Məhkəmə qərarları › İş №2(007)-2324/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2324/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2324/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili- Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1968-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında 20 avqust 2004-cü il tarixli ÖM seriyalı 203579 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 onun xüsusi mülkiyyətindədir. Beş il bundan əvvəl mənzilini cavabdehə ailəsi ilə birlikdə yaşamaq üçün hər ayı üçün 200 manatdan olmaqla kirayəyə vermişdir. Cavabdeh sonuncu beş ayda mənzilin kirayə haqqını vermir və mənzili də boşaltmaq istəmir. Beş ay üçün cəmi 1000 manat pul ödəməlidir. Dəfələrlə mənzilin boşaldılmasını təkid ilə tələb etməyinə baxmayaraq cavabdeh mənzilini boşaltmaq istəmir. Bununla da onun mülkiyyət hüquqlarını pozmaqda davam edir. Cavabdeh ailə üzvləri ilə birlikdə və digər şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin 62 saylı mənzilindən çıxarılması, 1000 manat mənzilin icarə pulunun, 110 manat vəkilə ödənilən pulun, 11,50 manat etibarnamə üçün ödənilmiş və 30,40 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1151,90 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin 62 saylı mənzilindən çıxarılması, ödənilmiş 21 manat dövlət rüsumunun və 11,50 manat etibarnaməyə görə ödənilmiş pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh faktiki olduğu yer məlum olmadığından, məhkəmə bildirişi cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 121 saylı MKİS-ə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 203579 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin, 31 kv.m sahəsi olan, 2 otaqlı, 62 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 953 saylı reyestr kitabında 143147 səhifədə, 30/18814 nömrə ilə 26 avqust 2004-cü il tarixdə qeyd aparılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanını Cavabdeh ilə şifahi kirayə müqaviləsi bağlayaraq ona kirayə vermişdir. Tərəflər öz aralarında aylıq kirayə haqqının 200 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışlar. İddiaçı cavabdehə evdən çıxması barədə xəbərdarlıqlar etməsinə baxmayaraq cavabdeh kirayəçi olaraq yaşadığı evi tərk etməmiş və kirayə haqqını ödəməmişdir. Hazırda İddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanını Cavabdeh ilə şifahi kirayə müqaviləsi bağlayaraq ona kirayə vermiş, cavabdeh isə bunun müqabilində tərəflər arasında razılaşdırılmış kirayə haqqını ödəməyi öz öhdəsinə götürmüş, lakin sonra öz öhdəliklərinə əməl etmədiyindən kirayəçi olaraq yaşadığı evi tərk etməmişdir. Cavabdehin öhdəliyə əməl edib, halhazıradək mənzildən çıxmayaraq mənzili təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbinə münasibətdə əlavə olaraq qeyd edir ki, baxmayaraq ki, tərəflər arasında kirayə müqaviləsi şifahi qaydada bağlanmışdır, bu səbəbdən iddiaçının həmin müqavilənin bağlanmasına dair sübutunu məhkəməyə təqdim edə bilməsi, cavabdehin isə görülmüş tədbirlərə baxmayaraq məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır, hər bir halda qeyd olunan mənzilin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla, cavabdehin kirayə haqqını ödəməməsi ilə bağlı kirayə münasibətlərinə xitam verilmiş kimi qəbul edilməli, cavabdeh iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur; 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin 62 saylı mənzilində çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu, o cümlədən etibarnamə verilməsi üçün ödənilmiş 11,50 qəpik pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 saylı evin 62 saylı mənzilindən çıxarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi 20,4 manat və etibarnaməyə görə ödənilmiş 11,5 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar