Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2421/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi X6, Maraqlı şəxs X17 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X20 qarşı “mirasın qəbul edilməsi faktı” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi faktı” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009cu ildə vəfat etmiş X4 Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4-Ə-1/156 saylı alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mirmehdi Seyidzadə küçəsi (əvvəlki adı: Q.Qarayev küçəsi) 0.02 hektar torpaq sahəsinin (əsas: Torpağın Mülkiyyətinə verilməsinə dair şəhadətnamə JN- 11709D, Kod-0060056) qəbulu faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1950-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. xx.xx.1969-cu ildə Azərbaycan Respublikası vətəndaşı olan X9 ilə rəsmi nikaha daxil olmuşdur. Mərhum həyat yoldaşı 2004-cü ildə Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4-0-1/156 saylı alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mirmehdi Seyidzadə küçəsi (əvvəlki adı: Q.Qarayev küçəsi) 0.02 hektar torpaq sahəsi (əsas: Torpağın Mülkiyyətinə verilməsinə dair şəhadətnamə JN- 11709D, Kod-0060056) almışdır. Həyat yoldaşı xx.xx.2009-cu il tarixində Bakı şəhərində vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra mərhumun adına olan mirasın qəbulu üçün 4 saylı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etmiş olsa da, xx.xx.2024-cü il tarixdə №/3877 məktubla mirasın faktiki qəbulu üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. X1 ilə onun vəfatınadək həmin torpaq sahəsində yerləşən sənədsiz tikilidə yaşamış, onun vəfatından sonra da o, hal-hazıradək həmin evdə yaşamağa davam etmişdir. Yəni ki, mirası faktiki olaraq qəbul etmişdir, bunu qonşular da təsdiq edə bilərlər. Məhkəmə iclaslarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X23 maraqlı şəxs qismində cəlb edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X13 ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, atası İsayev Mehman 2009-cu ildə vəfat etmişdir. Onun adına olan torpaq və həmin torpaqda tikilən evdə atası anası ilə birlikdə yaşayırdılar. Torpaq və onun üzərində tikilən ev Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşir. Torpaq atası ilə anasının birgə nikah dövründə alınıb, anası və atası 1969-cu ildən nikahdadır. Atası dünyasını dəyişəndən indiyə kimi anası həmin evdə tək yaşayır. Onların hüquqi savadı olmadığı üçün evi 2009-cu ildən anasının adına keçirməmişlər. Atasının vərəsələri olaraq 3 bacı, 1 qardaş olmaqla ailədə 4 övladdırlar. Mübahisəli əmlakdan 2 bacısı imtina edib, qardaşı da ona etibarnamə verib. Mübahisəli əmlakla bağlı hazırda aralarında mübahisə yoxdur. Qardaşının evə iddiası yoxdur, qardaşı ilə anası həmin evdə birlikdə yaşayacaq, anasından sonra ev ona qalacaqdır. Ata babası X18, nənəsi də İsayeva Rasta xanım hər ikisi dünyasını dəyişmişdir. İşıq, qaz sayğacı atasının adına, su isə qardaşının adınadır. Onların torpağa və evə sənədləri yoxdur, onlar hazırda sənəd ala bilmir, çünki o torpağın üstündə 3 nəfər ev tikib və onların sənəd alması üçün hamının razılığı lazımdır. Onlara görə qonşular da sənəd ala bilmir. Evdə ümumiyyətlə heç kəs qeydiyyatda deyil. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs X23 bildirdi ki, mübahisəli əmlakı anasının adına keçirməyinə etirazı yoxdur. Bununla bağlı aralarında mübahisə yoxdur. Bu torpaqda anası ilə birlikdə yaşayır, su onun, qaz, işıq və ev telefonu atasının adınadır. Məhkəmə iclasında X19 şahid qismində ifadə verərək göstərdi ki, Məryəm xanım onların qonşularıdır, evlərinin sağ tərəfi Məryam xanımın, sol tərəfi isə Gözəl xanımın evidir. Onlar mübahisəli torpaq sahəsində yaşayırlar. O ev qayınanası Leyla Şükürovanındır. Onlar sənəd almaq istəmişlər, lakin onlara qonşular imza çəkməli olduğu üçün problem yaratmışlar. Onlar torpağa çıxarışları olsa da yaşadıqları evə çıxarış ala bilmirlər. Çünki Məryam xanımın evi onun həyat yoldaşının adınadır. Məryam xanım o evdə oğlu ilə birlikdə yaşayır. Məhkəmə iclasında X10 şahid qismində ifadə verərək göstərdi ki, ərizəçi Məryam xanımla qonşudurlar və Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, dalan 4 ünvanında yerləşən torpağı birlikdə almışlar. Oranı hazır ev şəklində 2004-cü ilin aprel-avqust aylarında Mehman müəllim almışdır. Onlar da eyni vaxtda Aybəniz adlı xanımdan torpağı almışlar. O, torpağa çıxarış almamışdır, lakin şəhadətnaməsi var. Şəhadətnamə ona Suraxanı rayon İcra hakimiyyətindən verilib. Bu torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədir. Heç çıxarış almaqla maraqlanmamışdır. Mehman müəllimin torpağı ilə bağlı heç kəs gəlib mübahisə etməyib. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AЗ 091200 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X14 xx.xx.1969-cu il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 13 nömrə ilə qeyd edilmişdir. - AZ-İ Seriyalı 404030 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15 dekabr 2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 may 2010-cu il tarixdə 298 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2004-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası DTXK-nin Bakı şəhər Şöbəsi tərəfindən xx.xx.2002ci il tarixdə verilmiş şəhadətnamə əsasında ümumi sahəsi 0,08 ha olan Bakı şəhəri, Əmircan qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən torpaq sahəsinin 150 kv.m sahəsi X8, 150 kv.m sahəsi X2, 200 kv.m sahəsi X4 mülkiyyətinə verilmişdir. - Torpağın Mülkiyyətinə verilməsinə dair JN-11709D, Kod-0060056 şəhadətnaməsinin surətindən görünür ki, Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4-Ə-1/156 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0,02 ha hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4 mülkiyyətinə verilib. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2006-cı il tarixli, **********9 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qarayev Əliheydər küçəsində yerləşən 0.015 hektar torpaq sahəsi X11 adına həmin tarixdə qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mirmehdi Seyidzadə küçəsində (Yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi, giriş 402) yerləşən 0.015 hektar torpaq sahəsi X7 adına həmin tarixdə qeydə alınmışdır. - 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 478 nömrəli məktubdan görünür ki, xx.xx.2009-cü il tarixdə vəfat etmiş X4 adına V-508/2024 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın açıldığı zaman qüvvədə olan 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. AR MM 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Yuxarıda qeyd edilənlərə əsasən mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli **********712 və **********710 saylı ərizələrin surətindən görünür ki, X5 və X15 15 dekabr 2009-cu il tarixdə ölmüş X3 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirası faktiki qəbul etməmiş, etmək də niyyətində deyillər. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçi tərəfin, maraqlı şəxsin izahatını və şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. Ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakt- mirasın faktiki qəbulu faktı hüquqi əhəmiyyətli olmaqla, ərizəçinin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mirmehdi Seyidzadə küçəsi (əvvəlki adı: Q.Qarayev küçəsi) 0.02 hektar torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin alınması üçün zəruridir. Eyni zamanda məhkəmə qeyd edir ki, vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. İşin faktiki hallarından görünür ki, X9 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Mülki qanunvericiliyə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi ilə açılır. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibəti xx.xx.2009-cu ildə X4 ölümü ilə yarandığından, hazırkı iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qüvvədə olan Mülki Məcəllənin həmin dövr üçün qüvvədə olmuş normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki qanunvericiliyə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbul edilməsi dedikdə- vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur.Belə ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Mülki qanunvericiliyin miras açılan vaxt qüvvədə olan normalarına əsasən mirasın qəbulu ilə bağlı hərəkətlər vərəsəlik açılan gündən 6 ay ərzində edilməlidr. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəlləsi 1255 m). Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin mirasın qəbulu müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunu qərarlarında qeyd etmişdir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi həyat X1nun ölümündən sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mirmehdi Seyidzadə küçəsi (əvvəlki adı: Q.Qarayev küçəsi) 0.02 hektar torpaq sahəsi miras əmlak olaraq qalmışdır. Miras qalmış torpaq sahəsini isə ərizəçi tərəfindən faktiki qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, miras əmlak ərizəçi tərəfindən bu günədək rəsmiləşdirilməsə də, həmin əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi, həmin əmlaka faktiki olaraq yiyələnməsi kimi qiymətləndirilməlidir. Belə ki, ərizəçi miras əmlakı faktiki idarə edərək miras əmlakını qəbul etdiyini nümayiş etdirmişdir. Mərhumun digər vərəsələri övladları isə miras əmlakını qəbul etməmiş və ya bununla bağlı notariat ofisinə müraciət etməmişlər. Belə ki, ərizəçinin qızları X5 və X15 notarial qaydada ərizə verərək atalarından qalan miras əmlakı faktiki qəbul etmədiklərini və belə bir niyyətlərinin olmadığı bildirmiş, digər qızı X13 ərizəçinin nümayəndəsi, oğlu X23 isə maraqlı şəxs qismində məhkəmə iclasında iştirak edərək miras əmlakının anaları tərəfindən qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Qeyd edilənlərə əsasən ərizəçinin mirası faktiki qəbul edərək onu idarə etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır. Belə ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mirmehdi Seyidzadə küçəsi (əvvəlki adı: Q.Qarayev küçəsi) 0.02 hektar torpaq sahəsinin faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mirmehdi Seyidzadə küçəsi (əvvəlki adı: Q.Qarayev küçəsi) 0.02 hektar torpaq sahəsinin faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2421/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2421/2025
25.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver