Məhkəmə qərarları › İş №2(007)-2790/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2790/2024

15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2790/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Maraqlı şəxs1 qarşı “qohumluq münasibətləri faktının müəyyən edilməsi və hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Tələb:

1. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Maraqlı şəxs1 qarşı “qohumluq münasibətləri faktının müəyyən edilməsi və hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Ərizəçi1 ölənin X1 bibisi oğlunun oğludu, Ərizəçi2 ölənin X1 bibisi oğlunun qızı olması faktlarının və Ərizəçi1 və Ərizəçi2 ölənin X1 yeganə vərəsələri olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.

3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2843/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı.

Məhkəmənin mövqeyi :

5. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.

6. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir.

7. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi məhkəmədən həm qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi, həm də vərəsə olmaları faktının müəyyən edilməsi tələbini irəli sürülmüşdür.

8. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir.

9. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

10. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuş, hər bir növbəyə daxil olan vərəsələrin qohumluq dərəcəsi dəqiq göstərilmişdir

11. Qanun üzrə vərəsəlik zamanı beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar.

12. AR Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

13. Vərəsəlik hüququnun rəsmiləşdirilməsi–vərəsəlik şəhadətnaməsi verilərkən vərəsələrin Mülki Məcəllənin 1159-cu maddəsinə uyğun olaraq müəyyən olunması qaydaları “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”la tənzimlənir. Təlimatın 102-ci bəndində qeyd olunur ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır.

14. Təlimatın 102-ci bəndin 5-ci hissəsinə görə vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri.

15. Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin notariat qaydasında təsdiq edilmiş razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

16. Göründüyü kimi vərəsəlik qohumluq (ailə-qohumluq) münasibətlərinə əsaslanır. Qohumluğu müəyyən edən sübutlardan biri, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsidir. Məhkəmə tərəfindən qohumluq münasibətləri faktının müəyyən olunmasının hüquqi əsasları MPM1nin 307.2.1 və 308-ci maddələrində müəyyən olunmuşdur. Məhkəmə qohumluq münasibətləri faktını o halda müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi o halda mümkündür ki, əvvəlki növbə vərəsələrin olmaması barədə mötəbər sübutlar olsun.

17. Qeyd olunan hallar onu deməyə əsas verir ki, subyektin miras qoyan şəxsin qanun üzrə vərəsəsi olub olmaması məhkəmə tərəfindən deyil, qohumluq əlaqəsini təsdiq edən sənədlər əsasında notarius tərəfindən müəyyən olunur. Qohumluğu müəyyən etməyə əsas verən həmin sənədlər olmadığı halda məhkəmə tərəfindən vərəsə olması faktı deyil, MPM-nin 307.2.1-ci maddəsinə əsasən yalnız şəxslərin qohumluq münasibətlərini müəyyən edə bilər. Başqa sözlə vərəsə olma faktı məhkəmə tərəfindən müəyyən oluna bilməz.

18. Hazırki işdə iddiaçılar məhkmədən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi ilə yanaşı, vərəsə olma faktının müəyyən edilməsi tələbini irəli sürdüyündən və şəxsin vərəsə olma faktı məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir.

19. Bu hal, MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməkdən imtina olunması, iddia ərizəsi icraata qəbul edildiyi halda isə MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün əsasdır.

20. Belə ilk öncə iddiaçılar Ərizəçi1 və Ərizəçi2 X2 ilə qohumluq münasibətlərində olma faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Yəni ilk öncə həmin tələb ilə məhkəməyə müraciət etməlidirlər. Bundan sonra miras qoyanın qanun üzrə vərəsəsi kimi mirasdan payın müəyyən olunması haqqında vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi ilə notariat konturuna müraciət edilməlidir.

21. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi üzrə maraqlı şəxs qismində notarius deyil, notariat ofisi cəlb edilməlidir.

Nəticə :

22. Belə olan halda, məhkəmə qeyd edir ki, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Maraqlı şəxs1 qarşı “qohumluq münasibətləri faktının müəyyən edilməsinə və hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi” tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır.

23. Məhkəmə qeyd edir ki, iddiaçılar ilk öncə qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmalıdırlar.

24. Mülki prosessual qanunvericiliyə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırılmasına mane olur.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

Ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Maraqlı şəxs1 qarşı “qohumluq münasibətləri faktının müəyyən edilməsinə və hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Tərəflərə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar