Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2704/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı kimi göstərilmiş ünvan 1nının VÖEN ********** olan "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2tmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" MMC-nin direktoru Faiq Əliyev arasında 05.08.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" MMC-nə fəhlə vəzifəsinə işə qəbul edilmiş və işə başlama tarixi 05.08.2010-cu il olmaqla, əmək müqaviləsinin müddətsiz olaraq bağlanmışdır. Əmək müqaviləsi bağlandığı vaxtdan 05.08.2010-cu il tarixdən 05.05.2021-ci il tarixədək fasiləsiz olaraq işləsə də, 05 may 2021-ci il tarixdə iş yerinin rəhbərliyi ona və ondan başqa 3 işçiyə tullantıları toplamaq üçün Nizami rayonu Bakıxanov qəsəbəsinə getməli olduğu bildirilmişdir. O, və digər işçilər onlara verilən tapşırığı yerinə yetirdikdən sonra, iş yerinə qayıtmışlar. İşə qayıdandan sonra onlara guya verilmiş tapşırığı yerinə yetirmədikləri bildirilərək, işdən azad olunmaları barədə ərizə verməli olduqları təklif edilmişdir. Onunla işləri yerinə yetirməyə gedən digər işçilər işdən azad olunmaq barədə könüllü ərizə versələr də, o, əsassız səbəbdən işdən azad olunmasına etiraz edərək, ərizə yazmaq istəmədikdə, “Azkontakt" MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. Ona əmək müqaviləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə heç bir məlumat verilməmişdir. Bu məsələni aydınlaşdıran zaman müəyyən etmişdir ki, guya ona 05.05.2021-ci il tarixdə 08/D saylı "Töhmət əmri" və "xxxx" MMC-nin direktor müavini Əhməd Əhmədovun 05.05.2021-ci il tarixli təqdimatına əsasən 31 may 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə, əmrin surətini alan zaman məlumat almışdır. Ona 05.05.2021-ci il tarixdə 08/D saylı "Töhmət əmri"nin verilməsindən məlumatı olmamış, əvvəllər barəsində hər hansı intizam tənbehi tətbiq edilməməsinə baxmayaraq, 05 may 2021-ci il tarixdə formal olaraq töhmət əmri və 3 gün sonra işdən azad olunması barədə əsassız əmr verilmişdir. "xxxx" MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması əsasına istinad etsə də, onun 71-ci maddəsində nəzərdə tutulmuş işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına əsas olan halların heç biri mövcud olmamışdır. "xxxx" MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmrinin verilməsinə əsas olmuş 05.05.2021-ci il tarixdə 08/D saylı "Töhmət əmri" qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən, "Töhmət əmri" verilərkən onun yazılı izahat verməsi təmin edilməmiş, "Töhmət əmri" nin surəti ona təqdim edilməmiş və intizam tənbehi tətbiq edildikdən 3 gün sonra qanunsuz və əsassız olaraq onun işdən azad olunması barədə əmr verilmişdir. "xxxx" MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmri ilə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilməsi barədə əmr qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, "xxxx" MMC-nin baş direktoru Faiq Əliyev işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni onunla əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu rəsmi xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli, eləcə də əmək müqaviləsinin ləğvi haqqında Əmrdə "xxxx" MMC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir. Qeyd olunanlara əsasən "xxxx" MMCnin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmrini yəni onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsası ilə işdən azad etməsi barədə 08.05.2021-ci il tarixli 29/K saylı, 05.05.2021-ci il tarixli 08/D saylı "Töhmət əmri"nin ləğv edilməsi, yenidən "xxxx" MMC-yə fəhlə vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək, bilirdi ki, 04.05.2021-ci il tarixində onu və iş yoldaşlarını “Məlhəm” klinikasının həyətində təmizlik işi görüb zibilləri atmaq üçün ora göndəriblər. Onları oranın gözətçisi Fuad adlı şəxs qarşılayıb və görüləsi işi tapşırıb. Onlar tapşırılan işi tam gördükdən sonra onlara işi tapşıran Fuad adlı gözətçiyə görülmüş işə baxmasını və təhvil almasını bildiriblər. O, görülmüş işlərə baxıb və gedə biləcəklərini deyib. Yəni tapşırlan işi təhvil almış və heç bir irad bildirmədən gedə biləcəklərini demişdir. Onlar MMC-nin sürücüsü Rəşada zəng vurublar o, da gəlib onları zavoda geri qaytarıb. Rəhbərliyin bildirdiyinə görə guya biz zavoda gəldikdən sonra klinikanın rəhbəri zəng vurub Faiq müəllimə və onların gördüyü iş barədə iradını bildirib. Faiq müəllim də əsəbləşib onları qanunsuz olaraq işdən azad edib. Beləliklə onların əməllərinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndində qeyd olunan tələbləri pozmamışdır. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 30.06.2021-ci il tarixli iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X10 izahatında bildirdi ki, iddianı qəbul etmir. Cavadehlə birlikdə digər işçilərə də tapşırıq verilmişdir ki, “Məlhəm” klinikasının həyətində gedib işləsinlər. Lakin həmin sahəyə gedəndə heç bir işçi orada olmamışdır. İş saatı saat 18:00-da bitdiyi halda, onlar iş yerini saat 16:00-da tərk etmişlər. Onlara nəzarət edən nəzarətçi heç bir işçini görmədiyini bildirmişdir. Onlar özbaşına iş yerini tərk edib zavoda qayıtmışlar. İşçilər zavoda qayıdanda ərizə yazıb etiraf ediblər ki, işləri təhvil verməyiblər. Cavabdehin əvvəldə töhməti olmuşdur. Cavabdehi iş zamanı buraxdığı nöqsanlara görə işdən azad ediblər. Cavabdeh şifahi xəbərdar olunmuşdur. 05.05.2021-ci il tarixdə töhmət verilmişdir. 08.05.2021-ci il tarixdə işdən azad olunmuşdur. Cavabdeh "xxxx" MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC-nin 05.05.2021-ci il tarixli 08/D əmrinə əsasən Cavabdeh MMC-nin X1, X7, X3, İddiaçı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, 04.05.2021-ci il tarixindən rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirməyərək əmək müqaviləsinin müvafiq bəndlərinə ziddiyyətli hərəkət etmişdirlər. Qeyd edilənləri, həmçinin onlarla bağlanılmış əmək müqaviləsinin müvafiq bəndlərinin icrasının və cəmiyyətin daxili intizam qaydalarını kobud surətdə pozduqlarını, eləcə də Baş direktorun müavini Ə.Əhmədovun 04.05.2021-ci il tarixli təqdimatını nəzərə alaraq, Cavabdeh MMC-nin X1, X7, X3, İddiaçı Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilsin və onların nəzərinə çatdırılsın ki, gələcəkdə iş fəaliyyəti zamanı belə nöqsanlara yol verdiyi təqdirdə onlara Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə əsasən daha ciddi intizam tənbehi veriləcəkdir. Cavabdeh MMC-nin Baş direktorunun müavini Ə.Əhmədova tapşırılsın ki, Cavabdeh MMC-nin işçi heyətinin daha ciddi təlimatlandırılması və Cəmiyyətdə əmək intizamının gücləndirilməsi üçün müvafiq tədbirlər görsün, Kadrlar şöbəsinin rəisi Zəhra Bayramovaya tapşırılsın əmrin surəti ilə Cavabdeh MMC-nin bütün işçilərinin tanış edilməsi, əmrin icrasına nəzarət Baş direktorun müavini Ə.Əhmədova tapşırılması əmr edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 08.05.2021-ci il tarixli 29/k əmrinə əsasən İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı, X4, X2, X5 izahatlarından görünür ki, 04.05.2021-ci il tarixində onları “Məlhəm” klinikasının həyətində təmizlik işi görüb zibilləri atmaq üçün ora göndəriblər. Onları oranın gözətçisi Fuad adlı şəxs qarşılayıb və görüləsi işi tapşırıb. Onlar tapşırılan işi tam gördükdən sonra onlara işi tapşıran Fuad adlı gözətçiyə görülmüş işə baxmasını və təhvil almasını bildiriblər. O, görülmüş işlərə baxıb və gedə biləcəklərini deyib. Yəni tapşırılan işi təhvil almış və heç bir irad bildirmədən gedə biləcəklərini demişdir. Onlar MMC-nin sürücüsü Rəşada zəng vurublar o, da gəlib onları zavoda geri qaytarıb. Bu faktla bağlı müəssisənin 4 işçisi eyni məzmunlu izahat vermişlər. Cavabdehin nümayəndəsinə MMC-nin sürücüsü Rəşad adlı şəxsi və “Məlhəm” xəstəxanasının gözətçisi Fuad adlı şəxsi şahid qismində dindirilməsi zərurəti yarandığı üçün məhkəmənin həmin şəxsləri məhkəməyə gətirilməsi tələbi cavabdehin nümayəndəsi tərəfindən təmin edilməmişdir və bu hal məhkəmə tərəfindən iddiaçının obyektiv həqiqətə nail olmasından yayınma kimi qiymətləndirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Faiq Əliyev arasında bağlanmış 05.08.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" MMC-nə fəhlə vəzifəsinə işə qəbul edilmiş və işə başlama tarixi 05.08.2010-cu il olmaqla, əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. "xxxx" MMC-nin 05.05.2021-ci il tarixli 08/D əmrinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı 04.05.2021-ci il tarixindən rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmədiyinə görə töhmət verilməsi əmr edilmişdir. "xxxx" MMC-nin 08.05.2021-ci il tarixli 29/k əmrinə əsasən İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarına və təqdim olunmuş sənədlərə ədalətli, obyektiv və qərəzsiz qiymət verərək məhkəmə cavabdehin qərəzli mövqe tutması və qanunvericiliyin tələbini pozması müəyyən olunmuşdur. Belə ki, iddiaçının bildirdiyi və cavabdehin nümayəndəsinin də etiraf etdiyi kimi tapşırılmış iş bitdikdən sonra iddiaçı evinə yox məhz zavodun sürücüsü ilə zavoda qayıtmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər; - 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; - 68.2-ci maddəsində əmək müqaviləsinə xitam verilmənin əsasları dəqiq şəkildə qeyd olunmuşdur. Belə ki, həmin maddənin a bəndində tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin xitam olunması əsası qeyd olunmuşdur; - 70-ci maddəsində isə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsasları qeyd olunmuşdur. Belə ki, bu əsaslardan biri də həmin maddənin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır; - 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; - 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; - 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. -187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. -189.1-ci maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Beləliklə yuxarıda qeyd olunanlardan və iş materiallarından görünür ki, cavabdehin 05.05.2021-ci il tarixli əmri əsasında Cavabdeh MMC tərəfindən İddiaçı 04.05.2021-ci il tarixindən Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmədiyinə görə töhmət verilməsi əmr edilmişdir. Cavabdehin 08.05.2021-ci il tarixli əmri əsasında iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması əsası ilə xitam verilmişdir. Qeyd olunanlardan da görünür ki, cavabdeh Cəmiyyət tərəfindən İddiaçı əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdiyinə görə işəgötürən tərəfindən ona yalnız bir intizam tənbehi verilməli olduğu halda cəmiyyət tərəfindən işçiyə bir əmələ görə iki intizam tənbehi tətbiq etmişdir. Bu da qanunvericiliyə ziddir. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsindən də aydın görünür ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona Məcəllədə qeyd olunan intizam tənbehlərindən birini verə bilər. Belə olan halda məhkəmə haqlı olaraq hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri və şərtləri pozulmuş, iddiaçının işdən azad edilməsi qanunsuz və əsassız olmuşdur. Ona görə də iddia "xxxx" MMC-nin 08.05.2021-ci il tarixli 29/K saylı əmri ləğv edilməsi və İddiaçı "xxxx" MMC-nə fəhlə vəzifəsinə işə bərpa edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər; 301.1-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir; 301.2-ci maddəsinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, iddia tələbinin "xxxx" MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmrinin ləğv edilməsi, onun yenidən "xxxx" MMC-yə fəhlə vəzifəsinə işə bərpa edilməsi hissəsində iddiaçı şəxsin tutduğu əvvəlki vəzifəsinə bərpa edilməsi nəticəsinə gəlindiyindən, İddiaçı Cavabdehndə “fəhlə” vəzifəsinə bərpa olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin İİ hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-nin 08.05.2021-ci il tarixli 29/K saylı əmri ləğv edilməli, İddiaçı "xxxx" MMC-nə fəhlə vəzifəsinə işə bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin 08.05.2021-ci il tarixli 29/K saylı əmri ləğv edilsin. İddiaçı "xxxx" MMC-nə fəhlə vəzifəsinə işə bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2704/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2704/2021
06.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver