Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2473/2025 11.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı “xidmət haqqının tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı cavabdeh X2 qarşı “xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Şıxbaba qızının 28 oktyabr 2023-cü il tarixli tapşırıq müqaviləsindən irəli gələn öhdəlikləri icra etməməsi kimi hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin Cavabdeh Şıxbaba qızının tapşırıq müqaviləsinin ödənişlər bölməsində müəyyən edilmiş 300 manat xidmət haqqının, 7-ci bənddə göstərilən qaydada əlavə olaraq, 500 manat olmaqla, ümumilikdə 800 manat məbləğində pul vəsaitinin Cavabdeh Şıxbaba qızından alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2023-cü ildən tanışdır. Bir nəfər tanımadığı şəxslə Nizami rayon məhkəməsinin qarşısında vədələşərək, hər ikisi gələrək cavabdehin aliment işi ilə bağlı müqavilə bağlayaraq, müqavilənin icrasına başlamışdır. İlkin olaraq mediasiyada işin aparılması ilə rüsumun ödənilmsi üçün birlikdə 100 manat 02 noyabr 2023-cü ildə ödənilmişdir. Həmin müqavilənin şərtlər bölümündə "ləngimə olarsa xidmət haqqı-500 manat hesablanacaq, ödəniş 106 manat 15 gün ərzində, 300 manat isə iddia məhkəməyə təqdim edilən gündən 3 gün ərzində ödənilir "kimi şərt olsa da bu günə kimi həmin müqavilə öhdəlikləri təmin edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə öhdəliklərini icra etmədən 16 may 2025-ci il tarixdə vatsapla əvvəlcə doğum haqqında şəhadətnaməsinin onda qalıb-qalmaması, guya əmək müqaviləsinin təzələnməsi ilə bağlı işdən sənədlərin tələbi barədə səs mesajı göndərib, daha sonra bu sualı vatsap zəngi ilə də soruşmuşdur. 24 may 2025-ci il tarixdə 09:38 də vatsapla səs ataraq, 1 qardaşı,1 bacısı üçün ərizə yazıb Rusiyaya göndərilməsinə görə neçə manat manat alacağını soruşmuşdur. Bu mesajlarına cavab verməmiş, əvvəlki yalan vədlərinə görə əhəmiyyətsiz saymışdır. Cavabdeh 28 oktyabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin öhdəliklərini icara etmək fikrində deyil, əksinə müqavilə predmeti olmayan Suraxanı rayon məhkəməsinin 26 fevral 2023-cü il tarixli qətnamənin icrası öhdəliyini də üzərinə qoymağa çalışır, müqavilənin öhdəliklərini qətnamənin icrası ilə əlaqələndirmək istəyir. Baxmayaraq ki,etibarnamə verilməsi təmin edilmiş, icra ilə bağlı əlavə müqavilə bağlanmasından imtina etmişdir. xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin ödənişlər bölməsində 300 manat xidmət haqqı+106 manat rüsumlar daxil olmaqla ümumi 406 manat, 7-ci bənd də isə yazılı xəbərdarlıq etdikdən sonra əlavə olaraq 500 manat ödənilməsi nəzərdə tutulur. Əlavə şərtlər bölməsində 106 manatı 15 gün ərzində 300 manatı isə iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə 3 gün ərzində ödənilməsi öhdəliyi mövcuddur. Müqavilədə icra yeri Suraxanı rayonu göstərilib. Mübahisə yarandıqda işə Nizami rayon məhkməsində baxılması sazişi bağlanıb, MPM-nin 40-cı maddəsində bu münasibət tənzimlənir.
Tərəflərin izahatları :
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edərək bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 izahatında iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir.
Tətbiq edilən hüquq :
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
6. “Dövlət rüsumu haqqında” Qanun :
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
7. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :
Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi :
8. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
9. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir.
10. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).
11. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.
12. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. İddiaçı mülki işin işin baxılmamış saxlanılması barədə ərizə ilə məhkəməyə müraciət edərək dispozitivlik prinsipinə uyğun olaraq iddia tələbinə baxılmaması ilə bağlı iradə ifadəsini bildirmişdir. Məhkəmə iddiaçının iradə ifadəsini və işin hazırlıq icraatı mərhələsində olduğunu nəzərə alaraq qeyd edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
13. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə :
14. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdeh X2 qarşı “müqavilə öhdəliklərinin icra edilməməsi və hərəkətsizliyin qanusuz hesab edilməsi, xidmət haqqı və imtina zamanı ödənilməsi pul vəsaitinin alınması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı cavabdeh X2 qarşı “xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva