Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2456/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil Cavabdeh Bakı şəhəri 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi X4 vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasına qarşı “əmrin ləğv olunması, işə bərpa və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasına qarşı “əmrin ləğv olunması, işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad edilməsi barədə 24 aprel 2021-ci il tarixli 107-K nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, Bakı şəhəri 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının poliklinika şöbəsində böyük tibb bacısı vəzifəsində əmək müqaviləsinə əsasən işləmişdir. Həmin əmək müqaviləsi müddətsiz bağlanmışdır. İstər əvvəllər, istərsə də hazırda işlədiyi illər ərzində iş fəaliyyətində heç bir nöqsana yol verməmiş, heç bir intizam tənbehi olmamışdır.Lakin xəstəxana üzrə 24 aprel 2021-ci il tarixli 107-K nömrəli əmrlə o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. O, işdən azad olunarkən lazımi araşdırmalar aparılmamışdır. Belə ki, işçi ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci madəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv olunduqda və bununla əlaqədar mübahisə yarandıqda əmək mübahisəsinə baxan məhkəmə işçinin işdə saxlamaq üçün üstünlük hüququnun nəzərə alınıbalınmadığını, bu əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydasını tənzimləyən əmək qanunvericiliyi normalarına işəgötürənin əməl edib-etmədiyini yoxlamağa borcludur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Lakin bu hallarla əlaqədar heç bir əsaslandırma aparılmamış, əsasız olaraq əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Həmçinin o bildirdi ki, xx.xx.2021-ci il tarixdə COVİD-19 virusuna görə peyvəndlə bağlı iş yerində xoşagəlməz hadisələr baş vermiş, korrupsiyanın əməkdaşları demişlər ki, peyvəndlə bağlı saxta sənəd verilmişdir. O vaksinasiyaların xarab olmamasına nəzarət edir, birbaşa vaksinasiya etmir. Gün ərzində vaksinasiya ilə bağlı akt tərtib olunur ki, orda da onun adı olmur. Həmin gün bir nəfər ona bankla bağlı pul verməli idi. Həmin adam borcunu ona qaytarmış, ona 100 manat vermişdir. Prokurorluğun Korrupsiya İdarəsində ondan şahid qismində ifadə almışlar. Orada vəziyyət elə gərgin olmuşdur ki, nə yazmasını xatırlamır. İstintaq yekunlaşmış, hazırda iş Bakı şəhər Nizami rayon Məhkəməsindədir. Ona qarşı ittiham irəli sürülməmişdir. Lalə xanım ona korrupsiyada yazdığı ifadəni burda da yazmasını təklif etmiş, yazmayacağı halda onu işdən çıxaracağını bildirmişdir. Ona görə də izahatında vətəndaşa peyvənd vurmamasını, buna görə ona 50 manat hörmət etmələrini qeyd etmişdir. İzahatı baş həkimin təsiri altında yazmışdır. Həmçinin o bildirmişdir ki, onun barəsində tənbeh verilmədiyi, hökm və ya inzibati xəta tətbiq edilmədiyi halda onu əsassız olaraq “ç” bəndi ilə işdən çıxarmış həmkarlar ittifaqının nümayəndəsinin iştirakı ilə keçirilmiş iclasına çağrılmamış, həmkarlar ittifaqının nümayəndəsinin çağırılmasına dair təqdimat verilməmişdir. Protokolda işdən çıxarma əmri də baş həkim tərəfindən imzalanmışdır. Əmrdə əsas kimi Şaripovanın ərizəsi qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, hazırda cinayət işi getdiyi üçün bu işin icraatı həmin işə baxılıb yekun qərara qəbul edilənədək dayandırılmalıdır. Məhkəmə iclasında cavabdeh X4 vəkili və nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, vaksinlərin havaya püskürdülməsi məsələsi əməliyyat axtarış tərəfindən araşdırma aparılan zaman müəyyən edilmişdir. Xəstəxanaya gizli kameralar quraşdırılmış və həmin sübutlar istintaqa təqdim edilmişdir. İddiaçının yol vermiş xətasına dair etiraf ərizəsi də vardır o ərizə araşdırmaya təqdim olunmuşdur. İzahatın əsli cinayət işindədir. İddiaçı vaksini kənara töküb, pasport vermişdir. İddiaçı cinayət işində şahid qismində ifadə vermişdir. Onun barəsində məhkəməyə ittiham verilməmişdir. İddianın heç bir əsası yoxdur və rədd edilməlidir. İddiaçı işində kobud pozuntuya verdiyi üçün işdən Əmək Məcəlləsinin “ç” bəndinə əsasən azad olunmuşdur. Bununla bağlı həmkarlar ittifaqının nümayəndəsinin iştirakı ilə iclas keçirilmiş, iddiaçının işində yol verdiyi kobud pozuntulara görə onun işdən azad edilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 19 sentyabr 1992-ci il tarixli 127 nömrəli Əmrindən görünür ki, İddiaçı poliklinikanın şöbəsinin prosedur otağına tibb bacısı, xx.xx.1993-cü il tarixdə həmin poliklinikanın şöbəsinin baş tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. - Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanası üzrə tibb şurasının xx.xx.2021-ci il tarixli 1 nömrəli protokolun çıxarışdan görünür ki, poliklinikanın baş tibb bacısı İddiaçı qeydiyyatçı vəzifəsində işləyən Kərimova Səadətin gətirdiyi tanışını 50 manat pul müqabilində vaksin vurulmadan vurulmuş kimi göstərilmişdir. Bu barədə İddiaçı və Gülnarə Qasımova yazılı izahat vermişlər. - İddiaçı xx.xx.2021-ci il tarixli izahatından görünür ki, təxminən bir həftə öncə qeydiyyatçı Kərimova Səadət ona xahişlə yaxınlaşaraq demişdir ki, onun qohumunun allergiyası var, təzyiqlidir, trombları var və vaksin vurulmasından qorxur. İşdən məcbur göndərmişlər. Xahiş etmişdir ki, yola vermək lazımdır. Portaldan keçib. Ona yaxınlaşaraq xahiş etmişdir ki, ona vaksin vurulmasın, buna görə ona 50 manat hörmət etmişlər. Ona COVİD-19 vaksini vurulmamışdır. - Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 24 aprel 2021-ci il tarixli 107- K nömrəli Əmrindən görünür ki, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 18 gün pulun əvəzinin ödənilməsi əmr edilmişdir. Əmrə əsas kimi İddiaçı izahatı və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 19 sentyabr 1992-ci il tarixli 127 nömrəli Əmri ilə poliklinikanın şöbəsinin prosedur otağına tibb bacısı, xx.xx.1993-cü il tarixdə həmin poliklinikanın şöbəsinin baş tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanası üzrə Tibb Şurasının və Həmkarlar İttifaqının xx.xx.2021-ci il tarixli 1 nömrəli protokollarının çıxarışdan görünür ki, poliklinikanın baş tibb bacısı İddiaçı qeydiyyatçı vəzifəsində işləyən Kərimova Səadətin gətirdiyi tanışını 50 manat pul müqabilində vaksin vurulmadan vurulmuş kimi göstərilmişdir. Bu barədə İddiaçı və Gülnarə Qasımova yazılı izahat vermişlər. İddiaçı xx.xx.2021-ci il tarixli izahatında protokolda göstərdiklərini təsdiq etmişdir. Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 24 aprel 2021-ci il tarixli 107-K nömrəli Əmrinə əsasən, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 18 gün pulun əvəzinin ödənilməsi əmr edilmişdir. Əmrə əsas kimi İddiaçı izahatı və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi göstərilmişdir. Hazırda İddiaçı işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanası- “İşəgötürən” ilə İddiaçı-“İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və İddiaçı 19 sentyabr 1992-ci il tarixli 127 nömrəli əmrlə poliklinikanın şöbəsinin prosedur otağına tibb bacısı vəzifəsinə xx.xx.1993-cü il tarixdə həmin poliklinikanın şöbəsinin baş tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə İddiaçı “Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndini əsas götürüb qüvvədə olan əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, onun yenidən öz iş yerinə bərpa olunması” tələbini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bunu o öz etiraf ərizəsində də təsdiq etmişdir. Bundan sonra Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 24 aprel 2021-ci il tarixli 107-K nömrəli Əmri ilə, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 18 gün pulun əvəzinin ödənilməsi əmr edilmişdir. Beləliklə, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanası “İşəgötürən” ilə İddiaçı “İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının nümayəndəsi, xəstəxananın qəbul etdiyi əmrlərin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Həmçinin məhkəmə iddiaçının hazırki iş üzrə icraatın cinayət işinə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmasına dair dəlili ilə bağlı bildirir ki, iddiaçı işində yol vermiş olduğu nöqsanı özü etiraf etməsinə görə bu faktın yenidən başqa qaydada araşdırılaraq qiymət verilməsinə məhkəmə lüzum görmür. Həmçinin tərəflərin izahatları ilə də təsdiq olunur ki, cinayət işi üzrə iddiaçı şahid qismində iştirak etmiş, ittiham aktı başqa şəxslər barəsində tərtib olunaraq Bakı şəhəri Nizami rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasına qarşı “İddiaçı işdən azad edilməsi barədə 24 aprel 2021-ci il tarixli 107-K nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasına qarşı “İddiaçı işdən azad edilməsi barədə 24 aprel 2021-ci il tarixli 107-K nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2456/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2456/2021
19.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver