Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2552/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri 15 saylı Notariat ofisi maraqlı şəxs qismində cəlb olunmaqla “miras qəbul edilməsi faktının müəyyən olunması" barədə ərizəsinə dair mülki iş üzrə Açar sözlər: (mirasın qəbul edilməsi faktı, vərəsəlik haqqında şəhadətnamə, avtomobil, sahiblik və s.) X9 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri 15 saylı Notariat ofisi maraqlı şəxs qismində cəlb olunmaqla “miras qəbul edilməsi faktının müəyyən olunması" barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 15 saylı Notariat ofisi maraqlı şəxs qismində cəlb olunmaqla “miras qəbul edilməsi faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 09 avqust 2014-cü ildə vəfat etmiş məhrum həyat yoldaşı X2 qalmış «Mersedes Benz C 180» markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilə dair mirası qəbul etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 ilə 22 iyul 1997-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 2 övladları var. Məhrum həyat yoldaşı 09 avqust 2014-cü ildə vəfat etmişdir. Məhrum həyat yoldaşının mülkiyyətində «Mersedes Benz C 180» markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Məhrum həyat yoldaşı X6 ona avtomaşını idarə etməyi üçün 16 iyul 2010-cu il tarixdə 50 il müddətinə etibarnamə vermişdir. Onun hüquqi savadsızlığından mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddət ərzində notariat orqanına müraciət etməmişdir, yalnız xx.xx.2025-ci ildə Bakı şəhəri 15 saylı Notariat Ofisinə ərizə vermişdir. Notariat ofisinin xx.xx.2025-ci il tarixli arayışı ilə bundan imtina olunaraq mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmağını və o cümlədən miras əmlakının faktiki idarəçiliyinə dair sübutlar təqdim etməməyini əsas göstərərək məhkəməyə müraciət etməyini bildirmişlər. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 15 saylı Notariat Ofisinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri 15 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 671 saylı məktubundan görünür ki, Ərizəçi xx.xx.2014-cü il tarixdə vəfat etmiş arvadı X2 miras qalmış dövlət qeydiyyat nişanı ** XD *** olan nəqliyyat vasitəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisinə təqdim edilmiş ərizəsinə baxılmışdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, o, Mülki Məcəllənin 1246 və 1256-cı maddələrinə əsasən qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmışdır, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim etməmişdir. Odur ki, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. ƏN-İİİ seriyalı, 065909 saylı etibarnamənin surətindən görünür ki, X1 Benz C 180 markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobili 50 il müddətinə Ərizəçi idarə etməsi üçün etibar etmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz C 180 markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil X3 adına xx.xx.2010-cu il tarixdən qeydə alınmışdır. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X5 xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. AZ-İ seriyalı, 690464 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, DİN Baş X10 İdarəsinin mərkəzi informasiya sistemində olan məlumata əsasən “Mercedes Benz C 180 minik” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1996-cı il, gümüşü met. rəngli avtomobil X3 mülkiyyətində olmuş, etibarnamə ilə xx.xx.2010-cu ildən xx.xx.2060-cı ilədək Ərizəçi adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: “...Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri)....” Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdi. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:
99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 08 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Plenum Qərarı: “...10. Məhkəməyə Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn, mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır....”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın;
Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi ilə X5 xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. Mercedes Benz C 180 markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında X3 adına xx.xx.2010-cu il tarixdən qeydə alınmışdır. X6 ƏN-İİİ seriyalı, 065909 saylı etibarnamə ilə, Mercedes Benz C 180 markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobili 50 il müddətinə Ərizəçi idarə etməsi üçün etibar etmişdir. X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ərizəçi mərhum həyat yoldaşından miras qalmış əmlak üzrə vərəslik hüququ şəhadətnamənin alınması üçün notariat orqanına müraicət etmiş, lakin notariat orqanında onun əmlakın faktiki idarəçiliyinə dair süburlar müəyyən edilməmiş, habelə qanunla nəzərdə tutulan müddət ərizəçi tərəfindən ötürülmüşdür. Hazırda ərizəçi miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən iş materiallarında olan və məkhəmə tərəfindən əldə edilmiş sənədləri mötəbər sübut növü, məlumat kimi qəbul edir və hesab edir ki, bu məlumatlar işin faktiki halları ilə uyğun gəlir və təsdiq olunur, qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. Ərizəçinin ərizəsindən, məhkəmədə verilən izahatından görünür ki, Ərizəçi mərhum həyat yoldaşının mülkiyyətində olan nəqliyyat vasitəsinə faktiki sahiblik etmişdir. Habelə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin avtomobil miras qoyanın mülkiyyətindədir və onun ölümündən qabaq həyat yoldaşı olan Ərizəçi idarə edilməsi üçün 50 il müddətinə etibarnamə ilə verilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, işin faktiki halları və iş materiallarında olan sübutlarla, onun mirası qəbul etməsi faktı öz təsdiqini tapır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir.
Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 mülkiyyətində olan “Mercedes Benz C 180 minik” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1996-cı il, gümüşü met. rəngli nəqliyyat vasitəsinin X3 ölümündən sonra Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizə təmin edilsin. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 mülkiyyətində olan “Mercedes Benz C 180 minik” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1996-cı il, gümüşü met. rəngli nəqliyyat vasitəsinin X3 ölümündən sonra Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov