Məhkəmə qərarları › İş №2(007)-241/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-241/2024

17.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-241/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X5 Xidməti cəlb olunmaqla, “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən, X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci ildə "xxxx" ASC ilə bağladığı əmək müqaviləsinə əsasən və 436/k nömrəli əmrinə əsasən Cəmiyyətin “Mexaniki Təmir sexinə” tornaçı vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi 8 ay müddətində onun hər hansı bir nöqsanı olmamış, irad tutulmamış və ona tapşırılan işi 21 iyul 2023-cü ilə kimi bacarıqla və keyfiyyətlə yerinə yetirmişdir. O zaman onunla bağlanmış əmək müqaviləsinin surətini ona təqdim etməmişlər. Onun tələbləri dəfələrlə heç bir nəticə vermədiyi üçün sonradan işində problem yaranmasın deyə, o, işi ilə məşğul olmuşdur. Onu işə qəbul edəndə həftədə 41 saat iş rejimində işləyəcəyini bildirmələrinə baxmayaraq, əslində onu hər gün 10 saatlıq iş rejimində işlətmişlər. Buna baxmayaraq onun əmək haqqını əlavə iş saatlarına görə artırmamışlar. Ona görə o, bir müddətdən sonra əlavə işlədiyi iş saatlarına görə əmək haqqının ödənilməsini tələb etmişdir. Lakin onun tələbi cəmiyyətin rəhbərliyi tərəfindən pis qarşılanmış və rəhbərlik getdikcə onun işdən çıxarılması üçün tabeliyində olan şəxslərə tapşırıq vermişdir. Sonradan, yəni xx.xx.2023cü il tarixində 369/k nömrəli əmrlə onu AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. O, işdən çıxarılmasının səbəbini soruşduqda, ona heç bir məlumat verilməmiş və bildirilmişdir ki, rəhbərlik onunla işləmək istəmir. O zaman o, işdən azad olunması barədə əmrin surətini aldıqda məlum olmuşdur ki, guya onun barəsində “Mexaniki Təmir” sahəsinin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixində akt tərtib edilmiş, cəmiyyətin kadrlar şöbəsinin rəisi F.Hüseynovun xidməti məlumatı və mexaniki təmir sahəsinin rəisi E.Hüseynovun xx.xx.2023-cü il tarixli təqdimatı yazılmışdır. Ona görə, o, əsassız olaraq işdən azad edilməsi və işə bərpa edilməsi barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsinə baxmayaraq, guya ona verilən cavab məktubu onun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin onun ünvanına göndərilən cavabları o, ala bilməmişdir. Onunla cəmiyyət arasında əmək mübahisəsinin mediasiya qaydasında həll edilməsi üçün ilkin olaraq mediasiya təklifi göndərmiş, lakin cavabdeh onun təklifinə cavab verməmişdir. Ona görə də, mübahisənin həll edilməsi məqsədi ilə mediasiya şurasının 16 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh- "xxxx" ASC mediasiya təşkilatına gəlməmişdir. 16 saylı Mediasiya təşkilatı MŞB/16-01640 nömrəli xx.xx.2023-cü il tarixində mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh "xxxx" ASC-nin rəhbərliyi onun barəsində kompramat yaratmaq üçün Bakı şəhəri Nizami Rayon 23-cü Polis Bölməsinə müraciət edərək guya o, Tik-Tok sosial şəbəkəsində müəssiənin rəhbərliyinə qarşı və müəssisənin imicinə xələl gətirən çıxışlar etmiş və onun çıxışları müəssisədə nizam intizamı pozduğuna görə onu işdən azad etmişlər. Hesab edir ki, cavabdeh "xxxx" ASC-nin onu işdən azad etməsi barədə gətirilən dəlillər əsassız və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin kobud pozuntusu ilə müşahidə olunduğundan cavabdehin xx.xx.2023-cü il tarixili 369/k nömrəli əmri etibarsız hesab edilməli, o, işə bərpa edilməli və məcburi boşdayanmaya görə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Onun əmək funksiyasını yerinə yetirməməsi və tutduğu vəzifəyə uyğun olmaması ilə əlaqədar AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edərkən cəmiyyətin rəhbərliyi işdən azad edilməsini və onun nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğu əsaslandırılmalıdır. Lakin hazırda təqdim edilmiş əmrlərin surətindən görünür ki, belə əsaslandırma aparılmamışdır. Ona görə də onun işdən azad edilməsi barədə verilmiş əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbinin kobud şəkildə pozulması hesab olunur. İkincisi, əmək məcəlləsinə əsasən işçi işdən edilməsi barədə məsələ müzakirə edilərkən bu barədə onu dəvət etməli, ondan izahat almalı və işdən azad olunması barədə müəssisə daxili Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərirsə, təqdimat müzakirə olunmamışdan əvvəl ona bu barədə məlumat verilməli idi. Lakin onun işdən azad edilməsi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmiş və məsələyə münasibəti soruşulmamışdır. Onun işdən azad olunması üçün əsas olmuş təqdimatların hüququ əsası yoxdur. Belə ki, onun işdən azad olunması barədə təqdimatda göstərilən halların heç biri ona aid deyildir. O müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlər etməmişdir. O, sənətkardır və 40 il eyni sənət üzrə işləyir. Əgər o hər hansı bir qeyri-qanuni hərəkət etmiş olsaydı, o zaman Cəmiyyətin rəhbərliyi ondan bu barədə izahat tələb etmiş olardı. Lakin bu vaxta kimi ondan heç bir izahat alınmamışdır. İşdən azad etmə işdə nöqsanı olmuş şəxsə tətbiq edilən ən ağır cəzadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra inzitamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən işçiyə əmək intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat almalıdır. Bundan başqa Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakteri nəzərə almalıdır. Lakin onun işdən azad edilməsi barədə verilmiş Əmrdən müəyyən etmək olur ki, Cəmiyyətin rəhbərliyi onun işdən azad olunmasını hər hası bir sübutla əsaslandırmamış və bu barədə onun fikrini aydınlaşdırmamışdır. Cəmiyyət onun işdən azad edilməsi ilə əlaqədar əmr verərkən, onun maddi vəziyyətini, işə ehtiyacının olmasını, heç bir nöqsanının olmamasını nəzərə almamışdır. O işdən azad olunduğu halda onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə etməmişlər. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixində 369/k nömrəli Əmrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı 14 noyabr 2023-cü il və 11 dekabr 2023-cü il tarixlərdə məhkəməyə iddia ərizəsinə əlavələr təqdim edərək, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi qismində 35000 (otuz beş min) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir və əlavə olaraq göstərmişdir ki, 21 iyun tarixində işdən çıxarkən ona demişlər ki, səhər işə gəlməsin. Həmin gün isə 5-ci gün olmuşdur. O və digər işçilər həftənin 6 gününü işləmişlər. İş rejimləri saat 09-dan 17-ə qədər olmalıdırsa, onlar saat 08dən 18-dək işləmişlər. Altıncı gün o, işə getmiş və müəssisə tərəfindən işə buraxılmamış, əlaqə saxladıqda isə ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıldığını demişlər. Guya ki, o, qanunsuz hərəkətlər etmişdir. O, işlədiyi müddətdə nə qədər etsə də, əmək müqaviləsinin surətini ala bilməmişdir. O, ömrü boyu dövlət müəssisələrində işləmiş, kart vasitəsilə pulunu almışdır. Belə ki, işçilər ona demişlər ki, onlara Mehmanın onların arasında təbliğat apardığını demələri tapşırılmışdır. O, heç bir təbliğat aparmamışdır. Sosial şəbəkələrdə öz fikrini demişdir. Bildirmişdir ki, onu haqsız işdən çıxarmış, vergidən yayınmışlar. Ona işdən çıxarılması barədə heç nə izah etməmişlər. Sadəcə işə gəlməməsini demişlər. Onu üç dəfə görüşməyə çağırmış, ərizə yazmasını demişlər. Onun vəziyyəti pis, ailə vəziyyəti çətindir. Müəssisədə 8 ay işləmişdir. O, məcburi iş buraxmaya görə tam 5 ayın əməkhaqqını cavabdehdən tələb edir. Həmçinin, əlavə bayram günlərində də işləmişdir. 6 aydır ailəsini dolandıra bilmir və işsizdir. Buna görə də, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı 10 saat işlədiyini qeyd etsə də, bununla bağlı sübutlarını təqdim etməmişdir. Onlar iddiaçını qəbul etmişlər və bununla bağlı akt tərtib edilmişdir. İddiaçı tərəfindən “Tiktok” səhifəsində müəssisəni və onun rəhbərini biabır edən, onun işgüzar nüfuzuna xələl gətirən ifadələr işlədilib və iddiaçı bu ifadələri məhz müəssisədə işləyərkən etmişdir. İddiaçı müəssisədə işçilərin qul kimi işlədildiyini ifadə etsə də, müəssisə xüsusi müəssisədir, metallurgiya sahəsi ilə bağlı və təhlükə mənbəyi olan müəssisədir. Videolar çəkib paylaşmaq, işgüzar nüfuza ziyan vuran ifadələr işlətmək düzgün deyil. Onlar polis orqanlarına müraciət etmiş və tərəf polis orqanlarına dəvət edilmişdir. Polis şifahi xəbərdarlıqla araşdırmalar aparmışdır. İddiaçı şifahi xəbərdarlıq edilmişdir. Sahibkar özü Mehman bəyi şəxsən qəbul etmiş və iddiaçı orada bildirmişdir ki, o şəhid, qazi ailəsidir. Bundan sonra iddiaçının əməkhaqqını birdən-birə 500 manat məbləğində qaldırmışlar. İddiaçı sahibkarın yanında olmuş, onunla şəkil çəkdirmiş, onu “Tiktok”da paylaşmış və qeyd etmişdir ki, onu aldatmışlar. Sex rəisinin, Kadrlar şöbəsinin təqdimatları var. Belə ki, iddiaçı işçilər arasında işi dayandırmaq barəsində təbliğat aparmışdır. Rəhbərlik yenə də təklif etmişdir ki, “gəlsin öz xoşu ilə getsin”. Onlar ilk olaraq onun izahatını istəmişlər. İddiaçı tərəfindən işləyə-işləyə bir neçə dəfə bu tipli mənfi paylaşımlar edilmişdir. Onlar qarşı tərəflə bir daha görüş keçirmişlər. Onlar təklif etmişlər ki, onun bir aylıq əməkhaqqını ödəyə bilərlər ki, ona kömək olsun. İddiaçı sosial şəbəkələrdən bir çox paylaşımları silmişdir. İddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X5 Xidməti hazırkı məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 20 oktyabr 2022-ci il tarixli, 1713 saylı əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC (VÖEN:**********) ilə İddiaçı arasında sonuncunun Mexaniki təmir sahəsində tornaçı vəzifəsinə qəbul olunması, 21 oktyabr 2022-ci il tarixdən işə başlaması, işçiyə hər ay 660 (altı yüz altmış) manat əməkhaqqı ödənilməsi, gündə 8 saatdan, həftədə 40 saatdan çox olmayaraq işləməsi, 27 gün müddətinə əmək məzuniyyətinin verilməsi barədə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin: -5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır; -9-cu bəndinə əsasən, əmək müqaviləsi AR Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74, 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər, işəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir, işçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir, işəgötürən tərəfindən zor işlədilərək, hədə qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir. - "xxxx" ASC-nin 25 may 2023-cü il tarixli, 13-Ü saylı əmrinin surətindən görünür ki, Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı 200 (iki yüz) manat fərdi əlavəsinin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən sonuncunun əmək haqqına hər ay 467 (dörd yüz altmış yeddi) manat fərdi əlavə edilməsi əmr edilmişdir. - "xxxx" ASC-nin 19 iyun 2023-cü il tarixli, 22-Ü saylı əmrinin surətindən görünür ki, Mexaniki təmir sahəsinin Tornaçısı İddiaçı 467 (dörd yüz altmış yeddi) manat fərdi əlavəsinin ləğv edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən Mexaniki təmir sahəsinin Tornaçısı İddiaçı əmək funksiyasını yüksək peşəkarlıq səviyyəində yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqləndiyinə görə, aylıq əmək haqqına hər ay 1040 (min qırx) manat fərdi əlavə edilməsi əmr edilmişdir. - "xxxx" ASC mexaniki sexin rəisi Eyvaz Hüseynovun xx.xx.2023-cü il tarixli təqdimatının surətindən görünür ki, mexaniki sahənin tornaçısı İddiaçı iş zamanı işçilər arasında rəhbərliyə qarşı təbliğat apararaq işçilərə işi dayandırmağı, rəhbərlikdən əlavə pul ödənişləri istəməyi bildirmiş və heç kimə tabe olmadığını demişdir. Buna görə də "xxxx" ASC-nin sədrindən İddiaçı haqqında tədbir görülməsi xahiş edilmişdir. - "xxxx" ASC-nin 22 iyun 2023-cü il tarixli, 25-Ü saylı əmrinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı, müəssisədaxili intizam qaydalarını pozduğuna, həmçinin Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrinə səhlənkar yanaşdığına görə sonuncu xəbərdarlıqla Şiddətli Töhmət elan edilmişdir. - xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı ona verilmiş şiddətli töhmət əmri ilə tanış olmaq üçün dəvət olunmuş, amma sonuncu onu imzalamaqdan imtina etmişdir. Bu barədə akt tərtib edilərək, "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi F.Ə.Hüseynov, hüquqşünas P.M.Əzimova və mühasib Hacıağa Qədirli tərəfindən imzalanmışdır. - 19 iyul 2023-cü il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı iş zamanı işçilər arasında Müəssisənin rəhbərliyinə qarşı təbliğat apararaq: “Gəlin hamımız bir nəfər kimi qalxaq ayağa, işi dayandıraq, rəhbərlikdən tələb edək ki, bizə əlavə pul ödəsin.” kimi fikirlər səsləndirmiş, habelə özünün heç kimə tabe olmaması, işçilərə də bunu tövsiyyə etməsi kimi məsləhət vermiş, təkidlərinə baxmayaraq işçilərin ona tabe olmadığını gördükdən sonra isə işçilərin arasına qayıdaraq, artıq rəhbərliklə görüşdüyünü, ona əlavə pul verilməyəcəyi təqdirdə bütün sexin işçilərini ayağa qaldıracağı ilə hədələdiyini, sosial şəbəkələrdə müəssisəni biabır edəcəyini, bunun qarşılığında rəhbərliyin ondan qorxaraq əlavə pul müavinatı verdiyini qeyd etmişdir. Göstərilənləri təsdiqləmək üçün müəssisənin mexaniki təmir sahəsinin işçiləri bu barədə müvafiq akt tərtib edərək, hər biri öz imzası ilə aktın doğruluğunu təsdiq etmişlər. - "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi F.Ə.Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli xidməti məlumatdan görünür ki, İddiaçı, F.Ə.Hüseynovun və müəssisənin nüfuzuna xələl gətirərək, müxtəlif sosial şəbəkələrdə onun haqqında düzgün olmayan məlumatlar yerləşdirmişdir. - "xxxx" ASC-nin mexaniki sexin rəisi X1 20 iyul 2023-cü il tarixli təqdimatından görünür ki, tornaçı İddiaçı sexin və müəssisənin şəklini telefonla çəkərək sosial şəbəkədə müxtəlif yerlərə və sexin işçilərinə göndərərək təxribat aparmışdır. Buna görə də İddiaçı haqqında tədbir görülməsi xahiş edilmişdir. - "xxxx" ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinin surətindən görünür ki, tornaçı İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, 16 (on altı) təqvim gününə mütənasib olaraq son haqq-hesabın İddiaçı ödənilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məlumatından çıxarışlardan görünür ki, İddiaçı əmək qanunvericiliyinin tələblərinin pozulması barədə müraciəti rəsmi qaydada qeydə alınmış və müraciətin cavabının onun yaşadığı ünvana göndəriləcəyi qeyd edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 239 nömrəli məktubundan görünür ki, ASC tərəfində İddiaçı əmək müqaviləsi və ona əlavə edilmiş digər sənədlər müvafiq araşdırma ilə bağlı X2 təqdim edilmişdir. - Məhkəmənin X5 Xidmətinə ünvanladığı sorğuya əsasən, DƏMX tərəfindən İddiaçı şikayəti ilə əlaqədar materiallar, o cümlədən iş vaxtının uçot tabeli, "xxxx" ASC-nin əmək haqqı cədvəli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus əmək haqqı üzrə çıxarışlar, son haqq hesabın hesablanması barədə bütün sənədlər məhkəməyə rəsmi qaydada təqdim edilmiş, məhkəmə iclasında araşdıralaraq tədqiq edilmişdir. - MŞB/16-01640 nömrəli, xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və onun tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. - Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin baş təhqiqatçısı N.N.Salmanovun 09 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, vətəndaş İddiaçı və ASC-nin kadrlar şöbəsinin rəisi X3 qarşılıqlı şikayət ərizələri ilə əlaqədar, toplanmış HK-1/1316 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Məhkəməyə "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi X6 ilə iddiaçı arasında olmuş səs yazılarının əks olunduğu 01 ədəd yaddaş kartı (fləş kartı) təqdim edilmiş, səs yazılarında tərəflər arasında olan söhbət zamanı M.C.Barodovun əmək haqqından əlavə hər ay əmək haqqı köçürülən tarixdə 500 manat pul vəsaitini qarşı tərəfdən aldığı təqdirdə heç bir etirazının olmayacağını qeyd etməsi müəyyən olunur. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə İddiaçı arasında 20 oktyabr 2022-ci il tarixli, 1713 saylı əmək müqaviləsi bağlanmışdır, sonuncu 21 oktyabr 2022-ci il tarixdən Mexaniki təmir sahəsinin tornaçısı vəzifəsində işə başlamışdır. "xxxx" ASC-nin 25 may 2023-cü il tarixli, 13-Ü saylı əmri ilə İddiaçı 200 (iki yüz) manat fərdi əlavəsi ləğv edilmiş, xx.xx.2023-cü il tarixdən sonuncunun əmək haqqına hər ay 467 (dörd yüz altmış yeddi) manat fərdi əlavə edilməsi əmr edilmişdir. 19 iyun 2023-cü il tarixli, 22-Ü saylı əmri ilə tornaçı İddiaçı 467 (dörd yüz altmış yeddi) manat fərdi əlavəsi ləğv edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən İddiaçı əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqləndiyinə görə, aylıq əmək haqqına hər ay 1040 (min qırx) manat fərdi əlavə edilməsi əmr edilmişdir. "xxxx" ASC mexaniki sexin rəisi Eyvaz Hüseynovun 22 iyun 2023-cü il tarixli təqdimatı və "xxxx" ASCnin 22 iyun 2023-cü il tarixli, 25-Ü saylı əmri ilə, mexaniki təmir sahəsinin tornaçısı İddiaçı, müəssisədaxili intizam qaydalarını pozduğuna, həmçinin Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrinə səhlənkar yanaşdığına görə sonuncu xəbərdarlıqla Şiddətli Töhmət elan edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı ona verilmiş şiddətli töhmət əmri ilə tanış olmaq üçün dəvət olunmuş, amma sonuncu onu imzalamaqdan imtina etmişdir. Bu barədə akt tərtib edilərək, "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi F.Ə.Hüseynov, hüquqşünas P.M.Əzimova və mühasib Hacıağa Qədirli tərəfindən imzalanmışdır. İddiaçı iş zamanı işçilərə işi dayandırmaları, rəhbərlikdən əlavə pul ödənişləri istəmələri barədə işçilər arasında rəhbərliyə qarşı təbliğat apardığından, 19 iyul 2023-cü il tarixli akt tərtib olunaraq mexaniki təmir sahəsinin işçiləri tərəfindən imzalanmışdır. İddiaçı, F.Ə.Hüseynovun və müəssisənin nüfuzuna xələl gətirməsi, müxtəlif sosial şəbəkələrdə düzgün olmayan məlumatlar yerləşdirməsi əsası ilə bu barədə "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi F.Ə.Hüseynov tərəfindən xx.xx.2023-cü il tarixli xidməti məlumat tərtib edilmişdir. İddiaçı sexin və müəssisənin şəklini telefonla çəkərək sosial şəbəkədə müxtəlif yerlərə və sexin işçilərinə göndərərək təxribat apardığı əsası ilə bu barədə "xxxx" ASC-nin mexaniki sexin rəisi X4 tərəfindən 20 iyul 2023-cü il tarixli təqdimat verilmiş, İddiaçı haqqında tədbir görülməsi xahiş edilmişdir. "xxxx" ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmri ilə tornaçı İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, son haqq-hesab 16 (on altı) təqvim gününün İddiaçı ödənilməsi əmr edilmişdir. Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin baş təhqiqatçısının 09 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə, vətəndaş İddiaçı və X3 qarşılıqlı şikayət ərizələri ilə əlaqədar, HK-1/1316 saylı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda isə İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixində 369/k nömrəli əmrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi və ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 35000 (otuz beş min) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və İddiaçı ASC-də tornaçı vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Habelə, qeyd olunan əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən tərəflərindən biri digərinin istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurulduğu təqdirdə, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Məhkəmə İddiaçı iddia tələbinin “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” hissəsini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuş, "xxxx" ASC-nin mexaniki təmir sahəsinin tornaçısı İddiaçı iş zamanı işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğat aparıb, özünün heç kimə tabe olmadığını əsas gətirərək, hamının işi dayandıraraq “ayağa qalxmasını”, rəhbərlikdən onlara əlavə pul ödənilməsini tələb etmələrini müəssisənin digər işçilərinə israrla bildirmiş, lakin təkidlərinə baxmayaraq işçilərin ona tabe olmadığını gördükdən sonra isə işçilərin arasına qayıdaraq, artıq rəhbərliklə görüşdüyünü, ona əlavə pul verilməyəcəyi təqdirdə bütün sexin işçilərini ayağa qaldıracağı ilə hədələdiyini, sosial şəbəkələrdə müəssisəni biabır edəcəyini, bunun qarşılığında rəhbərliyin ondan qorxaraq əlavə pul müavinatı verdiyini qeyd etmişdir. Bununla bağlı, 19 iyul 2023-cü il tarixdə müəssisənin digər işçilərinin iştirakları ilə, müvafiq olaraq akt tərtib edilmiş, işçilərin hər biri öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq, cavabdehin nümayəndəsi iddiçıanın həmçinin, “Tiktok” sosial şəbəkəsində müəssisənin nüfuzuna, qanunla qorunan mənafelərinə xələl gətirərək həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyini, bununla da müəssisənin maraqlarına kobud surətdə toxunduğu qeyd etmiş, iddiaçı isə həmin sosial şəbəkədə müəssisənin əleyhinə cavabdehin nümayəndəsinin bəhs etdiyi qaydada fikirlər səsləndirdiyini inkar etməmişdir. Bundan sonra, hər iki tərəfin qarşılıqlı şikayətləri əsasında Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı tərəfindən müvafiq qaydada araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, habelə iddiaçının X5 Xidmətinə müraciəti əsasında cavabdeh bütün zəruri sənədləri DƏMX-nə təqdim etmiş və müvafiq araşdırma aparılmışdır. Məhkəmə tərəfindən sözügedən araşdırma ilə bağlı toplanmış bütün materiallar DƏMX-dən sorğu əsasında tələb edilərək öyrənilmiş və işəgötürənin əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada hər hansı hüquq pozuntusuna yol verməklə əmək müqaviləsinə xitam verməsini təsdiq edə biləcək hər hansı hal aşkar edilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, tərəflər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7ci maddəsinin 2-1-ci hissəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə yazılı formada əmək müqaviləsi bağlanmış, tərəflər sözügedən müqavilə şərtlərini razılaşdırmışlar, o cümlədən tərəflərin hüquq və vəzifələri, əmək müqaviləsinə xitam verilməsi şərtləri və bunun hüquqi nəticələri müqavilədə əksini tapmışdır. Hazırkı İddiaçı isə müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuş, sosial platformada müəssisənin nüfuzuna və qanunla qorunan mənafeyinə xələl gətirən ifadələr səsləndirmiş (hansı ki, məhkəmə iclasında da iddiaçı bu faktı inkar etməmişdir), bundan başqa işçilər arasında müxtəlif formalı təbliğatlar aparmaq surətilə müəssisədaxili qaydaları dəfələrlə pozduğuna görə müəssisə rəhbərliyi tərəfindən şifahi qaydada xəbərdarlıq edilmiş, sonuncu dəfə isə barəsində şiddətli töhmət elan edilmiş, lakin iddiaçı həmin əməllərinə davam etmiş və nəticədə cavabdeh "xxxx" ASC-nin sədrinin xx.xx.2023-cü il tarixli əmri ilə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbləri nəzərə alınmaqla, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil, buna görə də iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin “Qeyd” hissəsində isə göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İddia tələbinin “məcburi iş buraxmaya əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının göstərdiyi qaydada əmək müqaviləsinə xitam verilməsinə dair əmrin əsassızlığı sübuta yetirilmədiyi halda, hazırkı tələbin təmin edilməsi üçün əsaslar mövcud deyil, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iddia tələbinin əsasını təşkil edən maddi ziyanın iddiaçı tərəfindən cavabdehdən tələb edilməsinin, tələbin əsaslılığının yoxlanılması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçıya maddi ziyan vurması, bu ziyanın vurulmasında təqsirli olması müəyyən edilməmişdir, ona görə də iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddia tələbinin “dəymiş mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı göstərilənlərə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçının qənaətinə görə mənəvi ziyan məhz onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsindən irəli gəlmişdir. Məhkəmə iddianın dəymiş mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir, həmin tələb iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbindən törəmə tələbdir, tələb həmin hissədə rədd edildiyi halda, dəymiş mənəvi ziyanın ödənilməsi hissəsində də iddia tələbi rədd edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, işəgötürən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X5 Xidməti cəlb olunmaqla, “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, iddia tələbi isə rədd edilmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X5 Xidməti cəlb olunmaqla, “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar