Məhkəmə qərarları › İş №2(007)-2406/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2406/2021

21.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2406/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Səadət Sarayında 07 iyul 2020-ci il tarixdə qeydə alınmış 438 nömrəli onunla Cavabdeh arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X1 qızı 07.07.2020-cı il tarixində Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Lakin aralarında rəsmi nikah bağlansa da, heç vaxt faktiki birgə yaşamamış, ailə münasibətləri olmamışdır. Onlar birgə təsərrüfat aparmamışlar və birgə əmlakları da olmayıb. Onların toy mərasimləri keçirilməmiş, sadəcə rəsmi nikah bağlanmışdır. Cavabdehlə hazırda aralarında şəxsi münasibət yoxdur. Belə ki, heç vaxt ailə qurmaq niyyətləri olmayıb. Nikah formal xarakter daşıyır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddianı qəbul edir. münasibətləri yalnız nikah şəhadətnaməsindən ibarətdir. Toy mərasimi olmayib, aralarında kişi qadın münasibəti olmayıb. Ona görə də nikah haqqında şəhadətnamələrinin etibarsız sayılmasını xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 396709 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 07 iyul 2020-ci il tarixdə Səadət Sarayında nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 438 nömrə ilə qeyd edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahı Səadət Sarayında 07 iyul 2020-ci il tarixdə 438 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Hazırda İddiaçı həmin nikahın etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, nikahın etibarsız sayılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsi ilə konkret əsaslar müəyyən edilmişdir və bu əsaslar nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi) və nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1ci maddəsi) kimi əsaslardan ibarətdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Məhkəmə ailə qanunvericiliyinin istinad olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, tərəflərin hər ikisinin ailə qurmaq niyyəti olmamışdır. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, onlar formal olaraq rəsmi nikaha daxil olmuş, nikahları formal olaraq davam etmişdir. Rəsmi nikahda olduqları müddətdə birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Bundan başqa Cavabdeh ərizə yazaraq, İddiaçı ona qarşı iddiasını qəbul etdiyini bildirmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər arasındakı nikah ailə qurmaq niyyəti ilə bağlanmadığı üçün saxta nikah sayılnmaqla etibarsız hesab edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında Səadət Sarayında 07 iyul 2020-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 438 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Səadət Sarayında 07 iyul 2020-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 438 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar