Məhkəmə qərarları › İş №2(007)-2718/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2718/2022

23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2718/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuşdur. X1, anası X3r. Hər ikisi azərbaycanlıdırlar. O, 1-ci qrup əlildir, pensiyaçıdır, 16 yaşından sümüyündə olan xəstəliklə bağlı əziyyət çəkir. Hal-hazırda yataqda xəstə yatır. Qardaşı Nümayəndə onu qəyyumluğa götürmək istəyir. Bununla bağlı ondan doğum haqqında şəhadətnamə tələb edirlər. Lakin o, doğum haqqında şəhadətnaməmi itirmişdir. Bununla bağlı o, Nizami rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Oradan ona yazılı olaraq imtina edərək bildirmişlər ki, bu işin həlli qeydiyyat şöbəsində mümkün deyil, belə ki, doğum akt qeydinin bərpa edilməsi məsələsi məhkəmə yolu ilə həll edilməlidir. Belə olan halda, o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarını almışdır. Qeyd edilənlərə əsasən onun xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmağına dair doğum akt qeydinin bərpa edilməsi, onun doğum akt qeydimdə ata qrafasında “X2” kimi, ana qrafasında isə “X4” kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ərizəçi onun doğma bacısıdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ASAN 5 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır; - 15 iyul 1957-ci il tаriхdə vеrilmiş ЗЖ № 984487 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə xx xxxx 1957-ci il tаriхdə Ermənistan SSR-in Qafan rayonunun Qaradğa kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 15 iyul 1957-ci ildə 18 № ilə qeyd edilmişdir. Atası X5 оğlu, anası X3r; - 141 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 1203 saylı arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır; - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-1117/15 saylı məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Doğum haqqında akt qeydinin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəaların” 13-cü bəndinə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qanunvericiliyə müvafiq olaraq vətəndaş Ərizəçi xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulduğu faktını təsdiq edən sənədlər olmadığına görə ərizənizin icrası qeydiyyat şöbəsində mümkün deyildir. Bu səbəbdən də, məhkəməyə müraciət edilməsi tövsiyyə olunur; - Azərbaycan Respubliksasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-8365/13 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi doğumu haqqında hər hansı məlumat aşkar edilməmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-23041-1222 nömrəli məktubundan görünür ki, Ərizəçi xx.xx.2017-ci il tarixdə verilmiş AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərlə müəyyən edilir ki, Ərizəçi xx xxx 1952-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxx 1952-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuşdur, hazırda Bakı şəhəri, Nizami rayonunun ərazisində yaşayır. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçinin müraciəti Nizami rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir, məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır; 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyənedilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin doğulduğu və onun doğumun qeydə alındığı Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti nəticəsində ölkələr arasında faktiki müharibə vəziyyəti mövcud olmuşdur, azərbaycanlılar kütləvi olaraq 1988-ci ildə Ermənistanda yaşadıqları ərazilərdən məcburi qovulmuşlar, ona görə ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxx 1952-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü xx xxx 1952-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, X1, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1952-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü xx xxx 1952-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, X1, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar