Məhkəmə qərarları › İş №2(007)-2490/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2490/2022

25.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2490/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı “işə bərpa və əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “işə bərpa və əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən iddiaçı pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 150.1.5-ci maddəsinə əsasən, iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçı cavabdehin yaşayış yeri kimi “Bakı şəhəri, Nizami rayonu, Şərifli 3, ünvanını 3 saylı Nitq Qüsurlu Xüsusi İnternat Məktəbi”-ni qeyd etmiş, bunu təsdiq edən sübutları (cavabdehin şəxsiyyət vəsiqəsi və ya MAPS şöbəsinin arayışı) ərizəsinə əlavə etməmiş, o cümlədən “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə yoxlama zamanı Cavabdeh şəxsiyyətini və yaşayış yerini təsdiq edən heç bir məlumat aşkar edilməmişdir, hansı ki, göstərilən hallar məhkəmə icraatının mümkünlüyünün yoxlanılmasına imkan vermir. İddia ərizəsinə nəzər yetirdikdə isə müəyyən olunur ki, iddia tələbi “işə bərpa və əmək haqqının ödənilməsi” ilə bağlıdır, iddiaçı isə cavabdeh qismində iddiaya cavab verməli olan şəxs olaraq, 3 saylı Nitq Qüsurlu Xüsusi İnternat Məktəbi əvəzinə, hazırkı vəziyyətdə şəxsiyyəti elektron sistemində müəyyən edilməsi mümkün olmayan həmin qurumun rəhbəri olduğunu qeyd etdiyi Cavabdeh cəlb etmişdir. Halbuki, işçinin işə bərpa olunması və ödənilməmiş əmək haqqı ilə bağlı iddialarda, cavabdeh qismində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə uyğun olaraq, hüquqi şəxsin yerləşdiyi yer üzrə işəgötürən qurum cəlb olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “işə bərpa və əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar