Məhkəmə qərarları › İş №2(007)-2547/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2547/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2547/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı “X4” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh oglu arasında təhvil-təslim aktı və malın satılmasına dair qaimə imzalanmışdır. 27 oktyabr 2020-ci il tarixli qaiməyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 5000 manat olan (FQ QSWİTCH 1 ədəd avadanlığı) mal almışdır. Həmin məbləğin 2000 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləğini, yəni 3000 manatı 30 oktyabr 2020-ci il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Bu günə qalıq borc 3000 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir. Cavabdeh iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 3000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh faktiki olduğu yer məlum olmadığından, məhkəmə bildirişi cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 27 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair təhvil-təslim aktından görünür ki, Cavabdeh “X4” MMC-dən müvafiq şərtlərlə və dəyərdə əşya (mal) almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür, həmin tarixli müqavilə üzrə əşyanı (malı) “X4” MMC-dən təhvil almışdır; - 27 oktyabr 2020-ci il tarixli, ******* saylı qaimə-fakturadan görünür ki, Cavabdeh 5.000 manat dəyərində 1 ədəd “FQ QSWİTCH” markalı əşyanı “X4” MMC-dən qaiməni imzalamaqla təhvil almışdır; - “X4” MMC tərəfindən cavabdehə ünvanlanmış 17 mart 2021-ci il tarixli bildirişdən görünür ki, o, malı təhvil alan zaman 2.000 manat məbləğində ilkin ödəniş etməsinə baxmayaraq, qalan 3.000 manat borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 08 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “X4” MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; - “X4” MMC tərəfindən verilmiş 08 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 oktyabr 2020-ci il tarixli malın satış qaiməsi və təhvil-təslim aktı üzrə 5000 manat dəyərində götürdüyü malın 2000 manat hissəsini ilkin ödəniş kimi ödəmişdir, 30 oktyabr 2020-ci il tarixədək isə 3.000 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında malın satış qaiməsi və təhvil-təslim aktına əsasən cavabdeh iddiaçıdan müvafiq şərtlərlə və dəyərdə əşya (mal) almışdır. Cavabdeh nəzərdə tutulmuş müddətdə, şərtlərə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, qeyd olunan əşyanı “X4” MMC-dən təhvil almışdır. Lakin cavabdeh aldığı malın dəyərini ödəməklə bağlı qaimə və təhvil-təslim aktı ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 27 oktyabr 2020-ci il tarixli malın satış qaiməsi və təhvil-təslim aktı əsasında iddiaçı “X4” MMC-dən müvafiq əşya (mal) almış, lakin o, ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu razılaşmada nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də təhvil alan-cavabdeh müqavilə üzrə təhvil verən-iddiaçı qarşısında öhdəlik götürdüyündən və təhvil alan-cavabdeh təhvil-təslim aktı və qaimə faktura üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 3000 manat məbləğində borc Cavabdeh alınaraq, “X4” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar