Məhkəmə qərarları › İş №2(007)-2516/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2516/2022

23.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2516/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kompensasiya verilməklə mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddia tələbinin dəqiqləşməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində olan mənzildə yaşayan keçmiş gəlini Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, X4 faktiki olaraq iddiaçıya yaşamağı haram ediblər. Qadın olmalarına baxmayaraq biabırçı söyüşlər söyürlər, təhqiramiz hərəkətlər edirlər, mənzilin kommunal xərclərini ödəmirlər, kiçik bir qırığı belə düzəltmirlər.Mənzilin bütün kommunal xərcləri ancaq iddiaçının təqaüdünün hesabına ödənilir. Mənzil bərbad vəziyyətdədir, adam baxanda ürəyi ağrıyır, sanitar qovşağına baxdıqda adamın ürəyi bulanır. Dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq yaşayış sahəsindən təyinatı üzrə istifadə etmirlər, müntəzəm olaraq qonşuların hüquqlarını və qanuni mənafelərini pozurlar,yaşayış sahəsinin korlanmasına dağılmasına, sökülməsinə nəinki yol verirlər, əslində bunu yaradırlar,onunla təsərrüfatsızcasına rəftar edirlər, göstərilən pozuntular yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) gətirib çıxarırlar.Bu cür davam edə bilməz, belə yaşamaq mümkün deyil, mövcud qanunlara əsasən onlar iddiaçının mənzilindən çıxarılmalıdırlar.Qeyd olunanlara əsasən Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 üş il müddətinə,həray 250 manat kirayə haqqı ödənilməklə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu,Azər Manafov küçəsindəki 15/21 saylı evin 65 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsini tələblərini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsindəki 15/21 saylı evin 65 saylı mənzilinə xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki,cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən ülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın İşin hallarından görünür ki,İddiaçı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsindəki 15/21 saylı evin 65 saylı mənzilinə xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. İddiaçının bildirdiyinə görə Cavabdeh1 onun keçmiş gəlini,digər cavabdehlər isə onun övladlarıdırlar(İddiaçının nəvələridirlər) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Görründüyü kimi,cavabdehlər iddiaçının ailə üzvləri deyillər və iddiaçı hər hansı bir kompensasiya ödəmədən onları mənzildən çıxarmaq hüququna malikdir. Buna baxmayaraq iddiaçı 3 il müddətində hər ay 250 manat kirayə haqqı ödəməklə onların mənzildən çıxarılmasını xahiş edir. Cavabdehlərin iddiaçı ilə mənzildən istifadə ilə əlaqədar notarial qaydada təsdiq edilmiş yazılı razılaşma yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və iddiaçı tərəfindən cavabdehlərə 3 il müddətində hər ay 250 manat kirayə haqqı ödənilməklə onlar iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 3 il müddətində hər ay 250 manat kirayə haqqı ödənilməklə onlar Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsindəki 15/21 saylı evin 65 saylı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar