Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2369/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-yə sahə rəisi vəzifəsinə bərpa olunması və Mediasiya Şurası Bakı 10 saylı Mediasiya Təşkilatına ödədiyi 60 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, müddətsiz əmək müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə cavabdeh təşkilatda mühafizəçi, xx.xx.2009-cu ildə növbə inspektoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci ildən indiyə kimi isə sahə rəisi vəzifəsində çalışmışdır. xx.xx.2024-cü ildə onun sahəsinə aid Cəmiyyətin Xırdalan Logistika Mərkəzində yerli tır çöldən əraziyə daxil olarkən bir nəfər şəxs mühafizəçinin gözündən yayınaraq həmin tırın sağ tərəfindən içəri daxil olub və xarici tırdan oğurluq etmişdir. Oğurluq hadisəsindən sonra, yəni xx.xx.2024-cü ildə onu və 4 mühafizəçini Cəmiyyətin direktoru Zaur Kərəmov və qeyri-rəsmi sistemə nəzarət edən, İran vətəndaşı X1 çağırmışlar. Bundan sonra Məcid Ağapur onu dinləməmiş və rəhbərliyə yaraşmayan tərzdə əlində təsbeh ona bildirmişdir ki, “sən bizi biabır etmisən”, səs tonunu qaldıraraq onun günahı olmadığı halda onu günahlandırmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 17:00-dan etibarən onu qeyri-qanuni olaraq işə buraxmamış, onun yerinə başqa sahədən olan sahə rəisini təyin etmişdir. Onu isə Cəmiyyətin Nizam-İntizam komissiyasına göndərmişdir. xx.xx.2024-cü il tarixdə Nizam-İntizam komissiyasının Qərarına əsasən Cavabdeh MMC-nin sahə rəisi vəzifəsində çalışan İddiaçı 13-cü maddəyə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi uyğun görülmüşdür”. Həmin qərara zidd olaraq onunla Cəmiyyət arasında müddətsiz əmək müqaviləsinə xx.xx.2024-cü ildə Cəmiyyətin 0160K saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “Ştat saylarının azadılması ilə əlaqədar” xitam verilmişdir. Lakin onun işlədiyi sahədə ştat sayları azadılmamış, hazırdada onun işlədiyi sahədə onun ştatı-sahə rəisi ştatı və 4 növbə rəisi ştatı vardır. Onun yerinə isə o, işdən azad olmadan başqa sahə rəisi təyin edilmişdir. xx.xx.2024-cü ildə o, cavabdeh təşkilata mübahisənin həll edilməsi ilə əlaqədar təklif göndərmiş, xx.xx.2024-cü ildə isə Mediasiya Şurası Bakı 10 saylı Mediyasia Təşkilatına ərizə ilə müraciət etmiş, həmin təşkilatda cavabdehlə barışıq əldə edə bilməmiş və həmin təşkilata 50 manat məbləğində pul ödəmişdir. O, hesab edir ki, cavabdeh təşkilat onu qanunvericiliyin tələblərini pozmaqla AR Əmək Məcəllləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad etmişdir. Belə ki, o işlədiyi sahədə ştat sayları azaldılmadan onu qərəzli olaraq işdən azad etmişdir. O, işlədiyi sahədə ştat sayları azadılmadan onu qərəzli olaraq işdən azad etmişlər və onun yerinə isə qeyd etdiyi kimi başqa sahə rəisi təyin etmişlər. 18 ildir ki, cavabdeh təşkilatda mütəlif vəzifələrdə, hazırda isə sahə rəisi vəzifəsində işləyir. İşlədiyi bu müddətdə cəmiyyət qarşısında əmək vəzifələrini layiqincə yerinə yetirmiş, nizam-intizamlı bir işçi kimi özünü göstərmiş və Cəmiyyət tərəfindən 5 dəfə pul mükafatları ilə mükfatlandırılmış və fəxri fərmanlarla təltif olunmuşdur. İş materialları :
3. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 0160/K nömrəli əmrdən görünür ki, Cavabdeh MMC ilə bağlanmış müqaviləyə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir
4. Cavabdeh MMC-nin xəbərdarlıq məktubundan görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam veriləcəyinə dair xəbərdarlıq edilmişdir.
5. Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2024-cü il tarixli MŞB/10/2024- 00306 nömrəli arayışından görünür ki, İddiaçı 50 manat- İMS və 10 manat poçt xidməti üçün ödəmişdir.
6. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş sorğu məlumatından görünür ki, ********** saylı VÖEN üzrə heç bir vergi ödəyici tapılmamışdır.
Tətbiq edilən hüquq :
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
Məhkəmənin mövqeyi :
8. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
9. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir.
10. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən cavabdehin ünvanını müəyyən etmək tərəfimizdən mümkün olmamışdır. İddia ərizəsində cavabdehin VÖEN-i qeyd edilməmişdir. İş materiallarında olan, Bakı 10 saylı Mediasiya təşkilatının “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışda cavabdehin VÖEN-i qeyd edilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat sistemində həmin VÖEN-ə uyğun vergi ödəyicisi tapılmamışdır.
11. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğundan (MPM 35.1m) və ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmədiyindən (MPM 40.1m), işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılması qətnaməni ləğv edilməsi üçün əsas olduğundan (MPM 384.0.4m) iddia ərizəsində cavabdehin ünvanını eyniləşdirməyə imkan verən məlumatların dəqiq qeyd edilməsi zəruridir.
12. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
13. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçının Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva