Məhkəmə qərarları › İş №2(007)-2788/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2788/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2788/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Tağı oğlunun sədrliyi, X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı, “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı, “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 MMC arasında bağlanılmış əmək müqaviləsinin qüvvədən düşmüş (salınmış) hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşmüş (salınmış) hesab edilməsi ilə bağlı müvafiq məlumatın (bildirişin) “Əmək və məşğulluq” altsisteminə daxil edilməsini X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, işə düzəlmək üçün müraciət edən zaman ona məlum olmuşdur ki, adı xx.xx.2023-cü il tarixdən Cavabdeh2 MMC-də fəhlə kimi gedir. Guya həmin tarixdən o, ММС-də işləyir. Amma o, heç vaxt bu adda hər hansı şirkətdə işləməmişdir. Adı MMC tərəfindən hansı əsaslarla və necə, hansı maraqlara görə sistemə daxil edilib ona bəlli deyil. Adının əsassız yerə həmin MMC-nin işçisi kimi göstərilməsi aylardır ki, onun hüquqlarını pozmaqdadır. Bununla bağlı X3 Xidmətinə müraciət etmiş və oradan ona əvvəlcə MMC-yə, sonra isə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur, (məktub ərizəyə əlavə ediləcəkdir.) Tərəfindən həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məhkəməyə müraciət olunmamışdan əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edilmiş, lakin cavabdeh iştirak etmədiyindən müvafiq mediator tərəfindən ona “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış verilmişdir ki, həmin arayışın əsli iddia ərizəsinə əlavə ediləcəkdir. Onun adının neçə müddətdir ki, MMC-də işçi kimi getməsinə görə o, başqa işlərə də düzələ bilmir. Əslində cavabdeh tərəfindən bu müddət ərzində ona vurduğu mənəvi ziyana görə də ondan pul tələb etmək istəyərdi, lakin həmin məbləğin rüsumunu belə ödəməyə imkanı olmadığından bunu edə bilmir. Məhkəmə iclasında İddiaçının dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Həmin işə həmin şəxslərin səlahiyyətli nümayənlərinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı Cavabdeh2 MMC-də (VÖEN: **********) fəhlə işləyir. - Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, Cavabdeh2 MMC-nin (VÖEN: **********) hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, İlqar Həbibov küçəsi, ev 49A-dir, qanuni təmsilçisi X1r. - MŞB/18/2024-00765 nömrəli, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat ilkin mediasiya xərcini ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 MMC Bakı şəhər Vergilər Departamentinin Kommersiya X4 Qeydiyyatı İdarəsində xx.xx.2023-cü il tarixdə, ********** saylı VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı həmin MMCdə fəhlə vəzifəsində işçi ilə qeydə alınmışdır. İddiaçı qeyd olunan MMC-nin fəaliyyət göstərmədiyini, həmin MMC-də işləmədiyini və aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq, sistemdə əmək müqaviləsinin aktiv qalmasını, buna görə də heç yerə işə qəbul oluna bilmədiyini qeyd etmək, həmin aktiv əmək müqaviləsinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 49-cu maddəsinin 1 və 4-cü hissələrinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən olundu ki, iddiaçı əmək müqaviləsi bildirişində Cavabdeh2 MMC-nin işçisi kimi qalsa da, faktiki olaraq həmin MMC-də işləmir, nəticədə digər müəssisələrdə işlə təmin oluna bilmir. İddiaçı bu barədə müvafiq qurumlara aidiyyəti üzrə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və qanunvericiliyin yuxarıdakı tələbləri nəzərə alınmaqla, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar