Məhkəmə qərarları › İş №2(007)-2775/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2775/2021

14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2775/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 oğluna qarşı mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 oğluna qarşı mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərar ilə müəyyən olunmuşdur ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yaşayış sahəsinə əmlak hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı işlərə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bir daha təsbit etməklə,əslində oxşar mübahisələrin həll olunması qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Hesab edirəm ki,mövcud qanunvericilik bu cür tələbləri məhkəmədə baxılmalı olmayan tələblərə aid etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 oğluna qarşı mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı analoji mübahisələrin həll olunmasının dəqiq mexanizmini bir daha müəyyən etmişdir. Belə ki,yaşayış sahəsinə əmlak hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar subyektiv hüquqa malik iddiaçılar ilk olaraq müvafiq icra hakimiyyəti orqanlarına(rayon polis idarələrinə) bu barədə rəsmi ərizə verməlidirlər. Həmin ərizələrin müvafiq icra hakimiyyəti orqanları(rayon polis idarələri) tərəfindən təmin olunmaması üçün hər hansı bir hüquqi əsas mövcud deyil. Lakin belə bir imtina olarsa həmin imtina yalnız inzibati icraat qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; Yuxarıda şərh olunanları ümumiləşdirərək belə nəticəyə gəlirəm ki, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 oğluna qarşı mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı iddiaçıya izah olunmalıdır ki,onun həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına(rayon polis idarələrinə) rəsmi ərizə ilə müraciət etmək,imtina olduqda isə inzibati icraat qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ M:

İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 oğluna qarşı mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki,onun həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına (rayon polis idarələrinə) rəsmi ərizə ilə müraciət etmək, imtina olduqda isə inzibati icraat qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar