Məhkəmə qərarları › İş №2(007)-2453/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2453/2021

25.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2453/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, o cavabdehlə 01 oktyabr 2020-ci il tarixdə nikah rəsmiləşdirmişdir. Lakin onların ailə qurmaq fikri və niyyəti olmayıb. Müəyyən mənzil məsələləri ilə bağlı formal nikah bağlamışlar.Mənzil işi də əmələ gəlməmişdir. Onlar bir ailə kimi birlikdə yaşamamışlar, birgə təsərrüfat aparmamışlar. Qeyd olunanlara əsasən Cavabdeh ilə onun arasında 01 oktyabr 2020-ci il tarixdə 4 saylı Bakı “Asan Xidmət” X1 1340 nömrə ilə qeyd edilmiş nikah qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddianı qəbul edir.Həqiqətən də onlar ailə qurmaq niyyəti ilə nikah rəsmiləşdirməmişlər. İddiaçıya müəyyən mənzil məsələləri ilə bağlı rəsmi nikah tələb olunduğu üçün rəsmi nikah bağlamışdır. Bir ailə kimi yaşamamışlar, birgə təsərrüfat aparmamışlar. İddia ərizəsinin təmin olunmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ seriyalı 408426 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah 4 saylı Bakı “Asan Xidmət” X1 01 oktyabr 2020-ci il tarixdə bağlanmış və bu barədə 1340 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.3.Nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı “Asan Xidmət” X1 01 oktyabr 2020-ci il tarixdə bağlanmış və 1340 №-si ilə qeyd edilmiş nikah etibarsız hesab olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı “Asan Xidmət” X1 01 oktyabr 2020-ci il tarixdə bağlanmış və 1340 №-si ilə qeyd edilmiş nikah etibarsız hesab olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar