Məhkəmə qərarları › İş №2(007)-2646/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2646/2021

13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2646/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktının” müəyyən edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktının” müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, texniki səhv olaraq “Uşaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 7 saylı Uşaq Poliklinikasında tibbi qeydiyyatdadır və hal-hazırda sağlamdır.” cümləsi qeyd olunmuşdur. Lakin uşaq faktiki olaraq poliklinikada qeydiyyatında deyildir. Ərizəçi ərizəsini onunla əsaslandırdı ki, o, xx xxxxxx 1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 10 may 2013-cü il tarixdə Yusif adlı bir uşağı doğulmuşdur. Maddi cəhətdən imkanı olmadığı üçün uşaq ev şəraitində dünyaya gəlmişdir. Uşağın evdə doğulmasını qonşular da təsdiq edirlər. Bu barədə qonşular tərəfindən akt da tərtib olunmuşdur. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün o, Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarına əsasən təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası»nın doğumun qeydə alınması bölməsinin 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmadığına görə doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. O, da məcburiyyət qarşısında qalaraq uşağın hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən 10 may 2013-cü il tarixdə Yusif adlı oğlan uşağının Bakı şəhərində doğulması faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunanlara uyğun izahat verərək, bildirdi ki, uşaq dünyaya gələndə yanında yalnız doğuşa kömək etmiş tibb bacısı olmuşdur. Həmin tibb bacısı öldüyündən məhkəmə iclasına şahid kimi dəvət edə bilmir ki, Yusifin evdə dünyaya gəlməsini təsdiqləsin. Oğlunun artıq 8 yaşı var hələ də məktəbə getmir məhkəmədən onun doğum faktının müəyyən olunmasını və doğum haqqında şəhadətnamə alınması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 08 oktyabr 2021-ci il tarixli iclasında iştirak edən maraqlı şəxs qismində cəlb etdiyi Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X8 izahatında bildirdi ki, ərizə ilə tanış olmuşdur. Ərizəçi onlara müraciət etmişdi. Ərizəçinin müraciətinə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02.03.2021-ci il tarixli məktubla cavab verilmişdir. Hansı sənədlərin tələb olunması haqda məlumat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixdə 145 saylı qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5 bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün 02.03.2021-ci il tarixli məktubda qeyd olunan sənədlərin qeydiyyat şöbəsinə təqdim olunması bildirilmişdir. Lakin ərizəşi lazımlı sənədləri təqdim edə bilməməsi səbəbindən doğum faktının, vaxtının və yerinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 27.09.2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, onlar qonşudurlar. Bir məhəllədə yaşayırlar. Onlar çoxdandır ki, bu məhəlldə yaşayırlar. Əvvəllər ərizəçi evli idi, lakin hazırda boşanıb. Uşaq onun uşağıdır. Roza hamilə olduğunu bilirdi. Uşağın adı Yusifdir. Uşaq bildiyi qədər, ev şəraitində dünyaya gəlib. Uşaq olandan sonra evinə getməmişdir. Uşaq məktəbə getməlidir. Məhkəmənin 27.09.2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, ərizəçini tanıyır. Ərizəçi onun qonşusudur. 2004-cü ildə hazırda yaşadığı məhəlləyə köçmüşdür. Uşaq bildiyi qədər ev şəraitində anadan olub. Tez-tez Roza xanımgilə gedib gəlməsə də, həmişə görüşmüşdür. Bir övladı var, adı Yusifdir. Roza xanım subaydır. Hamilə olduğunu görmüşdür. Uşağın təxminən 7-8 yaşı vardır. Məhkəmənin 13.10.2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Ərizəçi atasıdır. Onlar ayrı evlərdə yaşayırlar. Ərizəçi tək yaşayır. Onun razılığı olmadan, nikahsız ailə qurmuşdur. Həmin münasibətdən 10.10.2013-cü ildə Yusif adlı oğlu oldu. Yusifin atası evli olduğu üçün qızının onunla münasibətdə olmasına razı deyildi. Uşağın atasının adını bilmir, onunla heç bir münasibəti olmamışdır. Yusif olduqdan sonra atası onları qoyub getdi. Uşaq ev şəraitində dünyaya gəlmişdi. Yusifi ilk dəfə 40 günü tamam olduqdan sonra görmüşdür. Hamilə olduğunu bilirdi. Yusif Rozanın oğludur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X1, X7 tərəfindən tərtib edilmiş aktdan görünür ki, 28.02.1965-ci il tarixdə ünvan 1 ünvanında anadan olan və hal-hazırda həmin ünvanda yaşayan Ərizəçi 10.05.2013-cü ildə X2 evdə xəstəxanaya getmədən doğmuşdur. Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 02.03.2021-ci il tarixli 05/Q-441/15 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixdə 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5. bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün aşağıdakı sənədlər qeydiyyat şöbəsinə təqdim edilməlidir: 2.5.1 valideynlərin şəxsiyyətini təsdiq edən sənəd; 2.5.2 valideynlərin nikah haqqında şəhadətnamə; 2.5.3 doğum faktı vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (əsli); 2.5.4 uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; göstərilənlərə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi Yusif adlı oğlunu ev şəraitində doğmuşdur. Bu səbəbdən uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. Ərizəçi bununla bağlı Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin doğum faktı vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.2.3-cü doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlar hüquqi əhəmiyyəti olan faktlar hesab olunur. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi doğumu qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Doğum faktının qeyd edilməsi ərizəçiyə uşağın müvafiq sənədlərinin hazırlanması və məktəbə getməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 10 may 2013-cü il tarixdə ünvan 4 ünvanında ev şəraitində Ərizəçi “Yusif” adlı oğlan övladının doğulması faktı müəyyən edilməli, qətnamə doğum akt qeydinin aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 10 may 2013-cü il tarixdə ünvan 4 ünvanında ev şəraitində Ərizəçi “Yusif” adlı oğlan övladının doğulması faktı müəyyən edilsin. Qətnamə doğum akt qeydinin aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar