Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2496/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Məmmədova (Avdeyeva) Maya Oktay qızı xx xxx 1984-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselsk qəsəbəsində anadan olmuşdur. Məlum hadisələrlə əlaqədar olaraq Nizami rayonunda məskunlaşmışdır. Ona Krasnoselsk qəsəbəsi İcraiyyə Komitəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışdır və ailə həyatı qurduqdan sonra, soyadını dəyişdirərək Məmmədova (Avdeyeva) Maya Oktay qızının adına AA******* saylı şəxsiyyət vəsiqəsi almışdır. Bildirir ki, ona bəlli olmayan səbəbdən Krasnoselsk tərəfindən verilmiş doğum haqqında şəhadətnamə itmişdir. O, Nizami rayon Qeydiyyat şöbəsinə müraciət edərək yeni doğum haqqında şəhadətnamə verilməsi barədə xahiş etmiş, şöbə tərəfindən ona imtina məktubu verilmişdir. Səbəb kimi isə ona verilən doğum haqqında şəhadətnamə Ermənistan Respublikasında verildiyindən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərini həqiqətən təsdiq edən sənədlərin olmaması ilə bağlı əsaslanmışlar. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş bərpası, bu cür sənədlərin olmasını təsdiq edən sənədlər olmadıqda, itmiş yazının qeydiyyatı faktı, məhkəmə qaydasında müəyyən edilir və məhkəmə qətnaməsinə əsasən bərpa edilir. O, yəni Məmmədova (Avdeyeva) Maya Oktay qızının Ermənistan SSR, indiki Ermənistan Respublikasının Krasnoselsk rayonunda anadan olması faktını nəzərə alıb, doğum haqqında şəhadətnamənin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə, ərizə Məmmədova (Avdeyeva) Maya Oktay qızı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən dəqiqləşdirmə ilə bağlı ərizə verərək, onun xx xxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Krasnoselsk qəsəbəsində doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi onun xalası qızıdır və o, xx xxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Krasnoselsk qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; - İV-СЛ seriyalı, 402884 saylı doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X5 xx xxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulmuşdur, atası X6 (milliyyəti kürd), anası X1r (milliyyəti kürd), onun doğum qeydi Ermənistan Respublikası, Krasnoselo rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır; - AZ-İ seriyalı, 240666 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulmuş X5 ilə 17 noyabr 1974-cü il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulmuş X3 11 iyun 2006-cı il tarixdə Səadət Sarayında nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1393 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. - Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin 16 fevral 2021-ci il tarixli 05/Q- 320/15 saylı məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə xahişinin təmin edilməsi imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulmuşdur, məlum hadisələrlə bağlı o, ailə üzvləri ilə birlikdə 1988-ci ildə Ermənistan Respublikası ərazisindən məcburi köçürülmüşdür, hazırda Bakı şəhəri, Nizami rayonunun ərazisində qeydiyyatda olmaqla yaşayır. Ərizəçinin doğum qeydi Ermənistan Respublikası, Krasnoselo rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Hazırda ərizəçinin doğumunu təsdiq edən ilkin sənədlər Azərbaycanla faktiki müharibə vəziyyətində olan Ermənistan tərəfində qaldığından, doğum haqqında akt qeydini bərpa etmək, bu sənədlərin əldə edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti Nizami rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir, məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin doğulduğu və onun doğumun qeydə alındığı Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti nəticəsində ölkələr arasında faktiki müharibə vəziyyəti mövcuddur, azərbaycanlılar kütləvi olaraq 1988-ci ildə Ermənistanda yaşadıqları ərazilərdən məcburi qovulmuşlar, ona görə ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü xx xxx 1984-cü il, doğulduğu yer Ermənistan Respublikası, Krasnoselo rayonu, atası X6, milliyyəti kürd, anası X2, milliyyəti kürd kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü xx xxx 1984-cü il, doğulduğu yer Ermənistan Respublikası, Krasnoselo rayonu, atası X6, milliyyəti kürd, anası X2, milliyyəti kürd kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2496/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2496/2021
29.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver