Məhkəmə qərarları › İş №2(007)-2741/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2741/2024

09.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2741/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “işdən çıxarılma əmrinin ləğv olunması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işdən çıxarılma əmrinin ləğv olunması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “işdən çıxarılma əmrinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 1000 nömrəli əmrin ləğv olunması və işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 1000 nömrəli əmrin ləğv olunması və öz ərizəsi ilə işdən çıxmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cı ildən xx.xx.2024-cü ilə qədər “Bona Dea'’ MMC-də kiçik tibb bacısı olaraq işə düzəlmişdir. xx.xx.2024-cü il tarixdə yaxşı işlədiyi üçün “Kiçik tibb bacısı'’ vəzifəsindən “Tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə qanunsuz və əsassız yerə heç bir araşdırma aparılmadan, heç bir hüquqi qiymət verilmədən o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. İş yerində yaxşı işləmiş, heç bir nöqsanı olmayıb. Vaxtlı-vaxtında işə gedib-gəlmiş, heç vaxt ona irad bildirilməyib. Haqqında hər hansı bir intizam tədbiri görülməyib. Lakin xx.xx.2024-cü il tarixdə ona heç bir xəbərdarlıq etmədən onu və onun ailə vəziyyətini nəzərə almadan işdən azad edilmişdir. Həmin əmr əsassız və qanunsuz əmrdir. O, işdən çıxan müddətdən bu günə qədər işə bərpa olunmağı üçün dövlət orqanlarına və mediasiyaya müraciət etsə də qarşı tərəf mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən də məsələnin həllində heç bir nəticə olmamışdır. Ailə vəziyyəti və maddi imkanı yaxşı deyil. Bu maddə ilə işdən çıxarıldığı üçün də onu başqa yerdə işə götürmürlər. Sonda gördü ki, işə bərpa olunmağı gecikir, buna görə də iddia qaldırmaq məcburiyyətində qaldı.

Tərəflərin izahatları:

4. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə edi, əlavə olaraq bildirdi ki, ona qalıq qalmış dərmanları atmağa icazə verilib. Həmin dərmanlar onun adına olmayıb. X1 və Günay Sücazadənin adına olub. Dərmanlar paltar çantasının içində idi, xəstəxanadan çıxan zaman aşkar olundu. Dərmanlar açılmamış və istifadə olunmamışdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini bildirmişdir. Əlavə olaraq bildirdi ki, iş materiallarına əlavə olunmuş şəkildə əks olunan dərmanlar iddiaçının çantasından çıxmışdı və istifadə olunmamış dərmanlar idi. Aşkar olunub götürülməsə iddiaçı xəstəxanaya zərər vurmuş olacaqdı.

6. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 30 iyul 2024-cü il tarixli, MŞB/10/2024-00421 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir.

10. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, Cavabdeh MMC-yə 28 iyun 2024-cü il tarixdə təklif göndərilmişdir.

11. 5810303 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 14 avqust 2023-cü il tarixdə Cavabdeh MMC-yə kiçik tibb işçisi vəzifəsinə işə qəbul edilmişdir. 02 fevral 2024-cü il tarixdə tibb bacısı vəzifəsinə keçirilmişdir. 28 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

12. 14 avqust 2023-cü il tarixdə bağlanmış 1865 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 3 aylıq sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMCdə “kiçik tibb işçisi” vəzifəsinə işə qəbul edilmişdir. İşə başlama tarixi 14 avqust 2023-cü il müəyyən edilmişdir. Müqavilədə əmək münasibətlərinin müddəti 1 il göstərilmişdir.

13. 14 avqust 2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işəgötürən işçiyə əmək müqaviləsi üzrə öhdəliklərinin icrası ilə əlaqədar işəgötürənin daxili qaydalarına uyğun olaraq əmlak, maddi və ya digər sərvətləri etibar edir, işçi isə ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin salamatlığının təmin olunmasını və bununla bağlı tam maddi məsuliyyəti öhdəsinə götürür. Müqavilənin 3.1.3cü bəndinə əsasən ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin işəgötürənin daxili qaydalarına uyğun olaraq uçotunu aparmaq, bu sərvətlərin vəziyyəti haqqında, qalıqları barəsində müəyyənləşdirilmiş qaydada hesabatları tərtib edib təqdim etmək və istifadə olunmamış əmlak, maddi və ya digər sərvətləri tam şəkildə işəgötürənə qaytarmaq işçinin vəzifəsidir.

14. 28 iyun 2024-cü il tarixli 1000 saylı əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə əsas: Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) qeyd edilmişdir.

15. Cavabdeh MMC-nin otelçilik və dəstək xidməti şöbəsində sahə nəzarətçisi vəzifəsində çalışan Çinarə Mirzəyevanın izahatından görünür ki, 16 iyun 2024-cü il tarixdə saat 17:00 radələrində işçilərin işdən çıxışı zamanı 3.2 stasionarda tibb bacısı vəzifəsində çalışan İddiaçı iki ədət ayrılıqda olan poşetlərində “X2”-ya məxsus tibbi ləvazimatlar və dərmanlar aşkarlanmışdır.

16. Cavabdeh MMC-nin orta tibb heyəti üzrə tibb bacısı vəzifəsində çalışan İddiaçı izahatından görünür ki, 16 iyun 2024-cü il tarixdə saat 17:00 radələrində işçilərin işdən çıxarkən sahə nəzarətçiləri tərəfindən üzərinə və çantasına baxış keçirildi və çantasında olan uniformanın cibindən və çantasından ona məxsus olmayan dərmanlar və tibbi ləvazimatlar aşkarlandı. Aşkarlanmış dərmanlar xəstələrə məxsus idi və onları atmaq fikrində idi. Tələsdiyi üçün xəstəxanada deyil, evdə atacaqdır. Bir daha təkrar olmayacağının nəzərə alınıb güzəşt edilməsini xahiş etmişdir.

17. Cavabdeh MMC-nin orta tibb heyəti üzrə bölmə tibb bacısı vəzifəsində çalışan Fatimə Hüseynzadənin izahatından görünür ki, iş yoldaşı İddiaçı xəstəxanadan üzərində çıxardığı dərmanlarla heç bir əlaqəsi yoxdu. Sadəcə olaraq dərmanların içində olan Aritmil 5 ampul onun verdiyi dərmanlardır. Onlar isə crash kartdakı stokun artıq olduğu dərmanlardır. Yəni mavi kod zamanı kiminsə səhv sayım zamanı artıq olan dərmanlardır. O, itirməsin deyə Mədinəyə verdi. Onun xəstəxanadan o dərmanları çıxaracağından məlumatı yox idi. Onun səhvi məsuluna zamanında dərmanların artıq olduğunu bildirməmək olub, o da kimin etdiyini öyrənib deyəcəkdi.

İşin faktiki halları:

18. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 14 avqust 2023-cü il tarixdə Cavabdeh MMC-yə kiçik tibb işçisi vəzifəsinə işə qəbul edilmişdir. 02 fevral 2024-cü il tarixdə tibb bacısı vəzifəsinə keçirilmişdir. 16 iyun 2024-cü il tarixdə çantasında xəstəxənaya məxsus dərman preparatları aşkar olunmuşdur. 28 iyun 2024-cü il tarixli 1000 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hazırda İddiaçı 28 iyun 2024-cü il tarixli Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 1000 nömrəli əmrin ləğv olunmasını və öz ərizəsi ilə işdən çıxmış hesab olunmasını xahiş edir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda İşçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmənin mövqeyi:

20. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

21. Göründüyü kimi İddiaçı 28 iyun 2024-cü il tarixli 1000 saylı əmrlə işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş və 28 iyun 2024-cü il tarixdə “X2” MMC-yə təklif göndərilmişdir. 30 iyul 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir.

22. İddiaçı 14 avqust 2023-cü il tarixdə Cavabdeh MMC-yə kiçik tibb işçisi vəzifəsinə işə qəbul edilmişdir. 02 fevral 2024-cü il tarixdə tibb bacısı vəzifəsinə keçirilmişdir. 14 avqust 2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 3.1.3-cü bəndinə əsasən işçinin ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin işəgötürənin daxili qaydalarına uyğun olaraq uçotunu aparmaq, bu sərvətlərin vəziyyəti haqqında, qalıqları barəsində müəyyənləşdirilmiş qaydada hesabatları tərtib edib təqdim etmək və istifadə olunmamış əmlak, maddi və ya digər sərvətləri tam şəkildə işəgötürənə qaytarmaq vəzifəsi vardır.

23. Tərəflərin və xəstəxananın işçilərinin yazılı izahatlarından görünür ki, İddiaçı xəstəxanadan çıxarkən sahə nəzarətçiləri tərəfindən üzərinə və çantasına baxış keçirilmiş və çantasında olan uniformanın cibindən və çantasından ona məxsus olmayan dərmanlar və tibbi ləvazimatlar aşkarlanmışdır. İddiaçı tam maddi məsuliyyət haqqında müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Belə ki, ona etibar edilmiş əmlakın uçotunu aparmalı, bu barədə hesabat tərtib edib işəgötürənə məlumat verməli, həmin əmlakları işəgötürənə qaytarmalı idi. Lakin iddiaçı buna əməl etməmiş, əksinə o, dərman preparatlarını xəstəxanadan kənara çıxarmaq istəmişdir. İzahatında qeyd etmişdir ki, aşkarlanmış dərmanlar xəstələrə məxsus idi və onları atmaq fikrində idi. Tələsdiyi üçün xəstəxanada deyil, evdə atacaqdır. Məhkəmə iddiaçının bu izahatını qeyri-səmimi, özünü müdafiə kimi qəbul edir. Belə ki, dərmanlar atılmalı idisə, onları xəstəxananın zibil qutularına ata bilərdi və ya bu barədə məsul şəxslərə məlumat verə bilərdi. Lakin dərmanlar iddiaçının çantasında olan uniformanın cibindən və çantasından aşkar olunmuşdur.

24. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, dərman preparatları istifadə olunmamış və istifadəyə yararlı olmuşlar.

25. Məhkəmə iclasında iddiaçı dərman preparatlarının onun adına qeydiyyatda olmadığını və atması üçün ona Fatimə Hüseynzadə və Günay Sücazadənin verdiyini bildirsə də bunu təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

26. Göründüyü kimi İddiaçı əmək müqaviləsi üzrə vəzifələrinə əməl etməmiş və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvə yol vermişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun:

9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

29. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ona görə də məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

30. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “işdən çıxarılma əmrinin ləğv olunması” tələbinə dair iddiası rədd edilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı Cavabdehnə qarşı “işdən çıxarılma əmrinin ləğv olunması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar