Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2722/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “bağışlama müqaviləsindən imtina edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsindən imtina edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsindən imtina edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzilinin Cavabdeh bağışlanmasına dair 08 oktyabr 2022-ci il tarixli müqavilədən imtina etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1936-cı il təvəllüdlü olmaqla 89 yaşı vardır. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 21 saylı evin 25 saylı mənzili 3 otaqdan ibarət olmaqla onun mülkiyətində olmuşdur. Həmin mənzildə onun ailə üzvləri, yəni oğlu və onun ailəsi (həyat yoldaşı və uşaqları) bərabər yaşamışlar. Lakin 2022-ci ildə heç bir faydalı əməklə məşğul olmayan 1969-cu il təvəllüdlü oğlu Cavabdeh evini nəvəsi Sahibə bağışlamağını eşidərək onun yaşlı və xəstə olduğundan istifadə edərək onu ölümlə hədələyərək mülkiyyətində olan həmin mənzili öz adına bağışlamağını tələb etmişdir. O, cavabdehin kriminal hadisələrə meyilli olduğunu bildiyindən qorxaraq öz əmlakını ona bağışmağa razılıq verdi. Beləliklə, xx.xx.2022-ci ildə 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində Daşınmaz Əmlakın bağışlanması müqaviləsi həyata keçdi. Həmin evdə gəlini və nəvələri qeydiyyatda olmaqla yaşadıqlarını nəzərə alaraq, eyni zamanda oğlundan qorxduğundan müvafiq orqanlara şikayət etmədi. Lakin bu yaxınlarda ona məlum olub ki, cəmiyyət üçün yararsız oğlu Yalçin Veyisov gəlininə və nəvələrinə kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia vermişdir. Göründüyü kimi Cavabdeh məqsədi onu qorxutmaqla mülkiyyətindəki mənzili öz adına keçirib gəlinini və nəvələrini mənzildən çıxarmaq olmuşdur. Ona görə də oğlu Cavabdeh 2022-ci ildə bağışladığı əmlaka dair müqavilədən imtina edir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, 1966-cı ildə dekabrın 31-də ona ev veriblər. Sənaye Nazirliyində ev növbəsinə durmuşdur. Həmin evdə 30 il yaşayıb. 1998-ci ildə evdən çıxıb, evi oğlunun ailəsinə verib. İndi yenə 15 gündür ki, orada yaşayır. Faktiki olaraq keçmiş gəlini, nəvəsi Sahib orada yaşayır. Qız nəvəsi ərdədi, onlara gedib-gəlir, uşaqları ilə arada gələndə həmin mənzildə qalırlar. Özü də istəyəndə qalır, qeydiyyatı həmin evədir. Oğlu onu hədələyib evi özünə bağışlatma elətdirdi. Rəhmətlik oğlu olmasa bağda bıçaqla onu öldürərdi bəlkə də. Ona görə iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçı ona 2019-cu ildə vəsiyyətnamə verib, sonra isə onu ləğv edib. Evi oğlu Sahibin adına keçirirdi, lakin “Asan xidmət”də dedilər ki, evin üzərində həbs var, bağışlama etmək alınmadı. O, Luqansk vilayətində yaşayıb. 21 ildir ki, Azərbaycanda yaşamır. İkinci ailəsi var. 2022-ci ildə gəlib 2 ay qalıb, gedib. xx.xx.2023-cü ildə gəlib. Nəşriyyatda işləyib, sonra isə işdən çıxıb. Atasını heç vaxt hədələməyib nə də kriminala meyilliliyi yoxdur. Sadəcə yeni ailə qurub, keçmiş arvadı ona görə yaşlı atasının fikrini qarışdırır, atasını ona qarşı qoyur. Atası özü onu Luqanskdan çağırıb dedi ki, “evi sənə vəsiyyət etməsəm, bunlar səni evsiz çöldə qoyacaqlar”. O, mənzilin satılmasına da razıdır. Mənzili satıb biraz pul versinlər, özünə qalmağa bir yer alsın, bir də onu görməsinlər. Qalmağa yeri yoxdu hazırda. Mənzildə keçmiş arvadı və oğlu yaşayır. Atası heç vaxt o mənzildə yaşamayıb.
6. Məhkəmə baxışında şahid qismində dindirilən X4 bildirdi ki, Cavabdeh 1988-ci, 1997-ci ildə atasının üstünə bıçaq çəkib. Yalçın evli idi, uşaqları da balaca idi. Yalçın həmişə təhdid edib, öldürəcəm, asacam, kəsəcəm. Qapılarına gəlməyib, ancaq telefonda təhdid edib. Polis, prokurorluğa zəng etməyiblər. Ata-baladırlar, onlara qarışmayıb. Bağa girəndə polisə zəng elədilər.
İş materialları:
7. 08 oktyabr 2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzilini Cavabdeh bağışlamışdır.
8. “Elektron notariat” X1 çıxarışdan görünür ki, 17 aprel 2019-cu il tarixli vəsiyyətnaməyə xitam verilmişdir.
9. 4-1599 saylı notariat işindən görünür ki, MH seriyalı 110704 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzili İddiaçı məxsus olmuşdur.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 09 iyul 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh məhkumluğu yoxdur.
İşin faktiki halları:
11. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 17 aprel 2019-cu il tarixli vəsiyyətnamə ilə sözügedən mənzili oğlu Cavabdeh vəsiyyət etmiş, daha sonra həmin vəsiyyətnaməni ləğv etdirmişdir. Bundan sonra 08 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzilini Cavabdeh bağışlamışdır. Qeyd olunan mənzildə iddiaçının keçmiş gəlini və yetkinlik yaşına çatmış nəvəsi yaşayır. İddiaçı həmin mənzildə 1998-ci ildən yaşamır. Hazırda İddiaçı bağışlanılmış mənzilə dair bağışlanma müqaviləsindən imtina edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 324.1-ci, 324.2-ci, 324.4-cü və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1-ci maddəsinə əsasən, bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: -hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
13. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı:
Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012-ci il tarixli qərarı:
Mülki Məcəllənin 673.1-ci maddəsi bağışlamaqdan imtinanın başa çatmamış deyil, başa çatmış müqavilələrə münasibətdə tətbiqini və bir tərəfin iradə ifadəsinin üstünlüyünü nəzərdə tutur. Halbuki, bağışlama müqaviləsi bir tərəfin deyil, iki və daha çox tərəfin iradə ifadəsinə əsaslanan müqavilə olduğundan, bu, müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin əsaslarını və qaydasını müəyyən edən Mülki Məcəllənin 421-424-cü maddələrinin tələblərinə də ziddir. Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. Mülki Məcəllənin 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Mülki Məcəllənin 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin Mülki Məcəllənin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması Mülki Məcəllənin 673.4-cü maddəsində öz əksini tapmışdır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli qərarı:
Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan bağışlamaqdan imtina halı ilə bağlı xüsusilə ailə və ailə hüquq münasibətləri anlayışlarına aydınlıq gətirilməsini vacib hesab edir. Ailə institutu fərdin psixi və fiziki cəhətdən sağlam böyüməsi, təhsil alması və gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Bu istiqamətdə ailənin sosiallaşma (şəxsin cəmiyyətin normalarını, dəyərlərini, davranış modellərini mənimsəməsi), emosional məmnunluq, müdafiə (ailə üzvlərinin fiziki, iqtisadi və psixoloji müdafiəsinin müxtəlif müstəvidə təmin edilməsi), iqtisadi (ailə üzvləri arasında sıx iqtisadi əlaqələrin olması) və s. funksiyalarını qeyd etmək olar. Konstitusiyanın 17-ci maddəsinin İ hissəsində ailənin cəmiyyətin əsas özəyi olduğu təsbit edilərək, onun dövlətin xüsusi himayəsində olduğu vurğulanmışdır. Bu səbəblə də etibarlı və sağlam ailə münasibətlərinin qorunması və gücləndirilməsi vəzifəsi Konstitusiya ilə dövlət üzərinə qoyulan pozitiv öhdəlikdir. Dövlətin daşıdığı bu vəzifə isə ailə dəyərlərinin pozuntulardan qorunmasını və buna yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsini labüd edir. Ailə anlayışı hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur. Ailə hüquq münasibətləri ailə qanunvericiliyinin predmeti olmaqla, məzmununu ailə üzvlərinin qarşılıqlı hüquq və öhdəlikləri təşkil edir və bu münasibətlər müəyyən hüquqi faktların baş verməsi ilə (nikaha daxil olma, doğulma və s.) yaranır. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Müraciətdə qaldırılan digər məsələ Mülki Məcəllənin 673.3-cü maddəsi ilə nəzərdə tutulan müddətin iddia və ya kəsici müddət olması və bu müddətin axımının hansı andan başlaması ilə əlaqədardır. Həmin maddəyə uyğun olaraq, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
17. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.
18. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia əsaslı deyil. Belə ki, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır. Konstitusiya Məkməsinin 19 dekabr 2012-ci il tarixli Plenum Qərarından da göründüyü kimi bağışlama müqaviləsi əvəzsiz müqavilədir, lakin bağışlama müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bağışlama müqaviləsinin etibarlılıq şərtlərindən biri kimi hədiyyə verənin iradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi çıxış edir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb müqavilə azadlığı prinsipindən irəli gəlir. İddiaçı bildirir ki, oğlu onu ölümlə hədələmiş, o, da qorxusundan evi oğluna bağışlamışdır. Lakin iddiaçı bunu sübut edə bilməmişdir.
19. Göründüyü kimi bağışlamaq müqaviləsindən imtina üçün əsaslardan biri hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə müəyyən edilmişdir. Lakin məhkəmə iclasında cavabdehin iddiaçı və onun yaxın qohumları barəsində ağır cinayət törətməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, iddia tələbi sübut edilə bilmədiyindən və bağışlama müqaviləsindən imtina edilməsi üçün əsaslar mövcud olmadığından təmin edilə bilməz.
20. Məhkəmə həmçinin qeyd edir ki, hazırki tələbdən görünür ki, iddiaçı mənzili öz oğluna bağışlamışdır. Yəni tərəflər arasındakı bağışlama ailə hüquq münasibətlərinə uyğundur. Plenum Qərarından göründüyü kimi ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur.
21. Məhkəmə iclasında cvabdehin iddiaçıya yaxud Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən onun yaxın qohumu sayılan yetkinlik yaşına çatmış nəvələrinə qarşı mənəvi və əxlaqi dəyərləri pozan yaxud xələl gətirən hər hansı hərəkət etməsi müəyyən olunmamışdır.
22. İş materiallarına əlavə olunmuş iddia ərizəsindən görünür ki, Cavabdeh keçmiş arvadı X2, yetkinlik yaşına çatmış övladları İddiaçı Yalçın oğluna və X3 (ailə qurub mənzildən köçüb) 16000 manat kompensasiya verilməklə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılmaları barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
23. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, İddiaçı ona qarşı “bağışlama müqaviləsindən imtina edilməsi” tələbi ilə məhkəməyə müraciət etməsinə səbəb olmuşdur.
24. Bundan başqa Konstitusiya Məkməsinin 26 aprel 2024-cü il tarixli Plenum Qərarından görünür ki, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.
25. Məhkəmə iclasında iddiaçı bağışlama müqaviləsindən imtina etməsinin səbəbi kimi cavabdehin onu öldürməklə hədələməsini əsas gətirmişdir. Bu hal isə öz təsdiqini tapmır və əgər elə bir hal bağışlama müqaviləsi bağlandıqdan sonra olmuş olsa idi iddiaçı bir il ərzində cavabdehə imtina haqqında bildiriş göndərməli idi.
26. Bundan başqa məhkəmə baxışında dindirilmiş şahid X4 bildirdi ki, Cavabdeh 1988-ci, 1997-ci ildə atasının üstünə bıçaq çəkib. İddiaçı isə 08 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 21 saylı evin 35 saylı mənzilini Cavabdeh bağışlamışdır.
Məhkəmə baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
28. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
29. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsindən imtina edilməsi” barədə iddia tələbi rədd edilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsindən imtina edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova