Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2494/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin sentyabr ayında Cavabdeh ilə tanışlarının vasitəsi ilə tanış olmuşdur. Bir müddət sonra cavabdehin valideynləri onlara elçi gəlmişlər və 31 oktyabr 2021-ci il tarixdə Cavabdeh ilə nişan mərasimləri olmuşdur. Nişan mərasimindən sonra aralarında olan münasibətlər ürəyincə deyildi. Belə ki, cavabdeh istədiyi vaxt heç bir səbəb olmadan hirslənir, küsüb gedir ve dava-dalaş salırdı. Bir dəfə cavabdeh ona təkidlə nişanı qaytarmaq istədiyini bildirmiş və onu da məcbur etmişdir ki, valideynlərinə bildirsin. Cavabdehin valideynləri bu haqda xəbər tutduqda zəng edib onun valideynlərinə va ona üzrxahlıq etmiş, cavabdehin əsəbi olduğunu demişlər. Bütün bunlara baxmayaraq, valideynləri tərəfindən toy mərasiminə hazırlıqlar gedirdi. Nişanlı olduqları müddətdə cavabdehin hərəkətlarindən bezib nişanı qaytarmaq istəmişdir. Lakin el qınağına tuş gəlməsin deyə, birtəhər dözmüşdür. Sonra isə valideynlərinin və yaxın qohumlarının təkidi ilə nikahlarını rəsmiləşdirmək üçün xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzinə ərizə ilə müraciət etmişlər. xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən nikahları 2908 nömrəli qeydlə rəsmiləşdirilmişdir. Cavabdeh nikah haqqında şəhadətnaməni aldıqdan dərhal sonra, yəni “Asan Xidmət” mərkəzini tərk etmədən, qeydiyyat stolunun yanında olan qohumlarına demişdir ki, bunu (nikah haqqında şəhadətnaməni əlində yelləyərək) aparın atın bir yerə, qalsın orada. Onun bu hərəkətindən təəccüblənmiş və soruşmuşdur ki, bu nə deməkdir? Cavabdeh ona kəs səsini demişdir. Hətta 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin qarşısında onun ağlamasına məhəl qoymayaraq qohumlarının yanında barmağını silkələyərək “sən yerini bilmirsən, sənə yerini göstərəcəm” demişdir. Bütün bunlardan sonra o, əmin olmuşdur ki, cavabdehin onunla evlənmək, ailə qurmaq fikri yoxdur. Ona görə də toy mərasiminin xx.xx.2022-ci il tarixdə “Xan Sarayı” şadlıq evində olmasına qərar verilməsinə baxmayaraq, toyun ləğv olunmasına qərar vermişlər və xx.xx.2022-ci il tarixdə şadlıq evinə toyu ləğv etdiklərini bildirmişlər. Nikahları 5 saylı Bakı “Asan Xidmət” mərkəzində rəsmiləşdirilsə də, o, cavabdehlə ər-arvad olaraq birgə yaşayıb təsərrüfat aparmamışdır. Onların ər-arvad olaraq birgə yaşamaları yalnız el adəti ilə toy mərasiminin keçirilməsindən sonra mümkün ola bilərdi. Artıq onun da cavabdehə qarşı heç bir hissi olmadığından, toy mərasiminin keçirilməsini istəmirdi. O, cavabdehin xasiyyətini bildikdən sonra nikaha daxil olmaq istəməmiş və onunla ailə qurmaq niyyəti olmamışdır. Aralarında bağlanmış nikah sanki bir neçə dəqiqəliyə bağlanmışdı. Məhz buna görə də o, hazırki iddia ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış nikahın etibarsızlığını tələb etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərinə əsasən onunla Cavabdeh arasında 05 iyul 2022-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzində 2908 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə verilən suallara cavab olaraq bildirdi ki, rəsmi nikaha daxil olmaqda məqsədi ailə qurub xoşbəxt olmaq idi. Lakin cavabdehin Asan xidmət mərkəzinin qarşısında etdiklərindən sonra qəti olaraq onunla ailə qurmaq istəmədiyinə əmin olmuşdur. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib izahatında göstərdi ki, iddiaçı ilə ailə qurmaq niyyəti olmuş, el adəti ilə nişan edərək toya hazırlaşmışlar. Nişanlı vaxtı iddiaçını incitməmişdir, hər istədiyini yerinə yetirmişdir, onlar xoşbəxt olmuşlar. İddiaçı onun anasına qarşı hörmətsizlik edib salamlaşmadığı üçün münasibətləri gərginləşmişdir. Nişanda alınan qızılların qaytarılmasını tələb edir. Bir şərtlə iddianın təmin edilməsinə etiraz etmir ki, aldığı qızılları iddiaçı qaytarsın. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan 5 saylı “Bakı ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 08 iyul 2022-ci il tarixdə təkrar verilmiş AZ-T seriyalı 046904 №-li nikah haqqında şəhadətnamədən görünür ki, 05 iyul 2022-ci il tarixdə Cavabdeh ilə X1 arasında 2908 №-li aktın qeydi tərtib olunmaqla nikah bağlanmış, nikah bağlandıqdan sonra arvad Osmanova soyadını qəbul etmişdir. İş materiallarından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, tərəflərin niyyəti ailə qurmaq olmuşdur və 05 iyul 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin vaxt tərəflərin hər ikisi nikah yaşına çatmış şəxslər olmuşdur. Nikaha qarşılıqlı könüllü razılıqları ilə girmiş və onların nikahına mane olan hallar mövcud olmamışdır. Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikaha daxil olduqdan sonra aralarındakı münasibətlər pozulduğundan onlar toy nərasimini ləğv etmişlər və birgə yaşamamış və ümumi təsərrüfat idarə etməmişlər. İddiaçı Cavabdeh onunla pis rəftar edərək ailə qurmaq niyyətinin olmamasını əsas gətirərək, iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəllləsinin 25.1-ci maddəsinə istinad edərək nikahın etibarsız sayılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəllləsinin 25.1-ci və 25.2-ci maddələrinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Qanunun mahiyyətindən aydın olur ki, bu halda nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsidir (məsələn: yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.). Yəni nikah məhkəmə qaydasında yalnız o halda etibarsız sayıla bilər ki, nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması faktı sübut edilmiş olsun. Hazırki iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Ailə Məcəllləsinin 10-12ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlərin pozulmadığı müəyyən olundu və İddiaçı iddia tələbini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada əsaslandıran tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, Cavabdeh və ya hər ikisinin ailə qurmaq niyyətlərinin olmamasının nədə təzahür olunmasını izah edə bilməmiş, əksinə məhkəmə hesab etmişdir ki, əslində rəsmi nikaha daxil olmaqda tərəflərin niyyəti ailə qurmaq olmuş, lakin aralarındakı münasibətlər pozulduğundan birgə ailə münasibətləri alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə, qanunvericiliyin qeyd olunan tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, nikahın etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir və iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Osmanova (Məmmədova) Günel Daşdəmir qızının Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2494/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2494/2022
10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver