Məhkəmə qərarları › İş №2(007)-2702/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2702/2025

04.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2702/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Ərizəçi Oruz qızının maraqlı şəxslər Maraqlı şəxs3, Nizami rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyi cəlb edilməklə “Bakı şəhərində faktiki yaşamasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİM: Ərizəçi Oruz qızı maraqlı şəxslər Maraqlı şəxs3, Nizami rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyi cəlb edilməklə “Bakı şəhərində faktiki yaşamasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun 2005-ci ildən xx.xx.2024-cü il tarixinə rəsmi qeydiyyata alınan günə kimi Bakı şəhərində faktiki yaşaması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. İş materialları ilə aydın olur ki, Salyan rayon Yeni Uluxanlı kənd sakini, şəhid ailəsi Ərizəçi rayon icra hakimiyyətində yaşayış yeri üzrə “İ növbədə” mənzil almaq hüquqi olanların siyahısında mənzil növbəsinə qəbul edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə qeydiyyat ünvanını dəyişdirərək, Bakı şəhərində qeydiyyata alınmışdır. Belə ki, hazırkı ərizənin təmin edilməsi ərizəçiyə Bakı şəhərində mənzil növbəsinə qəbul edilməsi üçün zəruridir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı qərarının 13-cü bəndinə əsasən məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. İş materiallarına olan Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ın 8-ci bəndinin 2-ci abzasına əsasən Bakı şəhərində azı son 7 il ərzində fasiləsiz daimi qeydiyyatda olan vətəndaşlar mənzil növbəsinə dayanmaq hüququnu əldə edir. Məhkəmə qeyd edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə hər hansı bir nəticəyə səbəb olcağı təqdirdə baxa bilər. Hazırki halda isə ərizəçinin ərizədə göstərilən tarixdə Bakı şəhərində yaşaması faktının müəyyən edilməsi onun Bakı şəhərində mənzil növbəsinə durması üçün kifayət etməyəcəkdir. Belə ki, mənzil növbəsinə qəbul olunmaq üçün ərizədə müəyyən edilməsi xahiş edilən halla yanaşı, həm də 7 il ərzində fasizəsiz qeydiyyat ünvanı Bakı şəhəri olmalıdır. Ərizəçi isə ərizədə qeyd edildiyi kimi, Bakı şəhərində xx.xx.2024-cü il tarixdən qeydiyyata alınıb. Bu səbəbdən hesab edirəm ki, ərizəçinin 2005-ci ildən xx.xx.2024-cü il tarixinə kimi Bakı şəhərində faktiki yaşamasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil. Beləliklə qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki ərizəyə ümumi məhkəmələrdə baxılmalı olmadığından, ərizə yolverilməz hesab edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Oruz qızının maraqlı şəxslər Maraqlı şəxs3, Nizami rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyi cəlb edilməklə “Bakı şəhərində faktiki yaşamasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsi ərizənin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi Oruz qızına geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar