Məhkəmə qərarları › İş №2(060)-6044/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6044/2023

08.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6044/2023 08.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X4 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisini maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq münasibətlərinin və mirasın qəəbul edilməsi faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisini maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq münasibətlərinin və mirasın qəəbul edilməsi faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin miras qoyan xalası Havaxanım Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, X18, 1686A saylı bağda yerləşən torpaq sahəsi qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair müraciətinə AR Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin notariusu 24 avqust 2023-cü il tarixli 2056 saylı məktubu ilə cavab verərək bildirmişdir ki, ərizəçinin anası X14 ilə miras qoyan Havaxanım Mirzə qızının qohumluq münasibəti faktını müəyyənləşdirmək mümkün olmadığına görə və miras əmlakın qəbulu üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürdüyünə görə məhkəməyə müraciət etməyi tövsiyə edillmişdir. AR Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin notariusunun miras qoyan xalası Havaxanım Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, X18, 1686A saylı bağda yerləşən torpaq sahəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair imtinası əsassızdır, ərizəçinin miras qoyanın bacısı oğlu olmağı, yəni qohumluq münasibətlərində olmağı faktı və miras əmlakın qəbulu üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürmədiyinə görə miras əmlakı faktiki qəbul etdiyi üçün həmin faktların müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edir. Sumqayıt şəhər XDS-nin 31 may 1965-ci il tarixli 11 saylı Protokoluna əsasən Havaxanım Mirzə qızına Sumqayıt şəhərinin X18ndə 0,15 ha, 1686 A saylı bağ sahəsi verilmişdir. Sumqayıt İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi ilə miras qoyan Havaxanım Mirzə qızı arasında Sumqayıt şəhəri, X18, 1686 A saylı bağda yerləşən 0,15 ha torpaq sahəsinə 25 noyabr 1986-cı ildə 1426 nömrəli icarə müqaviləsi bağlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(060)-7877/2014 saylı qətnaməsinə əsasən Sumqayıt şəhəri, X18, 1686 A saylı bağda yerləşən 0,15 ha torpaq sahəsinə Havaxanım Mirzə qızının vəfat edənədək mülkiyyətində olması faktı müəyyən edilmişdir . AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət karastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-1351/2023 №li, 26 aprel 2023-cü il tarixli məktubuna əsasən Sumqayıt şəhəri, X18, 1686 A saylı bağda yerləşən 0,0691 ha bağ torpaq sahəsi üzərində 20 fevral 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Havaxanım Mirzə qızının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Miras qoyan Havaxanım Mirzə qızı 1926-cı ildə Abşeron rayonu, Novxanı qəsəbəsində anadan olmuşdur, 12 avqust 1995-ci ildə ölmüşdür. AR Ədliyyə Nazirliyi Sumqayıt Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında 10 oktyabr 1995-ci il tarixli 1030 №-li akt qeydi tərtib olunmuşdur, lakin xalası Havaxanım Mirzə qızının doğum qeydi barəsində arayış təqdim etməyi mümkünsüzdür. Miras qoyan Havaxanım Mirzə qızı ərizəçinin anası X8 (qız soyadı və adı Əzizə Mirzə qızı) bacısıdır, X16 07 oktyabr 1936-cı ildə Abşeron rayonu, Novxanı qəsəbəsində anadan olmuşdur, 26 fevral 2004-cü ildə vəfat etmişdir. X16 atası Əliyev Tofiq Hüseynəli oğlu ilə evləndikdən sonra "Əliyev" soyadını qəbul etmişdir. Miras qoyan Havaxanım Mirzə qızının və X16nın soyadları olmamış, hər ikisinin atası Mirzə Xanmirzə oğlu, anaları Zeynəb Paşa qızı olmuşdur, AR Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçinin anası X9 dair verilmiş arayışda qeyd edilmişdir. İddiaçı X8 oğlu, miras verən Havaxanım Mirzə qızının bacısı oğludur, lakin ərizəçi xalası Havaxanım Mirzə qızının doğum qeydinə dair sənədi təqdim edə bilmədiyinə görə notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edir. Mərhum xalası Havaxanım Mirzə qızının övladı olmamışdır, ərizəçini uşaqlıqdan o saxlamışdır, həmin bağ evinə ərizəçi və miras qoyan xalası dörd tərəfli hasar çəkmiş və torpağın üzərində balaca bir ev tikmişdir, xalası öləndən sonra da ərizəçi anası ilə həmin bağdan mövsümi istifadə etmişlər və hal-hazıradək iddiaçı istifadəsində olan torpaq vergisini ödəyir. İddiaçı 2014-cü ilin sentyabr ayında Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri, X18, 1686 A saylı bağda yerləşən 0,15 ha. torpaq sahəsinə Havaxanım Mirzə qızının mülkiyyət hüququnun yaranması faktına dair ərizə ilə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(060)- 7877/2014 saylı qətnaməsinə əsasən Sumqayıt şəhəri, X18, 1686 A saylı bağda yerləşən 0,15 ha. torpaq sahəsinə Havaxanım Mirzə qızının vəfat edənədək mülkiyyətində olması faktı müəyyən edilmişdir və ərizəçinin xalasının bacısı oğlu olması və miras əmlakı qəbul etməsinə dair hallar həmin qətnamə ilə müəyyən edilmişdir, lakin notarius miras qoyan xalasının ərizəçinin anasının onun bacısı olmasına dair mərhumun doğum şəhadətnaməsini təqdim edə bilmədiyinə görə ərizəçiyə vərəsəlik şəhadətnaməsi verməkdən imtina edir. Miras qoyan şəxs Havaxanım Mirzə qızının uşağı olmamışdır, ata və anası bacı, qardaşı vəfat etmişdir, miras qoyanın bacısı-ərizəçinin anası vəfat etmişdir, miras qoyanın birinci dərəcə vərəsəsi olmadığına görə miras qoyanla ərizəçinin qohumluq münasibətləri və ərizəçinin miras qoyanın vərəsəsi və miras əmlakı qəbul etmək faktı müəyyən edilməlidir. Bu faktlarının müəyyən edilməsi ona görə lazımdır ki, miras qoyan xalası Havaxanım Mirzə qızı vəfat etdikdən sonra qohumluq münasibətlərinin müəyyən edilməsi, miras qoyan şəxsin vərəsəsi sayılmaq və miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi başqa qaydada mümkün olmadığına görə ərizəçi məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən 1926-ci ildə Abşeron rayonu, Novxanı qəsəbəsində anadan olmuş, 12 avqust 1995-ci ildə ölmüş miras qoyan Havaxanım Mirzə qızı ilə ərizəçi Əliyev Tofiq Hüseynəli oğlu ilə xala və bacıoğlu olmasını, yəni qohumluq münasibətləri faktının müəyyən edilməsi, miras qoyan Havaxanım Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, X18, 1686A bağda yerləşən 0,0691ha. bağ torpaq sahəsinin miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X10 izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, onun ərizəçi ilə şəxsi tanışlığı var. Belə ki, o, usta işləyir, ərizəçinin bağ evi var və həmin ünvana gedib-gələrkən tanış olmuşlar. Ərizəçi faktiki olaraq Sumqayıt şəhəri, Çinarlı küçəsində yaşayır. Ərizəçinin anasının adı Əzizə, xalasının adı isə Havaxanımdır. Usta işlədiyi zaman ərizəçini görmüşdür. Sözügedən evdə daha çox ərizəçinin xalasını görmüş, hətta ərizəçi uşaq olan zaman xalasının həyat yoldaşı vəfat etmişdir. Ərizəçinin qardaşları ilə də şəxsi tanışlığı vardır. Usta kimi işlədiyi ev həyət evi idi. Ərizəçinin xalası 2005-ci il tarixində vəfat etmişdir və dəfn zamanı o da iştirak etmişdir. Həm ərizəçinin xalası vəfat etməmişdən əvvəl, həm də vəfat edəndən sonra sözügedən ünvana getmişdir. Havaxanım xanım vəfat edəndən sonra ərizədə qeyd olunan bağ sahəsinə ərizəçi sahiblik etmişdir. Ərizəçinin qardaşlarından ikisi ilə tanışlığı vardır. Digər qardaşlarını ümumiyyətlə görməmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçini Qərbi Azərbaycandan köçən vaxtdan tanıyır. Ərizəçi davamlı sözügedən bağ sahəsinə gedib-gəlir. Bağ evi Sumqayıt şəhəri, Çinarlı küçəsində yerləşir. Sözügedən bağ evi ərizəçinin xalasının olmuşdur. Ərizəçi uşaq olan zaman xalası onun qeydinə qalmışdır. Havaxanım xanım vəfat edəndən sonra sözügedən bağ sahəsinə ərizəçi sahiblik etmişdir. Ərizəçinin başqa qardaş-bacıları da var idi, lakin onlarla əlaqəsi yoxdur.

9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 30 mart 2023cü il tarixdə verilmiş, AZ-T № 229891 nömrəli doğum haqqında şəhadətnamənin təkrarından görünür ki, Ərizəçi xx xxxx 1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Əliyev Tofiq Hüseynəli oğlu, anası X11r.

10. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli arayışdan görünür ki, ----- Havaxanım Mirzə qızı 12 avqust 1995-ci il tarixdə tarixdə ölmüşdür. Bu barədə 10 oktyabr 1995-ci il tarixli, 1030 №-li akt qeydi tərtib olunmuşdur.

11. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli arayışdan görünür ki, X14 26 fevral 2004-cü il tarixdə tarixdə ölmüşdür. Bu barədə 12 mart 2004-cü il tarixli, 363 №-li akt qeydi tərtib olunmuşdur.

12. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Əzizə Mirzə qızı 07 oktyabr 1936-cı ildə anadan olmuşdur. Bu barədə 09 oktyabr 1936-cı il tarixdə Abşeron rayon Novxanı icra nümayəndəliyi tərəfindən 54 №-li doğum haqqında akt qeydi tərtib olunmuş, atası Mirzə Xanmirzə oğlu, anası Zeynəb Paşa qızıdır.

13. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7877/2014 saylı, 10 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən, ərizə təmin edilərək, Sumqayıt şəhəri, X18ndə 0,15 hektardan ibarət ölçüdə 1686A saylı bağ sahəsi üzərində X15 qızının vəfat edənədək mülkiyyətində olması faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Havaxanım Mirzə qızı 12 avqust 1995-ci ildə ölmüşdür. Ona görə də ikinci növbə vərəsə kimi Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir.

14. İşin materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən təsdiq edilmiş arxiv çıxarışından görünür ki, Sumqayıt şəhər zəhmətkeş deputatlar sovetinin icraiyyə komitəsinin iclasının 31 may 1965-ci il tarixli 11 nömrəli protokolu ilə bağ evlərinin tikintisi altında olan torpaq sahələrinin bölüşdürülməsi barədə Sumqayıt şəhər zəhmətkeş deputatlar sovetinin icraiyyə komitəsinin qərarından görünür ki, Novxanı ərazisində yerləşən sahəsi 490 ha olan torpaq sahəsi Azərbaycan SSR xalq təsərrüfatı sovetinin tikiş və toxuculuq fabrikində işləyən 28 nəfər vətəndaşa paylanması qərara alınmışdır. Həmin siyahıya Mirzəyeva Havaxanımın adı da daxil edilmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 26 aprel 2023-cü il tarixdə verilmiş “Daşınmaz əmlakın olması barədə” məktubundan görünür ki, X18, 1686a ünvanında yerləşən 0,15 ha bağ torpaq sahəsinə dair Havaxanım Mirzə qızı ilə Bağlar Təsərrüfatı idarəsi arasında bağlanmış 25 noyabr 1986-cı il tarixli 1426 saylı müqavilənin olubolmamasına dair məlumat verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt Şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı idarəsi tərəfindən Havaxanım Mirzə qızının adına verilmiş 25 noyabr 1986-cı il tarixli 1426 nömrəli icarə müqaviləsinə və Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli 2(060)-7877/2014 nömrəli qətnaməsinə əsasən Sumqayıt şəhəri, X18, 1686A ünvanında yerləşən 0.0691 ha bağ torpaq sahəsi üzərində 20 fevral 2015-ci ıl tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Havaxanım Mirzə qızının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

16. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat X2 ünvanlanan məktubundan görünür ki, X8 mirasqoyanla qohumluq münasibəti faktını müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Odur ki, qanunla müəyyən edilmiş müddətin bərpası və qohumluq münasibəti faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

17. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X8 (1936-cı il təvəllüdlü) və Havaxanı Mirzə qızının (1926-cı il təvəllüdlü) haqqında məlumatın istənilməsinə dair müraciətə baxılmışdır. Bildirilir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. “Fərdi məlumatlar haqqında” Qanunun 2.1.6-cı və 13.1-ci məddələrinə uyğun olaraq ailə həyatına aid olan məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır və həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Qeyd edilən Qanunun 8.3-cü bəndinə görə isə subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda həmin Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktları haqqında məlumatın alınması üçün ölən şəxsin qanuni vərəsəsi şəxsiyyətini və qohumluq faktını təsdiq edən sənədi təqdim etməklə yaşadığı və ya müvafiq qeydin olduğu yerin qeydiyyat orqanına, şəxsən gələ bilmədikdə isə notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə vasitəsi ilə qeydiyyat şöbəsinə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə qanun üzrə mövcud olan 5 növ vərəsəlik növbəsindən birincisi üzrə ölənin uşaqları, mərhumun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (ər), valideynlər (övladlığa götürənlər), ikincisi üzrə isə ölənin bacıları və qardaşları sayılır. Əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmçinin bildiririk ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir, hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində 1948-ci ildən saxlanılır. Göstərilənlərə əsasən izah edilir ki, adları çəkilən şəxslərin doğumu haqqında məlumatın alınması üçün onların qanuni vərəsələri şəxsiyyətini, qohumluq faktını təsdiq edən sənədi, eləcə də ölüm haqqında şəhadətnaməni təqdim etməklə özləri və ya notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi vasitəsilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etməlidir. Eyni zamanda qeyd edilir ki, müvafiq məlumatları məhkəmə sorğusu vasitəsilə də edə bilərlər.

18. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən X7 ünvanlanan 31 may 2023-cü il tarixli məktubdan görünür ki, “Fərdi məlumatlar haqqında” Qanunun 2.1.6-cı - 13.1-ci maddələrinə uyğun olaraq ailə həyatına aid olan məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır və həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülküyyətçiyə və ya operatora, həmçinin onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, 1926-cı il təvəllüdlü Havaxanım Mirzə qızının doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir.

19. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt Filialının Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı xx.xx.2023-cü il tarixli 542 saylı ərizəyə cavab olaraq bildirilir ki, Abşeron rayon Qeydiyyat Şöbəsinin sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir.

20. İş materiallarında olan Sumqayıt bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 Sistemində (BAMS) X18ndə yerləşən 1686A saylı bağ torpaq sahəsinə görə xx.xx.2023-cü il tarixdə 5 manat Ərizəçi tərəfindən ödənilmiş, lakin cari illər üçün 74,13 manat torpaq vergisi borcu ödənilməmiş qalmışdır.

21. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən göndərilmimş 15 noyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Ədiyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1920-1929-cu illərə dair Bakı şəgəri Novxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında Havaxanım Mirzə qızının təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

22. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, qohumluq münasibətləri faktı müəyyən olunması istənilən ərizəçinin xalası- Havaxanım Mirzə qızının doğumu qeydə alınmadığından ərizəçinin X16 ilə bacı kimi qohumluq münasibətlərində olmasını müəyyən etmək mümkün olmamışdır. Qohumluq münasibətlərinin müəyyən edilməsi miras əmlakın qəbul edilməsi ilə bağlı tələb olunur. Havaxanım Mirzə qızı vəfat etdikdən sonra sonuncudan miras qalmış təsərrüfatı Ərizəçi idarə etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin, MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır.

24. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin.

25. Eyni Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

26. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının məzmunundan görünür ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir.

27. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, ərizəçinin anası 07 oktyabr 1936-cı il təvəllüdlü Əzizə Mirzə qızı ilə Havaxanım Mirzə qızının bacı olması və onların hər ikisi vəfat etdikdən sonra Havaxanım Mirzə qızına məxsus miras əmlaka (uşağının olmaması, atasının, anasının , bacısının, qardaşının vəfat etməsi səbəbindən) bacısı oğlu T.Əliyev tərəfindən sahiblik və idarə edilməsi öz təsdiqini tapmışdır, həmin faktların müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Nəticə hissəsi:

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. 1926-cı ildə Abşeron rayonu, Novxanı qəsəbəsində anadan olmuş, 12 avqust 1995ci ildə ölmüş Havaxanım Mirzə qızı ilə xx xxxx 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş Əliyev Tofiq Hüseynəli oğlunun xala-bacıoğlu olmalarına dair qohumluq faktı müəyyən edilsin. X3 miras qalmış Sumqayıt şəhəri, X18, 1686A ünvanında yerləşən 0,0691 ha torpaq sahəsinin Əliyev Tofiq Hüseynəli oğlu tərəfindən qəbul olunması faktı müəyyən olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar