Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2678/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi cəlb edilməklə cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində tərbiyəçi vəzifəsinə bərpa olunmağı və işlədiyi 2007-ci il tarixdən 2013-üi il tarixədək ödənilməmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinı onunla əsaslandırılmışdır ki, o, 2009-cu il tarixində Gəncə şəhəri, Azərbaycan Müəllimlər İnstitutunun, İbtidai Təhsilin Pedaqoqika və metodikası fakültəsini bitirmişdir. 2007-ci il tarixdən etibarən 2013-cü il tarixədək Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində tərbiyəçi müəllim vəzifəsində işləmişdir. 2013-cü il tarixdə onu cavabdeh qurumun rəhbəri X1 tərəfindən işlədiyi Bakı şəhəri, Nizami rayonu, Şərifli 3 ünvanında yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbindən heç bir əsas göstərilmədən işdən xaric olunmuşdur. İşdən azad olunmağı barədə bu günədək ona heç bir sənəd təqdim edilməmişdir. Qeyd edir ki, işlədiyi gündən işdən çıxarılan günədək o, əmək haqqı almamış, onun əmək haqqı aldığı bank kartı cavabdeh qurumun rəhbərində olmuş və işlədiyi 2007-2013-cü illər arasında ona əmək haqqı ödənilməmişdir. Bildirir ki, bu baş verən hadisə ilə bağlı o, Təhsil Nazirliyinə, Respublika Prokurorluğuna, Əmək Müfəttişliyinə və başqa orqanlara müraciət etsə də, müraciətinə heç bir cavab verilməmişdir. Prokurorluğa verilən şikayət ərizəsindən sonra Təhsil Nazirliyindən də ona cavab olaraq bildirilmişdir ki, işə bərpa ilə bağlı məhkəməyə müraciət edə bilər. Onu da qeyd edir ki, o, işdən azad ediləndə cavabdeh qurumdan ona boş vakansiyanın olmadığı bildirilmişdir, lakin Təhsil Nazirliyi tərəfindən cavabdeh qurumda aparılmış araşdırmadan sonra məlum olmuşdur ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində 32 vakant iş yeri mövcuddur. Bu səbəbdən mövcud tələbə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh 3 №-li Respublika Xüsusi İnternat Məktəbinə ilkin olaraq texniki işçi kimi işə qəbul olunmuşdur. Ali təhsil haqqında sənəd təqdim etdikdən sonra isə onu tərbiyəçi müəllim vəzifəsinə əmrlə qəbul etmişlər. Məktəb rəhbəri ilə qohumluq münasibətlərində olduğundan işlədiyinə uyğun əmək haqqının alınmasına dair hesab kartı ona verilməmiş, direktorda qalmışdır. Həmin zaman həyat yoldaşı da məktəbdə texniki işdə işləmişdir. Məktəb direktorunun deməyinə görə guya ki, ona hesablanmış əmək haqqı onun hesabına ödənilmişdir. Narazılıq yaranmış, məlum olmuşdur ki, hesablanmış əmək haqqı hər ay kart hesabından çıxarılmışdır. Onun narazılığını hiss edən cavabdeh müəssisənin direktoru “bir daha işə gəlmə” deməklə əmək fəaliyyətinə xitam vermişdir. İşdən çıxma barədə sənədlərini tələb etsə də, bu günə onları əldə edə bilməmişdir. Müvafiq yoxlamalar aparılmış müəyyən olunmuşdur ki, ona əmək haqqı hesablanmışdır. Məcbur olub, səlahiyyətli orqanlara müraciətlər etmişdir. X2 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə etdiyi şikayətə 13 iyin 2022-ci il tarixli **********2 nömrəli cavab məktubu verilmiş və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Eyni ilə Təhsil Nazirliyinin xx.xx.2022ci il tarixli M-359/05/21 nömrəli cavabla məhkəməyə müraciət olunması bildirilmişdir. İddia ərizəsinə əlavə olunan səndələr və sübutlardan da bəlli olur kı, qanunvericiliyin müəyyən etdiyi qaydada onun səlahiyyətli orqanlara müraciətləri olmuş, qəbul edilmiş qərarlardan sonra məhkəməyə müraciət etmişdir. İddia tələbi ötürülməmişdir, ötürülmüş hesab edilsə belə, bu hal məhkəmə tərəfindən üzrlü hesab olunmalıdır. Yoxlamanın nəticələri sübut növü hesab edilməklə, ona işəgötürən tərəfindən 2007-2013-cü illər ərzində işldiyi dövr üçün əmək haqqı kartına 12000 manata yaxın vəsait köçürülsə də, o bu vəsaiti almamışdır. Hesab edir ki, ona işəgötürən tərəfindən həmin məbləğdə maddi ziyan vurulmuşdur. Bununla yanaşı, 2013-cü ildən hal-hazıradək işəgötürən məcburi şəkildə işdən çıxarmaqla, həm məcburi iş buraxmaya görə hər ay alacağı əmək haqqından da məhrum etmişdir. Hesab edir ki, tərbiyəçi müəllimin aylıq əmək haqqı məbləği müəyyən edilməklə cavabdeh ona vurulmuş zərəri tam şəkildə ödəməli və o, tərbiyəçi müəllim vəzifəsinə bərpa olunmalıdır. Cavabdeh qanunvericiliyin tələblərini pozmuş, onun əmək hüquqlarını məhdudlaşdırmış, nəticədə işsiz qalmışdır. Qeyd edilənlərə əsasən onun Sağlamlıq imkanları məhdud uşaqlar üçun 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində işlədiyi müddət ərzində 11171,89 (on bir min yüz yetmiş bir manat, səksən doqquz qəpik) manat məbləğində hesablanmış, lakin almadığı əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin məcburi iş buraxmaya görə tərbiyəçi müəllim vəzifəsinin orta aylıq əmək haqqı məbləği müəyyən edilməklə həmin vəzifəyə işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı işdən çıxarılmış və bununla bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçıya 2007-2013-cü illər aralığında ödənilməmiş əmək haqqının ödənilməsini və iddiaçının işinə bərpa edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, əmək mübahisələri üzrə iddia müddəti bir aydır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə onların iştiraklar olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli M-17340/20(3)- 24 saylı və xx.xx.2022-ci il tarixli M-359/20(3)24 saylı məlumatlarından görünür ki, Nümayəndə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbindən şikayətlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı müraciətlərə Təhsil Nazirliyində baxılmışdır. Bildirilmişdir ki, əmək qanunvericiliyinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-75/1 saylı “Yoxlamanın aparılması barədə” əmrin surətindən görünür ki, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində qanunsuzluqların olması ilə bağlı Təhsil Nazirliyinə çoxsaylı müraciətlərin daxil olması, həmçinin son dövrlər qeyd olunan internat məktəbində qanuna-zidd əməllərin olması ilə bağlı sosial şəbəkələrdə bir çox materialların yerləşdirilməsi nəzərə alınaraq, 2020-2021 və 2022-ci ilin yanvar ayını əhatə edən dövr ərzində həmin təhsil müəssisəsində fəaliyyətin təşkili, davamiyyət, qidalanma, kadrların işə qəbulu, kargüzarlıq, maliyyə və təsərrüfat sahələri üzrə monitorinq aparmaq məqsədi ilə Audit şöbəsinin Audit sektorunun böyük məsləhətçisi Məhərrəm Babakişiyev, Daxili nəzarət şöbəsinin Məlumat-təhlil sektorunun apancı məsləhətçisi Xəqani Qurbanov, həmin şöbənin Nəzarət sektorunun aparıcı məsləhətçisi Aydın Rəhimov, İnsan resursları şöbəsinin Korporativ idaretmə sektorunun məsləhətçisi Rəşad Musayev, Bakı Şəhəri üzrə Təhsil idarəsinin 2 nömrəli psixoloji-tibbipedaqoji komissiyasının sədri, 284 saylı tam orta məktəbin psixoloqu İlahə Rüstəmova, Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbin defektoloq-loqopedi Reyhan Əhmədova, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin tədris işləri üzrə direktor müavini Anar Şahmommədli və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin müəllim-loqopedi Elmira Əsgorova 28.01xx.xx.2022-ci il tarixlərində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə yoxlamaya göndərilməsi, yoxlama başa çatdıqdan sonra 10 iş günü ərzində nəticələr barədə hesabatın rəhbərliyə təqdim olunması əmr edilmişdir. - Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli **********2 saylı məlumatından görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 nömrəli Respublika xüsusi internat məktəbinin rəhbərliyi tərəfindən son haqq-hesabın ödənilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladıqları müraciətə X2 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Araşdırma zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 nömrəli Respublika xüsusi internat məktəbinin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən xx.xx.2013-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci madəsinə 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqavilənə xitam verildiyi məlum olmuşdur. Bildirirlər ki, müəssisənin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən ona aid əmək müqaviləsi və işdən çıxma ərizəsi, əmək haqqı ilə bağlı hesablama və ödəniş cədvəli, əmək məzuniyyəti hüquqlarından istifadə ilə bağlı ərizə, əmr və diqər sənədlər, son haqq-hesab üzrə məlumatlar hesablama və ödəmə cədvəlləri, işçinin iş vaxtının uçotu tabelləri rütubətli zirzəmidə uzun müddət qaldığı və su basdığı üçün sənədlər tam yararsız vəziyyətə düşdüyündən təqdim edə bilməyəcəkləri bildirilmişdir. Eyni zamanda son haqqhesabın hesablanması barədə arayış təqdim edilsə də, lakin ödənilməsini təsdiq edən sənədlər təqdim olunmadığından həmin ödənişin ona ödənilib-ödənilməməsinə aydınlıq gətirilməsi mümkün olmamışdır. Araşdırmada əri Nümayəndə X2 Xidmətinin Bakı şəhər idarəsində verdiyi izahatında bank hesabından çıxarış təqdim edə bilməyəcəyini qeyd etmişdir. - İddiaçı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 nömrəli Respublika xüsusi internat məktəbində xadimə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə məktəbədə müvəqqəti olaraq tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə daimi tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə 171 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində müəllim vəzifəsində işləyir, əmək haqqı məbləği 346,67 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli MŞN/6-166 saylı arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 nömrəli Respublika xüsusi internat məktəbində xadimə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə məktəbədə müvəqqəti olaraq tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə daimi tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə 171 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun Sağlamlıq imkanları məhdud uşaqlar üçun 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində işlədiyi müddət ərzində 11171,89 (on bir min yüz yetmiş bir manat, səksən doqquz qəpik) manat məbləğində hesablanmış, lakin almadığı əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin məcburi iş buraxmaya görə tərbiyəçi müəllim vəzifəsinin orta aylıq əmək haqqı məbləği müəyyən edilməklə həmin vəzifəyə işə bərpa olunmağını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 nömrəli Respublika xüsusi internat məktəbində əvvəl xadimə, sonra isə tərbiyəçi vəzifəsində işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsi xx.xx.2013-cü il tarixdə işçinin ərizəsi əsasında xitam verilmişdir. Hazırda isə iddiaçı işlədiyi lakin onlara ödənilməmiş əmək haqqını və məcburi iş buraxmaya görə tərbiyəçi müəllim vəzifəsinin orta aylıq əmək haqqı məbləği müəyyən edilməklə həmin vəzifəyə bərpa olunmasını tələb edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə qeyd edir ki, iddiaçı ona əmək haqqının ödənilmədiyini bildirərək 2007- 2013-cü illər ərində ona ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etsə də, qeyd edilən müddət ərzində iddiaçı məktəbin işçisi olmaqla, həmin illər ərzində əmək haqqının ödənilməsini tələb etməmiş, əmək haqqı ilə bağlı hər hansı bir iddiası olmamışdır. Bununla yanaşı iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı müəssisəsinin direktorundan əmək haqqının ödənilməsi tələb etdikdə, onu işdən azad etmişlər. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçı hal-hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində müəllim vəzifəsində işləyir. İddiaçı ərizəsində iddia müddətini ötürmədiyini və ayrı-ayrı orqanlara müraciət etdikdən sonra məhkmədə iddia qaldırdığını bildirmişdir. İş materialları ilə müəyyən olunur ki, həqiqətən də iddiaçı və onun nümayəndəsi 2021-2022-ci illər tarixində yaranmış mübahisə ilə bağlı Azərbaycan Respubliasının Təhsil Nazirliyinə, Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər Ərazi İdarəsinə və s. orqanlara müraciət etmişlər. Göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Qanunvericiliyə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırda isə iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürmüş, işdən azad edildiyi 2013-cü il tarixdən əmək haqqı, işə bərpa olunma tələbi ilə məhkəməyə müraciət etməmiş, bununla yanaşı başqa bir orqanda işə qəbul edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia müddətini ötürdükdən sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi xahiş edildiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 379.4-1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MŞB/6-166 saylı arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sesiyasında iştirak etsə də, cavabdeh tərəf iştirak etmişdir. Həmin arayış xx.xx.2022-ci il tarixdə tərtib edilsə də, iddiaçı hazırkı iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir (başqa bir iddiası isə xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü madəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi cəlb edilməklə cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi cəlb edilməklə cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2678/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2678/2022
11.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver