Məhkəmə qərarları › İş №2(007)-2428/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2428/2025

17.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2428/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: torpaq sahəsinə baxış, inventarlaşdırma, maneələrin aradan qaldırılması və s.) X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, eyni zamanda dirgər İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı “torpaq sahəsinə baxış və inventarlaşdırma işlərinin aparılmasına maneə törədən hərəkətlərə son qoyulması və bu işlərə şərait yaratması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçılar X1, İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı “torpaq sahəsinə baxış və inventarlaşdırma işlərinin aparılmasına maneə törədən hərəkətlərə son qoyulması və bu işlərə şərait yaratması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə DƏDRX-in 1 saylı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə baxış və inventarlaşdırma işlərinin aparılmasına maneə törədən hərəkətlərinə son qoyması və bu işlərə şərait yaratması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia ərizəsini geri götürdüyünü bildirmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsində yerləşən 3 saylı ev biz dörd qardaşın - Cavabdeh, X1, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətindədir. Bu ev onlara atalarından miras qalmışdır. Evin altında və həyətyanı sahəsində qanuni istifadələrində olan 0,09 ha torpaq sahəsi vardır. Bu torpaq sahəsi üzərində də mülkiyyət hüquqlarını dövlət qeydiyyatından keçirmək istəyirlər. Bununla əlaqədar DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişlər. Bu idarənin işçiləri həyətə gəlmiş və baxış keçirmək istəmişlər. Lakin cavabdeh olan digər qardaşları Cavabdeh onlara işlərini yerinə yetirməyə icazə verməmiş və dava salaraq onları həyətdən çıxarmışdır. Dəfələrlə cavabdehə etiraz edib maneçilik törətməməsini tələb etmişlər. Lakin, o, tərsliyindən əl çəkmir və işçiləri həyətə buraxmır. Nəticədə onlar hüquqlarını əldə edə bilmirlər. Müraciətlərinə 02 fevral 2023-cü il tarixli məktubla cavab verən DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi onlara baxış və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmaması səbəbindən sənədləşmə işlərini apara bilmədiklərini və məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Odur ki, cavabdehin üzərinə reyestr xidməti işçilərinin həyətə baxış və inventarlaşdırma işlərinin aparılmasına maneə törətməməsi və buna şərait yaradılması vəzifəsinin məhkəmə qaydasında qoyulması vacibdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda dirgər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçılar 15 ildir ki, çıxıb getmişlər. Ölçmək üçün evə kimsə gəlməmişdir. Buna görə də iddia tələbinin rədd ediləmsini məhkəmədən xahiş etdi. İş materialları: xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak Cavabdeh, X1, İddiaçı1, İddiaçı2 paylı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun tərtib edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə tərəflərindən baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilmişdir ki, fərdi yaşayış evinə texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən texniki pasportun tərtib edilməsi tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.” Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildir ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən əmlak iddiaçılar ilə cavabdehin hər birinin ¼ hissədə pay hüququ ilə mülkiyyətindədir. Həmin ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun tərtib edilməsi zərurəti yaranmış və iddiaçılar bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, həmin ünvanda texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Hazırda iddiaçılar cavabdehin DƏDRX-in 1 saylı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə baxış və inventarlaşdırma işlərinin aparılmasına maneə törədən hərəkətlərinə son qoyması və bu işlərə şərait yaratması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, mülkiyyətçinin mülkiyyətində olan əmlaka öz mülahizəsinə görə sahib olmaq, istifadə etmək və ona dair sərəncam vermək hüququ var və bu hüquq dövlət tərəfindən tanınır və qorunur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdeh də mübahisə prdmeti olan əmlakın mülkiyyətçisidir. Lakin o, digər mülkiyyətçilərlə bərabər hüquq və vəzifələr daşıyır. Belə ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına cavabdeh tərəfindən maneələrin törədilməsi üçün hər hansı əsas mövcud olmamışdır. Habelə belə əsasların olması barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına baxış və inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına baxış və inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar