Məhkəmə qərarları › İş №2(007)-233/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-233/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-233/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. Onun əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. O, 65 yaşı tamam olduqdan sonra xx.xx.2021ci il tarixdə ona əmək pensiyası təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli 22631 131247 saylı imtina məktubu ilə bildirilmişdir ki, ona xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin əmək kitabçasında qeyd olunmuş xx.xx.1974-cü ildən xx.xx.1985-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağında əmək fəaliyyəti barədə qeyd əmək kitabçasında iki nəfərin imzası ilə tərtib edilirmiş akt əsasında qeyd edildiyindən, həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağında elektrik montyoru, daha sonra isə şöbə rəisi işləmişdir. Qeyd olunan əmək stajını təsdiq edən qeyd əmək kitabçasında qeyd edilmiş və müvafiq möhürlə təsdiq edilmişdir. Qeyd olunan müddətdə əmək stajı hesablanmadığından, ona təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır. O, pensiyanın düzgün hesablanması ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edimişdir. Bu səbəbdən, cavabdehin imtinasından Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etsə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 9492/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamış, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə rayon məhkəməsinə müraciət etməli olduğum bildirilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, onun xx.xx.1974-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağında elektrik montyoru, daha sonra isə şöbə rəisi işləməyi barədə hüquqi əhəmiyyəti faktın məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Hesab edir ki, onun xx.xx.1974-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağında elektrik montyoru, daha sonra isə şöbə rəisi işləməyi barədə hüqjqi əhəmiyyəti faktın məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul ediməlidir. Qeyd edilənlərə əsasən onun xx.xx.1974-di il tarixdən xx.xx.1987-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağında elektrik montyoru, daha sonra isə şöbə rəisi işləməyi bərədə hüquqi əhəmiyyəti faktın məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, xx.xx.1974-cü il tarixindən xx.xx.1977-ci ilə kimi poçtda montyor kimi işləmişdir. 1977-ci ildə hərbi xidmətə getdiyi üçün işdən çıxmış, 1979-cu ilin iyun ayında hərbi xidmətdən qayıtmış və sonuncu iş yerindəki işinə yenidən başlamışdır. xx.xx.1985-ci ildən 1987-ci ilin yayına qədər Rabitə Qovşağında şöbə rəisi işləmişdir. Daha sonra Rabitə Qovşağındakı işindən çıxaraq İşıq idarəsində montyor kimi işə başlamışdır. O, 1985-ci ildə poçta şöbə rəisi gələndə həmin dövrdə Mahir Hacıyev orada inspektor işləyirdi və o, hesabatlarını ona verirdi. Həmçinin, ondan əvvəlki vaxtda işləyən Seyfəddin Hətəmov var idi, lakin həmin şəxs rəhmətə getmişdir. Eyni zamanda, ondan sonra işləyən Hüseyn müəllim var idi, lakin onun da əmək kitabçası yoxdur. Bildirmək istəyir ki, hazırda həmin dövrdə işləyən şəxslərdən heç bir kəsin əmək kitabçası yoxdur. Mahir müəllim iş yerini dəyişdirdiyinə görə onun əmək kitabçası özündə qalmışdır. Lakin 1986-cı ildə Mahir Hacıyevin iş yerini dəyişdirməsinin onun iş təcrübəsinə aidiyyəti yoxdur. O, 1974-cü ilin oktyabr ayından Rabitə Qovşağında işləmişdir. X8 kiçik qardaşı onun sinif yoldaşı olmuş və 1974-cü ildə məktəbi bitirərək onunla birlikdə işləmişlər. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 izahat verərək bildirdi ki, şahidlərin əmək kitabçasında ərizəçinin işlədiyi dövrləri əhatə edən məlumatlar olmalı və bundan sonra həmin məlumatlar nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, o, ərizəçini tanıyır, Ərizəçi onun iş yoldaşı olmuşdur. 1976-cı il sentyabr-oktyabr aylarında Kəlbəcər rayon Rabitə Qovşağında işə başlamışdır. İlkin olaraq elektrik montyoru kimi işə götürülmüşdür. İşdə hər həftənin 6-cı günü bütün kəndlərdən montyorlar, poçtalyonlar gələrək ümumi iməcilik keçirilirdi. O, ilk öncə ərizəçinin atasını tanımış və sonradan atası oğlunu, yəni Ərizəçi onunla tanış etmişdir. Həmin dövrdə Ərizəçi kənddən gələrək rabitə qovşağında montyor kimi işləyirdi. 1986-cı ildə işdən çıxdıqdan sonra Cəmiyyətdə stadion direktoru vəzifəsində işləmişdir. Daha sonra X1 mühəndis kimi işə düzəlmişdir. 1993-cü ildə Kəlbəcər rayonundan çıxmışdır. Həmçinin, Kəlbəcər Televiziya stansiyalarında baş elektromexanik vəzifəsində də işləmişdir. Əmək kitabçası nazirlikdə olmuşdur. Əmək haqlarını da nazirlikdən alırdılar. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, o, ərizəçini yaxından tanıyır, Ərizəçi ilə eyni kənddə yaşamışlar. Ərizəçi tanıdığı vaxtdan atasının yanında montyor kimi rabitə qovşağında işləmişdir. Kənddə yaşadığı illərdə ərizəçini rayon rabitə qovşağında montyor kimi görmüşdür. O, ərizəçini rabitə qovşağının işçisi kimi kənddə 1975-ci illərdən sonra görmüşdür. Onlar birlikdə işləməmişlər, lakin hər gün ərizəçinin işə gedib-gəldiyini görmüşdür. O, özü Yol idarəsində işləmişdir. Kənddə 2000 nömrəli ATS var idi və ərizəçi orada montyor kimi işləyirdi. Onun əmək kitabçası yoxdur, rayonun işğal altında olması səbəbindən, onun da sənədləri, həmçinin əmək kitabçası da onda qalmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA Seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1956-cı il tarixdə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulmuşdur, Kəlbəcər rayonunun Zülfüqarlı kəndində qeydiyyatdadır; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X3 Təyinatı üzrə X5 Yusif Əyyub oğluna ünvanlanmış 19 aprel 2022-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığorta olunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona xx.xx.2021-ci il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya :əyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müraciəti ilə əlaqədar bildirirlər ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 33776,93 manat pensiya kapitalı əsasında, xx.xx.2006-cı il tarixinədək sığorta stajı 25 il hesablanmaqla əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 359,10 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar olaraq 2012.2021-ci il tarixindən 359,10 manata, xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının məbləği 371,37 manata çatdırılmışdır. Məlumat üçün bildirirlər ki, təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1974-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağındakı əmək fəaliyyəti barədə qeyd əmək kitabçasında iki nəfərin imzası ilə tərtib edilmiş akt əsasında qeyd edildiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır; - Ərizəçi məxsus АЗЕ № ******* saylı əmək kitabçasından görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Kəlbəcər Rayon Rabitə Qovşağında elektrik mantyoru işinə qəbul edilmiş, xx.xx.1977-ci ildən hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.1979cu ildə Kəlbəcər rayon Rabitə Qovşağında elektrik mantyoru işinə götürülmüş, xx.xx.1985ci ildə Kəlbəcər Rayon Rabitə Qovşağının Zülfüqarlı rabitə şöbəsində şöbə rəisi vəsifəsinə işə götürülmüş, xx.xx.1987-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir. - AA seriyalı, ******* saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1993-cü ildə Kəlbəcər rayonunu tərk etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və mülki işin materialları ilə müəyyən olundu ki, Ərizəçi xx.xx.1974-di il tarixdən xx.xx.1987-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağında işlədiyini, lakin əmək fəaliyyəti barədə qeydin əmək kitabçasında iki nəfərin imzası ilə akt əsasında tərtib edildiyini əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi yaranmış halla bağlı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Maraqlı şəxs tərəfindən aparılan araşdırma ilə müəyyən edilmişdir ki, ərizəçinin təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1974-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağındakı əmək fəaliyyəti barədə qeyd əmək kitabçasında iki nəfərin imzası ilə tərtib edilmiş akt əsasında qeyd edildiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona görə ərizəçi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə dindirilən şahidlərin ifadələri, tədqiq edilmiş sənədlərlə ərizənin əsaslı olması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə iclasında dindirilən şahidlərin ifadələrini, o cümlədən digər sənədləri mötəbər sübut növü, məlumat kimi qəbul edir və hesab edir ki, bu məlumatlar işin faktiki halları ilə uyğun gəlir və təsdiq olunur, qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. Ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməsində məqsəd aydındır. Belə ki, ərizəçi hazırda yaşa görə görə pensiya təyin edilmişdir. Ərizəçinin hazırkı iş üzrə hüquqi faktın müəyyən edilməsində məqsədi onun xüsusi şərtlərlə pensiya alınması üçün iş stajının müəyyən edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin qərarın 13.4-cü bəndində göstərilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırda işin hallarından görünür ki, ərizəçidən asılı olmayan səbəblərdən (Kəlbəcər rayonun işğal edilməsi), onun Kəlbəcər rayonunda işləməsini təsdiq edən sənədləri əldə etmək mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş ərizəçiyə məxsus əmək kitabçası isə xx.xx.1999-cu il tarixdə doldurulmuş və Kəlbəcər Rayon Rabitə Qovşağının möhürü ilə təsdiqlənmişdir. Lakin maraqlı şəxs tərəfindən əmək fəaliyyəti barədə qeyd əmək kitabçasında iki nəfərin imzası ilə tərtib edilmiş akt əsasında qeyd edildiyindən yuxarıda göstərilən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iş üzrə şahid ifadələrinə münasibətdə qeyd edir ki, X4 ifadəsi və ona məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1976-cı ildən Kəlbəcər Rayon Rabitə Qovşağında işə başlamış və uzun illər orada işləmişdir. X7 ərizəçinin Kəlbəcər Rayon Rabitə Qovşağındakı fəaliyyətini təsdiq etmişdir. Məhkəmə şahid kimi dindirilmiş ərizəçi ilə eyni kənddən, yəni Kəlbəcər rayonun Zülfüqarlı kəndində doğulmuş, X6 isə 1975-ci ildən ərizəçinin elektrik mantyoru işlədiyini təsdiq etmişdir. Məhkəmə iş üzrə şahid kimi dindirilmiş X2 ifadəsinə Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyinə uyğun olaraq sübut növü kimi qiymət verərək qeyd edir ki, şahid ərizəçi ilə eyni müəssisədə işləmələri barədə məhkəməyə hər hansı sübut təqdim etməsə də, onun ifadəsi mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, adıçəkilən şəxs və ərizəçinin özü məcburi köçkündürlər və onların yaşadıqları rayonu tərk edərkən özlərinə aid hüquq müəyyənedici sənədləri, o cümlədən əmək kitabçalarını özləri ilə həmin ərazidən çıxararaq gətirməsi az ehtimal olunandır. Eyni zamanda məhkəmə ərizəçinin məcburi köçkün olmasını, onunla bir yerdə işləmiş şəxslərin ərizəçinin iş stajının təsdiq edə bilməsi üçün sağ olmamaları, həmçinin ərizəçi ilə eyni problemlə üzləşə biləcəkləri ehtimalını da nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi xx.xx.1977-ci ildən hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.1979-cu ildə Kəlbəcər rayon Rabitə Qovşağında elektrik mantyoru işinə götürülmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, qeyd edilən müddətlər ərzində ərizəçi Kəlbəcər rayon Rabitə Qovşağının işçisi olmamış, o, xx.xx.1977-ci ildə işdən azad edilmiş və xx.xx.1979-cu ildə isə eyni vəzifəyə işə götürülmüşdür. Ona görə də, həmin müddət onun Kəlbəcər rayon Rabitə Qovşağında iş stajını daxil edilməməli, ərizəçinin ərizəsi götərilən müddətlərə münasibtədə təmin edilməməlidir. Məhkəmə qanunverciliyin yuxarıda göstərilən normalarını nəzərə alaraq, həmçinin iş üzrə təqdim edilmiş sübutları tətqiq edərək, hesab edir ki, ərizəçinin ərizə qismən təmin edilməklə onun xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək və xx.xx.1979-cu ildən xx.xx.1985ci ildədək Kəlbəcər Rayon Rabitə Qovşağında elektrik mantyoru, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək Kəlbəcər Rayon Rabitə Qovşağının Zülfüqarlı rabitə şöbəsində şöbə rəisi işləməsi faktı müəyyən edilməlidir. Belə ki, ərizəçi məhz xx.xx.1974-cü ildən Kəlbəcər Rayon Rabitə Qovşağında işə başlamasını sübuta yetirə bilməmiş, məhkəməyə təqdim edilmiş sübutlarda onunla eyni müəssisədə işləmiş X4 əmək kitabçasındakı qeydlərə əsasən ərizəçinin xx.xx.1976-cı ildən Kəlbəcər Rayon Rabitə Qovşağında elektrik mantyoru işləməsi faktı təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə həmin ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək və xx.xx.1979-cu ildən xx.xx.1985-ci ildədək Kəlbəcər Rayon Rabitə Qovşağında elektrik mantyoru, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək Kəlbəcər Rayon Rabitə Qovşağının Zülfüqarlı rabitə şöbəsində şöbə rəisi işləməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Qətnamə ərizəçinin işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək və xx.xx.1979-cu ildən xx.xx.1985-ci ildədək Kəlbəcər Rayon Rabitə Qovşağında elektrik mantyoru, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək Kəlbəcər Rayon Rabitə Qovşağının Zülfüqarlı rabitə şöbəsində şöbə rəisi işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar