Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2518/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Azadzadə (Əliyeva) Türkan Əli qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Azadzadə (Əliyeva) Türkan Əli qızının Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azadzadə (Əliyeva) Türkan Əli qızı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Müəyyən sənədləşmə işləri üçün nikahının rəsmiləşməsi mütləq idi. Lakin bir müddət sonra aralarında münaqişələr baş vermiş, bununla da onlar münasibətləri dayandırmaq qərarına gəlmişlər. Onlar bir ailə kimi yaşamamışlar, onları toyu və el adəti ilə keçirilən digər adət ənənələri olmamışdır. Onlar formal olaraq müəyyən sənədləşmə işləri ilə bağlı rəsmi nikah bağlamış, sonradan isə ailə münasibətlərinin qurulmasının mümkünsüz olduğunu görüb formal nikahlarını etibarsız hesab etmək qərarına gəlmişlər. Ailə münasibətləri olmadığı üçün o, heç şəxsiyyət vəsiqəsi də dəyişməmişdir və onun soyadına keçməmişdir. Qeyd etdiklərinə əsasən Cavabdeh ilə onun arasında 06 mart 2023-cü il tarixdə 420 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azadzadə (Əliyeva) Türkan Əli qızı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə verilən suallara cavab olaraq bildirdi ki, onlar ev növbəsinə düşmək üçün nikaha daxil olmuşlar. Toy etmək istəsələr də, münasibətləri müəyyən səbəblərə görə alınmamışdır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib izahatında göstərdi ki, onlar ev növbəsinə düşmək üçün nikaha daxil olmuşlar. Toy etmək istəsələr də, münasibətləri müəyyən səbəblərə görə alınmamışdır. Nikahları formal olmuşdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dəvət edilmiş X1 ifadəsində bildirmişdir ki, Türkan onun xalası qızıdır, Farizə də Türkan vasitəsilə tanımışdır. Tərəflərin nikahları Asan xidmət mərkəzində bağlanmış, həmin vaxt o da nikah şahidi olmuşdur. Farizin əmisi rəhmətə getdiyi üçün tərəflərin toyları olmamışdır, toyları olacaqdı, lakin baş tutmadığı üçün öz araların həll etmişlər. Xalası qızı ilə tez-tez görüşür. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dəvət edilmiş X3 ifadəsində bildirmişdir ki, o, cavabdehin xalası nəvəsidir. Tərəflərin ailə münasibətləri olmayıb. O, tərəflərlə tez-tez görüşməmişdir. Tərəflərin toyları olmalı idi, lakin olmadı. Onların xasiyyətləri uyğun gəlməmişdir. İş materiallarında olan 1 saylı “Bakı ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 562719 №-li nikah haqqında şəhadətnamədən görünür ki, 06 mart 2023-cü il tarixdə Cavabdeh ilə İddiaçı arasında 420 №-li aktın qeydi tərtib olunmaqla nikah bağlanmış, nikah bağlandıqdan sonra arvad Azadzadə soyadını qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10553 nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, tərəflərin niyyəti ailə qurmaq olmuşdur və 06 mart 2023-cü il tarixdə rəsmi nikaha daxil olmuş, həmin vaxt tərəflərin hər ikisi nikah yaşına çatmış şəxslər olmuşdur. Nikaha qarşılıqlı könüllü razılıqları ilə girmiş və onların nikahına mane olan hallar mövcud olmamışdır. Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikaha daxil olduqdan sonra aralarındakı münasibətlər pozulmuş və birgə yaşamamış və ümumi təsərrüfat idarə etməmişlər. Azadzadə (Əliyeva) Türkan Əli qızı Cavabdeh ilə ev növbəsinə düşmək üçün nikaa daxil olduğunu, lakin münasibətlərinin alınmamasını əsas gətirərək, iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəllləsinin 25.1-ci maddəsinə istinad edərək nikahın etibarsız sayılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəllləsinin 25.1-ci və 25.2-ci maddələrinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Qanunun mahiyyətindən aydın olur ki, bu halda nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyriəmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsidir (məsələn: yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.). Yəni nikah məhkəmə qaydasında yalnız o halda etibarsız sayıla bilər ki, nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması faktı sübut edilmiş olsun. Hazırki iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Ailə Məcəllləsinin 10-12ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlərin pozulmadığı müəyyən olundu və Azadzadə (Əliyeva) Türkan Əli qızı iddia tələbini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada əsaslandıran tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, Cavabdeh və ya hər ikisinin ailə qurmaq niyyətlərinin olmamasının nədə təzahür olunmasını izah edə bilməmiş, əksinə məhkəmə hesab etmişdir ki, əslində rəsmi nikaha daxil olmaqda tərəflərin niyyəti ailə qurmaq olmuş, lakin aralarındakı münasibətlər pozulduğundan birgə ailə münasibətləri alınmamışdır. O cümlədən şahid ifadələrində də, nikahın etibarsızlığına dəlalət edə biləcək hər hansı hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri Azadzadə (Əliyeva) Türkan Əli qızına aid edilməlidir. Beləliklə, məhkəmə, qanunvericiliyin qeyd olunan tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, nikahın etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir və iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azadzadə (Əliyeva) Türkan Əli qızının Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2518/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2518/2023
05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver