Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2584/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-siyasi Sənədlər Arxivi cəlb edilməklə maraqlı şəxs qismində cəlb olunmaqla (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimaisiyasi Sənədlər Arxivi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 21 may 2003-cü il tarixli 28 №-li əmrdən çıxarışın mərhum həyat yoldaşı X6 məxsus olmasına dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 2022-ci ildən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi ləğv olunduğundan maraqlı şəxs qismində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-siyasi Sənədlər Arxivi nəzərə alınmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
3. Ərizə onunla əsaslandırılmışdır ki, X9 ilə 25 yanvar 1992-ci il tarixdə rəmi nikaha daxil olaraq ailə qurmuşlar. Həyat yoldaşı X9 26 yanvar 2017-ci ildə vəfat elmişdir. Həyat yoldaşının adına 0,10 hektar torpaq sahəsi qalmışdır. Lakin həyat yoldaşı X3 adına əmrdən çıxarış verilərkən adı “X10” kimi göstərilmişdir. Həmin sənəd əldə olunarkən həyat yoldaşının adının düzgün yazılmamasına heç fikir verməmişdilər. Həyat yoldaşı X3 adına olan torpaq sahəsinə aid arxiv arayışının əldə olunması üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə müraciət etdi. Lakin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 ona imtina edərək adı düzgün qeyd edilmədiyi üçün məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Hal-hazırda bağ sahəsinə aid sənədləşmə işlərinin aparılması məqsədi ilə qeyd olunan yanlışlığın aradan qaldırmaq üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
6. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-siyasi Sənədlər Arxivinin Ərizəçi ünvanladığı 06 may 2025-ci il tarixli məktubundan görünür ki, sizin Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin X2 ünvanladığınız 25 aprel 2025-ci il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, "Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Nəzərə çatdırır ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 1-1489 saylı kodla X4 adına 0.10 ha hesabı ilə həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərdə X9, arxivdə isə X11 qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Qeyd olunan məsələnin həlli məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.
8. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışdan görünür ki, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X10 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır.
9. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamından 20 avqust 1999-cu il tarixli çıxarışdan görünür ki, vətəndaş X8 0,10 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasında və Həmkarlar İttifaqı Komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozu 16 avqust 1999cu il tarixli 27/K nömrəli əmri nəzərə alınsın.
10. AZ-İ seriyalı, 859097 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
11. V-ЖГ seriyalı 493039 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Ərizəçi 25 yanvar 1992-ci il tarixdə Nizami Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar.
12. İİ-ИЕ seriyalı, 031765 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1960-cı ildə Bakı şəhərində anadan olmuşdur.
13. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrindən görünür ki, siyahıda adları göstərilən X5 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılması əmr edilmişdir.
14. 17.06.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 21 may 2003-cü il tarixli, 28 nömrəli əmri ilə X6 0,10 ha torpaq sahəsi ayrılmışdır. Lakin əmrdə X3 adı “Solman”, Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamından 20 avqust 1999-cu il tarixli çıxarışda isə “Salman” kimi qeyd olunmuşdur. X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Hazırda ərizəçi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 21 may 2003-cü il tarixli 28 №-li əmrdən çıxarışın mərhum həyat yoldaşı X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6-cı bəndindən göründüyü kimi,Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3-cü bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
19. Belə ki, ərizəçinin təqdim etdiyi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışdan görünür ki, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X10 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamından 20 avqust 1999-cu il tarixli çıxarışdan görünür ki, vətəndaş X8 0,10 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasında və Həmkarlar İttifaqı Komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozu 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınsın.
20. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-siyasi Sənədlər Arxivinin Ərizəçi ünvanladığı 06 may 2025-ci il tarixli məktubundan görünür ki, "Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Nəzərə çatdırır ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 1-1489 saylı kodla X4 adına 0.10 ha hesabı ilə həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərdə X9, arxivdə isə X11 qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Qeyd olunan məsələnin həlli məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.
21. Göründüyü kimi hüquqi faktın müəyyən olunması ərizəçinin ərindən miras qalmış 0,10 ha torpaq sahəsinə aid sənədləşmə işlərinin aparılması üçün mühüm əhəmiyyət kəsb edir.
22. Ərizəçi tərəfindən təqdim olunmuş iş materiallarında olan digər sənədlərdən də müəyyən olunur ki, X3 adı düzgün yazılmamışdır. Odur ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 21 may 2003-cü il tarixli 28 №-li əmrdən çıxarışın X6 məxsus olması faktı müəyyən edilməlidir.
Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
24. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
25. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarış X6 məxsus olması faktı müəyyən edilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarış X6 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova