Məhkəmə qərarları › İş №2(007)-264/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-264/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-264/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “pul vəsaitinin qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “pul vəsaitinin qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılan zaman Cavabdeh3 MMC cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlər adlandırdığı şəxslərlə cinayət işinə görə hüquqi yardım almaq məqsədilə Cavabdeh2 ilə müqavilə bağlamış, sonra vəkili olan Cavabdeh2 adlı şəxsin məsləhəti ilə cavabdeh X6 ilə tapşırıq müqaviləsi bağlamışlar. Belə ki, o, Azərbaycan Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının Konstitusiyasına hörmətlə yanaşaraq, qanunlara riayət edərək qanunu bilən və ona keyfiyyətli hüquqi yardım göstərən şəxslər tərəfindən aldadılmışdır. Yəni qanun-qaydaların doğru-düzgün olacağına inanmışdır. O da uşağının boğazından kəsmiş, bütün qohumdan, qonşudan borc almış, günahkar olmadığını düşünüb, tələyə kimlər tərəfindən düşdüyünü hesab edib, müvəqqəti çətinlikdir deyib azadlıqda qalacağını düşünmüşdür. Cavabdehlər də ona söz vermişdir ki, sən azadlıqda qalacaqsan. Onun bacanağı Bəşir, vəkili İlqarın məsləhəti ilə xx.xx.2019-cu ildə cavabdeh X6 ilə 5000 (beş min manata tapşırıq müqaviləsi bağlamışdır. 15 gün ərzində atası Nağı başqa vəkillə müqavilə bağlamaq istədiyini bildirərək verilən 5000 (beş min) manatı geri istəmişdir. Bir həftə ərzində cavabdehlər 2 dəfəyə 4700 manat pulu qaytardılar. 300 manat vergi xərci olub deyib qaytarmadılar. Sonra xx.xx.2021-ci ildə уenidən o, Samir cavabdeh İlqarla gedib atasından 5000 (beş min) manat alıb gətirib cavabdeh Vaqifə verib tapşırıq müqaviləsi bağlamışdır. Səhərisi cavabdeh İlqarla müqavilə bağlamışdır. Bir həftədən sonra cavabdeh Vaqif zəng ona zəng etmişdir ki, “gəlin görüşək”. Axşam tərəfi saat 21-22 radələrində cavabdehlər və o, bacanağı Bəşir birgə görüşmüşlər. Cavabdeh Alıyev Vaqif ondan 10.000 man pul istədi, dedi ki, “ayrı vəkillə işinizi aparacam, buna görə pul lazımdır. O da maşınını dəyər dəyməzə satmış, qohum qonşudan borc pul almış, bir neçə gündən sonra gətirib cavabdeh Alıyev Vaqifə vermişdir. Həmin vaxt Vaqif dedi ki, “nə vaxt işin aparılmasından narazı olsanız 10 gün müddətində pulunuzu geri qaylaracam”. O da cavabdehlərə inanıb öz işi ilə məşğul olmuşdur. Birdə onu 2021-ci ilin aprel ayının 30-da Abşeron rayonundan müstəntiq çağırmışdır. O da vəkili olan Cavabdeh2la getmişdir. Həmin vaxt heç bir işin vəkil tərəfindən aparılmadığını, ondan 15000 (on beş min) manat pulu elə belə aldıqlarını başa düşmüşdür. O, həbs edilmişdir. Cavabdehlər isə ondan 15000 (on beş min) manat pulu almışlar ki, “sən azadlıqdan məhrum edilməyəsən”. Lakin cavabdehlər verdikləri sözün üstündə durmamışlar, pulunu bu günə kimi qaytarmayıblar, nə də cinayət işinin aparılmasında ona heç bir köməklik etməmişlər. Bacanağı o, həbs olunduqdan sonra gedib cavabdehlərlə görüşüb deyib ki, “siz söz vermişdiniz ki, iş istintaqda bağlanacaq, bacarmadınız. Samir həbs olundu, verilmiş 15000 (on beş min) manat pulu qaytarın”. Cavabdeh Vaqif demişdir ki, “Samir çöldə olanda şikayətlər çox olunduğundan istintaq Samiri tutubdur ki, şikayətçi rahatlaşsın, amma istintaq işi bağlayıb Samiri evə buraxacaqdır”. Gözləmişlər, sonra görmüşlər ki, iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Bacanağı Bəşir artıq, pulun geri qaytarılmasını cavabdehlərdən tələb etmişdir. On beş min manat verdiyi puldan ona 1000 ABŞ dolları məbləğində pulu Cavabdeh2 qaytarmışdır. Demişdir ki, “10000 (on min) manatdan çıx min dolları”. O da vəziyyəti belə görüb Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən məhkəməyə müraciət edir. O, bir çox yerlərə də müraciət etmişdir. Eyni zamanda, bildirmək istəyir ki, cavabdehlərin ona verəcək olduğu 13300 (on üç min üç уüz) manat pul bu günə kimi öz dəyərini itirmiş xə infiliasiyaya uğramışdır. Ona görə də ona ödəniləcək pul verilərkən bu nəzərə alınmalıdır. Buna görə də, cavabdehlər X1 və Cavabdeh2 13300 (on üç min üç yüz) manat tapşırıq müqaviləsinə görə ödənilmiş pul vəsaitinin, eyni zamanda ona vurulmuş 2000 manat mənəvi ziyanın və pulunu vaxtında ödəmədiyinə görə hüquqi yardıma görə ödədiyi 300 manat pulun, tərəfindən ödənilmiş 137 manat dövlət rüsumunun, cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı təmin edilmiş İddiaçı iddia tələbini müdafiə edib, ərizəsində göstərdikləri ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edib əlavə olaraq izahatında bildirmişdir ki, Vaqif müəllim demişdir ki, pulu İlqara vermişdir. İlqar müəllim Samiri Vaqifin yanına aparıb. Vaqif müəllim də hüquqşünas olub. Burada İlqar müəllim proseslərdə iştirak edib. Müqaviləni Samir və İlqar müəllim cinayət işi üzrə bağlayıblar. Vaqifin yanında tapşırıq müqaviləsi bağlanılıb. Pulu da İlqar müəllimlə birlikdə aparıb təqdim ediblər. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, qarşı tərəfin iddia ərizəsi ilə tanış olmuşdur. İddiaçı ilə Bakı şəhəri 6 saylı vəkil bürosu ilə 08 fevral 2021-ci il tarixində 180 №-li hüquqi yardım müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən o, onun hüquqlarını Abşeron Polis İdarəsində İstintaq Şöbəsində müdafiə etmişdir. Sonradan onun bacanağı X3 həmin Bakı şəhəri 6 saylı vəkil bürosu ilə 30 iyul 2021-ci il tarixli 1337 №-li Hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən o, İddiaçı hüquqlarını Sumqayıt Ağır Cinayət Məhkəməsində müdafiə etmişəm. İddiaçının iddia ərizəsindən də görünür ki, həmin müqavilələr iddiaçı tərəfindən mübahisə doğurmur. Əlavə olaraq bildirmək istəyir ki, 08 fevral 2021-ci il və 30 iyul 2021-ci il tarixli müqavilələrə əsasən müdafiəçiyə aid olan bütün hərəkətlər tam həcmdə yerinə yetirilib. Bunu qoşmada olan sənədlər də təsdiq edir. Tapşırıq müqaviləsinə əsasən müqavilə “X8” MMC-nin direktoru X6 ilə İddiaçı arasında bağlanılıb. Onun bu müqavilə və məsələyə aidiyyatı yoxdur və cavabdeh qismində cəlb edilməyi məntiqsiz və absurddur. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 MMC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dəvət edilmiş X3 ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci ildə İlqarla Vaqif onu sonuncunun ofisində gözləmişlər. Belə ki, İlqara zəng etmiş, İlqar da Vaqifin ofisinə gəlməsini bildirmişdir. Bundan sonra orada Vaqifə 5000 manat pul vermiş, növbəti gün isə Samirlə müqavilə bağlanmışdır. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib, iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 06 fevral 2021-ci il tarixli, 282 nömrəli tapşırıq müqaviləsinin surətindən görünür ki, həmin tarixdə hüquq xidməti göstərən Cavabdeh3 MMC-nin direktoru X6 ilə hüquqi xidmət alan İddiaçı arasında tapşırıq müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1, 1.2 və 4.1-ci bəndlərinə əsasən, hüquq xidməti göstərən- ona müraciət edən fiziki və hüquqi şəxslə müqavilə bağlayan andan dərhal müqavilədən irəli gələn öhdəliyin icrasına baş ay r.Öhdəliyi yerinə yetirmək üçün hüquq məsləhətləri verir, hüquqi arayışlar və ərizələr tərtib edir, qanuni əsaslarla lazımi, dövlət və qeyri dövlət təşl ilatlarında müdafiə etmək məqsədi ilə nəzərdə tutulan bütün vasitələrdən istifadə edir. Hüquq xidməti göstərən, hüquqi xidməti alanın mənafeyini müdafiə etmək məqsədi ilə, ehtiyac olan halda "Hüquq Xidmət Göstərən" şəxslə müqavilə əsası ilə işə cəlb etdiyi, tərçüməçi, hüquqşünas, vəkil və digər mütəxəsislərdən istifadə etməklə müdafiəni qurur və idarə edir. Hüquqi xidməti alan xidmət haqqı kimi 5000 manat (ƏDV daxil olmaqla) məbləği ödəyir. - Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi M.M.Ağalarovun qəbul etdiyi 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli 27448 nömrəli qəbzdən görünür ki, həmin tarixdə iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 137 manat dövlət rüsumu ödənilmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli 180 saylı və xx.xx.2021-ci il tarixli 1337 nömrəli müqavilələrdən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, 06 fevral 2021-ci il tarixli, 282 nömrəli tapşırıq müqaviləsi ilə hüquq xidməti göstərən Cavabdeh3 MMC-nin direktoru X6 ilə hüquqi xidmət alan İddiaçı arasında tapşırıq müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə əsasında ilkin olaraq 5000 manat məbləğində pul vəsaiti MMC-yə ödənilmiş, daha sonra həmin məbləğ qaytarılmışdır. Bundan sonra, iddiaçı eyni məqsədlə, Cavabdeh3 MMC-yə 5000 manat və 10.000 manat olmaqla, cəmi 15.000 manat pul ödənilmişdir. Faktla bağlı, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda iddiaçı, ödədiyi pul məbləğinin müqabilində ona verilən vədin yerinə yetirilmədiyini, ona hüquqi yardım göstərilmədiyini əsas gətirməklə, cəmi 1700 manat pulun qaytarıldığını bildirib, qalan pulun ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 779.1-cı maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Qeyd edilənlərlə müəyyən olundu ki, 06 fevral 2021-ci il tarixli, 282 nömrəli tapşırıq müqaviləsi ilə hüquq xidməti göstərən Cavabdeh3 MMC-yə İddiaçı tərəfindən 5.000 manat ödənilmiş, lakin qeyd olunan müqavilə üzrə MMC öhdəliklərinə əməl etmədiyindən, həmin pul vəsaitinin 1700 manat hissəsini iddiaçıya qaytarmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ümumilikdə qeyd olunan 5000 manat məbləğində ödənilməmiş qalan 3300 manat məbləğində hissəsi Cavabdeh3 MMC-dən tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə hüquqi yardıma görə digər Cavabdeh3 MMC-nin direktoru X5 ödənilmiş 10.000 manat pul vəsaitinin qaytarılması hissəsinə münasibətdə isə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi M.M.Ağalarovun qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə 30 noyabr 2022-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış X6 həmin pul vəsaitinin ona ödənildiyini və bütün zəruri hüquqi yardımın İddiaçı göstərildiyini qeyd etmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçıya həmin pul vəsaiti müqabilində hər hansı hüquqi yardımın göstərilməsi sübuta yetirilməmiş, o cümlədən cavabdeh tərəfindən də bunun əksini sübut edə biləcək mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 10.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, digər Cavabdeh2 münasibətdə isə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının qeyd olunan məbləği Cavabdeh2 ödəməsi sübuta yetirilməmiş və müəyyən olunmuşdur ki, Cavabdeh2 sadəcə hazırkı iddiaçının hüquqlarını müdafiə etmək üçün onunla ayrıca müqavilə bağlayaraq, onun vəkili kimi hüquqi yardım göstərmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 dair hissələrdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh X4 iddiaçıya tərəflərin razılaşmasına uyğun formada hüquqi xidmət göstərilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyə əməl etməməsi səbəbindən, o, iddiaçının hesabına əsassız varlanmışdır ki, bunun nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə o, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Belə olan halda məhkəmə, iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 1000 manatın alınıb, iddiaçıya verilməsini məqsədəmüvafiq hesab edir, belə qənaətə gəlir ki, mənəvi zərərin məbləğinin 2000 manat məbləğində müəyyən edilməsi üçün əsaslar yoxdur, iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbinin “pulu vaxtında ödəmədiyinə görə hüquqi yardıma görə ödədiyi 300 manatın cavabdehlərdən tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur, iddiaçı isə buna dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir, məhkəmə araşdırması zamanı da iddia tələbini həmin hissədə əsaslı edə biləcək hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəmədə iddia qaldırmalı olmuş, iddia ərizəsinin verilməsi üçün 137 manat dövlət rüsumu ödəməli olmuşdur. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 137 manat məbləğində dövlət rüsumu cavabdehlər X1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 10.000 (on min) manat və dəymiş mənəvi ziyanın əvəzi qismində 1.000 (min) manat olmaqla, cəmi 11.000 (on bir min) məbləğində pul vəsaiti və Cavabdeh3 MMC-dən 3.300 (üç min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 137 manat məbləğində dövlət rüsumu cavabdehlər X1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 10.000 (on min) manat və dəymiş mənəvi ziyanın əvəzi qismində 1.000 (min) manat olmaqla, cəmi 11.000 (on bir min) məbləğində pul vəsaiti və Cavabdeh3 MMC-dən 3.300 (üç min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 137 manat məbləğində dövlət rüsumu cavabdehlər X1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar