Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2677/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kirayə haqqı, təmir pulu və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “kirayə haqqı, təmir pulu və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı fiziki şəxs İddiaçı (bundan sonra “Mülkiyyətçi” adlandırılacaq) bir tərəfdən və Cavabdehn sədri X2 şəxsində digər tərəfdən (bundan sonra “Tikinti şirkəti” adlandırılacaq), Azərbaycan Respublikasının Qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən (hər iki tərəf birlikdə bundan sonra “Tərəflər” adlanacaq), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar olaraq Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 263 və 264 saylı 16 oktyabr 2017-ci il tarixli sərəncamını əsas tutaraq, aşağıdakı şərtlər əsasında müqavilə bağlanıb. Bu müqaviləyə əsasən, “Tikinti şirkəti” söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçi” İddiaçı məxsus Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-ci il tarixli, MH seriyalı, 003139 nömrəli X1 kitabında 82, səhifə 12711, qeydəalma 30/12711 ilə mülkiyyət hüquqlarını təsdiq edən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81,3 kv.m. olan 24 saylı mənzili sökülmək üçün təhvil alıb, “Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra həmin binada 109,49 kv.m-dən ibarət tikinti sahəsi, o cümlədən 3 otaqlı təmirsiz mənzili (sahəsi 99,49 kv.m olmaqla) və bir avtomobil üçün qaraj (sahəsi 10 kv.m olmaqla) “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürüb. “Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın B blokunun, ümumi mərtəbələrin 4-cü mərtəbəsində (yaşayış mərtəbələrin 2-cisində) yerləşən, 111 saylı mənzili (şəkildə ayrılmış layihəli) “Mülkiyyətçi”yə təmirsiz şəkildə təhvil verməyi və “Mülkiyyətçi”nin mənzili özü tərəfindən təmir etməsi üçün ona mənzilin hər bir kvadrat metr sahəsi üçün 200 manat məbləğində pul ödəməsini öhdəsinə götürüb. “Mülkiyyətçi” mənzili “Tikinti şirkəti”nə təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək müddətdə “Mülkiyyətçi”yə “Tikinti şirkəti” ayda 600 manat kirayə pulunu verməyi öhdəsinə götürüb. “Mülkiyyətçi”yə yeni mənzili təmir etmək üçün müqavilədə nəzərdə tutulmuş pulu müqavilə bağlandığı tarixdən 18 ay keçdiyi tarixdə ödəmək vəzifəsini öhdəsinə götürüb. Lakin “Tikinti şirkəti” müqavilədə göstərilən 1.3; 1.4; 2.2.1 və 2.2.6-cı bəndlərində qeyd olunmuş öhdəlikləri və vəzifələri yerinə yetirmir (müqavilənin nüsxəsi ərizəyə əlavə olunur). Onun tərəfindən xx.xx.2024 tarixindən Cavabdeh MTK təsisçisinə və icraçı direktoruna şifahi və yazılı şəkildə xəbərdarlıq təqdim olunub, lakin onlar xəbərdarlığa imza qoymaqdan imtina ediblər (buna dair sənədlər ərizəyə əlavə olunur). Müqavilənin 2.2.6-cı bəndinə əsasən “Tikinti şirkəti” təmir pulunu 15 sentyabr 2021-ci il tarixində verməli idi. Lakin indiki tarixədək mənim tələbimə baxmayaraq təmir pulu verilməməsi səbəbindən 2022 və 2023cü illərdə 5%-li uçot dərəcəsini nəzərə almaqla 19934 manat təmir pulunda ümumilikdə 2032 manat maddi ziyan çəkib. Cavabdeh sözügedən məbləği ödəmədiyinə, özündə qanunsuz saxladığına, ödənilməsini gecikdirdiyinə görə 19934 manat təmir puluna Mərkəzi bankın 5%-li uçot dərəcəsi üzrə hesablanmış 2032 manat məbləğində iddiaçı ziyana düşüb. Qeyd edilənlərə əsasən “Tikinti şirkəti” tərəfindən xx.xx.2024 tarixindən 2800 manat məbləğində kirayə pulunu və 19934 manat məbləğində təmir pulunu və eləcə də təmir pulunu ödəmədiyinə, özündə qanunsuz saxladığına, ödənilməsini gecikdirdiyinə görə 2032 manat məbləğində əldən çıxmış faydanın, ödənilmiş 164,30 manat dövlət rüsumunun, ümumilikdə 24930,30 manat məbləğində pulun Cavabdeh MTK tərəfindən ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh ilə razılıq əldə olunmayıb, cavabdeh xx.xx.2024-cü ildən başlayaraq 5 ay üzrə ödənilməli olan 3000 manat kirayə haqqından cəmi 200 manat ödəniş edib, 2800 manat borcu qalıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, iddianı qismən qəbul edir. İddianın 2800 manat kirayə haqqı və təmir üçün nəzərdə tutulmuş 18000 manat hissədə təmin edilməsi və qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş birinci tərəf Cavabdeh MTK ilə ikinci tərəf İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən müəyyən edildi ki, həmin qüqaviləyə əsasən, "Tikinti şirkəti" söküntüsü nəzərdə tutulmuş binada "Mülkiyyətçi" İddiaçı məxsus Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1996-ci il tarixli, MH seriyalı, 003139 nömrəli X1 kitabında 82, səhifə 12711, qeydə alma 30/12711 ilə mülkiyyət hüquqlannı təsdiq edən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81,3 kv.m. olan 24 saylı mənzili sökülmək üçün təhvil alıb, "Tikinti şirkəti" tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra həmin binada 109.67 kv.m-dən ibarət tikinti sahəsi, o cümlədən 3 otaqlı təmirsiz mənzili (sahəsi 99,67 kv.m olmaqla) və bir avtomobil üçün qaraj (sahəsi 10 kv.m olmaqla) "Mülkiyyətçi"yə verməyi öhdəsinə götürür (1.1.). "Mülkiyyətçi" öhdəsinə götürür ki, bu Müqavilənin imzalandığı tarixdən etibarən 30 (otuz) gün ərzində ona məxsus mənzili söküntü üçün "Tikinti' şirkəti”nə təhvil verəcək, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən mənzili isə qəbul edəcəkdir (1.2). "Tikinti şirkəti" inşa ediləcək çoxmənzilli binanın B blokunun, ümumi mərtəbələrin 4-cü mərtəbəsində (yaşayış mərtəbələrin 2-cisində) yerləşən, 111 saylı mənzili (şəkilda ayrılmış layihəli) "Mülkiyyətçi"yə təmirsiz şəkildə təhvil verməyi və "Mülkiyyətçi'nin mənzili özü tərəfindən təmir etməsi üçün ona mənzilin hər bir kvadrat metr sahəsi üçün 200 manat məbləğində pul ödəməsini öhdəsinə götürür (1.3). "Mülkiyyətçi" mənzili “Tikinti şirkəti"nə təhvil verdiyi gündən yeni mənzillə təmin olunan günədək müddətdə “Mülkiyyətçi"yə "Tikinti şirkəti" ayda 600 manat kirayə pulunu verməyi öhdəsinə götürür (1.4). Hazırkı vaxtadək mənzil iddiaçıya təhvil verilməmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdən başlayaraq, 5 ay üzrə 2800 manat kirayə haqqının, 19934 manat təmir pulun və təmir pulunun ödənilmədiyinə görə əldən çıxmış fayda kimi 2032 manat pulun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili isə iddianı qismən, 2800 manat kirayə haqqının və 18000 manat təmir pulunun ödənilməsi hissəsində qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MTK arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh nümayəndəsi və vəkili 2800 manat kirayə haqqının ödənilməsi hissəsində iddia tələbini qəbul etməklə etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin iddia tələbini “kirayə haqqının ödənilməsi” hissəsində etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın “19934 manat təmir pulunun ödənilməsi” hissəsində qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən MTK iddiaçıya məxsus məxsus mənzili sökülmək üçün təhvil alıb, tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra həmin binada 109.67 kv.m-dən ibarət tikinti sahəsi, o cümlədən 3 otaqlı təmirsiz mənzili (sahəsi 99,67 kv.m olmaqla) və bir avtomobil üçün qaraj (sahəsi 10 kv.m olmaqla) "Mülkiyyətçi"yə verməyi, inşa ediləcək çoxmənzilli binanın B blokunun, ümumi mərtəbələrin 4-cü mərtəbəsində (yaşayış mərtəbələrin 2-cisində) yerləşən, 111 saylı mənzili "Mülkiyyətçi"yə təmirsiz şəkildə təhvil verməyi və "Mülkiyyətçi”nin mənzili özü tərəfindən təmir etməsi üçün ona mənzilin hər bir kvadrat metr sahəsi üçün 200 manat məbləğində pul ödəməsini öhdəsinə götürmüşdür. Müqavilədə iddiçıya təhvil veriləcək mənzilin sahəsi 99,67 kv.m müəyyən edilmiş, bu səbəbdən mənzilin təmir edilməsi üçün iddiaçıya 19934 manat (99,67x200) təmir pulunun ödənilməli olduğu məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh isə həmin hissədə iddiaya etiraz etməmiş, 18000 manatın ödənilməsi hissəsində iddianı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Hazırda baxılan mülki iş üzrə iddianın predmeti, qeyd edildiyi kimi, İddiaçı ilə Cavabdeh MTK arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır, iddiaçı mənzilini cavabdehə təhvil versə də, həmin mənzil ona təhvil verilməmiş, o cümlədən mənzil üzrə ödənilməli olan təmir pulu cavabdeh tərəfindən ödənilməmiş, cavabdeh bununla bağlı öhdəliyini də yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslıdır və tərəflər arasında bağlanmış müqavilənin 1.1 və 1.3-cü bəndlərinə uyğun olaraq 19934 manat təmir pulu cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “təmir pulunun ödənilməməsinə görə 2032 manat əldən çıxmış faydanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbində cavabdehin 19934 manat məbləği ödəmədiyinə, özündə qanunsuz saxladığına, ödənilməsini gecikdirdiyinə görə 19934 manat təmir pula Mərkəzi bankın 5%-li uçot dərəcəsi üzrə hesablanmış 2032 manat məbləğində ziyana düşdüyünü göstərib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə təmir pulunun ödənilməsi ilə bağlı öhdəliyin icrası vaxtını müəyyən etmək mümkün olmamışdır, hazırda isə mənzil təhvil verilməmişdir. Həmçinin, iddiaçı Mülki Məcəllənin 449-cu maddəsinə istinad etsə də, xahişində 2032 manat pulu əldən çıxmış fayda kimi göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, əldən çıxmış fayda deyərkən şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərdə tutulur. 19934 manat pul isə iddiaçıya gəlir əldə etmək üçün deyil, mənzilin təmir edilməsi məqsədi ilə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddia “təmir pulunun ödənilməməsinə görə 2032 manat əldən çıxmış faydanın ödənilməsi” hissəsinə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dən xx.xx.2024cü il tarixdən başlayaraq 5 ay üzrə ödənilməmiş 2800 manat kirayə haqqı, 19934 manat məbləğində təmir pulu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 151 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 151 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 13,3 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dən xx.xx.2024-cü il tarixdən başlayaraq 5 ay üzrə ödənilməmiş 2800 manat kirayə haqqı, 19934 manat məbləğində təmir pulu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 151 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 13,3 manatı İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2677/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2677/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver