çilingərlər barədə müvafiq yoxlama aparılaraq nəticəsi tibbi müayinə jurnalına qeyd edilir. Lakin həmin gün vətəndaş müraciət etdiyi (iddiaçının sərxoş vəziyyətdə olması barədə) üçün iddiaçı barəsində müvafiq yoxlama aparılaraq qeyd aparılmışdır.
46. Məhkəmə tərəfində tibbi müayinə jurnalında olan imzanın iddiaçıya məxsus olubolmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməklə, müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1840 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, Socar X6 xx.xx.2024cü il tarixində aparılmış qeydlərə dair olan vərəqəsində “Saat-22:47, soyadı, adı – İddiaçı, vəzifəsi-mühafizə, akt-140/90, puls-1/dəq-90” müayinə olunanın imzası qeyd edilən sətirdə olan imza İddiaçı tərəfindən icra olunmuşdur.
47. İddiaçı həmçinin əmrin əsassızlığını cavabdeh "xxxx" QSC tərəfindən əmrin əsaslandırılmaması, cavabdeh tərəfindən əmrdə onun nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğunun əsaslandırılmaması ilə əsaslandırmışdır.
48. Qeyd edək ki, cavabdeh "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14- 2-24/3-1KƏ-0536/2024 saylı əmr xx.xx.2024-cü il tarixli təqdimat, xx.xx.2024-cü il tarixli xidməti məlumat və HİK-nin xx.xx.2024-cü il tarixli razılığı ilə əsaslandırılmışdır.
49. Həmin əmrin verilməsi üçün əsaslardan biri olmuş xx.xx.2024-cü il tarixli təqdimat tədqiq edilərkən müəyyən edilir ki, İddiaçı gecə növbəsində xidmət apararkən ona verilən təlimatı pozaraq spirtli içkinin təsiri altında iş yerinə gəldiyi üçün qeyd edilən halların araşdırılması üçün müraciət edilmişdir.
50. Digər əsas olan Daxili nəzarət və monitorinq şöbəsinin rəisinin xx.xx.2024-cü il tarixli xidməti məlumatına əsasən müəyyən edilir ki, təqdimat araşdırılaraq İddiaçı izahatı alınmış, İddiaçı izahatında işə gəlməmişdən 9 saat öncə spirtli içki qəbul etdiyini qəbul etmiş, içkili halda işə gələrək daxili intizam qaydalarını kobud şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir.
51. Cavabdeh "xxxx" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin iclasının 66 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarda İddiaçı əmək və icra intizamını pozaraq əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM –nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün razılıq verilmişdir.
52. Göründüyü kimi xx.xx.2024-cü il tarixli, 14-2-24/3-1KƏ-0536/2024 saylı əmr təqdimat, xidməti məlumat və HİK-nin qərarı ilə əsaslandırılmışdır. Həmin əsas olmuş təqdimat, xidməti məlumat və qərarda isə əmrin verilməsi üçün əsas olmuş, iddiaçı tərəfindən yol verilmiş pozuntu öz əksini tapmışdır.
53. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əmrdə qeyd edilən hallarıniddiaçının hansı hərəkəti ilə əmək vəzifələrini kobud şəkildə pozmasının, həmin pozuntuya görə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılmaması özü-özlüyündə əmrin ləğv edilməsi üçün yeganə əsas ola bilməz.
54. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işçinin alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur.
55. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
56. Qeyd edilməlidir ki, əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun olaraq yerinə yetirilməsidir. Əmək funksiyası yerinə yetirilərkən qanuna zidd hərəkət edilməsi, verilmiş tapşırıqların düzgün yerinə yetirilməməsi isə əmək vəzifəsinin pozulması hesab edilir.
57. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinin 3.3-cü bəndində nəzərdə tutulmuşdur ki, işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir.
58. Məhkəmə qeyd edir ki, işçinin işkili vəziyyətdə işə gələrək əmək funksiyasını içkili vəziyyətdə yerinə yetirməsi qanuna zidd (72-ci maddəyə əsasən) olmaqla, əmək müqaviləsinin 3.1.1-ci maddəsi ilə müəyyən edilmiş əmək funksiyalarının (məs.,növbə ərzində bir saatdan bir YDM-nin bütün ərazisini gəzmək, kənar əşyaların qoyulmadığını, yanacaq sızmalarının və yanğın ocaqlarının olmadığını yoxlamaq vəs.) keyfiyyətli, vaxtında yerinə yetirilməsinə maneə olaraq əmək və icra intizamının normal ahənginin pozulmasına dəlalət edir.
59. Həmçinin işçinin öz əmək funksiyasını içkili vəziyyətdə yerinə yetirməsi işəgötünənin hüquqlarına (işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək vəd.) və qanunla qorunan mənafelərinə (işgüzar nüfuzuna xələl gətirməklə vəd.) ziyan vurur.
60. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair cavabdeh "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14-2- 24/3-1KƏ-0536/2024 saylı əmr əsaslıdır. Buna görə də iddiaçının “əmrin ləğv edilməsi”nə dair iddia tələbi təmin edilməməlidir.
61. Məhkəmə həmçinin qeyd etdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə əməl edildiyindən, iddia məcburi işburaxma müddəti ilə əlaqədar əmək haqqının ödənilməsi hissəsində də əsassızdır və təmin olunmamalıdır.
Nəticə :
62. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı”na dair iddia tələbi təmin edilməməlidir.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi:
İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 14-2-24/3-1KƏ-0536/2024 saylı əmrinin etibarsız hesab edilməsi və onun işə bərpa olunması və məcburi iş buraxmaya əmək haqqının ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva