Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2756/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvan 1 ünvanındakı mənzil onun mərhum həyat yoldaşı Fətiyev Şamidən onun sahibliyinə keçmişdir və o, halhazırda həmin mənzildə yaşayır. Qeyd etmək istəyir ki, 29 iyul 2002-ci il tarixdən həmin mənzildə qeydiyyatdadır. Bu mənzil üzərində sərəncam vermək, özgəninkiləşdirmək və digər hüquqlara malikdir. Təqdim olunan sənədlərdən göründüyü kimi, kifayət qədər yaşlı insandır. Ona məxsus olan mənzildə isə qeydiyyatda olan insanların bir qismi onun bu mənzil üzərində olan hüquqlarının həyata keçirilməsinə maneçilik törədən adamlardır. Gələcəkdə bu şəxslərin onun öz hüquqlarını müstəqil həyata keçrməyinə maneçilik törətməmələri üçün onların ona məxsus olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Bu məqsədlə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər xx xxxxx 1976-cı il təvəllüdlü Cavabdeh1, xx xxxxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1999-cu il təvəllüdlü Cavabdeh3 onun mülkiyyətində olan ünvan 2 ünvanında olan mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, o, hazırda işləmir və 50 ildən çoxdur ki, həmin mənzildə yaşayır. O, qeyd olunan mənzili satıb cavabdehlərə düşən payın pulunu ödəmək istəyir, cavabdehlərə mənzildən qeydiyyatdan çıxmalarını təklif etsə də, həmin şəxslər onunla razılaşmamışlar. Mənzilə onun oğlunun və qızının mülkiyyət hüququ var. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadələrində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MH seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadə olan 0,1215 ha torpaq sahəsində yerləşən 50 nömrəli, 5 mərtəbəli binada, 82,8 kv.m ümumi, 61,9 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 40 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı ⅓ hissə, X2 ⅓ hissə, X3 ⅓ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 904 nömrəli reyestr kitabının 84040 nömrəli vərəqində 14 fevral 2009-cu il tarixdə qeydiyyata alınmışdır; - 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh2, 30.04.1964-cü il təvəllüdlü X6, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh3 və 06.05.1966-cı il təvəllüdlü X7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 50 saylı evin 40 saylı mənzili paylı mülkiyyət hüququ üzrə ⅓ hissə İddiaçı, ⅓ hissə X4 və ⅓ hissə X5 məxsus olmaqla onların mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan mənzildə xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh2, 30.04.1964-cü il təvəllüdlü X6, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh3 və 06.05.1966-cı il təvəllüdlü X7 qeydiyyatdadırlar. Hazırda iddiaçı, həmin mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 50 saylı evin 40 saylı mənzili paylı mülkiyyət hüququ üzrə hər birinə ⅓ hissədə pay müəyyən edilməklə, müvafiq olaraq hazırkı iş üzrə İddiaçı, X6 və X2 mülkiyyətindədir. İddiaçı tərəfindən cəlb edilmiş hər üç cavabdeh isə, qeyd olunan mənzilə ⅓ hissədə payı müəyyən edilmiş X2 ailə üzvləridir. Belə ki, iş materiallarından da görünür ki, cavabdehlərdən- Cavabdeh1 X2 arvadı, Cavabdeh2 və Cavabdeh3 isə onun uşaqlarıdır. Belə olan halda, məhkəmə hesab edir ki, MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 50 saylı evin 40 saylı mənzilinin ⅓ hissədə paylı mülkiyyətçisi olan X2 ailə üzvlərinin (arvadı və iki uşağı) qeyd olunan mənzildə qeydiyyatda olmaları, o cümlədən qanunvericiliyin yuxarıda sadalanan tələbi baxımından onların həmin yaşayış sahəsindən istifadə hüquqlarının yaranması tam qanuni və əsaslıdır və sözügedən mənzilə ⅓ hissədə payı müəyyən edilmiş İddiaçı yalnız formal mülahizələri əsasında həmin cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qərar qəbul edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Bununla da, müəyyən olundu ki, İddiaçı iddia tələbində göstərdiklərinin ümumilikdə hər hansı bir əsası yoxdur, sübutetmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və tələbləri ilə bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim edə bilməmişdir. Əksinə, yuxarıda qeyd edilən işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir və həmin əsaslarla da, məhkəmə hesab edir ki, əsassız olan iddia tələbi təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “cavabdehlər xx xxxxx 1976-cı il təvəllüdlü Cavabdeh1, xx xxxxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1999-cu il təvəllüdlü Cavabdeh3 onun mülkiyyətində olan ünvan 2 ünvanında olan mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “cavabdehlər xx xxxxx 1976-cı il təvəllüdlü Cavabdeh1, xx xxxxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1999-cu il təvəllüdlü Cavabdeh3 onun mülkiyyətində olan ünvan 2 ünvanında olan mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2756/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2756/2021
12.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver