Məhkəmə qərarları › İş №2(007)-2466/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2466/2023

01.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2466/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak üzərində ½ hissədə pay hüququnun müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak üzərində ½ hissədə pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 23 sentyabr 2009cu il tarixdə Nizami rayon qeydiyyat şöbəsində 821 saylı akt qeydi ilə rəsmi nikah bağlamışdır. Birgə nikahdan onların iki övladları anadan olmuşdur. X3 xx.xx.2010-cu il təvəllüdlü və X4 xx.xx.2017-ci il təvəllüdlü. Birgə nikah dövründə onlar Xətai rayonu, Qədir Məmmədov küçəsi, 2947-ci məhəllə, ev 7 "A" mənzil 44-ü almışlar və Azərbaycan Respublikası ƏMDK DƏDRX xx.xx.2019-cü il tarixdə, qeydiyyat nömrəsi ********** saylı "ÇİXARİŞ" verilmişdir. Mübahisəli ev onların xüsusi mülkiyyətlərindədir. Cavabdehlə, arasında bağlanmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hal hazırda onlar ayrı təsərrüfat aparırlar. Göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 2947-ci məhəllə, ev 7 "A" mənzil 44, korpus "C"-nin 1/2 hissəsinə onun mülkiyyət hüququnun tanınması və Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən onun adına çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edib, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00345 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 saylı mənzilinin sahibidir. Həmin mənzil xx.xx.2019-cu il tarixdən qeydiyyata alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2671/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 sentyabr 2009-cu il tarixdə bağlanmış və 821 №-si ilə qeyd edilmiş nikah pozulmuş, 28 iyun 2010-cu il təvəllüdlü X3 və 12 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anaları İddiaçı himayəsində saxlanmış və Cavabdeh 28 iyun 2010-cu il təvəllüdlü X1 və 12 sentyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 31 may 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 23 sentyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Tərəflərin arasında bağlanmış nikah məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, ünvan 1 saylı mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı həmin əmlak üzərində payın müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd olunanlarla müəyyən olundu ki, nikaha daxil olduqdan sonra tərəflər ümumi təsərrüfatı idarə etmişlər, iddia tələblərində qeyd olunan əmlak İddiaçı ilə Cavabdeh 23 sentyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olduqdan sonrakı müddətdə əldə edilmişdir. Məhkəmə qeyd edir ki, əmlakın xüsusi mülkiyyət hüququ üzrə ər-arvaddan kimin adına qeydiyyatdan keçməsindən, habelə tərəfin birinin müstəqil qazancının olub-olmamasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı əmlak, ümumi birgə mülkiyyət hesab olunur. Hazırda tərəflər arasında olan ailə münasibətləri pisləşdiyi və mübahisənin məhkəmədənkənar həlli mümkün olmadığı üçün iddiaçı birgə nikah dövründə əldə olunmuş ümumi əmlakda olan payların müəyyən edilməsini istəyir. Məhkəmə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır, əmlak üzərində payların müəyyən edilməsinə yolverilməzlik yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı tələb etmədiyindən onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar