Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2372/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnlarının itirilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnlarının itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərar ilə müəyyən olunmuşdur ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yaşayış sahəsinə əmlak hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı işlərə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bir daha təsbit etməklə, əslində oxşar mübahisələrin həll olunması qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mülkiyyətçinin razılığı ilə formal olaraq yaşayış sahələrinə qeydiyyata alınmış şəxslərin,alqı-satqıdan sonra yaşayış sahəsini satan şəxslərin,onların ailə üzvlərinin və yaşayış sahəsində qeydiyyatda olan digər şəxslərin istifadə hüququna xitam verilməsi və ya həmin şəxslərin istifadə hüququnun olmamasının müəyyən olunması barədə iddialar bir qayda olaraq ümumi məhkəmələrə verilir və məhkəmələr iddianı təmin etməklə iddiaçıların həmin mübahisə üzrə əsas tələbini,yəni qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması tələbini dolayısı ilə təmin edirlər.Məhz bu cür qətnamələr qanuni qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı bu şəxsləri qeydiyyatdan çıxarır. Halbuki,mövcud qanunvericilik bu cür tələbləri məhkəmədə baxılmalı olmayan tələblərə aid etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnlarının itirilməsinə dair iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı analoji mübahisələrin həll olunmasının dəqiq mexanizmini bir daha müəyyən etmişdir. Belə ki,yaşayış sahəsinə əmlak hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar subyektiv hüquqa malik iddiaçılar ilk olaraq müvafiq icra hakimiyyəti orqanlarına(rayon polis idarələrinə) bu barədə rəsmi ərizə verməlidirlər. Məhkəmə hesab edir ki,həmin ərizələrin müvafiq icra hakimiyyəti orqanları(rayon polis idarələri) tərəfindən təmin olunmaması üçün hər hansı bir hüquqi əsas mövcud deyil. Lakin belə bir imtina olarsa həmin imtina yalnız inzibati icraat qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; Məhkəmə yuxarıda şərh olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnlarının itirilməsinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı iddiaçıya izah olunmalıdır ki,onun həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına(rayon polis idarələrinə) rəsmi ərizə ilə müraciət etmək,imtina olduqda isə inzibati icraat qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ M:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnlarının itirilməsinə dair iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki,onun həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına(rayon polis idarələrinə) rəsmi ərizə ilə müraciət etmək,imtina olduqda isə inzibati icraat qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Fikrət Mirzəyev